Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-903/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işə əmrin ləğvi və cərimə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 may 2024cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh QSC-yə qarşı “əmrin ləğvi və cərimə” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2023-cü il tarixli əmrin ləğv edilməsi, AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin 4-cü abzası ilə əvəz olunması və son haqqhesabın ödənişinin gecikdirildiyinə görə cərimənin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh XDND-nin rəisi Taqət Qurbanovun 04 oktyabr 2023-cü il tarixi 13-3-2/3-1- 8069/2023 -№-li əmri ilə XDND- nin TYG « Yarenga » gəmisinin 2 -çi mexanik vəzifəsindən azad edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, iddiaçı 1993-cü ilin dekabr ayının 22-dən, 03 oktyabr 2023- cü il tarixinədək donanmanın müxtəlif gəmilərində mexanik vəzifəsində çalışmışdır. Sonuncu dəfə 30 yanvar 2023 -cü il tarixindən, 03 oktyabr 2023cü il tarixinədək xəstə olmuş və bu barədə xəstəlik vərəqələri bütün dövr üzrə tam tərtib olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023 il tarixli qərarı ilə ona Birinci dərəcəli əlillik təyin edilmişdir. TSEK -in verdiyi arayışın surətləri, 18 sentyabr 2023 -cü il tarixində XDND-nin Kadrlar xidməti və Mühasibatlıq şöbəsinə təqdim olunmuşdur. Buna sübut olaraq, sonuncu xəstəlik vərəqələrinin ödəniş tarixləri barədə iddia ərizəsinə ABBdən müvafiq bank çıxarışı təqdim etmişdir. Qanunvericiliklə altı aydan uzun müddət keçdikdə, TSEK-in qerarı təqdim edilmədikdə xəstəlik vərəqələrinin ödənişi dayandırılır. Bütün bunlara baxmayaraq, XDND-nin Kadırar xidməti saxtakarlığa yol verərək ona iş təklif etməyib, əksinə dəfələrlə onun, öz şəxsi xahişi ilə işdən azad olmağını tələb etmişlər. Nümunə olaraq, 03.10.23-cü il tarixində ərizənin yazılış qaydasının sürətini KŞ-nin rəsmi WhatsApp (+99*** *** ** **) nömrəsi ilə « PDF » formatında ona göndərmişlər. 04.10.23-cü il tarixində XDND-rəhbərliyinə ərizə ilə müraciət etdi, dəniz şəraiti üçün yararsız olduğuna görə ərizədə qeyd etdi ki, əmək qabiliyyətini itirdiyi üçün, AR Qanunlarına uyğun işdən azad olunmağına sərəncam verəsiniz. Həmin tarixdən AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (Əlilliyə görə təqaüdə çıxması) ilə xitam verilmişdir. Qeyd edir ki, yazdığı ərizədə öz xahişi ilə və yaxud əlilliyə görə təqaüdə çxmağı barədə hər hansı bir müraciət olmayıb. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, maddənin dəyişdirilməsini zəruri hesab edərək, əmək hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməlidir.Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Həmçinin, əmək müqaviləsinə xitam verildikdən osnra sonuncu haqq - hesabın ödənişidə gecikdirilmişdir. Belə ki, 04 oktyabr 2023 -cü ildə işdən azad olma əmri verilib lakin, sonuncu haqq hesab 04 noyabr 2023-cü ildə ödənilmişdir. Bu da işçinin, işəgötürən tərəfdən əmək hüquqlarının pozulmasıdır. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixdən X9 Donanmasının müxtəlif gəmilərində mexanik vəzifəsində işləmişdir. TSEK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, X3 birinci dərəcəli əlillik almışdır. xx.xx.2023-c il tarixdə X3 müraciət edərək, birinci dərəcəli əlillik alması səbəbindən xx.xx.2023-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İşçi ərizəsində göstərdiyi tarixdən işdən azad edilmişdir. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunmuş, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla o qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, işdən azad olunma barədə əmrin surətini və əmək kitabçasını əmr verildiyi gündən sonrakı gün nümayəndə qismində arvadı cavabdeh təşkilatdan götürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən yazılmış ərizənin surətindən görünür ki, İddiaçı 04 oktyabr 2023-cü il tarixindən əmək qabiliyyətini itirdiyi üçün yaranmış vəziyyətlə əlaqədar işdən azad edilməsini xahiş etmişdir. 04 oktyabr 2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, X3 Cavabdeh QSC-də TYG “Yarenga” gəmisinin 2-ci mexaniki vəzifəsində çalışmışdır. İddiaçı 29 sentyabr 2023-cü il tarixdə əmək qabiliyyətini itirdiyi üçün yaranmış vəziyyətlə əlaqədar 04 oktyabr 2023-cü il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (əlilliyə görə təqaüdə çıxma əsası ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 74.1-ci maddəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Məhkəmə ilk öncə iddia tələbinin “04 oktyabr 2023-cü il tarixli əmrin ləğv edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İşçi işdən azad olunması üçün işəgötürənə müraciət edərkən, ərizəsinə qeyd etmişdir ki, ona birinci dərəcəli əlillik təqdim olunmuşdur. Bu səbəbdən əmək qabiliyyətini itirdiyi üçün yaranmış vəziyyətlə əlaqədar işdən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçının məlumat vərəqəsinin surətindən görünür ki, ona müddətsiz olaraq birinci dərəcəli əlillik verilmişdir. İşəgötürən isə işçi ilə əmək müqaviləsini ləğv edərkən, iddiaçının əlilliyə görə pensiyaya çıxdığı əsası ilə əmək müqaviləsinə xitam vermişdir. Halbuki qanunvericiliyin də tələbindən göründüyü kimi iddiaçı əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə tam itirərsə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməlidir. Cavabdehin iddiaçının iddia müddətini ötürməklə bağlı ərizəsinə münasibətdə məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı “əmrin ləğvi” barədə tələblə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı xx.xx.2023-cü il tarixdə (nümayəndəsinə əmək kitabçası və əmrin surəti təqdim olunduğu gün) hüquqlarının pozulmasını aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında mediasiya şurasına xx.xx.2024-cü il tarixdə, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə məhz xx.xx.2024-cü il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia tələbinin “cavabdehin son haqq-hesab ödənişini gecikdirdiyinə görə cərimə edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan X4 Xidmətinin iddiaçıya ünvanlanmış 09 yanvar 2024cü il tarixli məktubunda qeyd olunur ki, tərəfinizdən təqdim olunan sənədlərdən işəgötürən tərəfinizdən son haqq-hesabınızın AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənildiyi müəyyən edilmişdir. Bununla bağlı tərəfimizdən Cavabdeh QSC X9 Donanmasının vəzifəli şəxsi barəsində AR İXM-nin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan iddiaçının əmək haqqı barəsində bank hesabının çıxarışın surətindən görünür ki, onun hesabına 2990,71 manat məbləğində son haqq-hesab xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. AR Əmək Məcəlləsinin: 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qeyd edir ki, işçi 04 oktyabr 2023-cü il tarixdə işdən azad olunmasına baxmayaraq, son haqq-hesab ona həmin tarixdən 01 təqvim ayı keçdikdən sonra 04 noyabr 2023-cü il tarixdə ödənilmişdir. Belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq hər gecikdirilmiş gün üçün işəgötürəndən işçinin əmək haqqısının bir faizi məbləğində ödənc işəgötürəndən işçininin xeyrinə tutulmalıdır. İddiaçının bank hesabından çıxarışın surətindən görünür ki, iddiaçıya ödənilməli olan son əmək haqqı məbləği 2990,71 manat civarında olmuşdur və həmin məbləğ 04 noyabr 2023-cü il tarixdə ödənilmişdir. Beləliklə, həmin məbləğin hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc hesablanmaqla (2990,71 manat əmək haqqının 30 gün gecikdirilmiş müddət üçün 1 faizi 29,90 manat x 30 gün = 897 manat) 897 manat məbləğində cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin iddiaçının iddia müddətini ötürməklə bağlı ərizəsinə tələbin hazırki hissəsinə münasibətdə məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı “cavabdehdən son haqq-hesabın gecikdirilməsinə görə cərimə tutulması” barədə tələblə iddia müddətini ötürməməklə məhkəməyə müraciət etmişdir. Belə ki, AR Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından da göründüyü kimi işçi 03 oktyabr 2023-cü il tarixdə işdən azad olunmuş, ona ödənilməli olan son haqq-hesabın gec ödənilməsindən 04 noyabr 2023-cü il tarixdə məlumatlı olmuş və cavabdehdən son haqq-hesabın gecikdirilməsinə görə cərimə tutulması tələbi ilə məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməməklə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 897 manat məbləğində pul vəsaiti Cavabdeh QSC-dən iddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərcinin 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrin tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-903/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-903/2024
03.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver