Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-921/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndələri S.H.Mikayılovun iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı işə bərpa və kompensasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı işə bərpa və kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh Sığorta Şirkəti ilə 07.01.2013cü il tarixdən 600 manat maaşla razılaşıb şəxsi maşını ilə benzin 55 qəpik olduqda 100 manat benzin limiti ilə öz telefonu ilə işləməyə başlamışdır. İşə başlamazdan əvvəl görüşdüyü bütün rəhbər işçilərə bildirmişdir ki, o, zabit olmuşdur, hərbi xidməti zamanı 2-ci qrup əlil olmuşdur, işə qəbul edilərmi. Bildirmişlər ki, heç bir problem yoxdur. 02.02.2013-cü il tarixdə onunla əmək müqaviləsi bağlamışlar. Müqavilədə göstərilmişdir ki, işçi, yəni o, həftənin 7 günü 24 saat sığorta hadisəsi yerinə getməsini, foto, video çəkiliş etməsini, raport yazmasını, sığorta dələduzluğunu aşkar etməsini, mümkün qədər hadisəni yerində tənzimlənməsini, şöbə müdirinin bu işlə bağlı tapşırıqlarını yerinə yetirməsini üzərinə götürmüşdür. Şirkət işçiyə, yəni ona, hər ay 600 manat əmək haqqı verməsini, bu əmək haqqının 450 manat əsas maaş və əsas maaşın 1/3-ə qədər əlavə maaş verməyini öhdəsinə götürmüşdür. İşçinin iş keyfiyyətinə şirkətin durumuna görə əlavə maaş dəyişdirilə bilər, işçinin maaşına əlavə mükafatlar verilə bilər və iş istirahət vaxtı üzrə həftədə 40 saat normallaşdırılmamış iş rejimi tətbiq olunur. O, ilk 3 ayı 500 manat əmək haqqı almışdır. O, soruşmuşdur ki, bəs 600 manat razılaşmışlar, demişlər ki, 3 ay sınaq müddəti 500 manat alacaq. 3 ay 500 manat almış, 4-cü ay 720 manat saaş almışdır. Çox olduğunu bildirəndə demişlər ki, Novruz Bayramı günlərini işləmişdir, hər işlənən bayram günü üçün 20 manat əlavə maaş hesablanır. Sonradan 601 manat maaş almışdır. Bayram günlərini işləyəndə hər bayram günü 20 manat almışdır. Bir ildən sonra demişlər ki, bayram pulları olmayacaq. Avtomobili kasko sığortası var idi. 23.11.2013-cü il tarixdə hadisəyə gedərkən özü qəzaya düşmüş, şirkət ona hər hansı bir kömək əvəzinə ona dəymiş zərərin 38 manatını kəsmişlər. Növbəti il kasko sığorta edərkən ona artım tətbiq etmişlər. 2 il 6 aydan sonra heç bir səbəb olmadan şirkətdə yalnız onun əmək haqqından 100 manat kəsib 500 manat etmişlər. Səbəbini soruşanda heç bir səbəb göstərməmiş, demişlər ki, işləməsə işdən çıxardacaqlar. O, ayda təxmini 15-20 arası kasko hadisələrə çıxmışdı, bundan sonra bildirmişlər ki, icbari sığorta hadisələrə də çıxacaq. Bundan sonra hadisə sayı 50-60 arası qalxanda bildirmişlər ki, sürveyidə onlar qəza komissarları edəcəklər və hər qəza komissarı öz işlədiyi regionda şirkətin məhkəmə proseslərində səlahiyyətli nümayəndə kimi çıxacaq. Çarəsizlikdən işləmiş, sonradan benzinin qiyməti qalxmış, 100 manatlıq limit qalxmamış, ciblərindən benzin tökürdülər. Növbəti ayın 15-ə nağd şəkildə onlara əlavə benzin pulu verirdilər. 01.01.2017-ci il tarixdə Vergi Məcəlləsinə edilən dəyişikliyə görə 2500 manatadək əmək haqq alanların əmək haqqından yaşayış minimumu çıxılır,yerdə qalanından vergi tutulur, bu dəyişiklikdən sonra vergi yükü azalması hesabına əmək haqqları 22 manata qalxdı. Həmin 22 manat 1 ay vermişlər, sonra verməmişlər. Dəfələrlə “mən əliləm, mənə nəsə güzəşt varmı?” soruşanda, nəinki güzəşt, ona demişlər ki, “sağol de ki, səni işlədirik”. Sonra o, bilmişdir ki, əlillərə ildə 42 gün məzuniyyət verilir və əmək haqqının 200 manat hissəsi vergidən azaddır. Dəfələrlə müraciətdən sonra ona 528 manat əmək haqqı verilməyə başladılar və dedilər ki, məzuniyytin bundan sonra 42 gün olacaq və hərdən bir şirkətdə hamının əmək haqqında səbəbsiz yerə 7 faiz kəsdilər. Təxmini 3 aydan bir onlara 200-400 manat arası mükafat verirdilər əmək haqqı kartına deyil, əlbəəl verirdilər. 01.01.2019-cu il tarixdə vergi qanunvericiliyi dəyişdi, 8000 manata qədər maaş alan özəl qeyri-neft sektorunda çalışan işçilərdən vergi tutulmasın. Avtomatik bu onlara şamil olunurdu. Şirkət qərar verib hamının əmək haqqını 26 manat kəsdi ki, onusuzda maaşları qalxacaq. O, bildirdi ki, onun pulu 2 manata qalxıb məhəl qoyan olmadı. 20.12.2019-cu il tarixdə ona əsassız yerə töhmət vermişlər. 16.08.2020-ci il tarixdə məktub almışdır ki, əmək şəraiti Əmək Məcəlləsinin 56.2-ci maddəsinə əsasən dəyişir və əmək haqqı 432 manat təşkil edəcəkdir. 2020-ci ildə növbəti dəfə əsassız töhmət vermişlər və 05.01.2022-ci il tarixdə məktub almışdır ki, əmək şəraiti dəyişdirilir, əmək haqqı 400 manat təşkil edəcək və bildirilir ki, məktubu aldıqdan sonra 1 ay müddətinə münasibət bildirsin. 1 ay tamam olmamış 01.02.2022-ci il tarixdə əmək müqaviləsinə xitam vermişlər. Qeyd edilənlərə əsasən hesab edir ki, onun hüquqları pozulub, ona maddi, mənəvi və sağlamlığına zərər deyilb. Belə ki, o, əlil olduğu üçün əmək haqqının 200 manat hissəsi vergidən azad idi.Ona görə də o, əlavə 28 manat əmək haqqı almalı idi, əlil olduğu üçün gecə görülən işlərə məcbur cəlb edilə bilməzdi və 24/7 işləmək yolverilməzdir. Yol verilsə belə, növbəlilik olmalıdır, hava şəraiti və temperatura görə iş dayanmalıdır, əmək haqqı salına bilməz istirahət olmalıdır. O, isə hava şəraiti gecə gündüz bilmədən bayramlarda istirahətsiz işləmişdir, səbəb olmadan əmək haqqı salınıb, ona ilk gündən 200 manat vergi güzəşti tətbiq edilməyib, bu səbəbdən hər ay 28 manat güzəşt pulunu ala bilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun işə bərpa edilməsi və əsassız kəsilmiş pulların əvəzinin 30.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehin nümayəndəsinin qaldırdığı iddiaya dair verdiyi yazılı etirazında göstərilənlərlə razı deyil. Elektron portaldan çıxarışdan görünür ki, əmək haqqı kimi 725 manat, iş saatını normal 5 günlük iş günü, şənbə və bazar istirahət günü kimi qeyd edilir. Orada əsas və əlavə maaş kimi məlumat yoxdur. Əmək haqqının 603 manat salınmasına dair sənəddə imza atmamışdır. İşə qəbul olunan zaman işəgötürənə hərbi bileti təqdim etmişdir, orada hərbi xidmətdən səhhəti ilə əlaqədar tərxis olunması məlumatı göstərilmişdir. Cavabdeh TSEKə sorğu verib əlil olması barədə məlumat əldə edə bilərdi. Əlil olmasını bilsələr də, qanunun tələblərini pozaraq artıq işə cəlb etmişlər. İşlədiyi müddət ərzində verilən töhmətlər isə tam qanunsuz olmuşdur. Onu qanunsuz olaraq işdən azad ediblər. Ona məktub ünvanlayıblar ki, əmək şəraiti dəyişdirilir və razılaşmadığı üçün əmək müqaviləsinə xitam verilir. Faktiki əmək şəraiti dəyişdirilməyib, onun yerinə başqa işçi götürülüb.Bildirişdə əmək haqqının aşağı salınacağı göstərilərək bir ay ərzində həmin məktuba münasibət bildirməli olduğu halda bir ay tamam olmamış müqaviləyə xitam vermişlər. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh tərəfindən onun təxmini hesablamalara görə ödəməli olan, lakin ödənilməyən əlilliyə görə vergi güzəşti üçün 9480 manat, artıq işləməsi ilə bağlı 9 il 1 ay üçün 11.889,64 manat, il ərzində 27 bayram günü hesabı ilə 1472,58 manat, onu texniki avadanlıqlarla təmin etməmə səbəbi ilə 3500 manat, telefon danışığı limiti verilməməsi ilə bağlı 300 manat, bunların cəmi 77597 manat pul vəsaiti verilməmişdir. Eyni zamanda o, 3 nəfərin yerinə işləmişdir, işlədiyi müddət ərzində təxminən 60.000 manat maaş alınması nəzərə alınsa, əlavə 2 nəfərin pulu təxminən 120.000 manat təşkil edəcəkdir. Yəni iddia ərizəsində göstərdiyi 30.000 manat ona verilməli olan pul məbləğindən dəfələrlə azdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək və iddia ərizəsinə etirazı təqdim edərək öz izahatında göstərmişdir ki, 07.01.2013-cü il tarixində İddiaçı və Cavabdeh Sığorta Şirkəti arasında əmək müqaviləsi bağlanılmış, Qəza komissarları şöbəsinə mütəxəssis vəzifəsinə vergilər daxil olmaqla 600 manat əmək haqqı ilə (450 manat vəzifə maaşı, 150 manat aylıq vəzifə maaşına əlavə ödənc) işə qəbul olunmuşdur. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən o, əlil olması və ya əmək fəaliyyətinə mane ola biləcək xəstəliklərinin olması barədə işə qəbul ərizəsində, tərcümeyi-halında və kadrların şəxsi uçot vərəqəsində heç bir məlumat qeyd etməmiş, bununla bağlı heç bir sənəd təqdim etməmişdir.İşə qəbul zamanı, iddiaçı tibbi müayinədən (check up) keçirilmiş və tam sağlam olması təsdiq edilmişdir. 07.01.2013-cü il tarixli, 03/2013 saylı Əmək Müqaviləsinin şərtlərinə görə iddiaçı aşağıda göstərilən vəzifələrin icrasını öhdəsinə götürmüşdür: - Həftənin 7/24 saatı ərzində sığorta hadisəsi baş verən məkanda olmaq; - Hadisə haqqında foto yaxud video çəkilişlər aparmaq; - Hadisə yerinə qəza xidmətlərini çağırmaq (DYP, Təcili yardım, yanğınsöndürmə xidməti); - Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirmək, ilkin sənədlər toplamaq, hadisə barəsində raport hazırlamaq; - Zədələnmiş nəqliyyat vasitəsini evakuasiya etmək; - Sığorta dələduzluğu faktlarını aşkar etmək; - İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək; - Hadisə nəticəsində zədələnmiş nəqliyyat vasitələrinə tələb olunan yerdə texniki ekspertizanın keçirilməsi zədələnmiş hissələrin fotoşəkillərinin çəkilməsi, zərurət olduqda baxış aktının tərtib olunması. - İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək. Əmək müqaviləsinin “Əmək şəraitinin şərtləri” bölməsinin 4.1.1-ci maddəsinə əsasən işçi həftə ərzində 40 saatdan çox olmamaq şərtilə normallaşdırılmamış iş vaxtı rejimində işləyir. İddiaçı birbaşa rəhbərinə gördüyü işin gündəlik və aylıq yazılı hesabatlarını təqdim etmişdir. Qeydə alınmış hesabatların təhlili onu deməyə əsas verir ki, iddiaçı həftəlik iş norması 40 saatdan çox olmamışdır. Belə ki, işçinin təqdim etdiyi hesabata əsasən, 01.01.2020-08.01.2020-ci il tarixlərində işçi həftəlik olaraq 25 saat, 11.01.2020-17.01.2020-ci il tarixi aralığında həftəlik 19 saat ümumi yanvar ayı üzrə 68 saat 30 dəqiqə, fevral ayı üzrə 47 saat, mart ayı üzrə 53 saat işləmişdir. İddiaçının guya cavabdeh tərəfindən çox işlədilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur, göründüyü kimi iddiaçı ancaq əmək vəzifələrini yerinə yetirmiş və iddiaçının iş rejimi həftə ərzində hətta 30 saatı belə aşmamışdır. İddiaçının 2013-cü ildə qəzaya düşməsi barədə Şirkətə hər hansı rəsmi və ya qeyri-rəsmi məlumat mövcud olmadığı üçün iddiaçının bu iddiasını əsassız hesab edilər. 01.07.2015-ci il tarixində iddiaçının əmək haqqı vergilər daxil olmaqla 603 manat olmuş və bu barədə iddiaçı əmək müqaviləsinə yazılan Əlavəni imzalamışdır. Odur ki, iddiaçının heç bir əsas olmadan 2 il 6 ay sonra əmək haqqının azaldılması barədə iddiası əsassızdır. İddiaçının cavabdehlə olan əmək müqaviləsinə əsasən, həftənin 24/7 saatı ərzində sığorta hadisəsi baş verən məkanda olmaq işçinin əmək funksiyasıdır. Burada hadisələrin və ya sığorta növlərinin sayına məhdudiyyət müəyyən edilməmişdir. Regional qəza komissarlarının işi yol nəqliyyat hadisələri baş verdikdə həmin hadisələrə çıxış edərək, hadisənin tənzimlənməsini təşkil etmək, şirkətin mənafeyini qorumaqla müvafiq sənədləşmələri aparmaqdan ibarətdir. İddiaçının da iş saatları yalnız hər hansı yol nəqliyyat hadisəsi baş verərkən həmin hadisəyə çıxış ilə məhdudlaşır. Yəni, gün ərzində hadisə baş vermədiyi təqdirdə o şəxsi işləri ilə məşğul olur və işə cəlb edilmir. Bundan əlavə iddiaçının imzası ilə razılaşdırdığı vəzifə təlimatına əsasən birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək işinin vəzifə öhdəliyidir. İddiaçının birbaşa rəhbərinin tapşırığına və şirkətin mənafeyi üçün bəzi hallarda Bakı şəhərindən Gəncə şəhərində yerləşən məhkəmələrə rəsmi sənədləri təqdim edilməsi həvalə edilmişdir. Lakin bu daimi və mütəmadi xarakter daşımamışdır. İddiaçı hüquqşünas olmadığı üçün onun məhkəmələrdə iştirakı və prosessual hərəkətlər etməsi mümkün deyildir. Sığorta hadisələrini tənzimləmək üçün hadisəyə çıxan qəza komissarları Şirkət tərəfindən Azpetrol və Socar benzin kartları ilə təmin olunur və bu kartlara nağdsiz, online qaydada nəzarət olunur. Belə ki, iddiaçıya yanacaq xərcinin ödənilməsi müvafiq sərəncamlarla rəsmiləşdirilmiş və yanacaq xərci kimi 5362,30 manat ödənilmişdir. İddiaçı əlil olması barədə məlumatı və əlilliyi təsdiq edən sənədi cavabdehə 28.08.2017-ci il tarixində müvafiq ərizəyə əlavə etməklə təqdim etmişdir. Bununla əlaqədar 29.08.2017-ci il tarixində Əmək Müqaviləsinə 02/2017 nömrəli Əlavə edilmiş, işəgötürən və işçi arasında imzalanmış və işçinin ödənişli məzuniyyət günləri 42 təqvim günü müəyyən edilmişdir. İddiaçının əmək haqqı barədə məlumatından görünür ki, 2017-ci ildən etibarən işçiyə qanunvericiliklə nəzərədə tutulan vergi güzəştləri tətbiq edilmiş. 2019-cu ildən isə işçinin əmək haqqı qanunvericiliyə uyğun olaraq ümumiyyətlə gəlir vergisindən azad olmuşdur.İddiaçının əmək haqqının 200 manat hissəsinin vergidən azad olması və buna görə də əlavə 28 manat almalı olması barədə iddiasının isə heç bir hüquqi və iqtisadi əsası yoxdur. Belə ki, əlillik barədə sənəd təqdim edildiyi tarixdən 2019-cu illədək iddiaçının əmək haqqının 200 manat hissəsi vergidən azad olunmuş və müvafiq olaraq da onun əmək haqqından tutulmalı olan gəlir vergisi 200 manat çıxıldıqdan sonra qalan məbləğə tətbiq edilmişdir. Yəni baxılan halda analoji əmək haqqı alan işçinin əmək haqqından iddiaçıya nisbətən daha artıq gəlirvergisi tutulmuşdur. İşçinin əmək haqqından gəlir vergisi və DSMF ödənişindən əlavə, 2018-ci ildən işsizlik sığortası haqqı, 2021-ci ildən isə icbari tibbi sığorta haqqı tutulur. İşçiyə fəaliyyəti dövründə ancaq 2019 və 2020-ci illərdə töhmət verilmişdir. Belə ki, 19 dekabr 2019-cu il tarixli əmrə əsasən işçiyə töhmət verilmişdir. Töhmətin verilməsinə əsas xidməti araşdırma zamanı aşkar edilmiş nöqsanlar olmuşdur. Belə ki, işçi əmək müqaviləsinin vəzifə öhdəlikləri bölməsinin 3.1.1, 3.1.2, 3.1.3, 3.1.4, 3.1.6, 3.1.7, 3.1.8, 3.1.9-cu bəndlərini pozaraq, yol-nəqliyyat hadisəsi baş verən məkana getməmiş, foto və video çəkilişlər etməmiş, hal şahidlərini müəyyən edərək onlardan izahat almamış və sığorta dələduzluğu faktının aşkarlanması və qarşısının alınmasına dair tədbirlər görməmiş, bununla yanaşı birbaşa rəhbər tərəfindən verilən şifahi tapşırıqları yerinə yetirməmişdir. Bu faktlar isə İddiaçı alınmış izahatla sübut olunmuşdur. Bundan əlavə, 04 noyabr 2020-ci il tarixli əmrlə verilən töhmət isə təkrarən yuxarıda göstərilən bəndlərin tələblərini pozmaqla bağlı olmuşdur. Belə ki, qəza komissarı vəzifəsində işləyən İddiaçı hadisə barədə məlumat verilməsinə baxmayaraq, o hadisə yerinə getməyərək, hadisəni yalnız telefon vasitəsilə qeydə almışdır. Həmçinin saxta raport tərtib edərək, hadisə iştirakçılarının əvəzinə raportu imzalamışdır. Hadisə iştirakçıları hadisə yerinə baxış keçirilməsi üçün əməkdaşın gəlmədiyini və heç bir sənədə imza atmadıqlarını bildirmişdirlər.Hazırda iddia ərizəsində iddiaçı ona verilən töhmətlərin əsassız olduğunu iddia etsə də, töhmət verilərkən onu mübahisələndirməmişdir və iddia müddətini ötürmüşdür. İddiaçının işinə laqeyid yanaşması şirkət üçün maddi risklər yaratdığından məhz onunla danışıldıqdan sonra ona həvalə edilmiş ərazi bölünərək 2-ci qəza komissarı ştat vahidi yaradılmış və yeni əməkdaş işə cəlb olunmuşdur. Regiona 2-ci əməkdaş götürüldükdən sonra iddiaçının həm xidmət etdiyi ərazi daha da kiçilmiş, həmçinin iş satları daha da azalmışdır. 2-ci əməkdaş götürüldükdən sonra, iddiaçının xidmət etdiyi qəzalar da 2 dəfə azalmışdır. Belə ki, əgər əvvəl iddiaçı Şəmkir, Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Gəncə, Mingəçevir, Yevlax, Goranboy, Goy-Göl, Samux rayonları ərazisində baş verən hadisələrə çıxırdırsa, dəyişiklikdən sonra iddiaçı ancaq Gəncə, Mingəçevir, Yevlax, Goranboy, Goy-Göl, Samux rayonlarında baş verən hadisələrə çıxmışdır. Yəni əgər iddiaçı əvvəl 12 rayonda baş verən hadisələrə çıxırdırsa, dəyişiklikdən sonra işin həcmi azalmış və cəmi 6 rayona çıxmağa başlamışdır. İşin həcmi nəzərə alınaraq müvafiq olaraq iddiaçının əmək haqqı 432 manat müəyyən edilmişdir. Bununla bağlı ona məlumat verilmiş, lakin iddiaçı əmək müqaviləsinə əlavəni imzalamaqdan imtina etmişdir. Bununla bağlı imtina aktı tərtib edilmişdir. İddiaçı ilə eyni vəzifəyə götürülmüş işçinin də əmək haqqı vergilər daxil olmaqla 432 manat müəyyən edilmişdir. Bununla belə iddiaçı qeyd edilən şərtlə 2020-ci ildən əmək fəaliyyətini davam etdirmiş, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdir.İddiaçının birbaşa rəhbərinə səhhəti ilə bağlı əmək fəaliyyətini həyata keçirməsində çətinlikləri olmasını (gözlərinin zəif görməsi, gecə avtomobil idarə edə bilməməsi, uzun yol gedə bilməməsi) bildirməsini, əmək müqaviləsi şərtlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və əməyin təşkilində dəyişiklik edilməsi zərurətini nəzərə alaraq, əmək şəraiti şərtlərinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. İşçinin vəzifəsi saxlanılmaqla ofis şəraitində işləməsinin təmin olunması və iş saatlarının azaldılması üçün əmək şəraiti şərtlərinin dəyişdirilməsi barədə 27.12.2021-ci il tarixində iddiaçıya məktub ünvanlanmışdır. Həmin məktubda iş saatının gün ərzində 6 saatdan, həftə ərzində isə 30 saatdan çox olmaması, iş saatının 09:00-da başlaması və 16:00-da bitməsi, işçinin həftə ərzində 5 natamam iş günü ilə işləməsi, şənbə və bazar günləri istirahət etməsi və ofis şəraitində vəzifələrində baş verəcək dəyişikliklər barədə məlumat verilmişdir. İddiaçı dəyişikliklə bağlı ona təqdim edilən sənədləri imzalamaqdan imtina etməklə, yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmişdir. Qeyd edilən fakt iddiaçının birbaşa rəhbərliyi və Gəncə filialının direktoru tərəfindən tərtib olunan aktla rəsmiləşdirilmişdir. Cavabdeh Sığorta Şirkəti 31.01.2022-ci il tarixində yenidən iddiaçıya məktub ünvanlayaraq, işəgötürən tərəfindən başqa işə keçirilməsinin mümkün olmadığı və yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermədiyi halda Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, 01.02.2022-ci il tarixindən əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat vermişdir. 03.02.2022-ci il tarixində isə İddiaçı 01.02.2022-ci il tarixindən etibarən iş yerinə getməməsi barədə akt tərtib olunmuşdur. Faktın doğruluğu Gəncə filialının direktoru X3 və Qəza Komissarları şöbəsinin müdiri X2 imzası ilə təsdiqlənmişdir. Nəticədə Cavabdeh Sığorta Şirkəti əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmr çıxararaq, istifadə edilməmiş 89,18 gün üçün məzuniyyət üçün pul əvəzinin ödənilməsi və Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinin 1-ci hissəsinə uyğun olaraq, işçiyə orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməsi barədə qərar qəbul edilmişdir. 03.02.2022-ci il tarixində 2534,34 manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. 04.02.2022-ci il tarixində iddiaçıya əmək kitabçasının təhvil alınması üçün şirkətin baş ofisinə gəlməsi və ya sənədin göndəriləcəyi ünvanı bildirməsi barədə yazılı bildiriş ünvanlanmışdır. Lakin İddiaçı əmək kitabçasını götürməmiş, əmək kitabçasının göndəriləcəyi ünvanı bildirməmişdir. Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin c bəndinə əsasən əmək şəraiti şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 27 iyul 2021-ci tarixində X5 Xidmətindən iddiaçının iddia ərizəsi ilə eyni məzmunda olan ərizəsi daxil olmuşdur.Ərizədə qeyd edilənlərlə bağlı Əmək Müfəttişliyində araşdırma aparılmış və 28.08.2017-ci tarixindən (İddiaçının əlillik sənədini təqdim etdiyi tarixdən) onun əmək müqaviləsi üzrə həftəlik iş saatının 30 saata salınmalı olması irad kimi bildirilmiş və buna müvafiq olaraq iddiaçıya həmin dövr üzrə 2320,02 manat əlavə əmək haqqı ödənilməsi təmin olunmuşdur. Cavabdehin vəzifəli şəxsi isə müvafiq qaydada inzibati cərimə olunmuşdur. İddiaçının əmək şəraiti şərtləri dəyişdirilərkən məhz qeyd edilən pozuntunun da aradan qaldırılması nəzərdə tutulmuşdur. Lakin İddiaçı nədənsə həftəlik iş saatının 40 saatdan 30 saata endirilməsi şərtini də qəbul etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının pul kompensasiyası ilə bağlı tələbləri 2013-2020-ci illəri əhatə edir. Bundan əlavə iddia ərizəsindən görünür ki, iddiaçı qeyd edilən halları bilmiş, lakin cavabdehə qarşı məhkəmədə iddia qaldırmamışdır. Belə olan halda hesab edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 4-cü maddəsinin tələbləri baxımından İddiaçının iddia tələbi irəli sürməsi üçün müəyyən edilmiş müddət ötürülmüşdür. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi ilə bağlı fikir ayrılığının olduğunu hesab etsə də, eləcə də pul tələbləri olsa da qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, cavabdehlə əmək fəaliyyətini davam etdirmişdir. Bununla yanaşı iş materiallarında da iddiaçının üzürlü səbəbdən iddia müddətini ötürməsi təsdiq olunmur. Cavabdehin nümayəndəsi iddiaçının ona ödənilməyən pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən, həmin tələb üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini, işə bərpa ilə bağlı tələbinin isə əsassız olması səbəbindən təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında bağlanılmış 07.01.2013-cü il tarixli, 03/2013 saylı əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə Qəza komissarları şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə 07.01.2013-cü il tarixdən 1 il müddətinədək bağlanmışdır. İşin ilk 3 ayı sınaq müddəti hesab edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçi həftə ərzində 40 saatdan çox olmamaq şərtilə normallaşdırılmamış iş vaxtı rejimində işləyir. Müqavilənin 4.2-ci bəndinə əsasən tam iş günü işləyən işçinin aylıq əmək haqqı işçinin işlədiyi vaxta mütənasib olaraq 600 manat ilə müəyyən edilir. Müqavilənin 4.2.2-ci bəndinə əsasən işçinin aylıq əmək haqqı: 450 manat məbləğində vəzifə maaşından, 150 maanat məbləğində vəzifə maaşının 1/3 hissəsi kimi müəyyən edilən əlavədən ibarətdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş 01-Ş/H nömrəli, 07.01.2013-cü il tarixli əmrin İddiaçı aid olan hissədən görünür ki, İddiaçı 07.01.2013-cü il tarixdə Qəza komissarları şöbəsinə mütəxəssis vəzifəsinə 3 aylıq sınaq müddəti ilə işə qəbul edilmişdir. Əsas: İddiaçı ərizəsi və 07.01.2013-cü il tarixli, 03/2013 saylı əmək müqaviləsi. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında bağlanılmış 07.01.2013-cü il tarixli, 03/2013 saylı əmək müqaviləsinə 01.07.2015-ci il tarixli 01 saylı Əlavənin surətindən görünür ki, müqavilənin 4.2-ci bəndinə dəyişiklik edilməsi, işçiyə hər ay 603 manat məbləğində əmək haqqı ödənilməsi, 452 manat məbləğində vəzifə maaşı, 151 manat məbləğində maaşının 1/3 hissəsi kimi müəyyən edilən əlavədən ibarət olması, müqavilənin digər şərtləri dəyişilməz olaraq qalması göstərilmişdir. İş üzrə xxxxxxx000101 saylı, 01.07.2015-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də Qəza komissarları şöbəsinin mütəxəssis vəzifəsində işləyən İddiaçı aylıq əmək haqqı 525 manat təşkil etmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-nin X9n adına yazılmış 28.08.2017-ci il tarixli ərizənin surətindən görünür ki, hərbi xidmət dövründə baş vermiş xəstəlik ilə bağlı 2-ci qrup əlil olmasını nəzərə alaraq ona əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə əmək məzuniyyəti təyin edilməsi və əmək haqqına müvafiq vergidən azadolma tətbiq edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında bağlanılmış 07.01.2013-cü il tarixli, 03/2013 saylı əmək müqaviləsinə 29.08.2017-ci il tarixli 02/2017 saylı Əlavənin surətindən görünür ki, müqavilənin 4.4.1-ci bəndinə dəyişiklik edilməsi, işçiyə iş ili ərzində Əmək Məcəlləsi ilə müəyyən edilmiş 42 təqvim günündən ibarət ödənişli əsas əmək məzuniyyətinin verilməsi göstərilmişdir. İş üzrə xxxxxxx000103 saylı, 29.08.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də Qəza komissarları şöbəsinin mütəxəssis vəzifəsində işləyən İddiaçı əmək məzuniyyətinin 42 təqvim günü müəyyən edilmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinin müavininin müşaviri Rəhim Əliyev tərəfindən Cavabdeh Sığorta Şirkətinin X9 Azər Əliyevə ünvanlanmış 09.12.2019-cu il tarixli təqdimatın surətindən görünür ki, Regional qəza komissarlarının fəaliyyətinin yoxlanılması ilə bağlı keçirilən monitorinq zamanı 11.10.2019-cu il tarixdə baş vermiş “Qazel” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı və “VAZ” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirak etdiyi yol-nəqliyyat hadisəsinin Qəza Komissarları şöbəsinin administratoru İddiaçı tərəfindən araşdırılması zamanı bir sıra nöqsanların buraxıldığı müəyyən olunmuşdur. Bel ki, o, vəzifə öhdəliklərini kobud şəkildə pozaraq hadisə yerinə araşdırma aparmamış, foto və video çəkiliş etməmiş, hal şahidlərini müəyyən edərək onlardan izahat almamış və sığorta dələduzluğu faktının aşkarlamaq və qarşısını almaq üçün lazımi tədbirlər görməmişdir. Bu faktlar İddiaçı alınmış izahatla sübut olunur. Bundan əlavə İddiaçı dəfələrlə birbaşa rəhbəri tərəfindən veriləq şifahi tapşırıqları yerinə yetirməmiş və birbaşa rəhbərin ona həvalə etdiyi vəzifələri həyata keçirməməklə yenidən vəzifə öhdəliklərini pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq Qəza Komissarları şöbəsinin administratoru İddiaçı işində buraxdığı nöqsanlara görə töhmət verilməsini və gələcəkdə bu kimi halların təkrarlanmamasından ötrü əməkdaşlarla müvafiq iş aparılması üçün Qəza Komissarları şöbəsinin məsul əməkdaşının xəbərdar olunmasını təklif etmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin 19.12.2019-cu il tarixli, AS-ÜƏ/099-2019 saylı əmrin surətindən görünür ki, Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə töhmət verilmişdir. Əsas: İdarə heyəti sədrinin müavininin müşaviri Rəhim Əliyevin 09.12.2019-cu il tarixli təqdimatı. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin X9 tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-nin Qəza Komissarları şöbəsinin mütəxəssisi İddiaçı ünvanlanmış 12.08.2020-ci il tarixli əmək şəraitinin dəyişdiriliməsi haqqında bildirişin surətindən görünür ki, İddiaçı ilə bağlanmış 07.01.2013cü il tarixli, 03/2013 saylı əmək müqaviləsi üzrə əmək şəraitinin şərtləri AR Əmək Məcəlləsinin 56cı maddəsinin 2-ci bəndinə əsasən 01.09.2020-ci il tarixindən dəyişir və əmək haqqı 432 manat təşkil edəcəkdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında bağlanılmış 07.01.2013-cü il tarixli, 03/2013 saylı əmək müqaviləsinə 01.09.2020-ci il tarixli 01/2020 saylı Əlavənin surətindən görünür ki, müqavilənin 4.2-ci bəndinə dəyişiklik edilməsi, işçiyə hər ay 432 manat məbləğində əmək haqqı ödənilməsi - 324 manat məbləğində vəzifə maaşından, 108 maanat məbləğində vəzifə maaşının 1/3 hissəsi kimi müəyyən edilən əlavədən ibarət olması müəyyən edilmişdir. İş üzrə xxxxxxx000108 saylı, 01.09.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də Qəza komissarları şöbəsinin mütəxəssis vəzifəsində işləyən İddiaçı aylıq əmək haqqı 432 manat təşkil etmişdir. İş üzrə Gəncə filialın direktoru X6 tərəfindən tərtib edilmiş 23.09.2020-ci il tarixli imtina aktının surətindən görünür ki, Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı əmək haqqı ilə bağlı əlavələri imzalamağa dəvət edilməsinə baxmayaraq, ofisə gəlməmiş və əlavələri imzalamaqdan imtina etmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin Risklərin idarəedilməsi şöbəsinin müdiri Qaya Məmmədov tərəfindən Cavabdeh Sığorta Şirkətinin X9 Azər Əliyevə ünvanlanmış 04.11.2020-ci il tarixli xidməti qeydin surətindən görünür ki, Qəza Komissarları şöbəsinin Gəncə şəhəri üzrə əməkdaşı İddiaçı sığorta hadisələrinin tənzimlənməsi zamanı kobud nəqsanlara yol vermişdir. Belə ki, 24.10.2020-ci il tarixdə Şəmkir şəhərində ** BK *** və ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə bağlı yol-nəqliyyat hadisəsi baş vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hadisə barədə məlumat olmasına baxmayaraq, İddiaçı hadisəyə çıxmamış və yalnız telefon vasitəsi ilə hadisəni qeydə almışdır. Həmçinin raport tərtib edərək, telefonla sürücülərin adını-soyadını müəyyənləşdirib sürücünün əvəhinə raporta imza atmışdır. Hadisə iştirakçılarından alınmış izahatlar zamanı onlar Namiqlə görüşmədiklərini və heç bir sənədə imza atmaqlarını bildirmişdilər. Qeyd edilənlərlə bağlı İddiaçı suallar ünvanladıqda o, suallara cavab verməkdən imtina etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Qəza Komissarları şöbəsinin mütəxəssisi İddiaçı “töhmət” intizam cəzasının verilməsini təklif etmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin 04.11.2020-ci il tarixli, AS-ÜƏ/074-2020 saylı əmrin surətindən görünür ki, Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə töhmət verilmişdir. Əsas: Risklərin idarəedilməsi şöbəsinin müdiri Q.Məmmədovun 04.11.2020-ci il tarixli xidməti qeydi. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 05.10.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı ilə müəssisə arasında əmək müqaviləsi bağlanılaraq Qəza komissarları şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edildiyi, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən İddiaçıla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Cavabdeh Sığorta Şirkəti ASC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş məktubda İddiaçı əlilliyini təsdiq edən müvafiq arayışı müəssisəyə 28.08.2017-ci il tarixdə təqdim etdiyi, lakin təqdim edilmiş iş vaxtının uçotu cədvəllərindən İddiaçı əmək qanunvericiliyinin tələbləri pozularaq iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı ödənilmədiyi, həmçinin əmək haqqının birtərəfli qaydada azaldıldığı məlum olmuşdur. Müraciətində yanacaqla bağlı qeyd etdiyi məsələyə lair müəssisənin təqdim etdiyi məktubda sığorta hadisələrini tənzimləmək üçün hadisə yerinə çıxan qəza komissarlarının şirkət tərəfindən müvafiq yanacaqdoldurma məntəqələrinin kartları ilə təmin olunduğu və bu kartlara müvafiq qaydada nəzarət olunduğu, həmçinin İddiaçı iş vaxtı qəzaya düşməsi barədə isə şirkətə hər hansı rəsmi və ya qeyri-rəsmi məlumatın olmadığı bildirilmişdir. Nəzərinə çatdırırlar ki, əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozulduğundan Cavabdeh Sığorta Şirkəti ASC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirirlər ki, müxtəlif aylar üzrə əmək və məzuniyyət haqlarının düzgün hesablanıb ödənilməsinin təmin edilməsi barədə Cavabdeh Sığorta Şirkəti ASC-nin rəhbərliyinə məktub ünvanlanmışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin X9 Azər Əliyev tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-nin Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı ünvanlanmış 27.12.2021-ci il tarixli əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında məlumatın surətindən görünür ki, əməyin təşkilində dəyişiklik edilməsi zərurətini nəzərə alaraq İddiaçıla bağlanmış 07.01.2013-cü il tarixli, 03/2013 saylı Əmək müqaviləsi üzrə əmək şəraitinin şərtləri 01.02.2022-ci il tarixdən aşağıdakı kimi dəyişdirilir: İş saatı: - İşçi gün ərzində 6 saatdan, həftə ərzində isə 30 saatdan çox olmaaq işləyir; - İş saat 09.00-da başlanır, saat 16.00-da qurtarır; - Nahar fasiləsi saat 13.00-da başlanır, saat 14.00-da qurtarır; - İşçi həftədə 5 gün natamam iş günü ilə işləyir; - İstirahət günləri hər həftənin şənbə və bazar günləridir. Əmək haqqı: - Əmək haqqı üzrə şərtlər: - İşçiyə hər ay 400 manat məbləğində əmək haqqı ödənilir; - Əmək haqqı: - 300 manat məbləğində vəzifə maaşından; - 100 manat məbləğində vəzifə maaşının 1/3 hissəsi kimi müəyyən edilən əlavədən ibarətdir. İş yeri: - X8 (Ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti) Vəzifə öhdəlikləri (əmək funksiyası): - Qəza hadisələri ilə bağlı Filiala gələn qarşılamaq, aidiyyəti işçilərə yönəltmək və bu görüşləri qeydə almaq; - Qeydə alınmış qəza hadisələri ilə bağlı Müştəri xidmətləri şöbəsi tərəfindən zəruri hesab edilən sənədlərin surətini çıxartmaq; - Birbaşa rəhbəri tapşırığı (yazılı və ya şifahi) olduğu halda qəza hadisələri yerinə çıxmaq, araşdırmalar aparmaq, foto və video çəkilişlər etmək, hal-şahidlərindən izahatlar almaq; - Birbaşa rəhbərin ona verdiyi digər tapşırıqları yerinə iyetirmək; - Birbaşa rəhbərin icazəsi olmadan ofisi tərk etməmək; - Birbaşa rəhbərə görülmüş işlər barədə gündəlik və həftəlik hesabat vermək. Bu məktubu aldıqdan sonra 1 ay ərzində əmək şəraiti şərtlərinin dəyişdirilməsi barədə məlumata münasibət bildirməsini xahiş olunmuşdur. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin Qəza komissarları şöbəsinin müdiri İ.X.Mirzəyev, Zərərlərin tənzimlənməsi idarəsinin rəisi F.A.Axundov və Kadr karğızarlığı və əməyin ödənilməsi şöbəsinin müdiri V.V.Abbasova tərəfindən tərtib edilmiş 31.01.2022-ci il tarixli aktın surətindən görünür ki, Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı ilə iki dəfə telefonla əlaqə saxlanılmış, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında ona göndərilmiş bildirişə münasibət bildirməsinin zəruriliyi ona izah edilmiş, lakin o, yeni şərtlərlə razı olmadığını bildirərək əmək müqaviləsinə əlavənin imzalanmasından imtina etmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinin müavini Orxan Rzayev tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-nin Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı ünvanlanmış 31.01.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin surətindən görünür ki, əmək şəraiti şərtlərinin dəyişdirilməsi ilə bağlı İddiaçı 27.12.2021-ci il tarixli bildiriş verilmişdir. Aparılan danışıqlar zamanı məlum olmuşdur ki, əmək şəraiti şərtlərinin dəyişdirilməsi ilə bağlı İddiaçı təqdim edilmiş sənədləri imzalamaqdan imtina etməklə yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmişdir. Başqa işə köçürülməsi mümkün olmadığı üçün, yuxarıda göstərilənləri və Əmək Məcəlləsinin tələblərini rəhbər tutaraq İddiaçıla bağlanmış 07.01.2013-cü il tarixli 03/2013 saylı əmək müqaviləsinə 01.02.2022-ci il tarixdən xitam veriləcəkdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin 01.02.2022-ci il tarixli, AS-X/012-1-2022 saylı əmrinin surətindən görünür ki, Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 07.01.2013-cü il tarixli 03/2013 saylı Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən 01.02.2022-ci il tarixdən xitam verilməsi, istifadə edilməmiş 89,18 gün məzuniyyət üçün pul əvəzi ödənilməsi, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinin 1-ci hissəsinə uyğun olaraq işçiyə orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməsi əmr edilmişdir. Əsas: 27.12.2021-ci il tarixli O-A-2021-0772 saylı məlumat. İş üzrə xxxxxxx0001X0 saylı 03.02.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin AS-X/012-1-2022 saylı, 01.02.2022-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin Gəncə filialının direktoru Z.M.Qurbanov və Qəza komissarları şöbəsinin müdiri İ.X.Mirzəyev tərəfindən tərtib edilmiş 03.02.2022-ci il tarixli aktın surətindən görünür ki, Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı 01.02.2022-ci il tarixdən etibarən iş yerinə (ünvan: X8, Gəncə şəhəri, Ş.Əliyev prospekti) gəlmir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin X9 Azər Əliyev tərəfindən İddiaçı ünvanlanmış 04.02.2022-ci il tarixli əmək kitabçasının təhvil alınması barədə bildirişin surətindən görünür ki, N.Səfərola bağlanmış 07.01.2013-cü il tarixli 03/2013 saylı əmək müqaviləsinə 01.02.2022-ci il tarixdə xitam verilməsi ilə əlaqədar əmək kitabçasını təhvil almaq üçün şirkətin baş ofisinə gəlməsini və ya sənədin hansı ünvana göndərilməsi barədə məlumat verməsini zəruridir. İş üzrə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14.03.2022-ci il tarixli, MHB/3- 00462 nömrəli arayışından görünür ki, İddiaçı tərəfindən təsdiq edildiyi kimi, əmək mübahisəsi üzrə 14.03.2022-ci il tarixdə, 15.00-16.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh Sığorta Şirkəti ASC iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 07.01.2013-cü il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-nin Qəza komissarları şöbəsinə mütəxəssis vəzifəsinə vergilər daxil olmaqla 600 manat əmək haqqı ilə (450 manat vəzifə maaşı, 150 manat aylıq vəzifə maaşına əlavə ödənc) işə qəbul olunmuşdur. 01.07.2015-ci il tarixində iddiaçının əmək haqqı vergilər daxil olmaqla 603 manat olmuş və bu barədə İddiaçı əmək müqaviləsinə yazılan Əlavəni imzalamışdır. Əmək müqaviləsinə əsasən, həftənin 24/7 saatı ərzində sığorta hadisəsi baş verən məkanda olmaq işçinin əmək funksiyasıdır. Regional qəza komissarlarının işi yol nəqliyyat hadisələri baş verdikdə həmin hadisələrə çıxış edərək, hadisənin tənzimlənməsini təşkil etmək, şirkətin mənafeyini qorumaqla müvafiq sənədləşmələri aparmaqdan ibarətdir. İddiaçının imzası ilə razılaşdırdığı vəzifə təlimatına əsasən birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək işinin vəzifə öhdəliyidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı əlil olması barədə məlumatı və əlilliyi təsdiq edən sənədi cavabdeh təşkilata 28.08.2017-ci il tarixində müvafiq ərizəyə əlavə etməklə təqdim etmişdir. Bununla əlaqədar 29.08.2017-ci il tarixində əmək müqaviləsinə 02/2017 nömrəli Əlavə edilmiş, işəgötürən və işçi arasında imzalanmış və işçinin ödənişli məzuniyyət günləri 42 təqvim günü müəyyən edilmişdir. 2017-ci ildən etibarən iddiaçıya qanunvericiliklə nəzərdə tutulan vergi güzəştləri tətbiq edilmiş, 2019-cu ildən isə iddiaçının əmək haqqı qanunvericiliyə uyğun olaraq vergisindən azad olmuşdur. İddiaçı əlillik barədə sənəd təqdim edildiyi tarixdən 2019-cu ilədək onun əmək haqqının 200 manat hissəsi vergidən azad olunmuş və müvafiq olaraq da onun əmək haqqından tutulmalı olan gəlir vergisi 200 manat çıxıldıqdan sonra qalan məbləğə tətbiq edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, əmək fəaliyyəti zamanı yol verilmiş nöqsanlara görə Cavabdeh Sığorta Şirkəti ASC-nin 19.12.2019-cu il tarixli və 04.11.2020-ci il tarixli əmrləri ilə iddiaçı barəsində intizam tənbehi kimi “töhmət” verilmişdir. İşin həcmi nəzərə alınaraq müvafiq olaraq İddiaçı əmək haqqı 432 manat müəyyən edilmişdir. Bununla bağlı ona məlumat verilmiş, lakin iddiaçı əmək müqaviləsinə əlavəni imzalamaqdan imtina etmişdir. Bununla belə iddiaçı qeyd edilən şərtlə 2020-ci ildən əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı cavabdeh şirkətin rəhbərinə səhhəti ilə bağlı əmək fəaliyyətini həyata keçirməsində çətinlikləri olmasını müraciət etmişdir. Cavabdeh təşkilatın rəhbəri əmək müqaviləsi şərtlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və əməyin təşkilində dəyişiklik edilməsi zərurətini nəzərə alaraq, əmək şəraiti şərtlərinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. İddiaçı dəyişikliklə bağlı ona təqdim edilən sənədləri imzalamaqdan imtina etməklə, əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmişdir. Cavabdeh Sığorta Şirkəti ASC-nin 01.02.2022-ci il tarixli AS-X/012-1-2022 saylı əmri ilə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən onunla bağlanmış 07.01.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun işdən azad olunması qanunsuz olmuşdur. Bu səbəbdən iddiaçı işə bərpa edilməsi və əsassız kəsilmiş və ödənilməmiş 30000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Yuxarıda qeyd edildiyi kimi işəgötürən iddiaçının ona səhhəti ilə bağlı, yəni gözlərinin zəif görməsi, gecə avtomobili idarə edə bilməməsi, uzun yol gedə bilməməsi ilə bağlı əmək fəaliyyətinin həyata keçirilməsində çətinlik olmasına dair müraciətini nəzərə alaraq əmək müqaviləsinin şərtlərinin qanunvericilik tələblərinə uyğunlaşdırılması, əməyin təşkilində dəyişiklik edilməsini zəruri hesab edərək, iddiaçı ilə əmək şəraiti şərtlərinin dəyişdirməsi barədə qərar qəbul etmişdir. Əmək şəraitinin dəyişidirilməsinə dair bildiriş rəsmi qaydada işəgötürən tərəfindən iddiaçıya göndərilmiş,həmin bildirişdə onun vəzifəsi saxlanılmaqla ofis şəraitində işləməsinin təmin olunması və iş saatlarının azaldılması üçün əmək şəraitinin dəyişdirilməsi qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı həmin bildirişi imzalamaqdan imtina edərək yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Göstərilən Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «c» bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Müqaviləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən normalarının tələbləri baxımından qeyd edir ki, cavabdeh iddiaçıya münasibətdə əməyin təşkilində dəyişkənlik edilməsi zəruriliyini nəzərə alaraq haqlı olaraq əmək şəraitinin dəyişdirilməsinə dair qərar qəbul etmiş, lakin iddiaçı yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmiş və bundan imtina etmişdir. Belə olan halda məhkəmə iddiaçının AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə işdən azad olunmasını əsaslı hesab edir. Məhkəmə iddiaçının əmək şəraitinin dəyişdirilməsi barədə bildirişin ona təqdim olunmasına 1 ay müddət keçməmiş əmək münasibətlərinə xitam verilməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında qanunvericiliyin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən iddiaçıya bildirişin 27.12.2021-ci il tarixdə göndərildiyi və bir ay müddət keçdikdən sonra, yəni 01.02.2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının işə bərpa olunmasına dair hissədə iddiası tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 30.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Cavabdeh tərəfindən bununla bağlı iddia müddətinin tətbiqinə dair yazılı ərizə verilmişdir. İddiaçı həmin hissədə tələbinin əsası kimi 2-ci qrup əlil olsa da, işəgötürən tərəfindən əmək münasibətlərinə daxil olduğu tarixdən bu halın nəzərə alınmaması, əlilliyə görə vergi güzəştinin tətbiq edilməməsi, artıq və qeyri-iş günlərinə işləsə də, müavinətin verilməməsi, texniki avadanlıqla təmin edilməməsi və s. kimi hallara istinad etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı yalnız 2017-ci ildə rəsmi qaydada ərizə ilə 2ci qrup əlil olması barədə işəgötürənə müraciət etmiş, işəgötürən tərəfindən əmək hüquqlarının pozulmasına dair X5 Xidmətinə etdiyi müraciət əsasında aparılmış araşdırma nəticəsində işəgötürən tərəfindən onun əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsində əmək qanunvericiliyin tələblərinin pozulması halı aşkara çıxarılmış, bunu nəzərə alaraq işəgötürən tərəfindən həmin dövr üçün ödənilməli olan, lakin ödənilməmiş 2320,02 manat əlavə əmək haqqı iddiaçıya ödənilmişdir. Məhkəmə iclasında iddiaçının əmək haqqına uyğun aylıq ödənişlərin cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulan tutmaları həyata keçirilməklə ödənilməsi, işdən azad olunduqdan sonra son haqq-hesabın verilməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə iddiaçının işlədiyi müddət ərzində işəgötürən tərəfindən ona ödənilməli olan haqqın tam ödənilməməsi barədə dəlillərini əsassız hesab edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyi pul məbləğini onun işə daxil olduğu vaxtdan ödənilməli olmasını qeyd etsə də, bu müddət ərzində bununla bağlı işəgötürənə müraciət etməmiş, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş həmin tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini də ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki- Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası MPM-nin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı cavabdehlə arasında əmək müqaviləsinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi ilə bağlı fikir ayrılığının olduğunu hesab etsə də, eləcə də pul tələbləri olsa da qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, işəgötürənlə əmək fəaliyyətini davam etdirmişdir. Məhkəmə iclasında son bir il ərzində işəgötürən tərəfindən iddiaçıya ödənilməyən hər hansı bir məbləğin olması, həmin müddət ərzində bununla bağlı öhdəliyin yaranması müəyyən edilməmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı işəgötürənə qarşı pul tələbi ilə bağlı məhkəməyə qanunvericilikdə müəyyən edilmiş 1 illik müddət keçməklə müraciət etdiyindən, həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, son 1 il ərzində işəgötürənin işçi qarşısında hər hansı pul öhdəliyin olması məhkəmə iclasında müəyyən edilmədiyindən, 30.000 manat məbləğində pulun tutulması hissəsində iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı işə bərpa edilməsi və əsassız kəsilmiş 30.000 (otuz min) manat məbləğində pulun ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-921/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-921/2022
31.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver