Məhkəmə qərarları › İş №2(009)-934/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-934/2024

14.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-934/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi K.A.Bünyadovanın iştirakları ilə İddiaçı Cavabdehnə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2000-ci il tarixdən Cavabdehndə 2022-ci il tarixinə qədər müəllim vəzifəsində çalışmışdır. Bu müddət ərzində o, hər zaman nümunəvi fəaliyyət göstərmişdir. Lakin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr verilmişdir. xx.xx.2021-ci il əmrə əsasən guya o, qiyabi və əlavə təhsil mərkəzinin 2448/4 və 2452 nömrəli birləşmiş qruplarında “Vergi və vergiqoyma” fənnindən dərsə hazırlıqsız girmiş, keyfiyyətsiz dərs keçmiş və tələbələrin suallarını cavablandıra bilmədiyinə görə tələbələrin haqlı narazılığına səbəb olmuşdur. Həmin dərsə kafedranın digər müəllimləri daxil olsalar da, tələbələr yenə narazılıq etmişlər. Sonradan mərkəzin direktoru özü dərsi axıra çatdırmışdır. Bundan əlavə o, başqa qruplarda onlayn dərsləri kamera görüntüsü olmadan keçmiş, tələbələrin qiymətləndirilməsini aparmamış və bəzi hallarda elektron jurnalı aktivləşdirməyərək səhvlərə yol vermişdir. Halbuki, həmin problemlərin əsas səbəbi kompüterin zəif olması və internet bağlantısına yaranan ciddi problemlər olmuşdur. Üç müəllim – “Vergi” üzrə ixtisaslaşan professor – müəllim heyətindən (dos.L.Paşayev, dos.L.Mehdiyeva, dos.T.Sadıxov) narazı olub, mərkəzin direktorundan məmnunluğu, iddiaçıya verilmiş şiddətli töhmətin məzmununun həqiqəti əks etdirmədiyini sorğulayır. Kafedra müdiri Ə.Əkbərovun iddiaçının ixtisası olmağına baxmayaraq bu dərsin verilməsi, İntizam Komissiyasının iclasında araşdırma zamanı ittiham edən tərəfin (tələbələrin, dekan müavininin, dekanın, monitorinq üzvlərinin) olmaması və onların narazı olduğu müəllimlərin sırasından yalnız iddiaçının şiddətli töhmət alması haqsızlıqdır. Semestr başlanandan kafedra laborantları tərəfindən müəllimlərin onlayn dərsləri keyfiyyətli aparmasına görə kompüterlərin yararlığı haqqında kafedra müdirini xəbərdar etmək və köməklik üçün məlumat toplanılmışdır. O, da kompüterinin texniki cəhətdən zəif olduğu haqqında məlumatlandırılmışdır. O, daha sonra xx.xx.2021-ci il tarixli Ə.Ələkbərova izahatında dərs vaxtı texniki problemlərin yaşandığını yazılı surətdə bildirmişdir. Lakin pandemiya vaxtı heç bir köməklik göstərilməmişdir, hətta UNEX Extern tədris mərkəzində belə dərs keçmək üçün şərait yaradılmamışdır. Onun dərs dediyi on beş il ərzində töhmət almamasına baxmayaraq, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “a” bəndini yox sayıb, üstəlik yuxarıda qeyd olunan haqsız səbəblərlə “b” bəndinə uyğun şiddətli töhmətin verilməsi qanunsuzdur. Həmçinin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş əmrə əsasən guya o, “İqtisadiyyat” fakültəsinin 154-cü qrup tələbələrinin elektron jurnalda qiymətləndirilməsini düzgün aparmamış və müəllim kabinetinin məxfiliyini qoruyub saxlamadığına görə sistemə kənar müdaxilə olunmuş, habelə dərsləri davamlı olaraq keyfiyyətsiz aparmaqla tələbələrin haqlı narazılığına səbəb olmuşdur. Eyni zamanda o, müəllim-tələbə münasibətlərində kobud səhvlərə yol vermiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixxli, ½ nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozmuşdur. Halbuki həmin əmrdə qeyd olunan halların heç biri reallığa uyğun gəlmir. Belə ki, o, 2021-ci ilin İ semestrində Cavabdeh “İqtisadiyyat” fakültəsinin 153 və 154 qruplarda “vergilər və vergitutma” fənnindən seminar dərsləri keçərkən müəyyən etmişdir ki, bəzi tələbələr tərəfindən elektron jurnalda üzərinə yüksək qiymətlər yazılmışdır. Buna görə də o, ilk növbədə xx.xx.2021-ci il tarixdə fakültənin dekanına məlumat vermişdir. Müraciətinin heç bir nəticəsi olmadığını gördükdə isə xx.xx.2022-ci il tarixində universitetin rektoruna məlumat vermişdir. Lakin həmin şəxslər xx.xx.2022-ci ildə yalan məlumatlara əsaslanan izahatlar yazaraq bildirmişdilər ki, guya o, özü elektron jurnalın giriş kodunu onlara verərək qiymət yazmalarına şərait yaradılıb və özü bu hal aşkar olunan zaman o, onlardan rüşvət istəyib. Təbii ki, bu məlumat uydurmadır, çünki o, özü belə bir şey etsəydi, ona görə dekana və rektora müraciət etməzdi. Maraqlı məqam odur ki, 14 nəfər savadsız tələbə özlərinə yüksək bal qoyduqlarını etiraf ediblər və ona müəllim kimi şər atıblar, guya o, biləndə təhdid yolu ilə onlardan 100 manat pul istəmişdir, buna baxmayaraq tələbələrə universitet tərəfindən heç bir cəza verilmədi. Araşdırma aparılmadan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/ 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğunun sübutları olmadan ittiham edilməsi əsassızdır, şər və söhtandır. O, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırmasını dəfələrcə İntizam Komissiyası üzvlərindən tələb etmiş və ADİU-nın rektoru prof.Ə.C.Muradova yazılı ərizəsilə müraciət etmişdir. Lakin İntizam Komissiyasının sədri dos.S.T.Qəndilovaya xx.xx.2022-ci ilin iclasında tələbələrin (xüsusilə onun bütün dərs dediyi qrup nümayəndələrinin) iştirakı ilə sorğulanması üçün yazılı müraciət edəndə, xahişləri nəzərə alınmadı. “İqtisadiyyat” fakültəsinin dekanı və onun köməkçisinin iddiaçını başqa müəllimlər kimi töhmət dərsdən məhrum qoymaq təhdidlərinə boyun əyməmişdir. Hər dəfə müəllimlər çəkinib, təqdimatlarını geri çəkiblər, tələbələr isə cəsarətlənib, jurnalda bal qoymağa davam ediblər. Onun bir səhvi ya da nöqsanı olsa idi, yazılı məlumatını ilk dekanlığa, sonra isə ADİU-nın rektoru prof Ə.C.Muradova təqdim etməzdi. Qeyd etmək zəruridir ki, o, 2008-ci ildə “Maliyyə” kafedrasında kömək məqsədi ilə 5 il saathesabı işləmişdir, hər il 600-720 saatlarda dərs aparmışdır və bütün tapşırıqları yerinə yetirmiş, kafedranın işlərinə ciddi yanaşmışdır. Universitetdə 2000-ci ildən 2022-ci ilə kimi işlədiyi müddətdə heç bir tələbədən heç nə istəməmişdir, müəllimliniyi zədələyəcək və ləkələyəcək addım atmamışdır. Nəticədə həmin şəxslər tərəfindən yazılmış yalan məlumatlara görə o, 22 ildən çox fəaliyyət göstərdiyi iş yerində əmək müqaviləsinə xitam verilmişdir. Artıq o, bir ildən çoxdur ki, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Özü və tək uşağına baxa bilmir. Onun işgüzar nüfuzuna dəymiş zərərin nəticəsində o, maddi və mənəvi ziyana düşmüşdür. O, intizam tənbehi barədə əmrlərin ləğv olunması ilə bağlı 14 saylı Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixində 14 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. O, hesab edir ki, həmin əmrlər qanunsuz və əsassız hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, o, 2020-ci ildən 2022-ci ilə qədər İqtisad Universitetində müəllimə işləmişdir. 2022-ci ildə işdən azad olunmuşdur, əmək münasibətlərinə xitam verilmişdir. O, bu barədə Nazirliyə, Müfəttişliyə şikayətlər etmişdir. Ona bildirilmişdir ki, bu barədə məhkəməyə müraciət etməlidir. Ona görə də müddəti ötürmüşdür. Hesab edir ki, onun barəsində verilən əmrlər qanunsuzdur. Belə ki, həmin əmrlər qərəzli surətdə verilmişdir. Həmin əmrlərin ləğv edilməsi ona vicdanının təmiz və haqlı olması üçün lazımdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi Universitetin Daxili audit şöbəsinin hərtərəfli araşdırmasından sonra intizam komissiyasının obyektiv qərarı əsasında verilmişdir. İddiaçı dərs apardığı qruplarda tələbələrin suallarını cavablandıra bilməmiş, dərslərə hazırlıqsız daxil olmuş, özünün deyil, kafedra tərəfindən hazırlanmış mühazirələrdən istifadə etmişdir. Əyani qruplarla yanaşı təkrar təhsil alan, ali təhsilli, kifayət qədər təcrübəli qiyabi təhsilalanların suallarına savadsız cavabları ilə haqlı narazılığına səbəb olmuşdur. İddiaçı özü təhsilli rus dilində almışdır, lakin Universitetin Rus iqtisad məktəbində dərs deməkdən daim imtina etmişdir. Eyni zamanda, Universitetin tamamilə elektron formada təhsil verdiyinə baxmayaraq kompüterlə iş vərdişləri aşağı səviyyədə olmuşdur. Bu əmr veriləndən sonra Universitetdə əmək mübahisələrini həll edən Həmkarlar İttifaqı Komitəsinə müraciət etməmiş, şikayət verməmişdir, tənbehi mübahisələndirməmişdir. Bir ildən sonra iddiaçı ilə başqa fakültənin tələbələri arasında daha böyük konflikt yaranmış, tələbələrin elektron jurnala müdaxiləsi faktı araşdırılarkən iddiaçının müəllim etikasına uyğun gəlməyən hərəkətləri üzə çıxmış, iddia ərizəsində qeyd edildiyi kimi “savadsız” tələbələr deyil, tam əksinə, uğurları olan, onun tərəfindən haqsızlıq görən, ədalətsiz qiymətləndirilən tələbələr Universitet rəhbərliyinə şikayət etmiş, hətta iddiaçının əlaçı tələbəyə qeyri-müvəffəq qiymət yazmağına görə həmin tələbə əlaçı diplomu ala bilmədiyi üçün stresə düşdüyü və güclü sarsıntılar keçirdiyi məlum olmuşdur. Bu faktlar da Universitetin Daxili Audit Şöbəsi tərəfindən obyektiv və tam şəkildə araşdırılmış və universitetin intizam komissiyasına təqdim olunmuşdur. Eləcə də iddiaçının kompüterlə iş bacarıqları aşağı səviyyədə olduğu üçün o, elektron jurnalı aktivləşdirmək üçün tələbələrə məlum olmuş, bu da öz növbəsində tələbələrə jurnala müdaxilə etmək üçün şərait yaratmışdır. Məsələ böyük rezonans yatarmış, təhsilin sonuncu, İV ilində təhsilalanlara problemlər yaratmış və onların valideynlərinin haqlı narazılığına səbəb olmuşdur. İntizam komissiyasının qərar ilə iddiaçı ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunması tövsiyyə edilmişdir, lakin işəgötürən tərəfindən onun ailə vəziyyəti nəzərə alaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bu intizam tənbehi haqqında əmrdən də iddiaçı nə Həmkarlar təşkilatına, nə məhkəməyə şikayətlə müraciət etmişdir. İddia ərizəsində qeyd olunur ki, iddiaçının uzun müddət işləməsi və şəxsiyyəti nəzərə alınmamışdır, əksinə hər dəfə kobud intizam pozuntusu baş verərkən bu hallar işəgötürən tərəfindən nəzərə alınmışdır. Xüsusən qeyd etmək lazımdır ki, iddia ərizəsində qeyd olunduğundan fərqli olaraq iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlə mübahisələndirilən intizam tənbehləri haqqında əmrlərlə heç bir səbəb-əlaqə mövcud deyil. Belə ki, Universitetdə dərs yüklərinin bölgüsü zamanı müəllimlərin peşəkarlıq səviyyəsi obyektiv şəkildə nəzərə alınır və universitet üzrə müəllimin hər tədris ili üzrə yenilənən reytinq sıralamasında neçənci yer tutması əsas kimi götürülür. “Maliyyə və audit” kafedrasında sonuncu yerləri tutan müəllimlərdən biri də iddiaçı olmuşdur. İddiaçının Universitetdə uzun müddət çalışdığını, təqaüd yaşına çatmadığını, ailə vəziyyətini nəzərə alaraq, işəgötürən ona eyni məbləğdə əmək haqqı saxlanılmaqla İnsan resursları şöbəsində vəzifə təklif etmiş, hətta onun pedaqoji fəaliyyəti davam etdirməsi istəyini nəzərə alaraq Universitetin nəzdindəki Maliyyə-İqtisad Kollecində əvəzçiliklə dərs aparmasını da təklif etmişdir, lakin iddiaçı bu təklifdən imtina etmişdir. Beləliklə, təqdim olunan sənədlərə əsasən cavabdeh tərəfindən verilmiş əmrlərin əsaslı olduğu sübuta yetirilir. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçıya qarşı hər hansı bir qərəz olmamışdır. Əksinə 2022-ci ilin aprel ayında iddiaçının nöqsanı səbəbindən baş verən hadisənin araşdırma zamanı intizam komissiyası rəhbərliyə onun işdən çıxarılması barədə tövsiyə verilməsi barədə qərar qəbul etsə də, Universitetin rektoru iddiaçıya güzəşt edərək onu işdən azad etməmiş, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi ilə kifayətlənmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu, eyni zamanda iddia müddətinin üzrsüz səbəbdən ötürüldüyü üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə Cavabdeh İntizam Komissiyasının xx.xx.2021-ci il tarixli, 5 nömrəli protokolun surətindən görünür ki, “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndi, Cavabdeh Elmi Şurasının xx.xx.2020-ci il tarixli EŞ No 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Cavabdeh Əməkdaşların Universitetdaxili İntizam Qaydaları”nın 8.2.19 bəndi ilə “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi tövsiyə edilməsi, “Maliyyə və maliyyə institutları” kafedrasına tədris prosesində iştirak edən professor-müəllim heyətinin hazırlıq səviyyəsinə və dərsin keyfiyyətinə nəzarəti gücləndirməsinin tövsiyyə edilməsi qərara alınmışdır. İş üzrə Cavabdeh prorektoru dos.Səadət Qəndilova tərəfindən Cavabdeh rektoru prof. Ədalət Muradova ünvanlanmış UNEC-in İntizam Komissiyasının növbəti iclasında müzakirə edilən məsələlər barədə təqdimatın surətindən görünür ki, “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndi, Cavabdeh Elmi Şurasının xx.xx.2020-ci il tarixli EŞ No 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Cavabdeh Əməkdaşların Universitetdaxili İntizam Qaydaları”nın 8.2.19 bəndi ilə “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi tövsiyə edilməsi, “Maliyyə və maliyyə institutları” kafedrasına tədris prosesində iştirak edən professor-müəllim heyətinin hazırlıq səviyyəsinə və dərsin keyfiyyətinə nəzarəti gücləndirməsinin tövsiyyə edilməsi qərara alınmışdır. İş üzrə Cavabdeh 84/3/2021 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehinin verilməsi haqqında əmrin surətindən görünür ki, “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi İddiaçı dərslərin təşkilində yol verdiyi nöqsanlar barədə “Maliyyə və mühasibat” fakültəsinin dekanı G.C.Musayevin təqdimatına UNEC-in İntizam Komissiyasının iclasında aidiyyəti üzrə baxılmışdır. Məlum olmuşdur ki, İddiaçı Distant, qiyabi və əlavə təhhsil mərkəzinin 2448/4 və 2452 nömrəli birləşmiş qruplarında “Vergi və vergiqoyma” fənnindən dərsə hazırlıqsız girmiş, keyfiyyətsiz dərs keçmiş və tələbələrin suallarını cavablandıra bilmədiyinə görə tələbələrin haqlı narazılığına səbəb olmuşdur. Həmin dərsə kafedranın digər müəllimləri daxil olsalar da tələbələr yenə də narazılıq etmişlər. Sonradan mərkəzin direktoru dərsi axıra çatdırmışdır. Bundan əlavə o, başqa qruplarda online dərsləri kamera görüntüsü olmadan keçmiş, tələbələrin qiymətləndirilməsini aparmamış və bəzi hallarda elektron jurnalı aktivləşdirməyərək səhvlərə yol vermişdir. İddiaçı intizam komissiyasının iclasındakı çıxışında qeyd olunan nöqsanları kömpüterinin zəif olması və internet bağlantısındakı problemlərlə əlaqələndirmişdir. O, Distant, qiyabi və əlavə təhsil mərkəzindəki qruplarda dərsləri keyfiyyətsiz və hazırlıqsız keçdiyini səmimi etiraf etməmişdir. Daxili audit şöbəsinin müdiri isə dərslərin videogörüntüsünə baxdığını bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Əmrin əsası kimi tələbə işləri üzrə prorektor dos.S.T.Qəndilovanın təqdimatı,UNEC-in İntizam komissiyasının xx.xx.2021-ci il tarixli 5 No-li protokolu göstərilmişdir. İş üzrə Cavabdeh (UNEC) 2021/2022-ci tədris ilində İntizam Komissiyasının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, UNEC-in Elmi Şurasının xx.xx.2020-ci il tarixli EŞ No 173 qərarı ilə təsdiq edilmiş “Əməkdaşların universitetdaxili intizam qaydaları”nın 10.1.10 bəndi ilə, UNEC-in Həmkarlar İttifaqı Komitəsinin razılığını nəzərə almaqla və “Maliyyə və maliyyə institutları” kafedrasının protokolundan çıxarışındakı qərarını əsas götürərək həmin kafedranın müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin müvafiq qaydada rəsmiləşdirilməsinin tövsiyyə olunması qərara alınmışdır. İş üzrə Cavabdeh prorektoru dos.Səadət Qəndilova tərəfindən Cavabdeh rektoru prof. Ədalət Muradova ünvanlanmış təqdimatın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, UNEC-in Elmi Şurasının xx.xx.2020-ci il tarixli EŞ No 173 qərarı ilə təsdiq edilmiş “Əməkdaşların universitetdaxili intizam qaydaları”nın 10.1.10 bəndi ilə, UNEC-in Həmkarlar İttifaqı Komitəsinin razılığını nəzərə almaqla və “Maliyyə və maliyyə institutları” kafedrasının protokolundan çıxarışındakı qərarını əsas götürərək həmin kafedranın müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin müvafiq qaydada rəsmiləşdirilməsinin tövsiyyə olunması qərara alınmışdır. İş üzrə Cavabdeh 237/3/2022 saylı, xx.xx.2022-ci il tarixli intizam tənbehinin verilməsi haqqında əmrin surətindən görünür ki, “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri prof. Ə.Ə.Ələkbərovun həmin kafedranın müəllimi İddiaçı ilə bağlı xidməti məlumatına və kafedra iclasının protokolunda qeyd olunan məsələlərə UNEC-in İntizam Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında aidiyyəti üzrə baxılmışdır. Məlum olmuşdur ki, İddiaçı “İqtisadiyyat” fakültəsinin 154-cü qrup tələbələrinin elektron jurnalda qiymətləndirilməsini düzgün aparmamış və müəllim kabinetinin məxfiliyini qoruyub saxlamadığına görə sistemə kənar müdaxilə olunmuş, habelə dərsləri davamlı olaraq keyfiyyətsiz aparmaqla tələbələrin haqlı narazılığına səbəb olmuşdur. Eyni zamanda o, müəllim-tələbə münasibətlərində kobud səhvlərə yol vermiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/ 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozmuşdur. İddiaçı İntizam Komissiyasının iclasında komissiyanın mövqeyi ilə razılaşmamış və yol verdiyi səhvləri inkar etməyə çalışmışdır. Qeyd edilməlidir ki, İddiaçı xx.xx.2021-ci il tarixli 84/3/2021 No-li əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Baş vermiş pozuntu faktları İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə əsas verir. Lakin İddiaçı humanistilik göstərərək, onun tənha ana olduğunu və sosial vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Əmrin əsası kimi tələbələrlə iş üzrə prorektor dos.S.T.Qəndilovanın təqdimatı və rektor prof.Ədalət Muradovun göstərişi göstərilmişdir. İş üzrə Azərbaycan İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının xx.xx.2022-ci il tarixli, 12 saylı iclasının protokolundan çıxarışın surətindən görünür ki, 2022-2023-cü tədris ili üçün dər yükünün ilkin bölgüsünün təsdiq edilməsi, “Maliyyə və maliyyə institutları” kafedrasının əməkdaşları b/müəl.H.Mikayılova, i.f.d.,b/müəl.M.T.Babayev, müəl. İddiaçı dərs yükünün çatışmaması ilə əlaqədar ştat ixtisarı olacağı, habelə b/müəl. Ş.Ü.Həmzəyeva, müəl.S.X.Hüseynova, müəl. E.M.Quluzadə ştat dəyişikliyi barədə xəbərdar edilməsi qərara alınmışdır. İş üzrə UNEC-in Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi direktorunun vəzifəsini müvəqqəti icra edən Nəvai Əliyev, “Maliyyə və mühasibat” fakültəsinin dekanı i.e.n.Hafis Hacıyev, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov, Hüquq şöbəsinin müdiri Kəmalə Bünyadova tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Cavabdeh (UNEC) əsas binasında “Maliyyə və mühasibat” (əvvəlki adı “Maliyyə və maliyyə institutları”) kafedrasının müəllimi İddiaçı ilə İnsan resursları şöbəsində onların iştirakları ilə görüş keçirildi. İddiaçı tədris proqramının dəyişməsi ilə əlaqədar olaraq dərs yükünün kəskin surətdə azalması və bu səbəbdən ştatının ixtisar olması barədə təkrar məlumatlandırıldı.İddiaçı orta aylıq əmək haqqı saxlanılmaqla UNEC-in İnsan resursları şöbəsində inzibati vəzifəyə keçirilməsi təklif olundu. İddiaçı qətiyyətlə təklif qəbul etmədi. Rus dilini sərbəst bildiyini nəzərə alaraq İddiaçı rus dilində tədris olunan fənlərdən dərs yükü təklif olundu. Bu təklifi də İddiaçı qəbul etməyərək təkidlə bildirdi ki, pedaqoji fəaliyyətini yalnız “Maliyyə və mühasibat” kafedrasında davam etməyə qəti qərarlıdır. İş üzrə Cavabdeh prorektoru dos.Səadət Qəndilova tərəfindən Cavabdeh rektoru prof. Ədalət Muradova ünvanlanmış müəllim vəzifəsinə xitam verilməsi barədə təqdimatın surətindən görünür ki, yeni təhsil standartlarına keçidlə əlaqədar ayrı-ayrı ixtisaslar üzrə cari tədris ilində dərs yüklərində azalmalar baş vermişdir. Belə ki, 2014-cü ildə qəbul edilmiş Təhsil Standartlarında “Maliyyə”, “Bank işi”, “Vergilər və vergitutma” və bu kimi fənlər bütün ixtisaslarda tədris olunduğu halda 2020-ci ildə yeni qəbul olunmuş Təhsil Standartlarında bu fənlərin digər ixtisaslarda tədrisi nəzərdə tutulmamışdır. Ona görə də “Maliyyə və maliyyə institutları” kafedrasında 2022/2023-cü tədris ilində professor-müəllim heyəti üçün nəzərdə tutulan aktiv dərs yükləri əvvəlki tədris ilinə nisbətən (2021/2022-ci tədris ilində 10878 saat, cari tədris ilində 7420 saat) 3458 saat azalmışdır. UNEC-də dərs yüklərinin ədalətli bölgüsünü həyata keçirmək məqsədi ilə “Differensial əməkhaqqı sistemi”ndən istifadə edilir. Belə ki, dərs yüklərinin bölgüsü “Differensial sistemi”ndə digər kafedralarda olduğu kimi “Maliyyə və maliyyə institutları” kafedrasında da professormüəllim heyətinin son beş tədris ilində reytinq siyahısında yuxarıdan aşağı müvafiq yerləri tutmuş müəllimlərə üstünlük verilməklə həyata keçirilmişdir. Ona görə də həmin reytinq sirasında “Maliyyə və maliyyə institutları” kafedrası üzrə sonuncu yerləri tutmuş adları aşağıdakı qeyd edilən kafedra əməkddaşlarının dərs yükü ilə təmin edilməsi mümkün olmamışdır: i.e.n.X3 – tam ştat baş müəllim, İddiaçı – tam ştat müəllim. “Maliyyə və maliyyə institutları” kafedrasının xx.xx.2022-ci il tarixində dərs yüklərinin bölgüsü ilə bağlı keçirilmiş kafedra iclasında bu məsələ ilə əlaqədar həmin əməkdaşlar məlumatlandırılmışdır. Dərs yükü ilə təmin olunması mümkün olmayan müəllimlərin problemlərini yenidən müzakirə etmək məqsədi ilə “Maliyyə və mühasibat” fakültəsinin dekanı dos.Hafis Hacıyevin, Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin direktor müavini Nəvai Əliyevin, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanovun, Hüquq şöbəsinin müdiri Kəmalə Bünyadovanın iştirakı ilə “Maliyyə və maliyyə institutları” kafedrasının əməkdaşları İddiaçı ilə xx.xx.2022-ci il tarixdə və Mehman Babayevlə xx.xx.2022-ci il tarixdə görüş keçirilmiş, kafedrada dərs yüklərinin azalması bir daha onların nəzərinə çatdırılmışdır. Onların aylıq əmək haqqları əvvəlki həcmdə saxlanılmaqla UNEC-də başqa struktur bölmədə inzibati işlə təmin olunacaqları təklifi edilmişdir. Belə ki, İddiaçı İnsan resursları şöbəsində aylıq əmək haqqı əvvəlki həcmdə saxlanılmaqla iş təklif olunmuş, o, isə birmənalı olaraq bu təklifi qəbul etməmişdir. Eyni ilə bu cür təklif, yəni universitetin digər struktur bölmələrində aylıq əmək haqqı əvvəlki həcmdə saxlanılmaqla M.Babayevə də təklif olunmuşdur. X6 birmənalı olaraq 0,5 ştat kafedrada qalmaq şərtini irəli sürərək təklifi qəbul edəcəyini bildirmişdir. Lakin kafedrada dərs yükünün olmadığını nəzərə alaraq onun 0,5 ştat müəllim kimi fəaliyyət göstərmək istədiyini həyata keçirilməsi mümkün deyil. Yuxarıda qeyd edilənləri və təklif olunan vəzifəyə keçməkdən imtina etdiklərini nəzərə alaraq UNEC-in Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmaqla i.e.n.baş müəllim M.Babayev və müəllim İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişlər. İş üzrə İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov, Hüquq şöbəsinin müdiri Kəmalə Bünyadova, İnsan resursları şöbəsinin Baş mütəxəssisi Ceyhun İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Cavabdeh (UNEC) əsas binasında “Maliyyə və audit” (əvvəlki adı “Maliyyə və maliyyə institutları”) kafedrasının müəllimi İddiaçı ilə İnsan resursları şöbəsində onların iştirakları ilə görüş keçirilmişdir. İddiaçı tədris proqramının dəyişməsi ilə əlaqədar olan dərs yükünün kəskin surətdə azalması və bu səbəbdən ştatının ixtisar olması səbəbindən növbəti dəfə başqa işə keçirilməsi təklif olundu. İddiaçı orta aylıq əmək haqqı saxlanılmaqla UNEC-in İnsan resursları şöbəsində böyük mütəxəssis vəzifəsinə keçirilməsi təklif olundu. Eyni zamanda onun pedaqoji fəaliyyətinin davam etdirilməsi istəyini nəzərə alaraq, UNEC nəzdində Maliyyə kollecində əvəzçiliklə müəllim işləməsi üçün də şərait yaradılması bildirildi. İddiaçı cavab olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə rektor prof.Ə.Muradov tərəfindən şəxsən qəbul olunmağına və İnsan resursları şöbəsində işlə təmin olunması təklifinə baxmayaraq, nə rektorun, nə də bu günkü təklifləri qəbul etmək niyyətində deyil və mövqeyi dəyişilməzdir. İş üzrə Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin xx.xx.2022-ci il tarixli 67 saylı protokolundan çıxarışın surətindən görünür ki, “Maliyyə və audit” (əvvəlki adı “Maliyyə və maliyyə institutları”) kafedrasının müəllimi İddiaçı nə rektorun, nə də bu günkü ona təklif olunan təklifləri təkidlə qəbul etmədiyi üçün İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə UNEC Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilməsi qərara alınmışdır. İş üzrə Cavabdeh 982/3/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, yeni təhsil standartlarına keçidlə əlaqədar ayrı-ayrı ixtisaslar üzrə cari tədris ilində dərs yüklərində azalmalar baş vermişdir. Belə ki, 2014-cü ildə qəbul edilmiş Təhsil Standartlarında “Maliyyə”, “Bank işi”, “Vergilər və vergitutma” və bu kimi fənlər bütün ixtisaslarda tədris olunduğu halda, 2020-ci ildə qəbul olunmuş Təhsil Standartında bu fənlərin digər ixtisaslarda tədrisi nəzərdə tutulmamışdır. Bu səbəbdən keçmiş adı “Maliyyə və maliyyə institutları” olan, “Maliyyə və audit” kafedrasında 2022/2023-cü tədris ilində professor-müəllim heyəti üçün nəzərdə tutulan Maliyyə ixtisas proqramına aid aktiv dərs yükləri əvvəlki tədris ilinə nisbətən (2021/2022-ci tədris ilində 10878 saat, cari tədris ilində isə 7420 saat) 3458 saat azalmışdır. UNEC-də dərs yüklərinin obyektiv və ədalətli bölgüsünü həyata keçirmək məqsədi ilə “UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymsətləndirilməsinə əsaslanan Differensial əməkhaqqı sistemi”ndn istifadə edilir. Belə ki, dərs yüklərinin bölgüsü həmin sistemdə digər kafedralarda olduğu kimi “Maliyyə və audit” kafedrasında da professor-müəllim heyətinin son beş ilində reytinq siyahısında yuxarıdan aşağı müvafiq yerləri tutmuş müəllimlərə üstünlük verilməklə həyata keçirilmişdir. Nəticədə 3 nəfər müəllim tam ştatdan 0,75 ştata, 1 nəfər tam ştatdan 0,5 ştata keçirilmiş, həmin reytinq sırasında kafedra üzrə sonunxu yerləri tutmuş baş müəllim, i.e.n.X1 və müəllimsə İddiaçı dərs yükü ilə təmin edilməsi mümkün olmamışdır. “Maliyyə və audit” kafedrasının xx.xx.2022-ci il tarixli iclasında kafedranın bütün əməkdaşları ilə yanaşı M.T.Babayev və İddiaçı təsdiq edilmiş dərs yükləri və yaranmış vəziyyət barədə məlumatlandırılmışlar. Növbəti əmək məzuniyyətindən işə qayıtdıqdan sonra 07-08 sentyabr 2022-ci il tarixlərində ardıcıllıqla M.T.Babayev və İddiaçı ştatlarının ixtisara düşmələri barədə bir daha məlumat verilmiş və onların sosial vəziyyətlərini nəzərə alaraq əmək haqları əvvəlki məbləğdə saxlanılmaqla, başqa işə keçirmələri təklif edilmişdir. Hhər ikisi təklif olunmuş vəzifələrə keçməkdən imtina etmişlər, lakin M.T.Babayev xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş və o, əmək haqqı saxlanılmaqla Təcrübənin təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə bir neçə dəfə görüşlər keçirilmiş, lakin o, əmək haqqı əvvəlki həcmdə saxlanılmaqla UNEC-in İnsan resursları şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi barədə təklifdən imtina etmişdir. Onun pedaqoji fəaliyyətinin davam etdirilməi istəyini nəzərə alaraq UNEC-in nəzdində Maliyyə- İqtisad Kollecində müəllim kimi işlə təmin olunması, hətta UNEC-in İnsan resursları şöbəsində işləməklə yanaşı eyni zamanda UNEC-in nəzdində Maliyyə-İqtisad Kollecində əvəzçiliklə müəllim kimi işləməsi üçün şərait yaradılacağı təklifindən də imtina etmişdir. İddiaçı rektor tərəfindən şəxsən qəbul olunması və həmin görüşdə də başqa işlə təmin olunması barədə təklifin təkrarlanmasına baxmayaraq, bbu təklifləri qəbul etmək niyyətində olmadığını və mövqeyinin dəyişilməyəcəyini bildirmişdir. Yuxarıda qeyd olunanlar ilə bağlı tədris üzrə prorektorun təqdimatını və UNEC-in Həmkarlar İttifaqı Komitəsinin razılığını nəzərə alaraq xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci madəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən “Maliyyə və audit” kafedrasından 1 “Müəllim” ştatı ləğv edilməsi, “Maliyyə və audit” kafedrasının müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinəti, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr hesabına istifadə edilməmiş əmək məzuniyyətinə görə ona 12 təqvim günü kompensasiya və son haqq-hesabın ödənilməsi əmr edilmişdir. Əmrin əsası kimi tədris üzrə prorektor i.f.d. G.C.Musayevin təqdimatı, insan resursları şöbəsinin müdiri N.Ə.Qəhrəmanovun xidməti məlumatı, UNEC-in Həmkarlar İttifaqı Komitəsinin razılığı, “Maliyyə və audit” kafedrasının xx.xx.2022-ci il tarixli iclasının protokolundan çıxarış və ixtisarla bağlı tərtib olunmuş aktlar göstərilmişdir. İş üzrə Cavabdeh tədris üzrə prorektor i.f.d.Gəray Musayev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 982/3/2022 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən və mövcud qanunvericiliyin tələblərinə riayət etməklə İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda bildirirlər ki, İddiaçı xx.xx.2021-ci il tarixli 84/3/2021 nömrəli və xx.xx.2022-ci il tarixli 237/3/2022 nömrəli əmrlərlə sonuncu xəbərdarlıqla şiddətli töhmətlərin verilməsi haqqında əmrlərin ləğvi tələbi əsassızdır. Odur ki, Mediasiya prosesində iştiraklarını məqsədəmüvafiq hesab etmirlər. İş üzrə Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı şiddətli töhmət ilə bağlı əmrlərin ləğvi tələbi üzrə xx.xx.2024-cü il tarixdə, saat 14.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdehndə “Maliyyə və audit” (əvvəlki adı “Maliyyə və maliyyə institutları”) kafedrasının müəllim vəzifəsində işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı distant, qiyabi və əlavə təhsil mərkəzinin 2448/4 və 2452 nömrəli birləşmiş qruplarında “Vergi və vergiqoyma” fənnindən dərsə hazırlıqsız girməsinə, keyfiyyətsiz dərs keçməsinə, tələbələrin suallarını cavablandıra bilmədiyinə, həmçinin iddiaçı başqa qruplarda onlayn dərsləri kamera görüntüsü olmadan keçməsinə, tələbələrin qiymətləndirilməsini aparmamasına və bəzi hallarda elektron jurnalı aktivləşdirməyərək səhvlərə yol verməsinə görə Cavabdeh xx.xx.2021-ci il tarixli 84/3/2021 saylı əmri ilə iddiaçı barəsində intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı “İqtisadiyyat” fakültəsinin 154-cü qrup tələbələrinin elektron jurnalda qiymətləndirilməsini düzgün aparmamasına və müəllim kabinetinin məxfiliyini qoruyub saxlamadığına görə sistemə kənar müdaxilə olunmasına, habelə dərsləri davamlı olaraq keyfiyyətsiz aparmaqla tələbələrin haqlı narazılığına səbəb olmasına, müəllim-tələbə münasibətlərində kobud səhvlərə yol verilməsinə görə Cavabdeh xx.xx.2022-ci il tarixli 237/3/2022 saylı əmri ilə iddiaçı barəsində intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 982/3/2022 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh intizam tənbehinin verilməsi barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrləri qəbul edərkən onun əmək hüquqlarını pozmuşdur. O, Universitetdə 2000-ci ildən 2022-ci ilə kimi işlədiyi müddətdə heç bir tələbədən heç nə istəməmişdir, müəllimliyini zədələyən və ləkələyən addım atmamışdır. Yalan məlumatlara görə o, 22 ildən çox fəaliyyət göstərdiyi iş yerində əmək müqaviləsinə xitam verilmişdir. Artıq o, bir ildən çoxdur ki, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Eyni Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göstərilən Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cu maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Həmin Məcəllənin 190-cı maddəsinin 3-cü hissəsinə görə işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya intizam tənbehi verilərkən işəgötürən tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmamış, verilmiş töhmət tamamilə əsaslı olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya intizam tənbehi kimi şiddətli töhmət verilməsinin əsası kimi onun dərsə hazırlıqsız gəlməsi, keyfiyyətsiz dərs keçməsi və tələbələrin sualların cavablandıra bilməməsi, bunun tələbələrin haqlı narazılığına səbəbi olması göstərilmiş və bu hallara dair Tələbə işləri üzrə prorektor S.T.Qəndilovanın təqdimatı, UNEC-in İntizam Komissiyasının xx.xx.2021-ci il tarixli protokolu əsas götürülmüşdür. Eyni zamanda xx.xx.2022-ci il tarixdə iddiaçıya intizam tənbehi kimi şiddətli töhmət verilməsinin əsası kimi elektron jurnalda tələbələrin qiymətləndirilməsinin düzgün aparılmaması və müəllim kabinetinin məxfiliyinin qorunub saxlamadığına görə sistemə kənar müdaxilənin olunması, dərsləri davamlı olaraq keyfiyyətsiz aparmaqla tələbələrin haqlı narazılığına səbəb olması göstərilmiş və bu hallara dair tələbə işləri üzrə prorektor S.T.Qəndilovanın təqdimatı əsas götürülmüşdür. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilatın rəhbərliyi tərəfindən iddiaçıya verilmiş intizam tənbehləri tamamilə əsaslı olduğuna görə onların ləğv olunması üçün heç bir əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən intizam tənbehləri verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, həmçinin intizam tənbehlərinin verilməsindən sonra 6 ay müddət keçdiyindən, yəni həmin intizam tənbehləri artıq qüvvədən düşdüyündən, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi intizam tənbehinin verilməsi barədə əmrin ləğvi ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrlər qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmriləri qəbul edildikdən sonra o, Mediasiya təşkilatına xx.xx.2024-cü il tarixdə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir və ilkin medasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/14/2024-00113 saylı arayışı əldə etmişdir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Məhkəmə iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməsini və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, onun xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrlərinin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar