Məhkəmə qərarları › İş №2(009)-947/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-947/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-947/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 17 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və eyni zamanda qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, X3 ilə (kirayə götürən) Bakı şəhəri Evlər İdarəsi (kirayə verən) arasında bağlanmış müqaviləyə əsasən Zamkovskaya küçəsində yerləşən 17 sayli ev X1 istifadəsinə verilmişdir. Sözü gedən küçənin adı sonradan dəyişdirilmiş və Qəsr küçəsi adlandırılmışdır. X3 rəhmətə gedənədək ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Hal hazırda isə o, X13 (X1 arvadı) övladları və nəvələri ilə həmin ünvanda yaşayırlar. Lakin mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və X8 faktiki olaraq Türkiyədə yaşayırlar. Hətta qeyri rəsmi məlumata görə hər ikisi Türkiyə vətəndaşıdır. Belə ki, evdə qeydiyyatda olan X2 (cavabdeh X9 anası, Cavabdeh2 isə nənəsi) ölüm haqqında sənədlərdən müəyyən olunur ki, 19.11.1941-ci il təvəllüdlü X7 01.02.2020-ci il tarixdə rəhmətə getmiş, həmən tarixədək Türkiyə Cümhuriyyətində yaşamış və Türkiyə Cümhüriyyəti vətəndaşı olmaqla özünə Duman soyadı götürmüşdür (T.C. kimlik № **********6). Belə olan təqdirdə rəhmətə gedənin qızı və nəvəsin də (cavabdehlərin) Türkiyə Cümhuriyyəti vətəndaşları olması daha həqiqətə uyğundur. Cavabdeh1 90-cı illərin ortasında Türkiyə vətəndaşı ilə ailə qurmaq üçün daimi əsaslarla Türkiyə Cümhuriyyətinə köçmüş və həmin vaxtdan Türkiyədə yaşayır. O köçərkən özü ilə oğlu Cavabdeh2 aparmışdır. Belə ki, həmin vaxtan etibarən hər iki cavabdehin qeydiyyatı yalnız formal olaraq yaşadığı ünvanda qalmışdır, faktiki isə onlar daimi əsaslarla həmin ünvandan köçmüşlər. Bu barədə Dövlət Sərhəd Xidmətinə onun tərəfindən sorğu verilmiş, lakin sorğuya cavab olaraq bildirilmişdir ki, yalnız məhkəmənin sorğusu əsasında cavab verilə bilər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədir və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Bununla da 90-cı illərin ortasında daimi əsaslarla qeydiyyatda olduqları yaşayış sahəsini tərk edən cavabdehlər mənzildən istifadə hüquqlarını itirmişlər. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və izahat verərək bildirdi ki, cavabdehlərin hər ikisi onun qohumudur. Belə ki, Cavabdeh1 ögəy baldızı (ərinin ögəy bacısı) X2 doğma qızıdır və Cavabdeh2 isə Məqrurənin oğludur. O, 1980-ci ildə bu evə gəlin köçüb orada qaynanası və həyat yoldaşı ilə birlikdə yaşamışdır. Baldızı və onun övladları mübahisəli mənzildə qeydiyyata düşsələr də, orada yaşamamışlar. Onların harada yaşamaları barədə məlumatı yoxdur, deyilənə görə Zabratda yaşayıblar. Sonra baldızı X7 yaşamaq üçün Türkiyə Respublikasına köçmüş və 01.02.2020-ci il tarixdə orada ölmüşdür. Cavabdehlər onun eşitdiyinə görə uzun müddətdir ki, Türkiyə Respublikasına köçmüşlər və orada yaşayırlar. Həmin şəxslərlə onun və mərhum həyat yoldaşının heç bir əlaqəsi olmamışdır. Cavabdehlərin ölkə ərazisini tərk etmələri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin arayışında öz təsdiqini tapır. O, həmin ünvanda uşaqları və nəvələri ilə qalır və istəyi evi özəlləşdirməkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 anası və qardaşıdır. İddiaçı mübahisəli mənzilə gəlin köçməmişdən əvvəl onun anası və nənəsi həmin evdə yaşamışlar. Anası və atası 1990-cı illərdə ailə həyatı qurub, qardaşı iş üzrə cavabdeh X8 1997-ci ildə anadan olduqdan 20 gün sonra ailələri ilə birlikdə Türkiyə Respublikasına müvəqqəti olaraq getmişlər. Daha sonra 2001-ci ildə Azərbaycan Respublikasına geri qayıtmışlar, həmin vaxtdan 2010-cu ilə kimi Bakıda yaşayıblar, anası Məqrurə 2010-cu il tarixdə Türkiyəyə getmiş, 2017-ci ildə isə qardaşı Barqiran anasının yanına getmişdir. O özü isə davamlı şəkildə Türkiyəyə gedib-gəlmişdir. Lakin onlar daimi olaraq köçüb getməmişlər. Anası Məqrurənin 2010-cu ildən bu günədək gəlməməsinin səbəbi nənəsinin Türkiyədə vəfat etməsi, atasının müxtəlif vaxtlarda dörd dəfə ürək əməliyyatı keçirməsi, eləcə də, onun özünun ürək əməliyyatı keçirməsi olmuşdur. Pandemiya ilə əlaqədar son iki ildə Azərbaycan Respublikasına gələ bilməmişlər. Onlar Turkiyədə kirayədə yaşayırlar. O hal-hazırda mübahisəli mənzildə qeydiyyatdadır və orada yaşayır. Mübahisəli ünvanda onların yaşadığı və iddiaçının yaşadığı mənzillər girişləri ayrı olan iki müstəqil mənzillərdən ibarətdir və onların mənzilinin iddiaçıya heç bir aidiyyatı yoxdur. Kommunal xərclər onlar tərəfindən hal-hazıradək internet vasitəsilə Türkiyədən ödənilmişdir. Məhkəmə işə baxıb, iddiaçının numayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İşdə olan İ-İU 289187 nömrəli, 18.10.1980-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X14 18 oktyabr 1980-cı ildə nikahları bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Bakşiyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 861006 nömrəli, 05.12.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 30 noyabr 2017-ci ildə ölmüşdür. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 26.11.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01.11.2003-cü il tarixdən ünvan 1 ünvanda Cavabdeh1, X7, Cavabdeh2, X10, X11, X5, X12 və X6 qeydiyyatdadırlar. İş materiallarında olan 21.07.1992-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, Zamkovskaya küçəsində yerləşən sahəsi 40,5 kv.m. olan 3 otaqlı 17 sayli ev 14 nəfər ailə üzvü ilə kirayəçi X1 istifadəsinə verilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 33/1368 saylı, 24.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 21.02.2010-cu il tarixdə Gürcüstan istiqamətində və Cavabdeh2 10.08.2017-ci il tarixdə Türkiyə istiqamətində sonuncu dəfə dövlət sərhədini keçmişlər. Təqdim olunmuş İçərişəhər Mənzil-kommunal və təmir Xidməti idarəsinin i-01/05/47 saylı, 24.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yaşamırlar. Cavabdeh1 02.08.1991-ci il tarixdən, Cavabdeh2 xx.xx.1997-ci il tarixindən bu günədək həmin ünvanda pasport qeydiyyatındadırlar. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsində sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, kirayəçinin və ya onun ailə üzvləriərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olundu ki, ünvan 2 ünvanında iddiaçının və cavabdehlərin yaşadıqları mənzillər bir-birindən təcrid olunmuş müstəqil mənzillərdir. İddia tələbində və məhkəmə iclasında iddiaçı cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmamasını onların həmin mənzildə formal qeydiyyatda olmaları və həmin ünvan üzrə ümumiyyətlə yaşamamaları ilə əsaslandırsa da, məhkəmə iclasında sübutların tədqiqi, cavabdehlərin ailə üzvü olan şahidin ifadəsi ilə cavabdehlərin həmin ünvanda yaşamaları, müvəqqəti olaraq Türkiyə Respublikasına getmələri, cavabdehlərin Azərbaycan Respublikasının vətəndaşları olması, öz yaşayış yerlərini həmişəlik tərk etmək niyyətində olmadıqları öz təsdiqini tapdı. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassızdır və ona görə də, təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar