Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-947/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh MMC-yə qarşı «əmlakdan çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 24 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı «əmlakdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 943,8 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsinin Xəqani küçəsi 91 ünvanında yerləşən “B” tikilisindən çıxarılması və qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 943,8 kv.metr sahədən ibarət olan əmlak kompleksi onun mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin Xəqani küçəsi 91 ünvanında yerləşən “B” tikilisinin 1, 5, 10 nsaylı sahələrindən ibarət olan 172,7 kv.metr sahəsi cavabdehin qanunsuz istifadəsindədir. Cavabdeh həmin sahədə avtomobillərə xidmət fəaliyyəti ilə məşğuldur. Halbuki cavabdeh ilə iddiaçı arasında icarə müqaviləsi bağlanmamış və heç vaxt cavabdeh tərəfindən icarə haqqı ödənilməmişdir. Cavabdehə əmlakın könüllü surətdə boşaldılması xahiş olunsa da, cavabdeh buna məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 943,8 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə **********70-12301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 19 nömrəli reyestr kitabında 1836 nömrəli vərəqdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 943,8 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin Xəqani küçəsi 91 ünvanında yerləşən “B” tikilisi İddiaçı xüsusi mülkiyyətidir. Cavabdeh ASC iddiaçıya məxsus əmlaka hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yerləşməklə, həmin əmlakdan istifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə hesab edir ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabehin ona məxsus əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC ünvan 1 ünvanında yerləşən 943,8 kv.metr sahədən ibarət olan qeyriyaşayış sahəsinin Xəqani küçəsi 91 ünvanında yerləşən “B” tikilisindən çıxarılsın və qeyriyaşayış sahəsi İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-947/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-947/2023
24.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver