Məhkəmə qərarları › İş №2(009)-974/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-974/2020

31.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-974/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X10, üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili X11 üçüncü şəxs Cavabdeh2 iştirakları ilə İddiaçı üçüncü şəxslər qismində Cavabdeh2 və Cavabdeh3 cəlb edilməklə Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı üçüncü şəxslər qismində Cavabdeh2 və Cavabdeh3 cəlb edilməklə Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, İsmayıllı rayonu, Tircan kəndində pasport qeydiyyatəndadır. O, xx xxxxx 2019-cu il tarixdə Cavabdeh2 ilə daşınmaz əmlak üzrə fərdi müqavilə bağlayaraq, ünvan 1 ünvanında yerləşən mənzili 27500 manat ödəməklə satın almışdır. Həmçinin mənzili alarkən Cavabdeh2 daşınmaz əmlak üzrə fərdi müqaviləsində razılıq qeydi yazaraq göstərmişdir ki, o özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 19 saylı evi 27500 manata ona satmış, 20000 manatı nağd almış, qalan 7500 manat məbləğində pulu isə 2 (iki) ay ərzində ödəməyi barədə razılaşmışlar. Həmçinin Cavabdeh2 müqavilədə qeyd etmişdir ki, evi satması barədə ailə üzvlərinin xəbəri var, evin satılması ilə əlaqədar hüquqi mübahisə olarsa cavab verməyə hazırdır və həmin ərizəni öz imzası ilə təsdiq etmişdir. İddiaçı mənzili alandan sonra “Azəriqaz” İB ilə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-alqı satqısı barədə müqavilə bağlamışdır. Həmçinin eyni qaydada “xxxxxxxx” ASC və “xxxxxx” ASC ilə də müvafiq müqavilələr bağlamışdır. Lakin evi aldıqdan bir müddət sonra Cavabdeh2 qohumu, yəni keçmiş ərinin bacısı Cavabdeh3 qanunsuz olaraq onun evinə soxulmuş və Cavabdeh2 ona borcu olduğunu bildirərək həmin evdən pulu ödənilənə kimi çıxmayacağını bildirmişdir. Belə ki, 1993-cü ildə Məmmədova X5 Elşad Firuddin oğlu ilə rəsmi qaydada nikaha daxil olub Gəncə şəhərinə yaşamağa köçmüşdür. 1998-ci ildə Elşad Süleymanovla birlikdə Gəncə şəhərindən Bakı şəhərinə köçüb, Səbail rayonu, Bayıl qəsəbəsində müxtəlif ünvanlarda kirayə yaşamağa başlamışdır. Bir neçə il ərzində Cavabdeh2 E.Süleymanovla birlikdə müxtəlif ünvanlarda yaşadıqdan sonra sonuncu xx.xx.2004-cü il tarixdə X9 şəhərinə çıxıb getmişdir. Cavabdeh2 E.Süleymanovla birlikdə yaşadığı dövr ərzində sonuncu müxtəlif şəxslərdən ümumilikdə 17.000 manat məbəlğində borc pul almışdır. Lakin E.Süleymanov borcunu qaytarmadan Azərbaycan Respublikasının hüdudlarından kanara çıxıb getmişdir. Həmin şəxslər Cavabdeh2 tanıdıqları üçün Elşad Süleymanovun borcunu bir həyat yoldaşı kimi ondan tələb etmişdirlər. Cavabdeh2 keçmiş həyat yoldaşı E.X1 hissə-hissə ümumilikdə 8.000 ABŞ dolları məbləğini göndərmiş və o, həmin məbləği sonuncunun borclarına qaytarmışdır. Bundan başqa Cavabdeh2 müxtəlif yerlərdə çalışaraq E.Süleymanovun qalan borcunu həmin şəxslərə qaytarmışdır. E.X3 2004-cü ildə köçdükdən sonra Cavabdeh2 2005-ci ilin noyabr avında özünə məxsus olan 4.000 ABŞ dolları müqabilində ünvan 3 saylı ünvanda yerləşən torpaq sahəsini almışdır. Bundan sonra, orada öz vəsaiti və qohumlarının köməyi ilə bir otaqlı kürsülü ev inşa etdirmişdir. Cavabdeh2 istintaqa verdiyi ifadəsində də bildirmişdir ki, yuxarıda qeyd olunan Gülbala Əliyev küçəsi 19 saylı ünvanda yerləşən torpaq sahəsinin alınmasında və bir otaqlı evin tikilməsində keçmiş həyat yoldaşı E.Süleymanovun heç bir aidiyyatı olmamışdır. E.Süleymanovla ayn-ayrı ünvanlarda yaşamaqlarına baxmayaraq, sonuncu telefon zəngləri vasitəsi ilə və ara bir Bakı şəhərinə gəldikdə Cavabdeh2 narahat etdiyi üçün o, Səbail rayon məhkəməsinə rəsmi nikahlarının pozulması barədə müraciət etmişdir. xx.xx.2010-cu il tarixli Səbail rayon məhkəməsinin qərarı ilə keçmiş Cavabdeh2 həyat yoldaşı E. Süleymanovdan rəsmi qaydada boşanmışdır. Bir müddət keçdikdən sonra 2019-cu ilin iyul ayında Cavabdeh2 keçmiş həyat yoldaşı E.Süleymanovun bacısı Cavabdeh3 və oğlu X18 Məmmədovaın İddiaçı satdığı Gülbala Əliyev küçəsi 19 saylı ünvanda yerləşən evin qıfıllarını sındıraraq oraya daxil olmuşlar. Mətanət bunu onunla izah etmişdir ki, qardaşı E.Süleymanov ona notarial qaydada etibarnamə vermiş və həmin etibarnaməyə əsasən o, qardaşı Elşada məxsus evə daxil olmuşdur. Bundan başqa, Cavabdeh3 İddiaçı bildirmişdir ki, Cavabdeh2 həmin ünvanda yerləşən torpaq sahəsini onun qardaşı E.Süleymanovla bir nikahda olan zaman almış və həmin ev Elşadın pulu ilə tikilmişdir. Bu səbəbdən də, həmin evin satışından əldə etdiyi pulun yarısını Mətanət Cavabdeh2 tələb etməyə başlamışdır. Bundan başqa Mətanət ona bildirmişdir ki, həmin evin satışından əldə olunan pulun yarısını ona verdikdən sonra Gülbala Əliyev küçəsi 19 saylı ünvanda yerləşən evdən çıxıb gedəcəkdir. Hazırki iddia ərizəsi üzrə üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh3, onun mülkiyyətində olan, Cavabdeh2 ona satmış olduğu ünvan 4 ünvanında yerləşən mənzili qanunsuz olaraq hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh1 satmışdır. Cavabdeh1 isə iddiaçıya məxsus olan mənzildə qanunsuz olaraq tikinti işləri aparır. Dəfələrlə tərəfindən cavabdehə evdən çıxmasını bildirməyinə baxmayaraq, o, evdən çıxmamaqda israrlı olmuşdur və hazıradək həmin mənzildə qanunsuz olaraq yaşayır. Odur ki, Cavabdeh1 onun mülkiyyətində olan ünvan 1 ünvanında mənzildən çıxarılması bərədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş və eləcə də bildirmişdir ki, iddiaçı tərəfindən mübahisəli evi maklerin iştirakı ilə bağladığı müqavilə əsasında almış, bütün kommunal xidmətlərlə əlaqədar müqavilələr iddiaçının adına keçirilmiş, ev alınarkən iddiaçı həmin evin özbaşına tikili olmasından, yəni çıxarışın olmamasından məlumatlı olmuşdur. İddiaçı rayona gedib ev avadanlıqlarını gətirib aldığı evdə yerləşdirmək istəyərkən, ona məxsus evdə cavabdehin yaşadığını müəyyən etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X12 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, cavabdeh ünvan 1 ünvanındakı özbaşına tikilini xx xxxxxx 2020-ci il tarixdə ilkin müqavilə əsasında Cavabdeh3 24200 manata almışdır. Həmin vaxtdan həmin ev cavabdehin faktiki sahibliyinə verilmişdir. Bundan sonra cavabdeh orada əlavə tikililər aparmışdır. Mübahisəli ev özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Hesab edir ki, iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur. Ona görə də, iddianın təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili X17 iddia tələbini qəbul etməyərək, öz izahatında göstərmişdir ki, mübahisəli özbaşına tikili Cavabdeh2 ilə Cavabdeh3 qardaşı Elşadın birgə nikahı dövründə olarkən alınmış və tikilmişdir. Belə ki, Cavabdeh3 qardaşı həmin torpağın alınması və tikilməsi üçün Moskvadan İlhaməyə pul göndərmiş və İlhamə həmin evi tikmişdir. X15 nikahları pozulmuş və İlhamə onlara bildirmişdir ki, ev satılarkən onlara pul verəcəkdir. Bir müddət sonra onlara məlum olmuşdur ki, ev İlhamə tərəfindən satılmışdır. X19 etibarnamə vermişvə həmin evdə orada yaşamasına icazə vermişdir. Bundan sonra Mətanət ilkin müqavilə əsasında mübahisəli evi Cavabdeh1 satmışdır. Mübahisəli ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin ev alqı-satqı müqaviləsinin predmeti ola bilməz və həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi nöqteyi nəzərindən mümkün ola bilməz. Əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur və ona görə də, təmin edilə bilməz. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, Cavabdeh3 qardaşı Elşadla 1993-cü oldə rəsmi nikaha girmiş, 2004-cü ildən isə faktiki ailə münasibətləri pozulmuşdur. Lakin rəsmi boşanma 2010-cu ildə olmuşdur. 2005-ci ildə Səbail rayonu, G.Əliyev küçəsində 19 saylı ünvanda ona bir qadın bir sot yarım torpaq sahəsini satmış, həmin torpağa görə o, 4000 ABŞ dolları pul ödəmiş, sonra özünün və qohumlarının iştirakı ilə orada bir otaqlı ev tikmişdir. Ev tikdikdən sonra ona 19/F saylı nömrə verilmişdir, 19 saylı ünvan isə digər şəxsin mülkiyyətindədir və həmin evin çıxarışı var. Ev tikiləndən sonra kommunal xidmətlərlə bağlı müqavilələr bağlanılmışdır. Ev özbaşına tikilidir və çıxarışı yoxdur. Keçmiş həyat yoldaşı həqiqətən ona Moskvadan pul göndərmişdir. Lakin həmin pullar torpağın alınmasına və evin tikilməsinə deyil, keçmiş həyat yoldaşının borcu olduğu şəxslərə verilmək üçün göndərilmişdir. 2019-cu ilin əvvəllərində tikdiyi həmin evi hazırki İddiaçı satmış və bütün kommunal xidmətlərlə bağlı müqavilələri də onun adına keçirmişdir. Lakin sonradan iddiaçı ona bildirmişdir ki, həmin evə qapını sındıraraq Mətanət daxil olmuş və sonra evi hazırki Cavabdeh1 satmışdır. Hesab edir ki, cavabdeh orada qanunsuz yaşadığı üçün iddia tələbi əsaslıdır. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşdə olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə, İsmayıllı rayon, Tircan kəndində anadan olmuşdur. İşdə olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1987-ci il tarixdə, Cəlilabad şəhərində anadan olmuşdur. İşdə olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əlmak üzrə fərdi müqavilənin kserosurətindən görünür ki, Cavabdeh2 özünə məxsus G.Əliyev küçəsi, ev 19 ünvanında yerləşən ev 27500 manata İddiaçı satmış, 20000 manat verilmiş, tərəflər yerdə qalan 7500 manatın 2 ay müddətində verilməsi barədə razılaşmışlar. İşdə olan xx.xx.2017-ci il tarixli su sayğacının quraşdırılması barədə aktın surətindən görünür ki, abonent Cavabdeh2 G.Əliyev küçəsi, ev 19 ünvanına CS920 markalı su sayğacı quraşdırılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, AKX-00810xx/xx-2019 nömrəli qazın alqı-satqısı müqavilədən görünür ki, İddiaçı G.Əliyev küçəsi, ev 19 ünvanına qaz sayğacı quraşdırılmışdır. İşdə olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-3019/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən ö/t 19/F saylı evdən cavabdehlərin çıxarılması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli tədqiqat materialının istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görsənir ki, xx.xx.2019-cu il tarixdə ünvan 6 ünvanında yaşayan vətəndaş Cavabdeh2 DiN-in 102 xismətinə zəng edərək, yaşadığı ünvanın qarşısında döyülməsi barədə məlumata əsasən toplanmış material istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi məqsədi ilə Səbail RPİ-nin İŞ-nə təqdim edilmişdir. İşdə olan Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi Vüqar Hüseynovun xx.xx.2019cu il tarixli Cavabdeh2, X6, Cavabdeh3 Firudin qızının ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2, X6, Cavabdeh3 Firudin qızının, X8, X4 əməllərində Cinayət Məcəlləsinin 221ci maddəsinin tərkib əlamətləri yaranmadığından, həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Cavabdeh2 tərəfindən xxxxxx ASC-yə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 **********000 saylı su abonent kodunun İddiaçı adına sənədləşməsinə etiraz etmir. İşdə olan Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslə bağlanan xx.xx.2016-cı il tarixli, 29919731 nömrəli müqavilədən görünür ki, G.Əliyev küçəsi, dalan 4, ev 19/F ünvanda yerləşən mənzillə bağlı su təchizatı ilə əlaqədar müqavilə bağlanır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, mübahisəli Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, 19/F saylı evi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 27.500 manata almışdır, lakin həmin evə köçüb yaşamaq istəyərkən Cavabdeh1 iddiaçıya məxsus mübahisəli evə qanunsuz olaraq köçmüş və hal-hazırda orada yaşayır. Bu səbəbdən iddiaçı cavabdehin həmin evdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının üçüncü şəxs Cavabdeh2 27000 manat pul verilməklə aldığı mübahisələndirilən ev hüquqi rejiminə görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin ev alqı-satqı müqaviləsinin predmeti ola bilməz və həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi nöqteyi nəzərdən mümkün deyil. Yəni əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Qanunvericiliyinin tələblərinə əsasən daşınmaz əmlakların alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməli və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Özbaşına tikililərlə bağlı isə belə müqavilənin rəsmiləşdirilməsi qanunla müəyyən edilməmişdir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı mülki işdə iddiaçı cavabdehin mübahisəli evdən çıxarılması tələbini irəli sürərkən onun faktiki əsası qismində həmin evin ona məxsus olduğunu göstərmişdir. Bu mənada diqqətə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlaka mülkiyyət və digər hüquqların, onların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınması ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakla bağlı hər hansı bir hüquqi hərəkətin edilməsini xüsusi reyestrdə qeydiyyatının müyyənləşdirilməsi, əmlakın mülkiyyətçisinin, habelə istənilən potensial alıcısının hüquqlarının müdafiəsi ilə əlaqədardır. Çünki yalnız qeydiyyata alınmış hüquqları dövlət tanıyır və onun müdafiəsinə təminat verir. Daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyatının əhəmiyyəti Konstitusiya Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Mülki Prosessual Məcəllənin 81-ci maddəsindən irəli gələn sübutların mümkünlüyü prinsipi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qanunverici daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən sübutetmə vasitəsi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı müəyyən etmiş və bu halın digər sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq oluna bilməzliyini müyyənləşdirmişdir. Hazırkı mülki işdə isə iddiaçı mübahisəli evin mülkiyyət hüququ ilə ona məxsus olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədi, habelə digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğuna görə, iddiaçı özbaşına tikili statusuna malik olan həmin fərdi yaşayış evini yazılı əqd əsasında əldə etsə də, həmin ev üzərində hər hansı hüquq əldə etmədiyindən, onun cavabdehin həmin evdən çıxarılması ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ da yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı üçüncü şəxslər qismində Cavabdeh2 və Cavabdeh3 cəlb edilməklə Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar