Məhkəmə qərarları › İş №2(009)-933/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-933/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-933/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Demirbağ Yaşarın – cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “öhdəliklərin icrasına məcbur edilməsi, icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektindən çıxarılma və zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Demirbağ Yaşar – cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “öhdəliklərin icrasına məcbur edilməsi, icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektindən çıxarılma və zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağ ilə “xxxx” MMC arasında Bakı şəhəri 5 saylı Notariat ofisində təsdiqlənməklə bağlanmış 11 noyabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, “xxxx” MMC-nin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsindən çıxarılaraq 11.11.2020-ci il tarixli icarə müqaviləsinin “təhviltəslim aktı” adlanan bölməsində sadalanan əşyalarla birlikdə Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağa təhvil verilməsi, “xxxx” MMC-dən və Cavabdeh2 24000 (iyirmi dörd min) ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsi ilə Azərbaycan manatı ekvivalentində) və 2000 (iki min) manat hüquqi xidmət xərclərinin müştərək qaydada tutularaq Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağa verilməsi, 25 fevral 2021-ci il tarixindən ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsinin təhvil verilməsi tarixinə kimi olan müddət üçün hər günə 100 (yüz) ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsi ilə Azərbaycan manatı ekvivalentində) “xxxx” MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağa verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağ arasında 11 noyabr 2020-ci il tarixdə sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 1A (Hilton Rezidens), mənzil 1 (501) ünvanda yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsinin icarəsinə dair müqavilə imzalanmışdır. Tərəflər arasında icarə münasibətləri “yaşayış sahəsinin kirayəsi haqqında” 30 iyul 2020-ci il tarixli, 1 №-li müqavilə ilə başlamış, həmin müqavilə üzrə “xxxx” MMC-nin 2020-ci ilin avqust-dekabr ayları üzrə icarə haqqından 18 000 (on səkkiz min) ABŞ dolları borcu yaranmış, sonradan tərəflər icarə münasibətlərini notariat qaydada təsdiq edilmiş yuxarıda istinad edilən 11 noyabr 2020-ci il tarixi müqavilə ilə davam etdirmişlər. Qeyd edilən fakt həmçinin “xxxx” MMC-nin direktoru Cavabdeh2 cəmiyyətin möhürü və imzası ilə təsdiqlədiyi 22 dekabr 2020-ci il tarixli öhdəlikdə də təsdiq edilmişdir. Bundan əlavə, Cavabdeh2 tərəfindən 04 noyabr 2020-ci il tarixdə “xxxx” MMC-nin üzərinə düşən öhdəliklərin təmin edilməsi və adı gedən müqavilənin bağlandığı andan və bitmə tarixinədək yaranacaq borcların ödənilməsinə notariat qaydada imzalanmış zaminlik verilmişdir. Cavabdeh2 “xxxx” MMC-nin direktorudur. “xxxx” MMC tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin icrası mütəmadi olaraq yerinə yetirilməmiş, icarə haqları müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməmişdir. İcarə müqaviləsinin 2.1-ci bəndinə əsasən, aylıq icarə haqqının məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının Azərbaycan manatına, ödəniş tarixində olan məzənnəsinə əsasən 3000 (üç min) ABŞ dolları ekvivalentinə uyğun manatla ödənilir. İcarə verənə ödənilməli aylıq icarə haqqına Azərbaycan Respublikasının Vergilər Məcəlləsində nəzərdə tutulan vergilər daxil deyil və vergilər bu məbləğə əlavə olaraq hesablanmaqla, icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, icarəçi icarə haqqını hər ayın ilk 5 (beş) təqvim günü ərzində köçürmə yolu ilə İcarə verənə ödəyir. Hazırda “xxxx” MMC-nin icarə haqları üzrə ödənilməmiş qalan borcu “25” fevral 2021-ci il tarixə 24000 (18000 +6000) ABŞ dolları təşkil edir. Bundan əlavə, icarə müqaviləsinin “təhvil-təslim aktı” adlanan bölməsində tərəflər təsdiq etmişlər ki: “Yaşar Demirbağ mülkiyyətində olan Azərbaycan Respublikası, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Direktor Cavabdeh2 şəxsində 3 (üç) il müddətinə icarəçinin istifadəsinə verildiyi zaman icarə obyekti tam təmirli, təmiz, (fərdi yaşayış üçün nəzərdə tutulmuş lazımi mebel dəstləri ilə (yumşaq mebel dəsti, dolablar, mətbəx mebel dəsti, masa və oturacaqlar, iki nəfərlik yataq dəsti) təchiz olunmuş şəkildə icarə verən tərəfindən icarəçiyə təhvil verilir. İcarə obyektində mövcud olan cihaz və avadanlıqlar - TV Samsung (model Ue - 49K 5500 ALL) -1 ədəd, TV Samsung (model Ue - H 6200 AW) - 1 ədəd, Mini-bar soyuducu Miele (model KWT- 4154 - UG) - 1 ədəd, Elektrikli fırın Miele (model H - 5461 - BP) - 1 ədəd, Mikrodalğalı soba Miele (model M - 8160 - 2) -1 ədəd, Mətbəx soyuducu Maytag (model GZ - 2626 - GEKB) -1 ədəd, Elektrikli mətbəx sobası Miele (Schott Ceran) - 1 ədəd, Paltar yuyan maşın LG - 1 ədəd, Qabyuyan maşın Miele - 1 ədəd, Mətbəx hava soyuducusu - 1 ədəd, Seyf Kale - 1 ədəd, Domofon Multitek - 1 ədəd, TV lift - 1 ədəd qeyd olmuşdur. İcarə obyektində mövcud olan bütün mebel, cihaz və avadanlıqlar tamamilə yeni və işlək vəziyyətdə icarə verən tərəfindən icarəçiyə təhvil verilir ”. İddiaçı tərəfindən cavabdehlərə 01 fevral 2021-ci il tarixdə icarə müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq göndərilərək, icarə obyekti olan mənzilin 3 (üç) gün ərzində icarəyəverənə qaytarılmadığı, icarə haqqı üzrə borclar ödənilmədiyi halda, icarə müqaviləsi üzrə borcların məcburi qaydada alınmasına dair Səbail Rayon Məhkəməsində iddia qaldırılacağı və iddianı təmin etmə tədbiri kimi bank hesablarına həbs qoyulmasının məhkəmədən xahiş ediləcəyi bildirilmişdir. Cavabdeh2 göndərilmiş xəbərdarlıq onun evdə olmaması səbəbindən təqdim edilə bilməsə də, “xxxx” MMC-yə göndərilmiş xəbərdarlıq 03.02.2021-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh2 “xxxx” MMC-nin direktor olduğundan və xəbərdarlıq həmin cəmiyyətə təqdim edildiyindən Cavabdeh2 də xəbərdarlığı almış hesab edilir. İddiaçı ona hüquqi xidmət göstərilməsi üçün 2000 (iki min) manat hüquqi xidmət xərci də ödəmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi həcminin artırılmasına dair ərizə verərək Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağ ilə “xxxx” MMC arasında Bakı şəhəri 5 saylı Notariat ofisində təsdiqlənməklə bağlanmış 11 noyabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, “xxxx” MMC-nin ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsindən çıxarılaraq 11.11.2020-ci il tarixli icarə müqaviləsinin “təhvil-təslim aktı” adlanan bölməsində sadalanan əşyalarla birlikdə Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağa təhvil verilməsi, “xxxx” MMC-dən və Cavabdeh2 33000 (otuz üç min) ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsi ilə Azərbaycan manatı ekvivalentində) və 2000 (iki min) manat hüquqi xidmət xərclərinin müştərək qaydada tutularaq Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağa verilməsi, 25 fevral 2021-ci il tarixindən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsinin təhvil verilməsi tarixinə kimi olan müddət üçün hər günə 100 (yüz) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsi ilə (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsi ilə Azərbaycan manatı ekvivalentində) “xxxx” MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağa verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbinin ödənilməmiş icarə haqları məbləği 25 fevral 2021-ci il tarixədək olan müddət üçün hesablanmışdır. iddia ərizəsi məhkəməyə təqdim ediləndən sonra da cavabdehlər tərəfindən heç bir ödəniş edilməmiş və hazırda “xxxx” MMC-nin icarə haqları üzrə ödənilməmiş qalan borcu “25” may 2021-ci il tarixə 33000 (18000 +15000) ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin və iddia tələbi həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş və Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının üzürlü səbəblər əsasında təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə iclasının təxirə salınmanın əsaslarının üzrlü olmasına dair hər hansı sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyi üçün məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı barədə tam məlumatlı olan cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 93.3 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında Demirbağ Yaşarın adına 18.07.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Türkiyə Respublikası vətəndaşı Demirbağ Yaşar ilə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından Cavabdeh2 arasında Bakı şəhəri 5 saylı Notariat Ofisində bağlanmış 11.11.2020-ci il tarixli icrarə müqaviləsinin surətindən görürünür ki, icarəyə verən (Demirbağ Yaşar) mülkiyyətində olan Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən 82.5 kv.m olan yaşayış sahəsini 3 (üç) il müddətinə icarəçinin (Cavabdeh2) istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını və depozit ödəməyi öhdəsinə götürmüşdür. Bu Müqavilə üzrə icarə dövrü 07/2020-ci il tarixindən 07/2023-cü il tarixinədək olan müddəti ehtiva edir. - Sözügedən icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən icarə predmeti ümumi sahəsi - 93.3 kv.m, yaşayış sahəsi - 82.5 kv.m, mərtəbə 5, otaq sayı 2-dir. - Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği Azerbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının Azərbaycan manatına, ödəniş tarixində olan məzənnəsinə əsasən 3000 (üç min) ABŞ dolları ekvivalentinə uyğun olaraq manatla ödənilir. İcarə verənə ödənilməli aylıq icarə haqqına Azərbaycan Respublikasının Vergilər Məcəlləsində nəzərdə tutulan vergilər daxil deyil və vergilər bu məbləğə əlavə olaraq hesablanmaqla icarəçi tərəfindən ödənilir. -Sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra edilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. -Qeyd olunan icarə müqaviləsinin “təhvil-təslim aktına” əsasən Demirbağ Yaşar mülkiyyətində olan Azərbaycan Rospublikası, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, direktor Cavabdeh2 şəxsində 3 (üç) il müddətinə icarəçinin istifadəsinə verildiyi zaman icarə obyekti tam təmirli, təmiz, fərdi yaşayış üçün nəzərdə tutulmuş lazımi mebel dəstləri ilə (yumşaq mebel dəsti, dolablar, mətbəx mebel dəsti, masa və oturacaqlar, iki nəfərlik yataq dəsti) təchiz edilmiş şəkildə İcarə verən tərəfindən İcarəçiyə təhvil verilmişdir. İcarə obyektində mövcud olan cihaz və avadanlıqların siyahısı və sayı aşağıda qeyd edilmişdir: - TV Samsung (model Ue - 49K 5500 ALL) - 1 ədəd, TV Samsung (model Ue - H 6200 AW) - 1 ədəd, Mini-bar soyuducu Miele (model KWT- 4154 - UG) - 1 ədəd, Elektrikli fırın Miele (model H - 5461 - BP) - 1 ədəd, Mikrodalğalı soba Miele (model M - 8160 - 2) - 1 ədəd, Mətbəx soyuducu Maytag (model GZ - 2626 - GEKB) - 1 ədəd, Elektrikli mətbəx sobası Miele (Schott Ceran) - 1 ədəd, Paltar yuyan maşın LG - 1 ədəd, Qabyuyan maşın Miele - 1 ədəd, Mətbəx hava sovurucusu - 1 ədəd, Seyf Kale - 1 ədəd, Domofon Multitek -1 ədəd və TV lift-1 ədəd. İcarə obyektində mövcud olan bütün mebel, cihaz və avadanlıqlar tamamilə yeni və işlək vəziyyətdə İcarə verən tərəfindən İcarəçiyə təhvil verilmişdir. - Cavabdeh2 tərəfindən Bakı şəhəri 5 saylı Notariat Ofisində yazılaraq notarial qaydada təsdiq olunmuş 04.11.2020-ci il tarixli ərizədən görünür ki, X2 “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Demirbağ Yaşar arasında bağlanmış 1.11 nömrəli, 30 iyul 2020-ci il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqaviləyə əsasən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kirayə götürülmüş və ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 93.3 kv.m olan mənzilin kirayəsi ilə əlaqədar, yuxarıda qeyd edilmiş müqavilədən (1.11 nömrəli, 30 iyul 2020-ci il tarixli) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşən bütün öhdəliklərin təmin edilməsini və adı gedən müqavilənin bağlandığı andan və bitmə tarixinə qədər yaranan/gələcəkdə yaranacaq borcların ödənilməsinə zamin durmuş və ödənilməsini öz üzərinə götürmüşdür. - “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh2 tərəfindən yazılmış və MMC tərəfindən təsdiq olunmuş arayışdan görünür ki, o, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN**********) təsisçisi və direktoru olaraq, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyə Respublikasının vətəndaşı olan və ünvan 4 ünvanında yerləşən mənzilin sahibi olan Demirbağ Yaşar arasında imzalanmış 1.11 nömrəli, 30 iyul 2020-ci il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqavilənin şərtlərini təsdiqləyərək, həmin müqaviləyə əsasən onun rəhbərlik etdiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Demirbağ Yaşara 22 dekabr 2020-ci il tarixinə olaraq 18000 (on səkkiz min) ABŞ dolları məbləğində olan borcu təsdiq edir. Bu məbləğ, 2020-ci il avqust-dekabr ayları üçün yaranmışdır. Bundan əlavə, imzalanmış müqavilənin şərtlərinə əsasən, hər ay bu məbləğin üzərinə 3000 (üç min) ABŞ dolları məbləğində icarə haqqı əlavə ediləcəkdir. Yuxarıda adı qeyd edilən 1.11 nömrəli, 30 iyul 2020-ci il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqavilənin şərtləri, tərəflərin razılığı ilə 11 Noyabr 2020 il tarixində notarial qaydada təsdiq edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olaraq, yuxarıda qeyd olunan məbləğlərin ödənilməsinə və bağlanmış icarə müqaviləsinin şərtlərinə riayət edilməsinə bir daha zəmanət vermişdir. - Demirbağ Yaşarın nümayəndəsi və vəkili Nümayəndə tərəfindən “xxxx” MMC-yə və Cavabdeh2 ünvanlanmış 01.02.2021-ci il tarixli, 618 nömrəli xəbərdarlıq məktubundan görünür ki, “xxxx” MMC ilə Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağ arasında 11 noyabr 2020-ci il tarixdə sonuncunun mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 93.14 kv.m olan mənzilin icarəsinə dair müqavilə imzalanmışdır. X1 tərəfindən 04 noyabr 2020-ci il tarixdə “xxxx” MMC-nin üzərinə düşən öhdəliklərin təmin edilməsi və adı gedən müqavilənin bağlandığı andan və bitmə tarixinədək yaranacaq borcların ödənilməsinə notariat qaydada imzalanmış zaminlik verilmişdir. “xxxx” MMC tərəfindən icarə müqaviləsi üzrə öhdəliklər mütəmadi olaraq yerinə yetirilmir. Belə ki, icarə haqları müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilmir. Qeyd edilənlərə əsasən onlara rəsmi olaraq icarə müqaviləsinə xitam verilməsi bildirilmiş və icarə obyekti olan mənzil 3 (üç) gün ərzində icarəyəverənə qaytarılmadığı, icarə haqqı üzrə borclar ödənilmədiyi halda, “Səbail-2” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən, onlara xidmətlər göstərilməsinin dayandırılması xahiş ediləcəyi, icarə müqaviləsi üzrə borcların məcburi qaydada alınmasına dair Səbail rayon məhkəməsində iddia qaldırılacağı və iddianı təmin etmə tədbiri kimi bank hesablarına həbs qoyulması məhkəmədən xahiş ediləcəyi bildirilmişdir. - Cavabdeh “xxxx” MMC-nin direktoru Cavabdeh2 məhkəmə iclasının təxirə salınması ilə bağlı məhkəməyə ünvanladığı ərizəsinin məzmununda həmçinin göstərmişdir ki, şirkətdə yaranmış borcdan imtina etmirlər və onu tam həcmdə ödəməyə hazırdırlar. İddiaçının iddia ərizəsi və əlavə sənədlərin bütün məqamları ilə tanışdırlar və borcun razılıqları əsasında baş verdiyini qəbul edirlər. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 30 iyul 2020-ci il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqaviləyə əsasən cavabdeh “xxxx” MMC-nin 2020-ci ilin avqust-dekabr ayları üzrə 18 000 (on səkkiz min) ABŞ dolları borcu yaranmış və fakt “xxxx” MMC-nin direktoru Cavabdeh2 cəmiyyətin möhürü və imzası ilə təsdiqlədiyi 22 dekabr 2020ci il tarixli öhdəlikdə də təsdiq edilmişdir. 30 iyul 2020-ci il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqavilənin şərtləri, tərəflərin razılığı ilə 11 Noyabr 2020 il tarixində notarial qaydada bağlanmış icarə müqaviləsi ilə təsdiq edilmişdir. İşin materiallarından görünür ki, “xxxx” MMC tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin icrasının mütəmadi olaraq yerinə yetirilməməsi və icarə haqlarının müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməməsinə görə iddiaçı icarə müqaviləsinin şərtlərinə əsasən etiraf edilmiş “xxxx” MMC-nin 2020-ci ilin avqust-dekabr ayları üzrə icarə haqqından 18000 (on səkkiz min) ABŞ dolları borcu da daxil olmaqla, “25” may 2021-ci il tarixə yaranmış 15000 ABŞ dolları məbləğində borc da nəzərə alınmaqla, 33000 ABŞ dollarının cavabdehlərdən tutulmasını iddia etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməsə də, Cavabdeh2 (o, həm də digər cavabdeh “xxxx” MMC-nin direktorudur) məhkəməyə ünvanladığı ərizəsində şirkətin yaranmış borcdan imtina etmədiyini və həmin borcu tam həcmdə ödəməyə hazır olduqlarını bildirmişdir. Tərəflər arasında bağlanmış 30 iyul 2020-ci il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqavilə iş materiallarına əlavə edilməsə də cavabdeh xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh2 tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizədə, eləcə də MMC tərəfindən təsdiq olunmuş arayışda da həmin müqaviləyə istinad edildiyindən məhkəmə hesab edir ki, həmin müqavilənin mövcudluğu işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki qanunvericilikdə öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (MM-472.2-ci maddəsi) Məhkəmə qeyd edir ki, zaminlik elə bir hüquq münasibətdir ki, buna görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Həmin xüsusiyyətlərindən biri odur ki, bu öhdəlik hüquq münasibətidir. Zaminlik üzrə münasibətlərdə üç kateqoriya subyekt (tərəf) - borclu, kreditor və zamin iştirak edir. Beləliklə də məhkəmə hesab edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlərin iddiaçının qarşısında müqavilədən və öhdəlik barədə razılaşmadan irəli gələn birgə borclular kimi çıxış etmələri və müvafiq olaraq da götürdükləri öhdəliklər birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdeh tərəfin şirkətin yaranmış borcdan imtina etmədiyinə dair ərizəsinin mövcudluğunu da nəzərə alaraq, sadalanan mülki qanunvericilik normalarının tələbləri və işin araşdırılmış halları əsasında bu nəticəyə gəlir ki, cavabdeh tərəf iddiaçı qarşısında müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün icarə haqqı olan 33000 (otuz üç min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində pula münasibətdə mülki məsuliyyət daşıyıcısıdır və bu məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağ ilə “xxxx” MMC arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli icarə müqaviləsi də cavabdeh tərəfin sözügedən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla zərər vurduğuna görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbləri baxımından ləğv edilməlidir. Belə ki, həmin normaya əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəf ilə bağlanmış icarə müqaviləsi ləğv edildiyindən “xxxx” MMC-nin ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsində qalmasına heç bir hüquqi əsas olmadığı üçün o həmin sahədən çıxarılmalı və yaşayış sahəsinin 11.11.2020-ci il tarixli icarə müqaviləsinin Təhvil-təslim Aktı hissəsində sadalanan əşyalarla birlikdə Yaşar Demirbağa təhvil verilməlidir. Məhkəmə iddia tələblərinin 2000 (iki min) manat hüquqi xidmət xərclərinin tutulmasına dair hissə üzrə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən normanın məzmununa əsasən məhkəmə edir ki, vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləği müəyyən edilərkən həmin bölgədə həmin kateqoriya işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, vəkilin iştirak etdiyi (vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi və s. nəzərə alınmalıdır. Göründüyü kimi, qanunverici nümayəndənin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən tam deyil, müəyyən hallar nəzərə alınmaqla yalnız ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini təsbit etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hüquqi xidmət xərclərinin 500 (beş yüz) manat məbləğində olmasını ağlabatan hesab etdiyindən bu məbləğin də cavabdehlər “xxxx” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Yaşar Demirbağa verilməli olması nəticəsinə gəlir. Lakin məhkəmə iddianın 25 fevral 2021-ci il tarixindən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsinin təhvil verilməsi tarixinə kimi olan müddət üçün hər günə 100 (yüz) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsi ilə cavabehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməsini mümkün saymır. Belə ki, əvvəla tərəflər arasında bağlanmış icarə müqaviləsində belə bir şərt nəzərdə tutulmamışdır. Bundan əlavə, həmin tələb qeyri-müəyyən olmaqla onun hüquqi əsasları həm iddia ərizəsində, həm də iddiaçı tərəfin izahatlarında də əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, mübahisəli yaşayış sahəsinin təhvil verilməsi tarixinə kimi olan müddət ərzində iddiaçı ona zərər vurulması ilə bağlı bu zərərvurmanı təsdiq edən sübutlar əsasında ayrı icraatda mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilərək cavabdeh “xxxx” MMC ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsindən çıxarılmalı və yaşayış sahəsi 11.11.2020-ci il tarixli icarə müqaviləsinin Təhvil-təslim Aktı hissəsində sadalanan əşyalarla birlikdə iddiaçı Yaşar Demirbağa təhvil verilməli, cavabdehlər “xxxx” MMC və Cavabdeh2 33000 (otuz üç min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində pul və 500 (beş yüz) manat hüquqi xidmət xərcləri müştərək qaydada tutularaq iddiaçı Yaşar Demirbağa verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağ ilə “xxxx” MMC arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh “xxxx” MMC ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsindən çıxarılsın və yaşayış sahəsi 11.11.2020-ci il tarixli icarə müqaviləsinin Təhvil-təslim Aktında sadalanan əşyalarla (TV Samsung (model Ue - 49K 5500 ALL) - 1 ədəd, TV Samsung (model Ue - H 6200 AW) - 1 ədəd, Mini-bar soyuducu Miele (model KWT- 4154 - UG) - 1 ədəd, Elektrikli fırın Miele (model H - 5461 - BP) - 1 ədəd, Mikrodalğalı soba Miele (model M - 8160 - 2) - 1 ədəd, Mətbəx soyuducu Maytag (model GZ - 2626 - GEKB) - 1 ədəd, Elektrikli mətbəx sobası Miele (Schott Ceran) - 1 ədəd, Paltar yuyan maşın LG - 1 ədəd, Qabyuyan maşın Miele - 1 ədəd, Mətbəx hava sovurucusu - 1 ədəd, Seyf Kale - 1 ədəd, Domofon Multitek -1 ədəd və TV lift-1 ədəd) birlikdə Yaşar Demirbağa təhvil verilsin. Cavabdehlər “xxxx” MMC və Cavabdeh2 33000 (otuz üç min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində pul və 500 (beş yüz) manat hüquqi xidmət xərcləri müştərək qaydada tutularaq iddiaçı Yaşar Demirbağa verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar