Məhkəmə qərarları › İş №2(009)-963/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-963/2021

31.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-963/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı – cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və ziyan” tələblərinə dair mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və ziyan” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunma barədə əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının və dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi 500 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiacı cavabdeh təşkilatda 2020-2021ci il üçün 1 illik əmək müqaviləsi əsasında 0,5 əvəzləyici müəllim kimi fəaliyyətə başlamışdır. O, dərslərin tam aktivliyinə nail olmuşdur. Lakin kollec rəhbərliyi iddiaçının dərslərdə yazığı balları əsas götürərək onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Belə ki, ona işlədiyi zaman kollec rəhbərliyi dərslərinə daxil olaraq nəzarət etmişdir. Kollec rəhbərliyi bu məsələ ilə bağlı bu məsələ ilə bağlı iddiaçıdan və tələbələrdən heç bir izahat almadan təqdimat yazmış və əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək fəaliyyətində tələbələrə qarşı heç bir qeyri-etik hərəkət etməmiş, onlardan rüşvət istəməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyib, etiraz edərək, iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Maliyyə-İqtisad Kollecinə 0,5 ştat vahidi üzrə əvəzçiliklə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Maliyyə-İqtisad Kollecinin xx.xx.2021-ci il tarixli K-06 №-li əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndini əsas tutaraq (özünün əmək funksiyasını yerinə yetirmədiyinə görə) xx.xx.2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Kollecin direktor müavini M.A.Muradov tərəfindən verilmiş təqdimatda qeyd edilmişdir ki, İddiaçı cari qiymətləndirmə zamanı obyektivliyi pozmuş, bütün tələbələrə 10 bal yazmış və nəticədə tələblərin biliyinin qiymətləndirilməsinə dair normaları kobudcasına pozmuşdur. Azərbaycan X2 Komissiyasının xx.xx.2021-ci il tarixdə onlayn formatda keçirilən 3 №li protokolundan çıxarışda qeyd edilmişdir ki, İddiaçı cari qiymətləndirmə zamanı obyektivliyi pozmuş və öz üzərinə düşən əmək funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi məqsədəuyğun hesab edilir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il Azərbaycan Maliyyə-İqtisad Kollecinə 0,5 ştat vahidi üzrə əvəzçiliklə müəllim vəzifəsinə təyin edilmiş, işlədiyi müddət ərzində onun barəsində hər hansı inzibati tənbeh növü seçilməmişdir. Azərbaycan Maliyyə-İqtisad Kollecinin xx.xx.2021-ci il il tarixli əmri ilə onunla bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi əsasında (özünün əmək funksiyasını yerinə yetirmədiyinə görə) xx.xx.2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə əsas kimi iddiaçının özünün əmək funksiyasını yerinə yetirmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəftqdən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətldəndirən halları dəqiq şəkildə müəyyən edir. Cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, iddiaçının işdən çıxarılmasına əsas təqdimatlar və intizam komissiyasının onlayn formatda keçirilən iclası olmuşdur. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və həmin hallardan biri bu maddənin «e» bəndində əks olunmuş hallar - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmasıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən «əmək funksiyasını yerinə yetirməməsi» əsasının qanuni hesab edilə bilməsi üçün, qeyd olunan bu halın cavabdeh müəssisədə mənfı nəticələr (yəni iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Digər tərəfdən hüquq pozuntusunun əsas fərqləndirici əlamətlərindən biri hüquq pozuntusu törədən şəxs tərəfindən fiziki vəya hüquqi şəxsə vurulan zərərin olmasıdır. Törədilmiş hüquq pozuntusu ilə meydana çıxmış zərərli nəticələr arasında səbəbli əlaqənin olması vacibdir. Məhz sadalanan halların baş verməsi, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi. Digər tərəfdən məhkəmə qeyd edir ki, işçinin kobud səhvləri və ya özünün əmək funksiyasını yerinə yetirməməsi hər hansı sübutla təsdiq olunmalıdır. Məhkəməyə təqdim edilmiş təqdimatlara gəldikdə isə məhkəmə qeyd edir ki, həmin təqdimatlar işçi tərəfindən hər hansı hüquq pozuntusunun olmasını təsdiq etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, AR Əmək Məcəlləsinin 186-cı maddəsi əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətləri müəyyən etmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən işlədiyi müddət ərzində hər hansı intizam tənbehi almamış işçiyə heç bir xəbərdarılq və ya töhmət verilmədən birbaşa ən ciddi tənbeh növünün, yəni əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsinin seçilməsi ədalətli hesab edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək funksiyalarının lazımı qaydada həyata keçirməməsi və əmək fəaliyyəti zamanı yol verdiyi səhvləri nəticəsində cavabdehin mənafeyinə hər hansı ziyan vurulması halı öz təsdiqini tapmadığından, bank tərəfindən iddiaçı ilə bağalnılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmr qanuni hesab edilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin maddi və mənəvi ziyana görə cavabdehdən 500 manat pul vəsaitinin tutulması hissəsini əsassız hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan X1 Pərviz Hacı oğlu ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx xxxxxx 2021-ci il tarixli K-06 saylı əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar