Məhkəmə qərarları › İş №2(009)-970/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-970/2020

04.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-970/2020 04.06.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, 21 saylı evin, 16 saylı mənzilinə olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarının itirilmiş hesab edilərək istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin qeydiyyatda olduğları ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Mənzilə mülkiyyət hüququnu təsdiq edən Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən vaxtilə dövlət reyestrindən MH seriyalı, 164209 nömrəli, xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsi onun adına verilmişdir. Cavabdehlər onun qardaşı (Cavabdeh2), onun qızı (Cavabdeh3 Əmiraslanova) və oğludur (Cavabdeh1). Qardaşı və onun ailə üzvləri müvəqqəti olaraq ona məxsus mənzilə qeydiyyata düşmüşlər. Onlar qeydiyyata düşəndə bunun müvəqqəti olacağını, tezliklə könüllü şəkildə mənzilindən qeydiyyatdan çıxacaqlarını bildirmişlər. Heç vaxt mənzilində yaşamamışlar. Lakin sonradan cavabdehlərdən mənzilindən qeydiyyatdan çıxmaqlarını xahiş etsə də onlara məxsus və yaşadıqları yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilmədikləri üçün qeydiyyatdan çıxa bilmədiklərini qeyd etmişlər. Beləliklə, cavabdehlərin mənzilində yaşamadıqlarına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar. Bu da mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bu səbəbdən hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzilə olan istifadə hüquqlarına xitam edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər hər biri ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsinə, onların həmin mənzilə istifadə hüquqlarına xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Faktiki olaraq həmin ünvanda yaşamadıqlarını qeyd etmişlər. İş materiallarında olan DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, 21 saylı evin, 16 saylı mənzilində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş MH seriyalı, 164209 nömrəli, xx.xx.1999-cu il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, 21 saylı evin, 16 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, cavabdehlərə qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratdığından cavabdehlərin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, qeydiyyatdan çıxarılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə olan halda, məhkəmə, cavabdehlərin adı çəkilən evə hər hansı əşya hüququnun olmadığını, eləcə də onun faktiki olaraq həmin ünvanda yaşamamasını nəzərə alaraq hesab edir ki, cavabdehin qeydiyyatı formal xarakter daşıyır, onun həmin yaşayış evindən istifadə hüququ yoxdur. Avropa Məhkəməsinin mövqeyini də nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş mülkiyyət hüququnun tərkibinə daxil olan sərəncam hüququnun müəyyən məhdudiyyətlərlə həyata keçirməsi həmin hüququn “nəzəri və xəyali” xarakter daşımasına səbəb olacaqdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələri məhz “səmərəli və praktiki” xarakter daşıyan mülkiyyət hüququna təminat verir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyatdan çıxarılma əsasları müəyyən edilmiş, həmin əsaslardan biri kimi isə şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin olması halı göstərilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, 21 saylı evin, 16 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, ev 21, 16 saylı mənzilə istifadə hüququna xitam verilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, ev 21, 16 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar