Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1089/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, Üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yeni abonent müqaviləsinin bağlanması və abonent kodunda ad dəyişikliyi edilərək onun adının qeyd olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi 1.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1-ya dair onunla yeni abonent müqaviləsi bağlanması və abonent kodunda ad dəyişikliyi edilərək onun adının qeyd olunması öhdəliyinin "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 1993-cü ilin əvvəllərində Bakı baş tikinti İdarəsi tərəfindən order əsasında ünvan 1-da 2 otaqlı mənzil verilmişdir. Mənzil onlara ayrılarkən yaşayış binası tam istifadəyə verilmişdir. 1993-cü ilin sonlarında ailələrinə məxsus həmin mənzil Füzuli rayonundan məcburi köçkün olan X7 tərəfindən zəbt edilərək ailəsi ilə birlikdə məskunlaşmışdır. Bütün müraciətlərinə baxmayaraq həmin şəxslər 2023-cü ilin oktyabr ayına kimi mənzildə yaşamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 1 onun mülkiyyətindədir. Mənzilin mülkiyyətçisi həyat yoldaşı və daha sonra o olmasına baxmayaraq 2023-cü ilin oktyabr ayında mənzilini geri alarkən ona məlum olmuşdur ki, mənzilə quraşdırılan elektrik sayğacı X3 adına rəsmiləşdirilmiş və abunə kodu(**********50146) verilmişdir. Mənzili geri aldıqdan sonra elektrik sayğacının öz adına sənədləşdirmək üçün cavabdeh təşkilata müraciət etdikdə ona mənzilə dair enerji sərfiyyatı üçün 4948,14 manat məbləğində borcun olması bildirilmiş və həmin borc ödənilmədiyi təqdirdə bunun mümkün olmadığı qeyd edilmişdir. İddiaçı tərəfindən cavabdeh təşkilata bununla bağlı sonuncu müraciət məktubu xx.xx.2024-cü il tarixdə göndərilsə də, müraciətə ümumiyyətlə cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, cavabdeh təşkilatın onun müraciətinə müsbət cavab verməməsi, onun hüquqlarını pozur. Çünki həmin borc tələbi cavabdeh tərəfindən 30 il ərzində mənzildən və enerji sərfiyyatından istifadə edən şəxsə qarşı yönəlməlidir. O bu borca görə məsuliyyət daşımır. Ancaq mənzilində enerji sərfiyyatından istifadə edə bilmir. Eyni iddia tələbi ilə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırsa da, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və ona mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmə qərardadı əsaslandırılmışdır ki, cavabdeh təşkilat inzibati orqan olmayan hüquqi şəxsdir və bu mübhaisəyə mülki qaydada baxılmalıdır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, 1993-cü ilin sonlarından ünvan 1 ünvanda yerləşən mənzil məcburi köçkün tərəfindən zəbt edilmiş və o, ailəsi ilə birlikdə orada məskunlaşmışdır. 1993-2023-cü il tarix aralağında sözügedən mənzildə yaşamışdır. Daha sonra orada məskunlaşan şəxs mənzillə təmin olunduğundan həmin mənzili iddiaçıya təhvil verərək mənzildən cıxıb getmişdir. Mənzili geri aldıqdan sonra elektrik sayğacının öz adına sənədləşdirmək üçün cavabdeh təşkilata müraciət etdikdə ona mənzilə dair enerji sərfiyyatı üçün 4948,14 manat məbləğində borcun olması bildirilmiş və həmin borc ödənilmədiyi təqdirdə bunun mümkün olmadığı qeyd edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın onun müraciətinə müsbət cavab verməməsi, onun konstition hüquqlarını pozur. Çünki həmin borc tələbi cavabdeh tərəfindən 30 il ərzində mənzildən və enerji sərfiyyatından istifadə edən şəxsə qarşı yönəlməlidir. O bu borcun yaranmasına görə məsuliyyət daşımır, belə ki cavabdeh təşkilat elektrik enerjisindən istifadəyə görə yaranmış borcu həmin şəxsdən vaxtında tələb etməli idi. Hal -hazırda o mənzilində elektrik enerjisindən istifadə edə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır.
5. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 izahat verərək bildirmişdir ki, müvafiq sahəni tənzimləyən qanunvericilik normalarına görə, istehlakçı mənzildən köçdükdə son günə qədər istifadə etdiyi elektik enerji haqqını vaxtında və tam həcmdə ödəməlidir, lakin mənzildə müvəqqəti məskunlaşmış istehlakçı tərəfindən limit normaları aşılmış və elektrik enerji haqqı ödənilməmişdir. Yeni abonent müqaviləsinin bağlanması və abonent kodunda ad dəyişikliyi edilməsi üçün, "xxxx" ASC tərəfindən mövcud borcun ödənilməsi tələb edilir. Həmin mənzilə dair borc ödənildikdən sonra istehlakçı ilə yeni müqavilə bağlanır.
İş materialları
6. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, qeyd olunan ünvanda yerləşən mənzil **********50146 nömrəli abunə kodu ilə xx.xx.2005-ci il tarixində qeydiyyata alınmışdır. Mənzil xx.xx.2005-ci il tarixində qeydiyyata alındığından qeydiyyata əsas olmuş sənədlər "xxxx" ASC-nin arxiv məlumatlar bazasında mövcud deyildir. Mənzildə məcburi köçkün ailəsi məskunlaşdığından məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq limit normaları məlumat bazasında öz əksini tapmışdır. Abonentin elekrik enerjisinin istifadəsi zamanı məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit həddini keçdiyinə görə mənzilin elektrik enerjisi üzrə 9387,92 manat borc öhdəliyi yaranmışdır. Bu borcdan 4988,86 manatı ödənişi tələb olunmayan borclar qrafasına aid edilmişdir. Abunə kodunda ad dəyişikliyi aparılması və elektrik enerjisinin alqı-satqısına dair yeni müqavilənin bağlanılması yalnız mənzilin borc öhdəliklərinin icrasından sonra mümkündür. Mülkiyyət sahibi olduğu mənzilin elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi istiqamətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq borclu qarşısında iddia qaldırmaq hüququnun olması bildirilmişdir.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir.
8. "xxxx" ASC tərəfindən verilmiş X2 görünür ki, Ədalət Sərkərovun adına quraşdırılmış **********50146 saylı abonent kodu üzrə sayğaca görə 2025-ci il tarixə 4948,15 manat borc yazılmışdır.
9. Abunə Haqqında bildirişdən görünür ki, Ədalət Sərkərovun adına quraşdırılmış **********50146 saylı abonent kodu üzrə sayğaca görə 4948,33 manat, Barmek borcu 450,684 manat borc yazılmışdır.
10. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-2263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 146-ya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılmış 4948,34 manat borcun X4 aid olunmasına dair iddia tələbi təmin edilməməsi qət olunmuşdur.
11. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə daxil olmuş İddiaçı, ona məxsus olan yuxarıda göstərilən ünvanda (yarımtikili binada) xx.xx.2023-cü il tarixədək, Füzulı rayonundan məcburi köçkün X3 ailəsi ilə birgə məskunlaşdığını və həmin dövr üzrə elektrik enerjisinə hesablanmış 5004,82 manat borcun silinməsi barədə ərizə baxılması üçün göndərilir. Məcburi köçkün Ədalət Sərkərovun ailə tərkibi 3 nəfər olmaqla adları 33 manat məbləğində vahid aylıq müavinət alan və elektrik enerjisindən isytifadə haqqı adambaşına ayda 300 kvt.saat norma üzrə dövlət hesabına mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-yə ödənilən Forma-2 adlı siyahısında “ünvan 2 ünvanında qeyd olunmuşdur. Yaranmış borcun araşdırılıb silinməsi məqsədilə müvafiq köməklik göstərilməsini və nəticəsinin vətəndaşa bildirilməsi xahiş edilmişdir.
İşin faktiki halları.
12. 1993-cü ilin sonlarından ünvan 1 ünvanda yerləşən mənzil məcburi köçkün X7 tərəfindən zəbt edilmiş və o, ailəsi ilə birlikdə orada məskunlaşmışdır. 1993-2023-cü il tarix aralağında sözügedən mənzildə yaşamışdır. Daha sonra orada məskunlaşan şəxs X7 mənzillə təmin olunduğundan, həmin mənzili iddiaçıya təhvil verərək mənzildən cıxıb getmişdir. Mənzili geri aldıqdan sonra iddiaçı elektrik sayğacının öz adına sənədləşdirmək üçün cavabdeh təşkilata müraciət etdikdə ona mənzilə dair enerji sərfiyyatı üçün 4948,14 manat məbləğində borcun olması bildirilmiş və həmin borc ödənilmədiyi təqdirdə bunun mümkün olmadığı qeyd edilmişdir. ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İddiaçı borcun X4 aid olunmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-2263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 146-ya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılmış 4948,34 manat borcun X4 aid olunmasına dair iddia tələbi təmin edilməməsi qət olunmuşdur.
13.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14.“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı
4. Elektrik enerjisi istehlakının rejimləri və əsas şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
9. İstehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtləri 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
15. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;
Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından müəyyən olunur ki, 1993-cü ilin sonlarından ünvan 1 ünvanda yerləşən mənzil məcburi köçkün X7 tərəfindən zəbt edilmiş və o, ailəsi ilə birlikdə orada məskunlaşmışdır. 1993-2023-cü il tarix aralağında sözügedən mənzildə yaşamışdır. Daha sonra orada məskunlaşan şəxs X7 mənzillə təmin olunduğundan həmin mənzili iddiaçıya təhvil verərək mənzildən cıxıb getmişdir. Mənzili geri aldıqdan sonra iddiaçı elektrik sayğacının öz adına sənədləşdirmək üçün cavabdeh təşkilata müraciət etdikdə ona mənzilə dair enerji sərfiyyatı üçün 4948,14 manat məbləğində borcun olması bildirilmiş və həmin borc ödənilmədiyi təqdirdə bunun mümkün olmadığı qeyd edilmişdir. ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İddiaçı borcun X4 aid olunmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-2263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 146-ya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılmış 4948,34 manat borcun X4 aid olunmasına dair iddia tələbi təmin edilməməsi qət olunmuşdur.
19. Məhkəmə hesab edir ki, hazırkı elektrik enerjisindən istifadə nəticəsində abonent kodu üzrə borcun yarandığı mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzildə elektrik enerjisindən faktiki olaraq iddiaçı istifadə edir və “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.1-ci maddəsinə əsasən məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı (məişət abonenti (əhali)) məhz iddiaçıdır. Enerjitəchizatı müəssisəsi Qaydaların tələblərinə görə müvafiq müqaviləni real istehlakçı ilə bağlamağa və abonent kodunu real istehlakçının adına dəyişdirməyə borcludur.
20. Digər tərəfdən, həmin ünvanda istehlak olunan elektrik enerjisinə görə ödənişlər məhz iddiaçı tərəfindən icra edilir. Enerjitəchizatı müəssisəsi ilə müqavilə bağlamış şəxs isə həmin ünvanda elektrik enerjisindən istifadə etmir və hal-hazırda orada yaşamır.
21. Bundan başqa, yuxarıda adı qeyd olunan Qaydaların 9-cu maddəsi istehlakçının məsuliyyətini müəyyən edir. Hazırda abonent kimi qeyd olunan şəxs yaşamadığı mənzildə istifadə edilən elektrik enerjisinə görə borcu ödəmədiyi kimi, istehlakçı kimi həmin ünvanla bağlı heç bir məsuliyyət daşımır. Gələcəkdə hər hansı qanun, yaxud qaydaların pozuntusu baş verərsə, enerjitəchizatı müəssisəsi vurulacaq zərəri real istehlakçıdan deyil, aktuallığını itirmiş (aktual olmayan, reallığı əks etdirməyən) müqavilə üzrə istehlakçıdan tələb etməyəcəkdir.
22. Həmçinin "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan da müəyyən olunur ki, qeyd olunan ünvanda yerləşən mənzil **********50146 nömrəli abunə kodu ilə xx.xx.2005-ci il tarixində qeydiyyata alınmışdır. Mənzil xx.xx.2005ci il tarixində qeydiyyata alındığından qeydiyyata əsas olmuş sənədlər "xxxx" ASC-nin arxiv məlumatlar bazasında mövcud deyildir. Mənzildə məcburi köçkün ailəsi məskunlaşdığından məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq limit normaları məlumat bazasında öz əksini tapmışdır. Abonentin elekrik enerjisinin istifadəsi zamanı məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit həddini keçdiyinə görə mənzilin elektrik enerjisi üzrə 9387,92 manat borc öhdəliyi yaranmışdır. Yəni dolayı yolla "xxxx" ASC-yə də məlumdur ki, həmin mənzildə borc abonentin məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit həddini keçdiyinə görə yaranmışdır.
23. Göründüyü kimi, istər iddiaçının, istər enerjitəchizat müəssisəsinin mənafeyi baxımından, istər EEİQ-nin tələbləri baxımından iddia tələbi abonent kodunun iddiaçının adına dəyişdirilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.
24. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
25. “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır. Göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanması Qaydaların qeyd edilən normasının imperativ göstərişidir.
26. Lakin işin faktiki hallarından müəyyən olunur ki, istehlakçı ilə müqavilənin bağlanması qanuna görə enerjitəchizatı müəssisəsinin vəzifəsi olduğu halda, enerjitəchizatı müəssisəsi bundan imtina etmiş və istehlakçı məcbur qalaraq bu tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanması imperativ norma olsa da, enerjitəchizatı müəssisəsi müqavilənin bağlanmasından imtina etməklə qeyd olunan qanunvericiliyin tələblərini pozmuş və istehlakçı qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir.
Məhkəmə xərcləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstehlakçıların hüquqlarının pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. İddia tələbi təmin olunduğundan ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
28. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 45 saylı evin, 146 saylı mənzilinə dair İddiaçı ilə yeni abonent müqaviləsinin bağlanması və həmin mənzilə dair abonent kodunun İddiaçı adına rəsmiləşdirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır.
29. İş üzrə ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 45 saylı evin, 146 saylı mənzilinə dair İddiaçı ilə yeni abonent müqaviləsinin bağlanması və həmin mənzilə dair abonent kodunun İddiaçı adına rəsmiləşdirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Ödənilməmiş - 100 (yüz) manat məbləğində dövət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova