Məhkəmə qərarları › İş №2(009)-920/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-920/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-920/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi Ş.İddiaçı Cavabdehin nümayəndəsi F.R.Ələkbərovun iştirakları ilə İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» ASC-yə qarşı sığorta ödənişinin, dəbbə pulunun, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» ASC-yə qarşı sığorta ödənişinin, dəbbə pulunun, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə mülkiyyətində olan “VAZ-2104” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilini Tərtər rayonu ərazisində idarə edərkən, “VAZ-21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən X5 yol nəqliyyat hərəkətini pozmuş və nəticədə onun avtomobili ilə toqquşaraq hadisə törətmişdir. Hadisə nəticəsində onun avtomobilinə ciddi ziyan dəymişdir. Cavabdeh “xxxxxxxxxxxxx” ASC ilə ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PGU ********** saylı icbari sığorta şəhadətnaməsi vardır. Bu səbəbdən də onun avtomobilinə cavabdeh baxış keçirərək dəymiş zərəri hesablama aktına əsasən 500 manat məbləğində müəyyən etmişdir. O, isə həmin məbləğlə razılaşmadı və pulu götürmədi. Çünki onun avtomobilinə dəyən zərəri düzgün hesablamamışlar. Bu səbəbdən də o, cavabdehin də razılığı əsasında müstəqil şəkildə ekspert olan “xxxxxxx” MMC adlı ekspert şirkəti tapmış və maşının bərpa təmiri üçün dəymiş ziyanı hesabladaraq xx.xx.2019-cu il tarixli rəy almışdır. Həmin rəydə dəymiş zərərin ümumi məbləği 2688 manat göstərilmişdir. Avtomobilinə dəyər zərər: 1. Arxa qanadlar 2 ədəd - 420 manat, 2. Arxa panel - 100 manat, 3. Arxa bufer - 35 manat, 4. Arxa stop - 60 manat, 5. Arxa ştanq - 50 manat, 6. Arxa amortizator - 50 manat, 7. Arxa sentrovka - 25 manat, 8. Arxa disk və şin 2 ədəd - 160 manat, 9. Bak - 50 manat, 10. Çulok komp - 410 manat,

11. Səs boğucu komp - 100 manat, 12. Arxa zamok - 18 manat, 14. Arxa qapı zamoku - 10 manat və Baqajın iç kılıkları - 60 manat olmaqla, cəmi 1588 manat dəyərində ehtiyyat hissələri, usta haqqı isə (malyar, çilingər və dəmirçi) 1100 manat olmaqla, ümumilikdə cəmi 2688 manat təşkil edir. Cavabdehə isə bu rəyi göstərib sığorta ödənişini istəsə də, hesablanmış sığorta məbləği ilə razı olmadığını və ona göstərilmiş məbləğdə sığorta ödənişini ödəməyəcəklərini bildirmişlər. Hal-hazırda cavabdehin bu hərəkəti səbəbindən o, avtomobilini saxlama dayanacağından götürüb apara bilmir ki, cavabdeh hər hansı bəhanə ilə avtomobilin bu vəziyyətdə olmadığını mübahisələndirib ödənişi etməkdən yayınacaq. Hətta cavabdehin sığorta ödənişi etmədiyi səbəbindən avtomobilini təmir etdirmək imkanı yoxdur və yeganə qazanc yeri olan avtomobilinin bu olması səbəbindən 1500 manat maddi ziyana düşmüşdür. Bundan əlavə cavabdehin bu hərəkətindən stres həyacan keçirdərək yollarda qalmışdır ki, bu da onun mənəvi ziyan almasına səbəb olmuşdur. Ona dəyən mənəvi ziyan isə 1000 manat məbləğində dəyərləndirmişdir. Bu isə onun maraqlarının və hüquqlarının pozulmasına gətirib çıxarır ki, o, da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə cavabdeh sığorta ödənişini vaxtında ödəmədiyi üçün hər gecikmiş 240 gün üçün (hər günü 8 manatdan olmaqla) 1920 manat isə dəbbə pulu ödəməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASCdən sığorta ödənişi kimi 2688 manat məbləğində, sığorta ödənişinin gecikdirilmiş cəmi 240 gün üçün (hər günü 8 manatdan olmaqla) 1920 manat isə dəbbə pulu, nəqliyyat vasitəsiz qaldığı günlərin xərcləri və avtomobilin istifadəsiz qaldığı dövr üçün amartizasiya xərci üçün 1500 manat, mənəvi ziyana görə 1000 manat məbləğində olmaqla, cəmi 7108 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu 30 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, artıq bir il dörd aydır hadisə baş verib. Cavabdeh sığorta şirkəti bu müddət ərzində ona sığorta ödənişini ödəməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X6 iddianı qismən qəbul edərək öz izahatında göstərmişdir ki, sığorta hadisəsinin baş verməsini qəbul edirlər və bu hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etmirlər. Lakin sığorta məbləğinin onlar tərəfindən məhkəməyə təqdim olunmuş aktda müəyyən edilən həddə, yəni 840 manat həddində ödəyə bilərlər. Ona görə də iddianı yalnız həmin həddə qəbul edir, o hissədə təmin olunmasına etiraz etmir. Yerdə qalan hissədə iddia tələblərinin rədd edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AD№176140 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “VAZ-2104” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomaşın (1988-ci il buraxılışlı) İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə “xxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 07/ŞÖ- 1857 saylı məktubda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə Tərtərdə “xxxxxxxxxxxxx” ASC-də PGU ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “VAZ-2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı X5 idarə edərkən İddiaçı məxsus “VAZ-21014” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Avtomobilə dəymiş zərər hesablanaraq 500 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası “X4” Qanunun 20-ci maddəsinin 3-cü bəndinə əsasən, hesablanmış 500 manat məbləğində sığorta ödənişini ödəməyə hazırdılar. İş üzrə X1 əsasında “xxxxxxx” MMC tərəfindən verilmiş avtonəqliyyat vasitəsinin yol-qəza hadisəsi nəticələrinin aradan qaldırılması üçün bərpa dəyərinin hesablanması barədə xx.xx.2019cu il tarixli ekspert rəyinə əsasən avtonəqliyyat vasitəsinə dəymiş ziyanın bərpa dəyəri 2688 manat təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2472 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə “xxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1988-ci il buraxılışlı “VAZ-2104” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 990,0 manat müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə “xxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1988-ci il buraxılışlı “VAZ-2104” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2253,0 manat müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə X5 idarə etdiyi “VAZ- 2106” markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşınla Tərtərdə hərəkət edən zaman iddiaçının mülkiyyətində olan «VAZ-2104» minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X5 tərəfindən idarə olunan “VAZ-2106” minik markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşın “xxxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” ilə sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi baş verdiyindən və həmin yol-nəqliyyat hadisəsində iddiaçı zərərçəkən hesab olunduğundan, onun sığorta hadisəsi ilə bağlı sığorta ödənişi almaq hüququ yaranmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh təşkilat tərəfindən iddiaçıya 500 manat sığorta ödənişini ödəməyə təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sığorta şirkəti tərəfindən hesablanan sığorta ödənişi ilə razı deyil. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “xxxxxxx” MMC-nin ekspert rəyinə əsasən ona məxus avtomaşına dəymiş ziyan 2688 manat təşkil edir və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o, vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 500 manat hesablamışdır. İddiaçı isə avtomaşına 2688 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir. “X4” AR Qanununun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda zərərçəkən şəxsin maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ var. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişi kimi 500 manat məbləğində pul təklif etsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır. Digər tərəfdən cavabdehin məhkəməyə təqdim etdiyi ziyan aktında ziyan məbləğinin 840 manat olması göstərilmişdir. İş materiallarından olan həm iddiaçı, həm cavabdeh tərəfindən avtomaşına dəymiş ziyanla bağlı rəylər təqdim olunmuşdur. Eyni zamanda avtomaşına vurulmuş ziyanla bağlı müxtəlif rəylər olduğu üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi alınmışdır. Məhkəmə qeyd edir ki, sığorta şirkəti tərəfindən ziyan məbləği hesablanarkən xx.xx.2019-cu il tarixli zərərin hesablanması aktı əsas tutulsa da, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, aktdan görünür ki, həmin akt sığorta şirkətinin əməkdaşları tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Sığorta şirkəti kommersiya təşkilatı kimi sığorta ödənişi ödəyən tərəf olduğu üçün, ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Digər tərəfdən sığorta şirkəti avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən ehtiyat hissələrinə vurulmuş ziyanı müəyyən etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən rəydən görünür ki, yol-nəqilyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktından göstərilməyən digər hissələr də zədələnmişdir. Bu səbəbdən məhkəmə həmin rəyi daha mötəbər qəbul edir. Lakin ekspertiza tərəfindən həmin rəydə göstərilən hissələrin dəyişdirilməsi və təmir xərcləri nəzərə alınmaqla təmir-bərpa xərcinin 2253 manat məbləğində olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ziyan məbləğinin ekspert rəyi ilə müəyyən edilmiş həddə olması nəzərə alınmalıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə sığortalı avtomaşına dəymiş ziyan məbləğinin 2253 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin sığortalı əmlaka vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi sığorta ödənişinin tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 2253 manat sığorta ödənişi tutulmalıdır. AR Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. AR Mülki Məcəllənin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh sığorta təşkilatı tərəfindən iddiaçıya sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. Əksinə iddiaçıya sığorta ödənişi təklif olunmuş, lakin sığortalı həmin məbləğlə razılaşmamış və bu səbəbdən məbləğlə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Belə olan halda bu hal sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi hesab edilmir və bu səbəbdən məhkəmə heab edir ki, dəbbə pulunun tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçının nəqliyyat vasitəsiz qaldığı günlərin xərcləri və avtomobilin istifadəsiz qaldığı dövr üçün amartizasiya xərclərinin tutulması hissəsi üzrə qeyd edir ki, həmin əlavə xərclərin çəkilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1000 manat mənəvi ziyanın tutulması hissəsində də tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda iddia tələbi qismən təmin olunduğu üçün iş üzrə keçirilmiş ekspertiza xərci - 120 manat məbləğində pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxxxxxxxxxxx» ASC-dən İddiaçı xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 2253 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2283 (iki min iki yüz səksən üç) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərci - 120 (yüz iyirmi) manat «xxxxxxxxxxxxx» ASC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar