Məhkəmə qərarları › İş №2(010)-1051/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1051/2024

24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1051/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxslər X4 və X9 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Bakı şəhəri 24 saylı Notariat Ofisinə, X6 və X10 qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddət bərpa edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Bakı şəhəri 24 saylı Notariat Ofisinə, X6 və X10 qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddət bərpa edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X2 miras qalmış (Mercedes-Benz C220 minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil) miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddət bərpa edilməsi, miras əmlakın Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, anaları X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Miras əmlak olaraq ondan Mercedes-Benz C220 minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Anasının sağlığında miras əmlak olan avtomobil faktiki olaraq onlar tərəfindən istifadə edilmişdir. Mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmək niyyətində olsalar da, bir müddət sonra Qəbələ rayonu, Vəndam kəndi ərazisində yol nəqliyyat hadisəsi baş vermiş, istifadədə olan nəqliyyat vasitəsinə də zərər dəymişdir. Avtomobilin təmiri vaxt apardığından miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 (altı) aylıq müddəti ötürmüşdür. Analarından miras qalmış daşınmaz əmlaka dair vərəsəlik işinin açılması üçün Bakı şəhəri 24 saylı notariat ofisinə müraciət edərək, miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişlər. Lakin Bakı şəhəri 24 saylı Notariat X3 və Abdullayev Məhəmməd Oruc oğluna eyni tarixli xx.xx.2023-cü il tarixli 985 və 986 saylı imtina ilə bildirmişdir ki, mirasın qəbul müddəti keçdiyi üçün şəhadətnamə verilə bilməz. Bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Belə ki, miras əmlakın qəbul edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş 6 (altı) aylıq müddət üzrlü səbəbdən ötürülmüşdür. Məhz bu səbəbdən mərhum anaları X7 məxsus olmuş və Mercedes-Benz C220 minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəbulu ilə bağlı ötürülmüş müddət üzrlü sayılmalıdır, miras əmlakın onların tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ərizəçi1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, anası X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və ondan miras əmlak olaraq **-GS-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz C220 minik markalı nəqliyyat vasitəsi qalmışdır. Həmin miras əmlak olan avtomobil faktiki olaraq onlar tərəfindən istifadə edilir və avtomobil ilə yol nəqliyyat hadisəsi baş verdiyi üçün nəqliyyat vasitəsinə də zərər dəymişdir. Bu əsasla miras əmlakın qəbul edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş 6 (altı) aylıq müddət üzrlü səbəbdən ötürülmüşdür. O, hüquqi cəhətdən savadsız olduğundan və anası öldükdən sonra həmin avtomobilin öz adına keçirildiyini ehtimal etdiyindən ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçi2 məhkəmə iclasında ərizədə qeyd olunanları təsdiqləyərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs X12 məhkəmə iclasında ərizəni qəbul edərək bildirmişdir ki, miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddət bərpa edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxs X15 məhkəmə iclasında ərizəni qəbul edərək bildirmişdir ki, miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddət bərpa edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Digər maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında Bakı şəhəri 24 saylı Notariat Ofisinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və maraqlı şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən Ərizəçi1 və Ərizəçi2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 985 və 986 nömrəli məktublarından müəyyən olunur ki, X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, ondan **- GS-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz C220 minik markalı nəqliyyat vasitəsi miras qalmışdır. Həmin nəqliyyat vasitəsi üzrə vərəsəlik şəhadətnaməsi xahiş etmişlər. Lakin mirasın qəbul müddəti keçdiyi üçün həmin şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 273607 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməndən görünür ki, **-GS-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz C220 minik markalı nəqliyyat vasitəsi X5 adına xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Vİ-TИ seriyalı 489951 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1989-cu il tarixdə doğulmuşdur. X1, anası X8r. İş materiallarına əlavə edilmiş Vİİİ-TИ seriyalı 311086 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1988-ci il tarixdə doğulmuşdur. X1, anası X8r. İş materiallarına əlavə edilmiş Vİ-TИ seriyalı 474060 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. X1, anası X8r. İş materiallarına əlavə edilmiş İİİ-TИ seriyalı 413534 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və X16 xx.xx.1986-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Bu Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s. Məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 anası vəfat etdikdən sonra faktiki olaraq Mercedes-Benz C220 minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Həmin avtomobil ilə yol nəqliyyat hadisəsi baş vermiş, istifadədə olan nəqliyyat vasitəsinə də zərər dəymişdir. Avtomobilin təmiri vaxt apardığından miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 (altı) aylıq müddət ötürülmüşdür. Həmin avtomobilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 isə hüquqi cəhətdən savadsız olduğunu və anası öldükdən sonra həmin avtomobilin öz adlarına keçirildiyini ehtimal etdiyini bildirmiş və bununla da müəyyən olunmuş müddəti ötürüldüyünün üzrlü hesab olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçilərin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müəyyən edilmiş müddəti ötürməsi üzrlü hesab olunaraq həmin müddət bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 miras qalmış Mercedes-Benz C220 minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsələr Ərizəçi1 və Ərizəçi2 tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab olunaraq bərpa edilsin. Miras əmlakın (Mercedes-Benz C220 minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil) vərəsələr Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilmə faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar