Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-893/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC-nin RR-0123/K saylı xx xxxxxx 2021-ci il tarixli əmrinin ləğv edilməklə, onu həmin MMC-nin restoran menecerinin köməkçisi vəzifəsinə bərpa olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, ilk olaraq 2015-ci ilin aprel ayının 17-də xxxx MMC də xxxx restoranında Supervisor olaraq işə başlamış, 2016-cı ilin fevral ayından da Restoran Menecerinin köməkçisi vəzifəsinə qalxmışdır. xxxxda bəzi istisna halları çıxılarsa daimi olaraq həftədə 2 gün istirahətlə işləmişdir. Yuxarda qeyd etdiyi müddətdən etibarən namusu ilə işləmişdir. 01.01.20 tarixində xxxx restoranı bağlandı və 20.01.20 tarixində o, şirkətin digər bir restoranına (Harbour) transfer oldu. Bu restorana transfer olmadan öncə bilirdi ki, burda işçiləri həftədə 1 istirahət günü çalışdırırlar və o, bu barədə İnsan Resursları şöbəsinə bildirmişdir ki, onun ilk evliliyindən 2 qız uşağı var və o, 1 istirahət günü ilə işləyə bilməz. Hətta restoranın meneceri Bəhruz Həkimovla da görüşəndə demişdir ki, o, 1 istirahət günüylə işləyə bilməz. Sonra o vaxtki İnsan Resursları şöbəsinin əməkdaşı Əhmədağa İsgəndərov ona dedi ki, heç bir problem yoxdur, restoranın meneceri Bəhruzla danışmışlar və o, həftədə 2 istirahət günü ilə işləyəcək. Sonra o, Əhmədağa bəyə dedi ki, əgər onun müqaviləsini uzatmasa, xahiş edir ki, ona 1 ay qabaq rəsmi olaraq bildirilsin. O, 20.01.20 tarixində Harbour restoranında işə başlamışdır. Hər şey yolunda gedirdi. O, bəxşiş və service charge-ı bütöv alırdı. Mart ayının ortalarında Əhmədağa bəy ona rəsmi olaraq email vasitəsilə bildirdi ki, onun müqaviləsi 17.04.20 tarixində bitir və müqavilə uzadılmır və o, cavab olaraq Əhmədağa bəyə yazdı ki, olar ki, o, aprel ayının axırına kimi işləsin, heç olmasa maaşını axıra kimi alsın. Əhmədağa bəy də cavabında yazdı ki, müdüriyyət onun tələbini rədd etdi və onun son iş gününü 21.04.20 olacaq. O da, Əhmədağa bəyə təşəkkür etdi və son iş gününü gözləməyə başladı. Mart ayının axırında pandemiya sürəci başladı və Respublika Prezidentinin sərəncamı ilə heç kəsi pandemiya sürəcində işsiz qoymaq olmaz qərarı gəldi və onun müqaviləsi avtomatik olaraq uzadıldı və 5 ili dolduğuna görə də müqaviləsi müddətsiz oldu. Nə oldusa onun müqaviləsi uzadıldıqdan sonra oldu. Onu işdən azad edə bilmədikləri üçün ilk olaraq Əhmədağa bəy ona zəng elədi və dedi ki, onun ayın axırına kimi işıəmək tələbini nəzərə almışlar və ona aprel ayının axırına kimi işləyib öz ərizəsi ilə işdən ayrılmağa icazə verirlər. Onun Prezidentin sərəncamından xəbəri olduğu üçün Əhmədağa bəyin təklifi ilə razı olmadı. Sabahısı gün Əhmədağa bəy ona yeni bir təkliflə zəng vurdu və dedi ki, Tariyel bəy onunla müqavilə uzatmağa qərar verdi, amma bir şərtlə ki, o öz xahişi ilə işdən ayrılacaq və onunla yeni müqavilə bağlayacaqlar. Əlbəttə ki, o, bu tələlərə düşmədi və dedi ki, onun müqaviləsi uzadılırsa, onun işdən çıxmağa gərək yoxdur, müqavilə avtomatik olaraq uzadılır. Bütün bu oyunlar onun üçün idi ki, onu pandemiya sonrası rahat işdən azad etsinlər. Amma pandemiya sürəci bitmədən ona iftira ataraq işinə son verdilər. Bəhruz bəy onu işə götürəndə, onunla digər yönəticilər arasında iş bölgüsü elədi. Ona treyninq, menyu injenerinq, qrafik yazmaq və bazarlıq etməyi tapşırdı. Əsəbəlu Əzizova (Supervisor) isə qaimələri tapşırmışdı. Mart ayının 31 də sayım idi və şirkətin mühasibi Ceyhun Nəbiyev ondan mart ayına aid qaimələrin olub-olmadığını soruşdu və dərhal bu barədə Əsəbəliyə dedi ki, əgər qaimələr varsa Ceyhuna təqdim elə. Əsəbəli dedi ki, yoxdur və sayım bitdi. X9 sayımın nəticələrini ona email vasitəsilə göndərdi və sayımda bir xeyli artıq sayda mallar var idi. Sonradan məlum oldu ki, Əsəbəli 3-4 qaiməni ofisə təqdim etməyib. Həmin qaimələr sonradan tapıldı və ofisə təqdim edildi. Amma qaimələr ofisə gec təqdim edildiyinə görə ofis o qaimələri ödəmək istəmədi və həmin məbləğləri ondan və Əsəbəlidən tələb etdilər. O, Rasim bəyə dedi ki, qaimələr onda ola-ola necə ödəniş etmir. O isə cavabında bildirdi ki, əvvəllər belə gecikmələr olanda ödəniş edirdilər, amma indi etmirlər. O da dedi ki, qaimələr sizdədir və sizin ödəmirsinizi, amma biz ödəməliyik? Sonra qaimələrin ofisə təqdim olunmaması ilə bağlı onu təqsirləndirdilər, halbuki həmin işə o yox, Əsəbəli baxırdı. Sonra ona haqsız yerə töhmət verdilər və sonra səhvlərini anladılar və töhməti ləğv etdilər. Sonra onun müqaviləsinə yeniliklər elədilər. Onun vəzifəsinə aid olmayan işləri tələb etməyə başladılar. Şef aşbazın işlərini, texniki işlərini ondan tələb etməyə başladılar. Mətbəxin aylıq sayımın reportunu ondan tələb etdilər. Restoran bağlandıqdan elektrik avadanlıqlarının söndürülməsini ondan tələb etdilər. O bütün bunlara etiraz etdikdən sonra restoranın meneceri Bəhruz Həkimov başladı onunla prinsip aparmağa. İlk olaraq o, həftədə 2 istirahət günüylə çalışdığına görə başladı onun bəxşişini və Service charge-mı azaltmağa və səbəbi də bu idi ki, o, həftədə 2 gün istirahət edir, amma digər işçilər həftədə 1 gün istirahət edirlər. O bu barədə İnsan Resursları meneceri Nümayəndə1 və Maliyyə meneri Rasim Əliyevə şikayət edərək bildirdi ki, o, həftədə 2 gün istirahət etdiyinə görə Bəhruz bəy onun bəxşişini və Service charge-mı kəsir. Çox təəssüf ki, heç biri ona yardımçı olmadı və tam tərsinə onunla çox kobud rəftar etdilər və tələb etdikləri onun müqaviləsində olmadığı üçün şikayətlərinə baxmadılar belə. İlk töhmətini güya o, işi tərk etdikdən sonra televizoru işlək vəziyyətdə qoymuşdur deyə aldı. Amma o, restoranı yoxlayanda televizorun sönülü olduğunu görmüşdür. Həm də həmin televizor kabel televiziyası zəif işlədiyinə tez-tez sönürdü və o, televizoru yoxlayanda sönülü idi. Ancaq necə olubsa təhlükəslik xidmətinin işçisi güya televizor işlək vəziyyətdə şəkilin çəkib Bəhruz bəyə yollayıb. Halbuki işi ən son tərk edən o olmamışdır. Gecə növbəsi təmizləyici və təhlükəsizlik xidməti işdə olublar. O bu barədə Rauf bəyə etirazını bildirdi və isbat eləmələrini istədi. Çünkü Bəhruza güvənmirdi. İkinci töhməti isə reklam plaketin çöldə unutduğuna görə almışdır. Halbuki reklam plakatı restoranın ərazisində idi və səhərə kimi təhlükəsizlik xidməti işdə olub. Amma reklam plakatın götürüb içəriyə qoymaq yerinə, şəkilin çəkib Bəhruza göndərib. Bəhruz da Rauf bəyə məruzə edib. Əlbəttə ki, bunların hamısı ona olan prinsipindən idi. Çünkü onu işdən çıxarda bilmədiyinə görə bunları edirdi. Sonra Bəhruz onu şirkətin nəzdində olan Atelier Vivandaya transfer elədi. Orda da çox az bir müddətdə işlədi. X5 başqa bir şirkətə verdilər və o, 2 həftəyə yaxın bir müddətdə evdə oturdu. Hətta Bəhruza zəng edib aqibəti barədə soruşmuşdu. O da ona cavabında Harbourda onun üçün yer olmadığını dedi. Sonra necə oldusa onu yenidən Harboura geri qaytardı. Geri qayıtdığı ilk gündə onlarla iclas elədi Bəhruz dedi ki, 21 və 22-ci madaya menecer heyətinin qulluq edəcəyini söylədi. O da etiraz etmədi, çünkü onların sferasında kollektiv yardımlaşmaq var. O, 21-ci madaya qulluq edirdi və müştəri getdikdən sonra qarson İsmətə dedi ki, masanı yığışdırsın, o isə ona heç gözləmədiyi cavabı verdi. Ona dedi ki, Tariyel məllim inciməyin, mən yığışdırmaq istədim, amma Bəhruz məllim dedi ki, o masa Tariyelindir, qoy o yığışdırsın. O da əlbəttə ki, çox təəccübləndi bu duruma. Çünkü onun vəzifələrinə aid olmayan bir şey idi bu. O dərhal Bəhruza yaxınlaşıb bu barədə ona sual verdi, o onu qarson olaraq geri qaytarmışdır? Bəhruz cavabında dedi ki, ona əli cibində gəzən menecer lazım deyil. O da Bəhruza dedi ki, əgər o ona lazım deyildisə, onu niyə geri qaytardı? Əlbəttə ki, onun müqaviləsi müddətsiz olduğuna görə məcbur qalmışdı onu geri qaytarmağa. Sonra o dərhal bu barədə Rauf bəyə email yazdı və onu haqlı çıxartdı. Sonuncu töhməti də ona sübut edə bilmədilər. Bəhruzun öz adamları Rüfət İsrafılov və Əsəbəli Əzizov şahidlik ediblər. Halbuki bu iki şəxs 2 istirahət günüylə işlədiyinə görə ona paxıllıq edirdilər. Hətta hal hazırda orda işləyən bir çox işçi 1 istirahət günü ilə işlədiklərinə görə narahat və narazıdırlar, amma çörəklərinə xatir susurlar və haqların tələb etmirlər. Bir sözlə onun müqaviləsi müddətsiz olduğuna görə onunla bu düşmənçilikləri edib. Bəhruzla işlədiyi müddət boyu çoxlu streslər keçirmiş, psixologiyası pozulmuşdu. Xahiş edir ki, onun iddia tələbi təmin olunsun və ədalət öz yerini tapsın. xx xxxxxx 2021-ci il tarixli RR-0123/K saylı əmrə əsasən onu qanunsuz olaraq işdən azad etmişdirlər. Məlum əmr əsassızdır və ləğv edilərək, o, yenidən eyni vəzifəsinə bərpa olunmalıdır. xx xxxx 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə təqqdim edərək bildirmişdir ki, cavabdeh «xxxx» MMC-nin RR-0123/k saylı xx xxxxxx 2021-ci il tarixli əmrin ləğv edilməklə, qanunsuz hesab edilməsi, həmçinin cavabdehdən 3 ayın təzminatını 3878,37 manat məbləğində, bayram günlərinə görə ödənilməli olan və ödənilməmiş 6210,88 manat məbləğində pul vəsaitinin, mənəvi zərər kimi 20000 manat məbləğində pul vəsaitinin və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən birdəfəlik olaraq onun xeyrinə tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də, bildirdi ki, iddia tələbinin cavabdehdən 3 ayın təzminatı olaraq 3878,37 manatın onun xeyrinə tutulması hissəsini onunla əsaslandırır ki, mübahisələndirdiyi əmr qanunsuz hesab edilərək ləğv edildiyi təqdirdə, o, işə bərpa olunmasını istəmir, yalnız onunla bağlanmış əmək müqaviləsinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilməsini və bununla əəlaqədar ona təzminat verilməsini istəyir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, dünyada koronavirus xəstəliyi geniş vüsət alıb, bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Koronavirus pandemiyası və onun səbəb olduğu karantin tədbirlərinin ölkəmizdə ən çox zərər vurduğu sahələrdən biri də ictimai iaşə-restoran biznesidir. Buna baxmayaraq, dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar lazımı qaydada şirkətləri tərəfindən icra edilməkdədir. Bunun nəticəsi olaraq, hətta əmək müqaviləsinin müddəti başa çatmış işçilər belə işdən çıxarılmamışdır. Pandemıyada zərər çəkdikləri və düzgün qərarlar verdiklərinə görə sahibkar subyekti kimi dövlətdən birbaşa maliyyə dəstəyi alınmışdır. Şirkətləri əmək münasibətlərində işçilərin hüquq bərabərliyini, humanizmi, mənafelərinin haqq-ədalətlə və qanun aliliyinin təmin olunması ilə qorunmasını, maddi, mənəvi, sosial və digər həyati tələbatlarının ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsini təmin edib və edir. Lakin eyni zamanda şirkətləri işçilərindən əmək müqailəsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməsini, əməyin təhlükəsizliyi normalarına əməl etməsini, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımağı, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamağı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əməl etməyi tələb edir. İddiaçı “işdən azad olunma barədə əmrin ləğv edilməsi və işə bərpa olunmağım haqqında”iddia ərizəsi ilə, sonradan tarixi qeyd edilməmiş iddia ərizəsinə dəqiqləşmə ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə dəqiqləşmədə İddiaçı cavabdeh “xxxx” MMC-nin RR- 0123/K saylı xx xxxxxx 2021-ci il tarixli Əmrinin ləğv edilməklə, qanunsuz hesab edilməsi, həmçinin cavabdehdən 3 ayın təzminatını 3878,37 AZN məbləğində, bayram günlərinə görə ödənilməli olan və ödənilməmiş 6410,88 AZN məbləğində pul vəsaitini, mənəvi zərər kimi 20000 AZN məbləğində pul vəsaitini və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən birdəfəlik olaraq tutulmasını xahiş etmişdir. İddia tələbləri ilə əlaqdəar bildirir ki, xx.xx.2015-ci il tarixində cavabdeh “xxxx” MMC ilə İddiaçı arasında R0791 saylı əmək müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən 1 saylı Əlavə kimi qoşulmuş əmək funksiyalarına imza atmışıdr. Həmin Müqavilənin 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq ticarət sirri (kommersiya sirri) hesab olunub olunmamasından asılı olmayaraq İşçi əmək fəaliyyəti zamanı və ya ona xitam verildikdən sonra işəgötürənin fəaliyyətinə bilavasitə və ya dolayı yolla aidiyyəti olan hər hansı məlumatdan sui-istifadə etməməli, onu qeyri-qanuni olaraq mənimsəməməli, başqasına verməməli, satmamalı, təchiz etməməli və ya açıqlamamalıdır (“Açıqlama”). İşəgötürənin fəaliyyətinə bilavasitə və ya dolayı yolla aidiyyəti olan məlumata aşağıdakılarla məhdudlaşdırılmadan, hər-hansı məlumatların, hər- hansı məlumatın mənbəyi, yazılar, təfsilatlar, proqramlar, nümunələr, sənədlər, cizgilər, ixtiralar, avadanlıq, İşəgötürənin müştərilərinin, satıcılarının və ya təchizatçılarının ad və ünvanlan haqqında məlumatların toplanması daxildir. Məlumatların açıqlanması halı baş verdikdə, İşçi bu cür açıqlama nəticəsində İşəgötürənin çəkdiyi zərərin əvəzini Azərbaycan qanunvericiliyinə uyğun olaraq ödəməyə borcludur. Bu cür açıqlama nəticəsində İşəgötürən tərəfindən hər hansı həqiqi zərərin çəkib-çəkmədiyindən asılı olmayaraq, İşəgötürənin İşçiyə qarşı, əmək fəaliyyətinə xitam verilməsi də daxil olmaqla, intizam tənbeh tədbirləri tətbiq etmək hüququ var. Vəzifə funksiyalarının təsviri barədə Əlavə 1-i imzalamaqla İddiaçı restoranın ümumi ərazisinə nəzarət etmək, çatışmamazlıq barədə birbaşa rəhbərini məlumatlandırmaq; iş vaxtı başa çatdıqdan sonra restoran ərazisində istifadə edilən mal və avadanlıqların (boşqab, çörək qabı, cəngəl və s.) təmizliyini təmin etmək və nəzarət etmək; elektrik avadanlıqlarının (kondisioner və s.) söndürülməsini və restoranın bağlanmasını təmin etmək; rəhbəri tərəfindən tapşırılan digər işlərin icrası və s. öhdəliklərini öz üzərinə götürmüşdür. İddiaçı tam maddi məsuliyyət haqqında Müqaviləyə imza atmaqla əmək münasibətləri prosesində ona cavabdeh “xxxx” MMC tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam maddi məsuliyyət daşımağı, eyni zamanda, müəssisənin mülkiyyətçisinə məxsus olan, İşçinin istifadə etməsinə icazə verilən və verilməyən istənilən əmlakla, avadanlıq, cihaz, ləvazimat, sənədlə ehtiyatlı, səliqəli davranmalı, onların istifadə qaydalarına riayət etməyi də öz öhdəsinə götürmüşdür. Bir daha qeyd edilməlidir ki, cavabdeh “xxxx” MMC davamlı olaraq işçilərin sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər görür, mütəmadi olaraq maaşlarını artırır. Bu bir növ şirkət rəhbərliyinin əməkdaşlarına olan qayğısının və humanizm prinsiplərin bariz nümunəsidir. Eyni zamanda qeyd edilməlidir ki, hətta İddiaçı öz iddia ərizəsində qeyd edir ki, cavabdeh “xxxx” MMC-nin “Maya Mexican”a restoranında işləmiş və xx.xx.2020-ci il tarixdə “xxxx” restoranı bağlandığı üçün cavabdeh “xxxx” MMC-nin digər restoranı olan “Harbour” restoranına şirkətin rəhbərliyi tərəfindən göndərilib. Bu da öz növbəsində cavabdeh “xxxx” MMC-nin hər bir işçisinə olan diqqətin və qayğının əlamətidir, onunla imzalanmış müqavilə ləğv edilməmiş və digər restorana iş fəaliyyətini davam etdirmək üçün göndərilmişdir. Lakin İddiaçı şirkətin iş prinsiplərinə, əmək qanunvericiliyinin tələblərinə zidd olaraq xətalar törətmişdir. Şifahi xəbərdarlıqlardan nəticə çıxartmayaraq öz üzərinə götürdüyü əmək vəzifələrini və funksiyaları ciddi pozuntularla icra etmişdir. Bunun nəticəsi olaraq, xx.xx.2020-ci il tarixdə “Harbour” restoranını bağlayarkən şirkətin əmlakını (böyük menyu lövhəsini) küçədə qoymuşdur. Restoranın meneceri Bəhruz Həkimovun elektron poçt vasitəsi ilə təqdim etdiyi təqdimatından qeyd olunanlar öz əksini tapmış və eyni zamada təqdimatda qeyd edilir ki, həmin əmlakı bir həftə əvvəl də küçədə qoyduğuna görə şifahi xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli İddiaçı tərəfindən yazılmış izahatla şirkətin əmlakını (lövhəni) çöldə unutduğunu qeyd etmiş və öz imzası ilə təsdiqləmişdir. Bunun nəticəsi olaraq, xx.xx.2020-ci il tarixli, 001-2020/İRİ saylı Əmr ilə ona töhmət verilmişdir. Əmrlə tanış olmuş və imza atmışdır. Bundan sonra cavabdeh “xxxx” MMC-ın İddiaçı Xidməti Fəaliyyətin Təkmilləşdirmə Planı təqdim edilmişdir. Planın məqsədi İddiaçı xidməti fəaliyyətinnin qeyri-qənaətbəxş səviyyəsinin və peşəkar davranışının təkmilləşdirilməsi idi. Həmin Plana əsasən İddiaçı vəzifə funksiyalarına uyğun olaraq və tam şəkildə yerinə yetirilməsini təmin etməyi öz üzərinə götürərək xx.xx.2020-ci il tarixdə imzalamışdır. İddiaçı Xidməti X1 verilən imzalı surətini Restoran meneceri Bəhruz Həkimovun yanında cıraraq tullamışdır. İddiaçı Xidməti Fəaliyyətin Təkmilləşdirmə Planına zidd gedərək xx.xx.2020-ci il tarixdə cavabdeh “xxxxMMC-in növbəti əmlakını (televizor) yanılı vəziyyətdə qoyaraq çıxıb getmişdir. Şirkətin mühafizəçisi televizorun yanılı qaldığını müəyyən etmiş və bu barədə rəhbərliyə məruzə etmişdir. Televizorun yanılı vəziyyətdə qalması yanğın hadisəsinin baş verməsi ilə nəticələnə bilərdi. Bu barədə restoranın meneceri Bəhruz Həkimov öz təqdimatında elektron vasitəsi ilə qeyd etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli izahatında qeyd edir ki, “ola bilər ki, televizor mənim yuxarıda yazdığım səbəblərdən dolayı işlək vəziyyətdə qalıb”. Bunun nəticəsi olaraq, xx.xx.2020-ci il tarixli, 003-2020/İRİ saylı Əmr ilə ona şiddətli töhmət verilmişdir, lakin həmin əmrlə tanış olsa da, əmrə imza atmaqdan iddiaçı imtina etmişdir. Bunun nəticəsi olaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhərində İnsan Resursların əməkdaşları Akt tərtib etmişdirlər. Həmin Aktdan da görünür ki, iddiaçi İddiaçı ona təqdim etdilmiş sənədi imzalamaqdan və onun üçün nəzərdə tutulmuş nüsxəni götürməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixində İddiaçı verilən Xidməti Fəaliyyətin Təkmilləşdirmə Planının müddəti növbəti 3 aya uzadılmışdır. Səbəb təqdim olunan planla bağlı heç bir irəliləyişin olmaması idi. İddiaçı bu sənədi imzalamaqdan imtina etmişdir. xx.xx.2021-ci il tarixli restoranın meneceri tərəfindən təqdim edilmiş təqdimatı ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində toplantı (iclas) zamanı iş yoldaşları Rüfət İsrafılov və Əsəbəli Əzizova qarşı təhqiramiz sözlər işlətmiş və onları təhqir etmişdir. Restoranın meneceri Bəhruz Həkimovun təqdimatı ilə cavabdeh “xxxx” MMC-in direktoru Mirseyfulla Həsənov verilən şiddətli töhməti nəzərə alaraq, həmin işçiyə qarşı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsini xahiş etmişdir. İddiaçı, digər işçilər Rüfət İsrafılovun və Əsərəli Əzizovun izahatları alınmışdır. Cavabdeh “xxxx” MMC-in rəhbərliyi, İddiaçı Əmək Müqaviləsi və Əmək Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini və öhdəliklərini yerinə yetirmədiyini, digər iş yoldaşlarını təhqir etdiyini, şirkətdə normal iş vəziyyətini pozduğunu, işin gedişinə maneəçilik yaratdığını nəzərə alaraq, onunla imzalanmış xx.xx.2015-ci il tarixli, R0791 saylı Əmək Müqaviləsinə xitam verilməsi qərarını vermişdir. Həmin qərar xx.xx.2021-ci il tarixli, RR-0123/K saylı Əmr ilə rəsmiləşdirilmiş və xx.xx.2021-ci il tarixli 168G6P10004X0 saylı alt sistem vasitəsi ilə əmək müqaviləsi bildirişi alınmışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsası: - 70 ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda ((ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) olmuşdur. Bundan əlavə, İddiaçı iddia ərizəsinə dəqiqləşmədə 2015-ci ildən 2021-ci il tarixə qədər bayram günlərinin ödənilməli olan məbləğlərini göstərmiş və cavabdeh “xxxx” MMC-dən 6410.88 AZN tələb etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə heç bir təsdiqi olmayan çıxarışlar təqdim etmiş və həmin çıxarışlarda yalnız 2021-ci ilin fevral ayını görmək olur. 2021-ci ilin fevral ayında bayram günləri nəzərdə tutulmayıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 109-cu maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Həmin Məcəlləyə görə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, digər Nümayəndə2 izahatında göstərilənləri təsdiq etdi. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin olunmamalıdır. İş materiallarında olan işçi İddiaçı ilə işəgötürən Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi restoran nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş Tam maddi məsuliyyət haqqında Müqavilədən görünür ki, İddiaçı həmin Müqaviləyə imza atmaqla əmək münasibətləri prosesində ona cavabdeh “xxxx” MMC tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam maddi məsuliyyət daşımağı, eyni zamanda, müəssisənin mülkiyyətçisinə məxsus olan, İşçinin istifadə etməsinə icazə verilən və verilməyən istənilən əmlakla, avadanlıq, cihaz, ləvazimat, sənədlə ehtiyatlı, səliqəli davranmalı, onların istifadə qaydalarına riayət etməyi də öz öhdəsinə götürmüşdür. Vəzifə funksiyalarının təsviri barədə Əlavə 1-i imzalamaqla İddiaçı restoranın ümumi ərazisinə nəzarət etmək, çatışmamazlıq barədə birbaşa rəhbərini məlumatlandırmaq; iş vaxtı başa çatdıqdan sonra restoran ərazisində istifadə edilən mal və avadanlıqların (boşqab, çörək qabı, cəngəl və s.) təmizliyini təmin etmək və nəzarət etmək; elektrik avadanlıqlarının (kondisioner və s.) söndürülməsini və restoranın bağlanmasını təmin etmək; rəhbəri tərəfindən tapşırılan digər işlərin icrası və s. öhdəliklərini öz üzərinə götürmüşdür. İş materiallarında olan «işdən azad olunma barədə» RR-0123/k nömrəli, xx xxxxxx 2021-ci il tarixli RR-0123/k nömrəli əmrdən görünür ki, Restoran menecerinin köməkçisi İddiaçı: 1. xx xxxx 2020-ci ildə əmək müqaviləsi üzrə vəzifəsini pozduğuna görə təqdim olunan faktlara və İddiaçı yazılı izahatlarına əsasən şifahi xəbərdarlıq verilmişdir. 2. xx xxxxxx 2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək) tələbini pozduğuna görə 186-ci maddəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. 3. xx xxxxxxx 2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a" bəndinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək) tələbini pozduğuna görə 186-ci maddəsinin "b" bəndinə əsasən şiddətli töhmət verilmişdir. Əmrlə işçi tanış edilsə də, o öz növbəsində həmin əmrə imza atmaqdan imtina etmişdir. Bununla bağlı xx xxxxxxx 2020-ci il tarxdə Akt tərtib edilmiş və İnsan Resursları şöbəsinin məsul şəxsləri tərəfindən imzalanmışdır. 4. xx xxxxxx 2021-ci ildə Restoran Menecerenin köməkçisi X4 və Restoran nəzarətçisi X2 izahatları, eyni zamanda Baş Restoran Meneceri Bəhruz Həkimovun təqdimatında qeyd olunmuş məlumatlardan görünür ki, işçi İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” bəndinin (iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq) tələbini pozmuşdur. 5. xx.xx.2021-ci il tarixdən "xxxx MMC-nin Restoran menecerinin köməkçisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin ç) yarımbəndini rəhbər tutaraq, 70-ci maddəsinin “ç" bəndinə əsasən yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda ((ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) əsası ilə tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Təqdim edilmiş "xxxx” MMC-nin Baş restoran meneceri Bəhruz Həkimov tərəfindən "xxxx” MMC-nin direktoru Mirdeyfulla Həsənova ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, restoran menecerinin köməkçisi İddiaçı xx.xx.2021-ci il tarixində çalışdırğı Harbour restoranında toplantı (iclas) zamanı iş yoldaşları restoran menecerinin köməkçisi Rüfət İsrafılov və restoran nəzarətçisi Əsəbəli Əzizova qarşı təhqiramiz sözlər işlətmiş və onları təhqir etmişdir. Qeyd olunanları və xx.xx.2020-ci il tarixində İddiaçı verilən şiddətli töhməti nəzərə alaraq, İddiaçı qarşı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsi xahiş olunmuişdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxıd keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İş materiallarından göründüyü kimi, İddiaçıla əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir. Qanunun göstərilən norması əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasına görə işçinin əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı 2015-ci ildən cavabdeh “xxxx” MMC-nin “Maya Mexican”-a restoranında iş fəaliyyətinə başlamış, xx.xx.2020-ci il tarixdə “xxxx” restoranı bağlandığı üçün cavabdeh MMC-nin digər restoranı olan “Harbour” restoranına şirkətin rəhbərliyi tərəfindən göndərilmişdir. İddiaçı əmək qanunvericiliyinin tələblərinə zidd olaraq dəfələrlə şifahi xəbərdarlıqlardan nəticə çıxartmayaraq öz üzərinə götürdüyü əmək vəzifələrini və funksiyalarını ciddi pozuntularla icra etmişdir. Bunun nəticəsi olaraq, xx.xx.2020-ci il tarixdə “Harbour” restoranını bağlayarkən şirkətin əmlakını (böyük menyu lövhəsini) küçədə qoyduğu üçün ona şifahi xəbərdarlıq edilmiş, yenə də əmək funksiyasını pozduğuna görə ona xx.xx.2020-ci il tarixli, 001-2020/İRİ saylı Əmr ilə töhmət verilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh “xxxx” MMC-nin digər əmlakını (televizor) yanılı vəziyyətdə qoyaraq çıxıb getdiyi üçün cavabdehin xx.xx.2020-ci il tarixli, 003-2020/İRİ saylı əmri ilə ona şiddətli töhmət verilmişdir. Bundan sonra, restoranın meneceri tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli təqdimatı ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində toplantı (iclas) zamanı iş yoldaşları Rüfət İsrafılov və Əsəbəli Əzizova qarşı təhqiramiz sözlər işlətmiş və onları təhqir etmişdir. Nəticədə, cavabdehin xx xxxxxx 2021-ci il tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 72-ci maddənin “ə” bəndində nəzərdə tutulan əsaslarla (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı restoran menecerenin köməkçisi X4 və restoran nəzarətçisi X3 izahatları, Baş Restoran Meneceri Bəhruz Həkimovun təqdimatı ilə təsdiq olunur. Məhkəmə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin şəxsən ona qarşı qərəzin nəticəsi olması barədə irəli sürülən arqumentləri yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» və 72-ci maddələrinə istinadla xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur və bununla bağlı cavabdehin əmrinin qanunsuzluğu barədə iddiaçının irəli sürdüyü arqumentlər tamamilə formal mülahizələrdən ibarətdir. Bu konteksdə məhkəmə onu da qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə olan xx.xx.2021-ci tarixli əmrin ona təqdim edilməmiş olması da mübahisənin formal-prosessual tərəfidir və özü-özlüyündə iddianı əsaslı hesab etmək üçün yetərli ola bilməz. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən mənəvi ziyana görə 20000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı tələbinin cavabdehdən 3 ayın təzminatı olaraq 3878,37 manatın onun xeyrinə tutulması hissəsini onunla əsaslandırdı ki, mübahisələndirdiyi əmr qanunsuz hesab edilərək ləğv edildiyi təqdirdə, o, işə bərpa olunmasını istəmir, yalnız onunla bağlanmış əmək müqaviləsinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilməsini və bununla əəlaqədar ona təzminat verilməsini istəyir. Məhkəmə yuxarıda qeyd olunan hissədə iddia tələbini əsassız hesab edir, belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin vəzifəsi deyil, onun hüququdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Qanunun qeyd olunan normasının tələbindən göründüyü ki, işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi əsası ilə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin vəzifəsi deyil, onun hüququdur. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hissədə iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 2015-ci ildən hal-hazıradək cavabdehdən bayram günlərinə görə ödənilməli olan və ödənilməmiş 6210,88 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması hissəsində də əsassız hesab edir, belə ki, həmin hissədə öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının işdən çıxarılması üçün uzun müddət hazırlıq aparılması, müxtəlif vasitələrdən istifadə edilməsi və yollar axtarılması barədə iddiaçının irəli sürdüyü digər mülahizələrlə bağlı isə məhkəmə əlavə əsaslandırmanı ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-893/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-893/2021
31.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver