Məhkəmə qərarları › İş №2(009)-99/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-99/2021

11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-99/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, A.Zeynallı küçəsində yerləşən 3 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, A.Zeynallı küçəsi 3 saylı ev onun mülkiyyətindədir. Göstərilən ev xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq xx xxxxxxxx 2011-ci il tarixdə göstərilən evə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh Xəyyam oğlu onun qardaşıdır. İddia tələbi üzrə Cavabdeh 1990-cı illərin sonlarında Rusiya Federaisyasına getmişdir. Hazırda Rusiya Federasiyası vətəndaşlığına mənsubiyyəti müəyyən olunmaqla həmin ölkənin vətəndaşı kimi xx xxxxxx 2012-ci il tarixdə Rusiya Federasiyasiyası Moskva şəhəri, Cənubi Liman rayonu tərəfindən pasportla təmin edilərək, ona RF 4511 485385 nömrəli pasport verilmişdir. Həmçinin Rusiya Federasiyası Moskva şəhəri, Cənubi Liman rayonu, Kojuxovskaya küçəsi, ev 14, korpus /1, mənzil 75 ünvana pasport qeydiyyatına alınmışdır. Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, A.Zeynallı küçəsi, 3 saylı evdə formal olaraq pasport qeydiyyatında qalmışdır. Göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh qanunla müəyyən edildiyindən daha uzun müddət ərzində göstərilən evdə yaşamadığından və onun həmin evdə yaşamaması hər hansı bir üzrlü hallarla əlaqədar olmamış, Rusiya Federasiyası vətəndaşlığını qəbul edərək, həmin ölkədə yaşaması ilə əlaqədar olduğundan, Cavabdeh göstərilən evə hüquqları itirilərək, həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdeh sonuncu qeydiyyatda olduğu ünvandan məhkəmə iclasına çağırılmış, lakin həmin ünvanın olduğu ərazi üzrə “İçərişəhər” Mənzil-kommunal və Təmir Xidməti tərəfindən cavabdehin göstərilən mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamadığına dair məktub məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məlum olan sonuncu qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış məktub məhkəməyə göndərildiyindən, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur. İddiaçı Anar adlı qardaşı vardır, onlar atalarının evində yaşamışlar, lakin Cavabdeh təxminən 28-30 il olar ki, Rusiya Federasiyasına köçmüş və hazırda Moskva şəhərində yaşayır. Hətta bu illər ərzində o özü Moskva şəhərinə getməli olmuş, cavabdeh onu orada qarşılamış, gəzdirmiş, köməklik etmişdir. Cavabdeh ona qarşı münasibətindən çox razı qalmışdır. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 3 saylı ev xx.xx.2011-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 3 saylı evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “İçərişəhər” Mənzil-kommunal və Təmir Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh yaşamadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş X2 Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına “əmək müqaviləsi bildirişi” daxil edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 3 saylı ev İddiaçı mülkiyyətindədir, xx.xx.1971-ci il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 3 saylı evdə qeydiyyatda olan iş üzrə Cavabdeh iddiaçının qardaşıdır və o, təqribən 30 ilə yaxın müddətdir ki, Rusiya Federasiyasına köçmüşdür və həmin vaxtdan da o, qeydiyyatda olduğu ünvan 2 ünvanında faktiki olaraq yaşamır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan mənzilə istifadə hüquqları xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığından, həmin Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər. İcarədarın ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb, onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən etdiyindən artıq müddətdə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Belə ki, iş materiallarından və tədqiq edilmiş sübutlardan görünür ki, cavabdeh uzun müddətdir ki, sözügedən mənzildə yaşamır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbini, eləcə də işin müəyyən edilmiş hallarını nəzərə alaraq belə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 3 saylı ev tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alındığını, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair tələbi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, MA seriyalı, ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarış əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 3 saylı evdən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. MA seriyalı, ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarış əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 3 saylı evdən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, 3 saylı evə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar