Məhkəmə qərarları › İş №2(010)-1050/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1050/2023

24.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1050/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiаçı “X11 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissəsi 39 T 414377.00 m B 4470148.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsinin zəbt olunmuş hesab edilməsi, nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** nömrəli hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X11 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X11 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik Şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin sərəncamına verir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Halhazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər istifadədə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxurur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X11 Kompam S.A. ” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi. Şimal hissəsi 39 T 414377.00 m B 447Ol48.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilərək, daş hasarla əhatəyə alınması faktı aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd təqdim edilməmişdir. Bu barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakı ilə akt tətib edilmiş, özbaşına aparılan tikinti işlərinin foto şəkilləri çəkilmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin, hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklər yaranır. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Cavabdehin etirazı. Cavabdeh iddia ərizəsinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "X11 Kompani S.A." Şirkətinin Azərbaycan Resbublikasındakı Nümayəndəliyin məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməlidir. İddiaçı "X11 Kompani S.A." Şirkətinin Azərbaycan Resbublikasındakı Nümayəndəliyi iddia tələbini sərəncamda adı qeyd edilən cavabdeh olaraq X4 və ya onun vərəsələrinə qarşı verilməlidir. İddia edilən həmin torpaq hüquqları ona məxsus deyil və onun istifadəsində deyil. Cavabdeh olaraq məhkəmədə ona qarşı iddia qaldırılmasının hüquqi əsası yoxdur. 1046 saylı, 21 may 1999-cı il tarixli X1 verildiyi üçün ilk növbədə iddiaçı tərəfindən sərəncam mübahisələndirilməlidir. Əgər sərəncamın olmasına dair şübhə varsa iddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdilər. Həmçinin, iddia müddəti də ötmüşdür. Belə ki, Azərbaycan Resbublikası MM-yə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Ona görə də iddia ərizəsində qeyd olunanları tamamilə əsassız hesab edir. Mübahisəli torpaq sahəsi onun mülkiyyətində olsa da, iddiaçı "X11 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X3 ailə üzvlərinə, eləcə də X3 özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və X6 uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. İddiaçı tərəf bu illər ərzində X3 və onun ailə üzvlərinə heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpaq sahəsindən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir. Bundan əlavə, iddiaçı Suraxanı RİH tərəfindən onlara ünvanlanmış məktuba istinad edərək X5 verilmiş torpaq sahəsi ilə bağlı sərəncamının şübhəli olmasını əsas gətirsə də, həmin sərəncamı məhkəmə qaydasında mübahisələndirməmişlər. Halbuki, iddiaçı tərəf belə bir sərəcamın mövcudluqundan əməkdaşları tərəfindən uzun müddət məlumatlı olmuş və bu müddət ərzində qeyd olunan sərəncamı mübahisələndirməmişlər. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək bildirdi ki, cavabdehin iddiaçının istifadəsində olan torpaq sahəsini özbaşına zəbt etmişdir. Bu səbəbdən zəbt olunmuş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmasına dair tələblə məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh 1996-cı ildən indiyədək həmin torpaq sahəsindən istifadə edir. Bələdiyyəyə vergi ödəyir. Həmin torpaq sahəsinə işıq sayğacı da quraşdırılıb. İddia tələbi mülkiyyət hüquqlarına ziddir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən torpaq sahəsinin sahibi onun qohumunun mülkiyyətində olmuş və hazırda həmin şəxs vəfat etmişdir. Hazırda o, həmin torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsinə hasar çoxdan çəkilib. Sadəcə o, hasar bir daş yüksəltmək istəmişdir. Torpaq sahəsi ona aid deyil. Torpaq sahəsinin sənədləri mövcuddur və onlar İcra Hakimiyyətinin nümayəndələrinəi təqdim olunmuşdur. Hazırda torpaq sahəsi keçmiş mülkiyyətçisinin nəvəsinindir. İş materialları. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, “X11 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişə əsasən Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X11 Kompani S.A” Şirkəti fəaliyyət göstərir. Suraxanı Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Seyid Seyidov, Suraxanı OYL OQ və NBX-nin növbə rəhbəri Teyyub Zeynalzadə və Suraxanı OYL OQ və NBX-nin nəzarətçisi Əli Kərimov tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 46 nömrəli aktdan görünür ki, nümayəndəliyin İİ saylı neft-qaz çıxarma sexinin ərazisində olan Zığ qəsəbəsi, Şimal hissəsi ünvanında Cavabdeh tərəfindən 600 kv.m ha ölçüdə olan sahədə daş hasarın tikintisi işləri aparılması aşkar edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “X11 S.A” Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda (“X11 S.A” Şirkətinin xx.xx.2022-ci il tarixli, 788/EA nömrəli məktubuna cavab məktubu) qeyd edilmişdir ki, Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman sözügedən ərazilərdə torpaq sahələrinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. Bakı şəhəri, Suraxanı Rayon icra Hakimiyyəti Başçısı tərəfindən 21 may 1999-cu il tarixdə verilmiş 1046 nömrəli sərəncama sərəncamın surətinən görünür ki, əsasən vətəndaş X4 fəri yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin Şimal hissəsində 600 km2 torpaq sahəsi ayrılmış və ona ayrılmış sahəsə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin sərəncamın 3-cü bəndinə əsasən tikinti sahibi layihə-smeta sənədlərinin hazırlanması üçün rayon layihə-smeta bürosu ilə müqavilə bağlamalı, 4-cü bəndinə əsasən tikinti sahibi yaşayış evinin tikintisi üçün rayon təmir-tikinti təşkilatı ilə müqavilə bağlamalı, 5-ci bəndinə əsasən tikinti sahibi torpaqdan istifadə etmək hüququna malik olmaq üçün rayon MKT ilə notarial qaydada müqavilə bağlamalı, 7-ci bəndinə əsasən tikinti sahibi rayon MKT ilə müqavilə bağladıqdan sonra bir ildən gec olmayaraq tikintiyə başlamalı və üç il müddətində tikintini başa çatdırmalıdır. Baş geoloq K.Şabanov tərəfindən verilmiş arayışla müəyyən olunur ki, təqdim olunmuş 39 T 414377.00 m 4470148.00 m koordinatı üzrə yerləşən torpaq sahəsi “Suraxanı Oyl OK SA” əməliyyat şirkətinin Qaraçuxur neft yatağının Kontrakt sahəsinin ərazisi daxilindədir. Təqdim olunmuş koordinat üzrə yerləşən torpaq sahəsindən 31 metr aralı məsafədə ‘X11 S.A-YA aid 881 saylı ləğv quyusu, 184 metr aralı məsafədə 672 saylı ləğv, 194 metr aralı məsafədə 581 saylı ləğv, 246 metr aralı məsafədə 718 saylı ləğv quyuları mövcuddur. Bu ərazi karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək işlənməsi üçün kommersiya marağı kəsb edir. Koordinatlar (WGS-84). Suraxanı Rayon Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 193 nömrəli arayışdan görünür ki, Cavabdeh istifadəsində olan Zığ qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 600 m torpağın vegilərini ödəyir və 2023-cü ilə vergi borcu yoxdur. Sözügedən torpaq sahəsinə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi daş hasara alınmış, ərazidə təzə ağaclar əkilmiş, dəmir köşk və divan qoyulmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.... Maddə 155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.... Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: ...dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;...

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər... Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir....

2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir:...dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə;...

4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 58. Torpaq sahəsində tikintinin həyata keçirilməsi

1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ... 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. ...8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi... Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Rafi Oyl EfZeİ və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədəxx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Rafi Oyl EfZeİ və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş" adlanacaq) qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmiş, Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilməsi, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi həmin sahədə neft-qaz əməliyyatlarının aparılması üçün “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş, bu barədə müvafiq dövlət orqanı ilə şirkət rəhbərliyi arasında saziş bağlanmışdır. Mübahisəli torpaq sahəsi “X11 Kompani S.A” Şirkətinin ərazisinə daxil olan torpaq sahəsinə aiddir. Belə ki, sözügedən Sazişdə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları pulkovo- 1942 sistemi, iddia ərizəsində isə mübahisəli torpaq sahəsinin koordinatları WGS-84 sistemi ilə göstərilmişdir. İş materialları ilə və işin faktiki hallarından göründüyü kimi, Cavabdeh mübahisəli torpaq sahəsinə aidiyyatı müəyyən olunmur. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi sərəncam başqa şəxsin (X3) adına verilmişdir. Həmin şəxsin cavabdehlə heç bir hüquqi əlaqəsi yoxdur. Həmçinin, sərəncamda göstərilmiş şərtlər (tikinti işlərin üç il ərzində həyata keçirilməsi və s.) göstərilmiş müddətə icra olunmadığından, məhkəmə elə nəticəyə gəlir ki, sərəncam iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd edildiyi kimi, cavabdehin hasar tikdiyi torpaq sahəsi X4 1999-cu ildə fəri yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin Şimal hissəsində 600 km2 torpaq sahəsi ayrılmış və ona ayrılmış sahəsə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, lakin o, həmin müddətdə heç bir tikinti işləri aparmamışdır. Cavabdeh sərəncamda adı göstərilmiş şəxslə heç əlaqəsi olmadığından, onun hətta mübahisələndirilən hüququ da yoxdur. Eyni zamanda, iş materiallarına daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsində özbaşına hasar tikmiş, dəmir köşkü gətirmiş və ağac əkmişdir. Mübahisəli torpaq sahəsi “X11 Kompani S.A” Şirkətinin balansındadır, lakin cavabdeh həmin torpaq sahəsinə hasar çəkmişdir. Qeyd olunan fakt məhkəmə prosesində cavabdeh tərəfindən etiraf edilmişdir. Cavabdeh tərəfindən torpaq sahəsinə görə bələdiyyə vergisinin ödəməsi ancaq 2023-cü il üzrə olmuşdur. Onun tərəfindən verginin 2023-cü ildən əvvəlki illərində də ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Onun tərəfindən uzun illər ərzində torpaq sahəsindən istifadəsi sübut olunmur. Məhkəməyə təqdim edilmiş sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, istifadə hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Bu səbəbdən də torpaq sahəsinin qanuni istifadəçisi olan iddiaçı şirkətin cavabdeh tərəfindən zəbt olunmuş həmin torpaq sahəsinin nümayəndəliyə qaytarılması tələb etmək hüququ var. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissəsi 39 T 414377.00 m B 4470148.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi zəbt olunmuş hesab edilməli və “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissəsi 39 T 414377.00 m B 4470148.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi zəbt olunmuş hesab edilsin və “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılsın. Cavabdeh 100 manat dövlət rüsumu alınıb “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin AZ02AİİB******************** №-li hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar