Məhkəmə qərarları › İş №2(010)-1056/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1056/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1056/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X10 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi və Azərbaycan Respublikası ƏN Tovuz Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi olmaqla mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi və Azərbaycan Respublikası ƏN Tovuz Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi olmaqla mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nun və mərhum X11 Tovuz rayon Düz Cırdaxan kəndində Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə 0.31 ha Torpağın mülkiyyətə verilməsinə dair JN-359F nömrəli torpaq sahəsinə aid olan torpağın onun tərəfindən mirasın qəbul edilməsi faktına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

2. O, xx.xx.1962-ci ildə anadan olmuş, doğulduğu vaxtdan onu, qeyri-rəsmi olaraq X8 və X13 övladlığa veriblər. X14 və X16 onu öz övladları kimi böyüdüb boya-başa çatdırıb və o, son vaxtlara kimi onların himayəsində olmuşdur. xx.xx.2011-ci ildə ona ata kimi olan X14 vəfat edib, xx.xx.2013-cu ildə ona ana kimi olan X16 vəfat etmişdir. Onların bütün dəfn xərcini və yas mərasimini o vermiş, ona görə ki, onlar ona baxıb böyüdüb boya çatdırıblar. Hal-hazırda qeyri-rəsmi olsa da, onların vərəsələri odur, ona görə də miras əmlakdan qalan payı o qəbul etməlidir. X3 və mərhum X13 Tovuz rayon Düz Cırdaxan kəndində Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə 0,31 ha Torpağın mülkiyyətə verilməsinə dair JN-359F nömrəli torpaq sahəsi verilmişdir. Bu günə kimi həmin torpaq sahəsinin üzərində olan evdən o istifadə edir. Hal-hazırda istəyir ki, həmin torpaq sənədini rəsmiləşdirsin, ançaq rəsmi qaydada onu övladlığa götürmədiklərinə görə vərəsəliyi və mirası qəbul edə bilmir, elə bu səbəbə görə məhkəməyə müraciət etməli olmuşdur.

Proses iştirakçılarının izahatları

3. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi və Azərbaycan Respublikası ƏN Tovuz Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. X7, anası X15r.

6. Torpağın mülkiyyətə verilməsinə dair KOD 50311018, JN-359F nömrəli Şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə 0,31 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir.

7. AZ-İİ seriyalı, 420422 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.

8. AZ-İİ seriyalı, 420421 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir.

9. Azərbaycan Respublikası ƏN Tovuz Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 4015 nömrəli məktubundan görünür ki, mərhum X9 miras qalmış əmlaka dair Ərizəçi müraciəti və təqdim olunmuş sənədlər əsasında vərəsəlik işi açılmışdır, lakin heç bir şəxsə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. X1 miras qalmış əmlaka dair X2 müraciəti və təqdim olunmuş sənədlər əsasında vərəsəlik işi açılmışdır, lakin heç bir şəxsə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

İşin faktiki halları

10. İşin faktiki halları ondan ibarətdir ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə onun ata qrafasında X20, ana qrafasında X17 qeyd olunmuşdur. Hazırki tələbində ərizəçi bildirir ki, o, faktiki olaraq X3 və mərhum X16 tərəfindən övladlığa götürülmüş və onların himayəsində böyümüşdür. Mərhumların adına torpaq sahəsi olmuşdur. Hesab edir ki, hazırda qeyd olunan şəxslər vəfat etdiyindən onların mülkiyyətində olan miras qalmış daşınmaz əmlakın vərəsə olaraq onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ərizəsini onunla əsaslandırır ki, mərhumlar onu faktiki olaraq övladları kimi saxlamışlar, onların başqa heç bir vərəsələri də yoxdur.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyət edə bilən şəxs Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1168. Vəsiyyətnamənin şəxsən vəsiyyət edən tərəfindən tərtibi Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

12.Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı:

Həmin Qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

14. Məhkəmə işin faktiki hallarını, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

15. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən müllki qanunvericilik normalarından aydın olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Hazırkı ərizə miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi barədədir. Qanunvericilik miras əmlakın faktiki qəbul edilməsi, yəni həmin əmlaka qulluq etmək, əmlakı idarə etmək və lazımi səviyyədə saxlamaq yolu ilə qəbul edilməsi halını da nəzərdə tutur. Miras əmlakın bu cür qəbulu üçün maraqlı şəxsin qanun üzrə vərəsələr sırasına daxil olması lazımdır. AR MM-nin yuxarıda qeyd olunan maddəsində qanun üzrə vərəsə ola biləcək şəxslərin siyahısı göstərilmişdir. Ərizəçi ona əsaslanır ki, onu faktiki olaraq mərhumlar böyüdüb boya-başa çatdırmışlar. Mülki Məcəllənin yuxarıda istinad edilən 1159.1.2-ci maddəsində qeyd olunur ki, övladlığa götürülən övladlığa götürənin öz doğma uşaqlarına bərabər tutulurlar. Lakin, qanunvericilik burada yalnız qanuni formada övladlığa götürməni ehtiva edir. Qeyri-rəsmi himayəyə götürmək qeyd edilən maddənin tələbi baxımından hər hansı əmlak hüquqları və öhdəlikləri yaratmır. Ərizəçi o zaman mərhumların birinci növbəli vərəsəsi sayılardı ki, o mərhumlar tərəfindən rəsmi olaraq övladlığa götürülmüş olaydı. Qeyd olunan normaya istinadən məhkəmə bildirir ki, Ərizəçi X3 və mərhum X9 miras qalmış onların mülkiyyətində olan daşınmaz əmlaka münasibətdə qanun üzrə birinci növbəli vərəsə olması müəyyən edilmir. Bundan başqa, işdə olan notariat orqanının məktubundan görünür ki, mərhum X4 miras qalmış əmlaka dair X2 müraciəti olmuşdur. İşdən müəyyən edilir ki, həmin şəxs mərhumun qardaşıdır və o, Mülki Məcəllənin 1159.2-ci maddəsinin tələbi baxımından mərhumun ikinci növbəli vərəsəsi sayılır. Ərizəçi isə mərhum İsmayılova Minarənin qardaşı qızıdır və torpaq sahəsinin mülkiyyətçisi X8 münasibətdə hər hansı qohumluğu yoxdur. Göründüyü kimi, qeyd edilən əsaslarla da, ərizəçinin aşağı növbəlilik üzrə vərəsəlik hüquqları müəyyən edilmir. Miras əmlakın başqa şəxslərə qanun üzrə vərəsəliklə yanaşı, eyni zamanda vəsiyyət üzrə vərəsəliklə də keçə bilməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı işdə mərhum şəxslər X14 və X9 miras qalmış daşınmaz əmlakın Ərizəçi vəsiyyət edilməsi halı da müəyyən edilmir. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar