Məhkəmə qərarları › İş №2(009)-903/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-903/2021

02.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-903/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı və onun nümayəndəsi A.H.Mirzəquliyevanın iştirakları ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun bacıları X1, X6nın, Cavabdeh və qardaşı X2 paylı mülkiyyətində olmuş ünvan 1 mənzil 99 ünvandakı mənzil uzun məhkəmə mübahisələrindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(102)- 382/2019 saylı icra vərəqəsinə əsasən həmin mənzilin açıq hərracda satış qiyməti 100.000 manat müəyyən edilməklə açıq hərracda satılmışdır, hərracın yekunlarına görə həmin mənzil xx.xx.2019cu il tarixli “Hərracın yekunu üzrə əmlakın alqı-satqı müqaviləsi”nə əsasən onun tərəfindən alınmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında ona xx.xx.2020-ci il tarixli mənzilə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Tərəflər arasında paylı mülkiyyətdə olan mənzilin hərracda satımasından onlara düşən 20.000 manat pulu aldıqdan sonra Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin cavabdeh onları 10 ildən artıq müddətdə məhkəmələrdə süründürən Cavabdeh uzun müddətdir ki, keçmiş paylı mülkiyyətdən ona düşən payı almasına baxmayaraq, hazırda da onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olmaqda davam edir və mənzilə pasport qeydiyyatından könüllü şəkildə çıxmaq istəmir. Bu isə onun bir mülkiyyətçi kimi, mülkiyyətində olan mənzilə dair sərəncam vermək hüquqlarının həyata keçirilməsinə mane olur. O, cavabdehin qeyd olunan mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin edilsə də, cavabdehin apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı mübahisənin ümumi məhkəmədə baxılmalı olması əsası ilə ləğv edilmişdir və iddia mümkün sayılmamışdır. Ona görə də hazırki iddia tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Cavabdehin mülkiyyətində Xətai rayonunda Əyləncə Mərkəzinin arxasında 22 mərtəbəli binanın 22-ci mərtəbəsində evi vardır, eyni zamanda Nərimanov rayonu, Qarabağ küçəsi, 34 ünvandakı atasından qalan mənzil sökülərək, orada 13 mərtəbəli bina tikilmişdir və oradan mülkiyyətində mənzilləri vardır. Onun mənzilində formal olaraq pasport qeydiyyatında qalmışdır və istifadə hüququ da formaldır. Lakin, bütün bunlara baxmayaraq, cavabdeh mülkiyyətçi kimi onun hüquqlarını qəsdən pozmaqda davam edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh onun mülkiyyətində olan ünvan 1 mənzil 99 ünvandakı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, “Hidayətoğlu” şirkətlər qrupundan açıq hərrac vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 mənzil 99 əldə etmişdir, Ali Məhkəməsinin qərarı əsasında bütün keçmiş paylı mülkiyyətçilərin depozit hesablarına hərəsinin payına düşən 20.000 manatı köçürtmüşdür və bütün keçmiş paylı mülkiyyətçilər paylarına düşən vəsaiti, yəni 20.000 manatı alıblar və nəticə baxımından rəsmi qaydada işə xitam verilmişdir. İddia ərizəsinin mahiyyəti ondan ibarətdir ki, o, çox narazıdır ondan ötrü ki, onun şəxsi mülkiyyətindən keçmiş paylı mülkiyyətçilərdən biri olan keçmiş vərəsə, baxmayaraq ki, 20.000 manat pul vəsaiti alıb, lakin bu günə qədər qəsdən onun şəxsi mənzilində və mülkiyyətində qeydiyyatda qalıb, ona maddi və mənəvi zərər vurub, o, öz şəxsi mülkiyyətinə istənilən sərəncam verə bilmir. Keçmiş paylı mülkiyyətçi Cavabdeh qanunsuz hərəkətinə görə onun dəyərli vaxtı gedir. Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı keçmiş paylı mülkiyyətçidən, keçmiş vərəsə Cavabdeh onun hüquqlarını kobud şəkildə pozduğuna görə, 20.000 manat vəsaiti alıb və bu günə qədər onun şəxsi mənzilində, qanunsuz qeydiyyatda qaldığına görə və öz xoşu ilə çıxmadığına görə AR MPM-nin 120-ci maddəsinə əsasən iddiaçının xeyrinə və ya dövlətin xeyrinə məbləğin tutulması, eyni zamanda təcili onun şəxsi mülkiyyətindən - qanuni mənzilindən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı və iddiaçının nümayəndəsi X6 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, iddiaçı X6nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12918/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ümumi (paylı) mülkiyyətdə olan “Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilin 82000 manat satış qiyməti ilə hərraca çıxarılması” hissəsində dəyişdirilərək həmin mənzilin açıq hərracda satış qiyməti 100.000 (yüz min) manat müəyyən edilməklə dəyişdirilmiş, X6nın kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdirilməmiş, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə “X10” MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli 130 No-li protokolun və həmin tarixli hərracın yekunların üzrə əmlakın alqı-satqısı barədə müqavilənin kserosurətinə əsasən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12918/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin və Səbail rayon İcra və Probasiya Şöbəsinin 144496/19-xx-xx/7104 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən hər birincə 1/5 pay olmaqla X3, İddiaçı, X4, X5 və Cavabdeh məxsus Bakı şəhəri, Xəqani küçəsində yerləşən 26/32 saylı evin 99 saylı mənzili satış qiyməti 100000 manata hərraca çıxarılmış və həmin mənzil 100000 manata İddiaçı satılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 99 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarın kserosurətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12918/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə satışdan əldə olunmuş pul mülkiyyətçilər X6, İddiaçı, X7, X9 və Cavabdeh arasında onların paylarına (hər birinə 1/5 hissədə) mütənasib surətdə bölüşdürülməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti hər bir cavabdehdən 50 manat məbləğində pulun tutulması qaydasında cavabdehlər İddiaçı, X7, X8 və Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. İcra tədbirləri nəticəsində tələb tam qaydada icra edilmişdir. İcranın təmin edilməsinə dair “X10” MMC-nin xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin surəti, satışdan əldə olunmuş 100.000 manat pulun tərəflər arasında 1/5 qaydada bölünməsinə dair hər birinə 20.000 manat xx.xx.2019-cu il tarixli 32,33,34,35 və xx.xx.2020-ci il tarixli 26 saylı kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları sənədi əsasında tərəflərin bank hesabına köçürülmüşdür. Bundan əlavə iş üzrə göstərilən cəmi 200 manat ekspert xərcinin ödənişinə dair xx.xx.2019-cu il tarixli (150 manat) və xx.xx.2020-ci il tarixli 27 saylı ödəniş sənədi (50 manat) iş materiallarına əlavə edilmişdir. Beləliklə iş üzrə icraat başa çatmışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12918/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 99 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 99 saylı mənzili məhkəmənin qətnaməsi əsasında keçirilmiş hərrac vasitəsi ilə almış və paylı mülkiyyətçilərin hər birinə, o cümlədən cavabdehə, 20.000 manat pul ödənilmişdir. Məhkəmə qətnaməsi tam icra olunmuş və icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin mənzil hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır, mənzil iddiaçı tərəfindən alınarkən cavabdehin həmin mənzilə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 99 saylı mənzildə istifadə hüququnun saxlanılması onun mülkiyyət hüququnu pozur və bu səbəbdən cavabdehin həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iddia tələbinin AR MPM-nin 120-ci maddəsinə əsasən cavabdehdən dövlətə və iddiaçının xeyrinə pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. AR MPM-nin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Məhkəmə qeyd edir ki, hər bir şəxs özünün hüquqlarının və qanuni maraqlarının pozulduğu hallarda onların müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. İşdə iştirak edən şəxslər həmin hüquqlardan vicdanla istifadə etməlidirlər. Prosessual hüquqlardan sui istifadə etmək məhkəmənin işini izafi olaraq artırır, məhkəmə icraatını əsassız olaraq uzadır, tərəflərin iş vaxtının itirilməsinə gətirib çıxardır. Qeyd edilən norma prosessual hüquqlardan sui-istifadəyə görə sanksiya kimi müəyyən edilə bilər. İddiaçı cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan vaxtında çıxmamasını və digər məhkəmə icraatında olan iş üzrə qərardan yuxarı instansiyaya əsassız şikayət etməsini, bununla da onun və məhkəmənin vaxtının alınmasına əsassız olaraq yol verdiyinə görə cavabdehdən dövlətə və iddiaçının xeyrinə pul tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tutulmalı olan pul məbləğini (maddi ziyanı) konkret olaraq tələbdə göstərməmişdir. Digər tərəfdən başqa məhkəmənin qərarından əsassız şikayət verilməsi ilə əlaqədar hazırki baxılan iş üzrə MPM-nin 120-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Hazırki tələb üzrə isə qaldırılan iddiaya qarşı cavabdehin öz prosessual hüquqlarından suiistifadəsi halı müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 99 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar