Məhkəmə qərarları › İş №2(010)-1018/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1018/2020

16.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1018/2020 16.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Leyla Oruc qızı Talıbovanın sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmayan uşaqları 13.06.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və 23.09.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evi onun valideynləri olan cavabdehlərə məxsusdur. Həmin fərdi yaşayış evi 1988-ci ildə alınmış və həmin vaxtdan valideynləri ilə birlikdə orada yaşamışdır. O, 13.05.2013-cü ildə x4 ailə qurmuş və həyat yoldaşı həmin fərdi yaşayış evinə gəlin gəlmişdir. Onunla x1 birgə nikahından 13.06.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və 23.09.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı adlı uşaqları dünyaya gəlib. Təqribən iki il əvvəl, hazırkı iş üzrə digər cavabdeh olan bacısı, Cavabdeh3 onların yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə gəlmiş və onlarla birlikdə yaşamağa başlamışdır. Bacısı Cavabdeh3 Bakı şəhərində özünə məxsus iki mənzili olduğu halda öz mənzilinə geri qayıtmaq istəməmişdir. Bacısı Cavabdeh3 ailədə ciddi münaqişələr törətməyə başlamış, onun və atası Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evində rahat yaşamaqlarına imkan verməmişdir. Həmin vaxt Cavabdeh3 hətta uşaqlarını da təhdid altında saxlamış, onları zəhərləyəcəyi və öldürəcəyi ilə hədələmişdir. Cavabdeh3 ailədə törətdiyi münaqişələr nəticəsində valideynlərinin də münasibətləri pozulmuş və onların nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Onun bacısı Cavabdeh3 onun uşaqlarını döymüş və həyat yoldaşı ilə tez-tez münaqişə yaratmışdır. Belə şəraitdə yaşamaq mümkün olmadığına görə, həmçinin Cavabdeh3 təhdidlərindən ehtiyat edərək o, uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evini müvəqqəti olaraq tərk etməyə məcbur olmuşdur. Bir müddət sonra, yəni ailədə baş verən münaqişlələr nisbətən sakitləşdikdən sonra daimi yaşayış yeri olan mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə qayıtmaq istəmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onu və ailəsini öz evinə qayıtmağa imkan verməmişlər. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, cavabdehlərin ailə üzvüdür. Mübahisəli fərdi yaşayış evi alınan vaxtdan, yəni 1988-ci ildən etibarən, ailə üzvü kimi onlarla birlikdə mübahisəli fərdi yaşayış evinə köçmüş və köçdüyü gündən həmin fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. 01 oktyabr 2009cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən onun yetkinlik yaşına çatmayan uşaqlarının da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, İddiaçı onun oğludur. Digər cavabdehlər Cavabdeh2 onun keçmiş həyat yoldaşı və Cavabdeh3 isə onun övladıdır. Onun qızı Cavabdeh3 mübahisəli evə köçəndən sonra onlar arasında münaqişələr yaranmış, hətta o həyat yoldaşı ilə boşanmışdır. Onun keçmiş həyat yoldaşı və qızı hətta birləşərək onu döymüşlər. Onun qızı Cavabdeh3 münaqişə yaratdığından onun öz şəxsi evinə köçməsini istəyir. İddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə köçməsinə etiraz etmir. Bu səbəbdən də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun oğludur. Oğlu İddiaçı nişanlı olanda gəlini tez-tez mübahisələr yaradaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evində yaşamaq istəmədiyini bildirmişdir. Buna görə də oğlu İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində ev vermişlər. Hal-hazırda o ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində yaşayır. O, oğlu və onun ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə köçməsinə etiraz edir. Məhkəmə iclasında çıxış edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun qardaşıdır. İddiaçının iddia tələbi əsassızdır. Belə ki, mübahisəli fərdi yaşayış evi 1988-ci ildə atası Cavabdeh1 tərəfindən alınmışdır. O, ailəsi ilə birlikdə mübahisəli fərdi yaşayış evində 2001-ci ilə qədər yaşamışdır. O, 2001-ci ildə ailə quraraq atası evindən gəlin köçmüşdür. 2002-ci ildə həyat yoldaşı öldüyündən ailəsinin razılığı ilə o, azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə köçmüşdür. O. 03.09.2011-ci ildə yenidən ailə həyatı qurmuşdur. Həmin nikahdan bir övladı dünyaya gəlmişdir. Lakin 2015-ci ildə ona “marginal Lomfoma, Sağ qasıq bud limfa düyünlərinin zədələnməsi ilə-bədxassəli şiş” diaqnozu qoyulmuşdur. Bu səbəbdən də, onun nikahı pozulmuşdur. O, 2016-cı ildə əməliyyyat olunaraq iki azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə köçmüşdür. O, mübahisəli fərdi yaşayış evinə köçəndə qardaşı İddiaçı və ailəsi həmin evdə yaşamayıblar. Atası Cavabdeh1 iddiaçı və onun ailəsinə Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində ev almışdır və iddiaçı ailə ilə birlikdə həmin evdə yaşayırlar. Atası Cavabdeh1 bütün əmlakları öz adına keçirdiyindən qardaşı İddiaçı ailədə münaqişələr yaratmışdır. Onun atası ilə qardaşı bir il olar ki, barışıblar. Onun adına mənzil olmadığından Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evində yaşayır. Bu səbəbdən də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu barədə etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, 13.06.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və 23.09.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmişBakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12.09.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,Abdullayev İsmayıl Rövşən oğlu 13.06.2014-cü ildə doğulmuşdur. Atası İddiaçı, anası x2r. İş materiallarına əlavə edilmiş4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01.10.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,Abdullayeva Mədinə Rövşən qızı 23.09.2016-cı ildə doğulmuşdur. Atası İddiaçı, anası x2r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və x9 23.05.2013-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərin soyadı Abdullayev, arvadın Abdullayeva qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1985-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin“ Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair 08.01.2020-ci ilədək yoxlama aparılmış və onun ailə tərkibinin 01.05.1992-ci il təvəllüdlü x5, 13.06.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və 23.09.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızından ibarət olduğu aşkar edilmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh3 ünvan 3 mənzil 221 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, x7 ilə x10 arasında nikah ləğv edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Xudayev, qadına Abdullayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, x3 15.08.2002-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 19.05.1999-cu il tarixli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh3 xx.xx.1982-ci ildə doğulmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarına əlavə edilmiş Azərbaycan Resppublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi Patositomorfologiya və laboratoriyası tərəfindən verilmiş patoloji rapordan görünür ki, Cavabdeh3 LQM, sağ qasıq-bud limfasının böyüməsi diaqnozu qoyulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarıdan ibarətdir. Həmin maddənin İV bəndinə əsasən heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibətinin yarandığı zaman, yəni 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı, tərəflərin izahatlarından, həmçinin iş materiallarından müəyyən edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. İddiaçı cavabdehlərin ailə üzvü olmaqla 1988-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamışdır. İddiaçı 13.05.2013-cü ildə x4 ilə ailə qurmuş və x4 ilə birlikdə həmin fərdi yaşayış evində yaşayıblar. İddiaçı ilə x1 birgə nikahından 13.06.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və 23.09.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı adlı uşaqları dünyaya gəlmişdir. Sonradan ailədə baş verən münaqişələr nəticəsində iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evindən köçmüşdür. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan övladları ilə birlikdə həmin fərdi yaşayış evinə köçmək istəsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə köçməsinə şərait yaratmırlar. Bu səbəbdən də iddiaçı özünün pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlir. Əvvəla ona görə ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evi Cavabdeh1 məxsusdur və Cavabdeh1 iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçməsinə etiraz etmir. İddiaçı cavabdehlərin ailə üzvüdür və faktiki olaraq 1988-ci ildən fasiləsiz olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evində yaşamışdır və daimi yaşayış yeri həmin ev olmuşdur. İddiaçı və onun azyaşlı övladlarının mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Odur ki, iddiaçının daimi yaşayış yeri ilə təmin edilməsi üçün iddiaçının iddia ərizəsi təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 13.06.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və 23.09.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları 13.06.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və 23.09.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar