Məhkəmə qərarları › İş №2(010)-1069/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1069/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1069/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdehnə (bundan sonra – Cavabdeh MTK) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin alınması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğin tam şəkildə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə İddiaçı cavabdeh ilə müqavilə bağlayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4040/49-cu məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından qeyriyaşayış sahəsi almaq barədə razılığa gəlmişdir. Müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. Ona görə də iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4040/49-cu məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1914/2023 nömrəli qətnaməsi ilə ilkin iddia rədd edilmişdir. Lakin qarşılıqlı iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin verilməsi barədə cavabdeh və iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Müqavilənin etibarsız hesab edilməsi nəticəsində iddiaçı qeyri-yaşayış sahəsindən faktiki olaraq məhrum olunduğunu müəyyən etmişdir. Belə olan halda iddiaçı qeyri-yaşayış sahəsini almaq üçün ödədiyi məbləğin ona geri qaytarılmasını tələb edir. Çünki cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixində iddiaçıya arayış verilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, həqiqətən iddiaçı cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa etdiyi yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmin arayış cavabdehin direktoru Cəfər İsmayılov tərəfindən şəxsən iddiaçının yanında imzalanmışdır və cavabdehin möhürü ilə təsdiq edilmişdir. Müqavilə və arayışda olan imzalara diqqətlə baxdıqda isə görünür ki, imzalarda az da olsa fərq var. İddiaçıya sözügedən qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməsi barədə arayış verdikdən sonra cavabdeh tərəfindən müqavilənin sonradan iddiaçıya veriləcəyi bildirilmişdir. İddiaçı müqaviləni əldə etdikdə müqavilədə olan direktor adından atılan imzanın saxta olduğu haqqında heç bir fikri olmamışdır. Müqavilənin həqiqiliyinə inanmışdır. Lakin hazırda müqavilə məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edilmişdir. Müqavilə etibarsız hesab edildikdən sonra iddiaçı cavabdehə xx.xx.2024-cü ildə müraciət edərək, sözügedən qeyri-yaşayış sahəsinə ödədiyi məbləğin tam şəkildə qaytarılmasını tələb etmişdir. Lakin iddiaçının müraciətinə cavab verilməmiş və ödəniş iddiaçıya geri qaytarılmamışdır. Təəssüf ki, iddiaçıya verilmiş arayışda ödədiyi məbləğ qeyd edilməmişdir. Yalnız müqavilədə məbləğ göstərilib, həmin müqavilə isə məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyi üçün iddiaçı ödədiyi məbləğin miqdarını sübut edə bilmir. Belə olan halda iddiaçı hesab edir ki, cavabdeh tərəfindən Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa edilmiş yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin 2016-cı ildə satış dəyəri ekspertiza vasitəsilə müəyyən edilərək iddiaçıya həmin məbləğ geri qaytarılmalıdır.

İddianın dəyişdirilməsi.

3. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri olan 129000 manat pul vəsaitinin və məhkəməyə ödənilmiş 419 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Belə ki, cavabdehin iddia etdiyi Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətinin hazırkı iddiaya heç bir aidiyyəti yoxdur. Çünki hazırkı iddia əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia deyildir. İddiaçıda cavabdeh tərəfindən təqdim edilmiş müqavilə və arayış olmuşdur. İddiaçı əvvəllər müqavilə ilə ona verilmiş əmlakın təhvil veriləcəyini gözləmiş və bununla bağlı iddia qaldırmışdır. Müqavilə məhkəmə tərəfindən etibarsız sayıldıqdan sonra dəyərini tələb etmək qərarına gəlmişdir. Arayış müqavilə nəticəsini əks etdirmir. Müstəqil sənəddir və cavabdehin möhürü ilə təsdiq edilmişdir. İmzanın cavabdehin direktoru Cəfər İsmayılova məxsus olmaması ilə bağlı ekspert rəyinə gəldikdə isə iddiaçı təqdim edilən sənəddə imzanın kimə məxsus olduğunu adi gözlə müəyyən etmək gücünə malik ola bilməzdi. Məlum olduğu kimi iddiaçı sənədləri saxtalaşdırmamışdır. Əgər belə olsa idi, indiyə kimi cavabdeh iddiaçının və ya başqa şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət edərdi. Lakin cavabdeh mülki qaydada iddia ərizəsi verməklə kifayətlənir. Bu fakt bir daha təsdiq edir ki, cavabdehin bu sənədlərlə bağlı nöqsanı var. Əvvəlki məhkəmə prosesi nəticəsində də xüsusi qərardad qəbul edilməsinə baxmayaraq, cinayət işi açılmamışdır. Arayışda iddiaçı və cavabdehin adı var. Bir saxtalaşdırma varsa, ya cavabdeh ya da iddiaçı tərəfindən həyata keçirilib. İddiaçı cavabdehin möhürünü oğurlayıb və ya saxtalaşdırmayıbsa, deməli, cavabdeh şirkət daxilində problem var. Lakin hazırda iddiaçı problem yaşayır. Əvvəlki qətnamədən də apellyasiya şikayəti verilmişdir. Məhkəmə 1 gün gecikmə əsası ilə apellyasiya şikayətini geri qaytarmışdır və iddiaçı bundan gec xəbər tutmuşdur. Sonradan verilmiş müddət bərpası barədə ərizələrdə də bu barədə qeyd edilmişdir. Yalnız bu səbəbdən həmin qətnamə qanuni qüvvəsini ala bilmişdir. Digər tərəfdən, qeyd etmək zəruridir ki, cavabdeh iddia etdiyi 1 il müddət varsa belə, onun başlanğıcı qətnamənin qəbul tarixi deyil, qanuni qüvvəyə mindiyi tarix ola bilər. Cavabdehə isə pretenziya göndərildiyi və iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarix qətnamənin qanuni qüvvəyə minməsindən əvvəl baş vermişdir. Odur ki, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etmərək bildirdi ki, iddia əsassızdır. Həmçinin məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1914/2023 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsinin verilməsi barədə Cavabdeh ilə İddiaçı arasında bağlanmış 02 fevral 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Etibarsız hesab edilməsinə səbəb isə tərəflər arasındakı müqavilənin 02 fevral 2016-cı il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 7 ildən artıq bir müddət ərzində həmin qeyri-yaşayış sahəsini təhvil almamış, ondan heç vaxt istifadə etməmiş və ona sahiblik etməmişdir. Hətta keçirilmiş yerli baxış zamanı da müəyyən olunmuşdur ki, i iddiaçı tərəf, ümumiyyətlə, hansı qeyri-yaşayış sahəsinə dair müqavilə bağladığını bilmir və müqavilə üzrə tələb etdiyi qeyri-yaşayış sahəsini göstərə bilmir. İddiaçı tərəfdə yalnız müqavilə və arayış mövcuddur ki, həmin müqavilə üzrə də imza Cavabdeh MTK-nin direktoru X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1483 №-li ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 43-cü vərəqində Cavabdeh MTK-nın direktoru X2 ilə İddiaçı adlarından olan 02 fevral 2016-cı il tarixli müqavilədə “İcraçı” hissəsində “İsmayılov C.H” qrafasındakı imza – X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda iddiaçının pul tələbi üzrə subyektiv hüququ yaranmamışdır. Həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1914/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir, hazırkı iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, bir illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən, müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

İş materialları.

6. Cavabdeh MTK (İcraçı) və İddiaçı (Payçı) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, “İcraçı” “Payçı”ya Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyriyaşayış sahəsini bir pay kimi verir, müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri 1 kv.metr üçün 2000 manat, cəmi 100 kv.metr üçün 200000 manat təyin edilir.

7. xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh MTK-nın Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa etdiyi yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1914/2023 nömrəli qətnaməsindən görünür ki, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

9. xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli müqavilə üzrə ödənilmiş 200000 manat məbləğində pul vəsaitinin 5 gün müddətində geri qaytarılması tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 4/364 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının nəticələrinə dair ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh MTK tərəfindən İddiaçı adına verilmiş xx.xx.2016-cı il tarixli arayışda Cavabdeh MTK-nın direktoru qrafasındakı imza – X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 500/E nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsinin xx.xx.2016-cı il tarixə bazar dəyəri 129000 manat və hazırkı tarixə bazar dəyəri 262100 manat müəyyən edilmişdir.

İşin faktiki halları.

12. İddiaçı (Payçı) və Cavabdeh MTK (İcraçı) adından İsmayılov C.H. arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, İcraçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 m2 olan qeyriyaşayış sahəsini Payçıya verməyi, Payçı isə qeyri-yaşayış sahəsinin müqavilədə göstərilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, qeyri-yaşayış sahəsinin 1 m2-i 2000 manat olmaqla, 100 m2 üçün 200000 manat məbləğində müəyyən edilmişdir.

13. Cavabdeh MTK-nın direktoru İsmayılov C.H adından imzalanıb Cavabdeh MTKnın möhürü ilə təsdiq edilərək İddiaçı verilmiş xx.xx.2016-cı il tarixli arayışda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 m2 olan qeyriyaşayış sahəsinin dəyərinin tam ödənildiyi qeyd edilmişdir.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1914/2023 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375. İddia müddətinin tətbiqi. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. ...əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.

18. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı və Cavabdeh MTK arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini iddiaçıya verməyi, iddiaçı isə bu sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın direktoru İsmayılov C.H adından imzalanmış xx.xx.2016-cı il tarixli arayışda müvafiq qeyri-yaşayış sahəsinin dəyərinin tam şəkildə ödənildiyi qeyd edilmişdir. Lakin qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1914/2023 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmişdir. Hazırda İddiaçı etibarsız hesab edilmiş həmin müqavilə üzrə ödədiyini iddia etdiyi vəsaiti cavabdehdən tələb edir. Cavabdeh MTK isə mübahisəyə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

19. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız (əhəmiyyətsiz) əqd olduğu təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə 82.3). Bununla belə o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

20. Hazırkı iş üzrə İddiaçı iddiası da məhz bu halla bağlıdır. Belə ki, o, məhkəmə qətnaməsi ilə əhəmiyyətsizliyi təsbit edilmiş xx.xx.2016-cı il tarixli müqavilə üzrə Cavabdeh MTK-ya ödədiyini iddia etdiyi vəsaiti cavabdehdən tələb etmişdir. O, cavabdehə ödəniş etdiyini təsdiq edən sübut kimi məhkəməyə xx.xx.2016-cı il tarixli arayışı təqdim etmişdir. Cavabdeh MTK-nın direktoru İsmayılov C.H adından imzalanmış bu arayışda mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyi qeyd edilmişdir. Həmin arayışda Cavabdeh MTK-nın direktoru adından çəkilmiş imzanın həqiqətən həmin şəxs tərəfindən icra edilməsi ilə bağlı tərəflər arasında mübahisə olduğundan məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, müvafiq ekspert rəyində sözügedən arayışda Cavabdeh MTK-nın direktoru qrafasındakı imzanın X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir.

21. Göründüyü kimi, iddianın əsasını təşkil edən halla bağlı məhkəməyə təqdim edilmiş yeganə sübut xx.xx.2016-cı il tarixli arayış olmuşdur ki, bu arayışdakı imzanın da etibarsızlığı ekspert rəyi əsasında müəyyən edilmişdir. Məhkəmə müvafiq ekspert rəyi ilə ona görə razılaşır ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına da bu hal səbəb olmuşdur. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1914/2023 nömrəli qətnaməsindən görünür ki, müqavilədə Cavabdeh MTKnın direktoru adından çəkilmiş imzanın həqiqətən həmin şəxs tərəfindən icra olunubolunmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə imzanın başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə də müvafiq rəyi iş üzrə digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək, yekunda tərəflər arasında heç bir müqavilə bağlanmadığı, dolayısı ilə xx.xx.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd olduğu nəticəsinə gəlmişdir. Belə görünür ki, həm müqavilədəki, həm də bu müqavilə əsasında müvafiq ödəniş edildiyini təsdiq edən arayışdakı imzalar Cavabdeh MTK-nın dirtektoruna məxsus deyil. Belə olan halda sözügedən arayışı iş üzrə mötəbər sübut kimi qəbul etmək, bu əsasla etibarsız əqd üzrə ödənilmiş vəsait kimi cavabdehdən iddiaçının xeyrinə hansısa məbləğdə pul tutmaq mümkün deyil.

22. Mübahisəyə iddia müddətinin tətbiqinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlandığı iddia olunan müqavilənin etibarsız (əhəmiyyətsiz) əqd olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında qeyd edildiyi kimi, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

23. Hazırkı işdən görünür ki, İddiaçı Cavabdeh MTK ilə aralarında bağlanmış və əhəmiyyətsizliyi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsbit edilmiş əqd üzrə qarşı tərəfə verdiyini iddia etdiyi əvəz edilən əşyanı – pul vəsaitini cavabdehdən tələb edir. Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş hüquqi mövqeyinə uyğun olaraq, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət tətbiq edilməlidir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, sözügedən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə hansısa məbləğdə vəsait ödənildiyi sübuta yetirilmiş olsa idi belə, hazırkı iş üzrə əhəmiyyətsiz xx.xx.2016-cı il tarixli əqdin icrasına başlanıldığı gündən, yəni müvafiq vəsaitin ödənildiyi iddia olunan gündən (arayışın tərtib edildiyi xx.xx.2016-cı il tarixdən) bir ildən çox vaxt keçdiyindən iddianın təmin edilməsi istisna edilir.

Məhkəmə xərcləri.

24. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ümumilikdə 419 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, eləcə də iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində mütəxəssis rəyi üçün xidmət haqqı iddiaçıya aid edilməli, həmçinin iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası xərci olan 127 manat məbləğində pul iddiaçıdan tutularaq, ekspertizanı keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

26. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və mütəxəssis xidməti haqqı iddiaçıya aid edilsin. Ödənilməmiş 127 (yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci iddiаçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar