Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-962/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış-istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə dair yaşayış-istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil, onun xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Cavabdeh iddiaçının keçmiş arvadıdır. O, 10 ildir göstərilən ünvanda yaşamır. Cavabdeh hazırda X3 adlı şəxslə evlidir və hazırda İsveç Krallığında yaşayır. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması onun mənzil üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olumasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, tərəflərin nikahı pozulduqdan sonra cavabdeh İran İslam Respublikasının vətəndaşı ilə nikaha daxil olmuşdur və 10 il müddətinə yaxın olar ki, İsveç Krallığında əri ilə birlikdə yaşayır. Məhkəməyə təqdim edilmiş cavabdehin və onun nikdahda olduğu şəxsin şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərə nəzər yetirəndə də görünür ki, cavabdeh X3 adlı şəxslə nikahdadır. Belə ki, İsveç Krallığının qanunvericiliyinə əsasən şəxsin şəxsiyyətini təsdiq edən sənəddə qeyd olunmuş 4 rəqəmli kod onun nikahda olduğunu təsdiq edir. Məhkəmə cavabdeh Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin 149 saylı MKİS-nin məktubu ilə cavabdehin həmin ünvanda yaşamadığı qeyd edilərək geri qaytarılmışdır. Ona görə də, məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil xüsusi mülkiyyəti kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-1087/2014 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə ilə tərəflərin 1990-cı il tarixdə nikaha girdikləri və xx xxxxxxxx 2010-cu il tarixdə nikahlarının pozulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Cavabdeh ünvan 1 ünvanında yerləşən 26 saylı mənzildə yaşamadığı və hazırda başqa bir şəxslə nikahda olduğu iddiaçının izahatı ilə yanaşı işin digər sübutları ilə tam təsdiq olundu. İddiaçının izahatından və iş materiallarından aydın olur ki, cavabdeh mübahisəli ünvanda formal olaraq qeydiyyatda olmaqla 10 ildən artıq müddətdir ki orada yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. İşin hallarından göründüyü kimi, cavabdeh ölkə xaricində məskunlaşmaqla mübahisəli mənzildə yaşamır. Cavabdehin sözügedən mənzildə qeydiyyatda qalmağı formal xarakter daşıyır. Belə ki, cavabdeh nikaha daxil olaraq özü üçün yeni mənzil əldə etmiş, öz mənzilində məskunlaşmış və bununla da mülkiyyətçiyə məxsus sözügedən yaşayış sahəsindən istifadə əsasları aradan qalxmışdır Beləliklə, məhkəmə iclasında müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və iddiaçının keçmiş arvadı olan cavabdeh Kandaurova iddiaçı ilə nikaha daxil olduqdan sonra bu mənzilə pasport qeydiyyatına alınmış, lakin 2010-cu il tarixdə tərəflər arasında olan nikah pozulmuş və bundan sonra cavabdeh başqa şəxs ilə nikaha daxil olaraq sözügedən mənzili tərk etmiş və başqa yaşayış sahəsinə köçmüşdür. Bununla da qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh həmin mənzilə olan istifadə hüquqlarını itirmişdir və hazırda onun həmin mənzildə formal olaraq qeydiyyatda qalması, iddiaçının bilavasitə mülkiyyətində olan əmlakdan istifadəsinə maneə törətməklə yanaşı, axırınıcının əmlak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Belə olan halda Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə istifadə hüquqlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada itirilməsi müəyyən edilməklə yaşayış yeri üzrə cavabdehin qeydiyyatının ləğv edilməsinə əsas olan məhkəmə aktı qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» x xxxxx 1996-cı il il tarixli, 55-İQ nömrəli Qanuna əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 26 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-962/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-962/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver