Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-109/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti) qarşı “işə bərpa, ödənilməmiş əmək haqqı, mükafat, son haqqı-hesab, istifadə edilməmiş məzuniyyət pulu, maddi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “işə bərpa, ödənilməmiş əmək haqqı, mükafat, son haqqıhesab, istifadə edilməmiş məzuniyyət pulu, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC-nin onun işdən kənarlaşdırılması barədə 01.03.2017-ci il tarixli, İRİŞ- 386/A əmrinin ləğv edilib, yenidən vəzifəsinə qayıtmasının təmin olunması, əmək haqqı, mükafat və son haqq-hesabının hesablanaraq ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, qanunsuz olaraq işləməkdən məhrum olunmağı nəticəsində ona dəyən maddi zərərin əvəzi kimi hər ay ödənilməmiş əmək haqqına görə 700 manat olmaqla, 4 il müddətinə cəmi 33600 manat əmək haqqı hesablanmaqla, maddi və mənəvi zərərə görə 20000 manat, yekun olaraq 53600 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04.11.2016-cı il tarixə qədər Cavabdeh MMC-də sürücü olaraq fəaliyyət göstərmişdir. 04.11.2016-cı il tarixli akta əsasən 01.03.2017-ci tarixli, №İRİŞ – 386/A əmrində aydın qeyd olduğu kimi marşrut xətlərinin idarəetmə şöbəsinin sürücü vəzifəsini icra edərkən, 04.11.2016-cı il tarixdə, saat 06:48 radələrində **-JH-*** dövlət nömrə nişanlı, “Neoplan” markalı avtobusla hava limanı istiqamətində xidmət aparan zaman piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilmişdir. Həmin hadisə ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyi hadisə yerində olmuş və müvafiq qaydada yol-nəqliyyat hadisəsinin baş verməsi daxili qaydada aktla rəsmiləşdirilmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin şifahi məlumatına əsasən hadisə ilə bağlı istintaq aparıldığı bildirilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş olaraq ictimai təhlükəli nəticələr baş verə biləcəyini qabaqcadan görmək imkanı olmamışdır. Buna görə də cinayəti istisna edən hallar mövcud olmadığına görə barəsində başlanılmış cinayət işinin icraatına Nizami RPİ-nin 12.12.2020-ci il tarixli qərarı ilə xitam verilərək təqsirsiz olduğu sübut olunmuşdur. 01.03.2017-ci il tarixdə əsassız olaraq işdən azad olunmuş, Cavabdeh MMC-dən dəfələrlə yazılı-şifahi şəkildə işə götürülməsini, sürücülük vəzifəsinin bərpa edilməsini xahiş etsə də müxtəlif bəhanələr ilə işə qəbul etməkdən imtina etmişdirlər. Sonuncu dəfə onun çoxsaylı müraciətlərindən sonra Cavabdeh MMC öz məktubu ilə bildirmişdir ki, guya onun əmək müqaviləsinə xitam verilməsi yalnız həmin müqavilənin müddətinin bitməsi ilə əlaqədardır. Belə ki, ilk dəfə onunla Cavabdeh MMC arasında bir illik müddətə bağlanmış əmək müqaviləsi 02.10.2016-cı il tarixində növbəti bir ilə qədər uzadılmışdır. Daha sonra isə sırf baş vermiş hadisələrə görə cəmiyyət tərəfindən müqaviləsinə 03.10.2017-ci il tarixində xitam verilmişdir. Halbuki, onun sözügedən yolnəqliyyat hadisəsində heç bir təqsiri olmadığı halda o, 04.11.2016-cı il tarixindən Cəmiyyətin aktı ilə işdən kənarlaşdırılmış və ona olan bu haqsız və qərəzli münasibətə görə öz əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Qeyd edir ki, X2 veteranıdır, sürücü vəzifəsinin icrası dövründə Bakıda keçirilən Beynəlxalq tədbirlər (Avroviziya 2012, Bakı Avropa Oyunları) zamanı lider sürücü adına layiq görülmüş, lakin əsassız olaraq işdən kənarlaşdırılmış və əmək haqqı faktiki olaraq işəgötürən tərəfin təqsirindən ödənilməmişdir. Cavabdeh MMC tərəfindən onun işdən kənar edilməsinin əsl səbəbi ona aydın olmadığından sürücülük hüququndan məhrum edilmişdir. Beləliklə də Cavabdeh MMC-nin əsassız olaraq barəsində qəbul etdiyi əmr ləğv edilməli və yenidən işə bərpa edilməli, işləmədiyi dövr üçün ödənilməyən əmək haqları və maddi-mənəvi təzminatın ödənilməsi barədə qanuna müvafiq qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh MMC onu qanunsuz olaraq işdən çıxarmışdır. Belə ki, 04.11.2016-cı il tarixdə sürdüyü avtobusun iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin hadisənin baş verməsində avtobus sürücüsü kimi onun heç bir təqsiri olmamışdır. Elə bu səbəbdən də hadisə ilə bağlı açılmış cinayət işi üzrə əvvəl təqsirləndirilən şəxs kimi işə cəlb edilsə də sonradan cinayət işinə xitam verilmiş, onun təqsirsiz olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, hadisədən dərhal sonra Cavabdeh MMC tərəfindən işdən kənarlaşdırılmış, bir daha avtobus sürməsinə icazə verilməmişdir. Onlar bunu belə əsaslandırmışdır ki, təqsirsizliyi sübuta yetirilməyənə qədər işə çıxması mümkün deyil. Halbuki, hadisə baş verən gün hadisə yerinə gələn Cavabdeh MMC-nin nümayəndəsi, hüquq mühafizə orqanlarının əməkdaşları da demişdir ki, baş vermiş hadisədə onun heç bir təqsiri yoxdur. Buna baxmayaraq, hadisədən dərhal sonra işdən kənarlaşdırılmışdır. Buna səbəb isə Cavabdeh MMC-nin rəhbərliyinin ona qarşı qərəzli mövqedə olmasıdır. Belə ki, bir neçə dəfə rəhbərliyin işçilərlə olan iclasları zamanı işçilərə ünvanlanan təhqirlərə cavab vermişdir. Bir dəfə də hadisə nəticəsində avtobusa dəymiş zərərə görə onun maaşından 500 manat tutulmasına etiraz etmiş, onun etirazından sonra araşdırma aparılaraq məlum olmuşdur ki, avtobusa dəymiş zərər onun təqsirindən olmamışdır. Bundan sonra onun pulunu qaytarmışlar. Bütün bunlara, yəni sadəcə öz haqqını müdafiə etdiyinə görə Cavabdeh MMC-nin rəhbərliyi ona qarşı qərəzli mövqedə olmuş, baş vermiş yol-nəqliyyat hadisəsini onu işdən çıxarmaq üçün bəhanə etmişdir. Yəni, onun işdən kənarlaşdırılmasının sərnişinlərin təhlükəsizliyi ilə əlaqəsi yoxdur. Belə ki, o, peşəkar avtobus sürücüsü olmuş, sürücü kimi fəaliyyət göstərdiyi bütün illərdə öz fəaliyyəti ilə daim fərqlənmiş, müxtəlif beynəlxalq tədbirlərdə lider sürücü seçilmiş, bu tədbirlərdə iştirak etmək üçün sertifikatlar almışdır. Bir sözlə, Cavabdeh MMC-də sürücü kimi fəaliyyət göstərdiyi bütün illərdə nöqsansız işləmişdir. Sadəcə olaraq, öz haqqını müdafiə etdiyinə görə Cavabdeh MMC-nin rəhbərliyi heç bir təqsirinin olmadığı yol nəqliyyat hadisəsini bəhanə edərək onu işdən kənarlaşdırmış, daha sonra əmək müqaviləsinə xitam vermişlər. O, işdən qanunsuz çıxarılmasına görə heç bir kompensasiya tələb etməsin deyə də müqavilənin müddətinin bitməsini bəhanə etmişlər. Halbuki, o, Cavabdeh MMC ilə əmək müqaviləsini 2015-ci ildə bağlamışdır və bu zaman heç bir müddət olmamışdır. Əgər müqavilə bir illik bağlansa idi, müqavilənin müddəti 2016-cı ildə bitməli idi. Lakin o, 2017-ci ilin mart ayında işdən kənarlaşdırılmış, oktyabr ayında isə müddətə görə əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Üstəlik, işdən çıxarılan zaman əmək kitabçası, son-haqq hesab, ödənilməmiş məzuniyyət haqqı da ona verilməmişdir. Əmək kitabçasını məhkəməyə müraciət etdiyi ay alsa da digərlərini hələ də almamışdır. Bütün bu qeyd etdiyi səbəblərdən o, hesab edir ki, onun işdən çıxarılması qanunsuz olmuşdur və o, öz hüquqlarının müdafiəsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə qədər getmək fikrindədir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, iddiaçı 02.10.2015-ci il tarixdə Cavabdeh MMCdə bir il müddətinə əmək müqaviləsi bağlanmaqla sürücü vəzifəsinə işə qəbul olunmuş və 02.10.2016-cı il tarixdə əmək müqaviləsi növbəti bir il müddətinə uzadılmışdır. 04.11.2016cı il tarixdə öz vəzifəsini icra edən zaman piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş və barəsində DİN-in Nizami RPİ-nin İstintaq Şöbəsi tərəfindən AR CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə istintaq araşdırması aparılan müddətdə İddiaçı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarından məlum olur ki, 04.11.2016-cı il tarixdən 12.12.2020-ci il tarixədək cinayət işi üzrə icraat müvafiq qərarlarla on dörd dəfə dayandırılmış və təzələnmişdir. Yekunda, İddiaçı təqsirsiz bilinərək barəsində istintaq hərəkətləri yekunlaşmış və icraata xitam verilmişdir. Baş vermiş hadisə anından etibarən barəsində cinayət təqibi başlandığı üçün İddiaçı ilk öncə Cəmiyyətin 04.11.2016-cı il tarixli aktı ilə və sonra 01.03.2017-ci il tarixli, İRİŞ-386/A əmri ilə işdən kənarlaşdırılmışdır. Həmin ərəfədə onunla bağlanmış əmək müqaviləsi qüvvəsində qalmaqda idi. 07.03.2017-ci il tarixdə MMC tərəfindən Nizami RPİ-nin İstintaq Şöbəsinə məktubla İddiaçı işə buraxılmasının mümkünlüyü barədə müraciət edilmiş və istintaq aparan orqanın 31.03.2017-ci il tarixli, ********* nömrəli cavab məktubu ilə İddiaçı işə buraxılması barədə dəqiq fikir söyləməyin mümkün olmadığı bildirilmişdir. Buna rəğmən, Cavabdeh MMC tərəfindən İddiaçı şifahi bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinədək istintaq və ya məhkəmə orqanının onun təqsirsizliyi barədə qərar və ya hökm çıxarmayınca onun işə buraxılması məqsədəmüvafiq deyil. Yekunda, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin 03.10.2017-ci il tarixdə bitdiyi və Cəmiyyət tərəfindən adıgedən müqaviləyə xitam veriləcəyi barədə 18.09.2017-ci il tarixdə “xəbərdarlıq” məktubu göndərilmiş və Cəmiyyətin 03.10.2017-ci il tarixli, İRİŞ-1480 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işə qəbul olunduğu tarixdən 04.11.2016-cı il tarixədək işlədiyi müddətdə yol verdiyi ciddi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilmiş və ona Cəmiyyətin 07.04.2016-cı il tarixli, İRİŞ-276 nömrəli əmri ilə “töhmət” və 02.05.2016-cı il tarixli, İRİŞ-390 nömrəli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir. Həmçinin, onun işsizliyə görə hər hansı bir təzminat alması üçün MMC-yə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur və bu günədək işsiz qalmasına səbəb törətdiyi əmələ görə barəsində aparılan istintaq təqibinin müddətinin istintaq orqanı tərəfindən uzadılmasıdır. Cavabdeh MMC tərəfindən İddiaçıla bağlanmış əmək müqaviləsinə hüquqi əsaslarla xitam verilmişdir və buna görə Cəmiyyət heç bir məsuliyyət daşımır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən İddiaçı bu tələblərlə yalnız Daxili İşlər Nazirliyinə müraciət edə və həmin orqan tərəfindən təzminatın ödənilməsini mülki mühakimə qaydasında tələb edə bilər. O da nəzərə alınmalıdır ki, İddiaçı işdən kənarlaşdırılması tamamilə sərnişinlərin təhlükəsizliyi təmin etmək məqsədi daşımış və tam qanuni olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Nicat Nayıbov tərəfindən 12.12.2020-ci ildə qəbul edilmiş “cinayət işinin icraatına xitam verilməsi” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 04.11.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində piyada X1 ölməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə aparılan ********* saylı cinayət işinin icraatına və cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı iştirakına xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Cavabdeh MMC-nin “İddiaçı işdən kənar edilməsi haqqında” 01.03.2017-ci il tarixli, İRİŞ-386/A nömrəli əmrin surətindən görünür ki, marşrut xətlərinin idarəetmə şöbəsinin sürücüsü İddiaçı cinayət tərkibi olan ictimai təhlükəli əməl törətdiyinə görə barəsində istintaq getdiyi üçün 01.03.2017-ci il tarixindən işdən kənarlaşdırılmışdır. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 06.04.2021-ci il tarixli məktubda qeyd edilir: “...Araşdırma nəticəsində müəyyən edilmişdir ki, siz, İddiaçı 02.10.2015-ci il tarixdə Cavabdeh MMC-də bir il müddətinə əmək müqaviləsi bağlanmaqla sürücü vəzifəsinə işə qəbul olunmuş və 02.10.2016-cı il tarixdə sizinlə bağlanmış əmək müqaviləsi növbəti bir ilə uzadılmışdır. 04.11.2016-cı il tarixdə öz xidməti vəzifənizi icra edən zaman piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və barənizdə AR Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə istintaq təqibi aparılan müddətdə sizin barənizdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sizin Cavabdeh MMC-yə təqdim etdiyiniz Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarından məlum olur ki, 04.11.2016-cı il tarixdən 12.12.2020-ci il tarixədək cinayət işi üzrə icraat müvafiq qərarlarla 14 dəfə dayandırılmış və təzələnmişdir. Yekunda siz təqsirsiz bilinərək barənizdə istintaq hərəkətləri yekunlaşmış və icraata xitam verilmişdir. Baş vermiş hadisə anından etibarən barənizdə cinayət təqibi başlandığı üçün Siz, ilk öncə Cəmiyyətin 04.11.2016-cı il tarixli Aktı ilə və sonra 01.03.2017-ci il tarixli İRİŞ-386/A Əmri ilə əmək qanunvericiliyinin tələbləri əsasında işdən kənarlaşdırılmısınız. Həmin ərəfədə sizinlə bağlanmış əmək müqaviləsi qüvvəsində qalmaqda idi. 07.03.2017-ci il tarixdə Cavabdeh MMC tərəfindən Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinə məktubla sizin xidməti vəzifənizin davam etdirilməsi üçün işə buraxılmağınızın mümkünlüyü barədə müraciət edilmiş və İstintaq aparan orqanın 31.03.2017-ci il tarixli ********* nömrəli cavab məktubu ilə “İ. Hüseynovun işə buraxılması barədə fikir söyləməyin mümkün olmadığını” bildirmişdir. Buna rəğmən, Cavabdeh MMC tərəfindən sizə şifahi olaraq bildirilmişdir ki, sizinlə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinədək istintaq və ya məhkəmə orqanı sizin təqsirsizliyiniz barədə qərar və ya hökm çıxarmayınca işə buraxılmağınız məqsədəmüvafiq deyil. Bu sizin vəzifənizdən irəli gələn məsuliyyətlə əlaqədardır. Yekunda, AR Əmək Müqaviləsinin tələblərinə uyğun olaraq sizinlə bağlanmış əmək müqaviləsinin müddətinin 03.10.2017-ci il tarixdə bitməsi və Cəmiyyət tərəfindən adıgedən müqaviləyə xitam veriləcəyi barədə sizə 18.09.2017-ci il tarixdə “xəbərdarlıq” məktubu göndərilmiş və Cəmiyyətin 03.10.2017-ci il tarixli, İRİŞ-1480 nömrəli əmri ilə sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məlumat üçün qeyd edirik ki, siz işə qəbul olunduğunuz tarixdən 04.11.2016-cı il tarixədək işlədiyiniz müddətdə xidməti vəzifənizin icrası zamanı yol verdiyiniz ciddi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilmiş, sizə Cəmiyyətin 07.04.2016-cı il tarixli, İRİŞ-276 nömrəli əmri ilə “töhmət” və 02.05.2016-cı il tarixli, İRİŞ-390 nömrəli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir. Sonda, müraciətinizə münasibət bildirərək qeyd edirik ki, sizin işsizliyə görə Cavabdeh MMC-dən hər-hansı bir təzminatın ödənilməsi tələbinizin heç bir hüquqi əsası yoxdur və bu günədək işsiz qalmağınıza səbəb barənizdə aparılan istintaq təqibinin müddətinin istintaq orqanı tərəfindən uzadılmasıdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bu tələblərlə siz yalnız AR Daxili İşlər Nazirliyinə müraciət edə bilərsiz. Cavabdeh MMC tərəfindən sizinlə bağlanmış Əmək Müqaviləsinə qanunamüvafiq hüquqi əsaslarla xitam verilmişdir və buna görə Cəmiyyət heç bir məsuliyyət daşımır”. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. İşçi 09.10.2015-ci il tarixdən işə başlayır. İşçiyə hər ay 722.90 manat əmək haqqı ödənilir. Cavabdeh MMC-nin 21.06.2016-cı il tarixli, İRİŞ-724 saylı əmrin surətindən görünür ki, İddiaçı - marşrut xətlərinin idarəetmə şöbəsinin sürücü 03.10.2015-ci il tarixdən 03.10.2016-cı il tarixinədək olan iş ili hesabına 01.07.2016-cı il tarixdən 25.07.2016-cı il tarixədək 25 təqvim günü müddətinə (21 gün əsas, 2 gün əmək stajına görə, 2 gün Ramazan bayramına görə əlavə) əmək məzuniyyəti verilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 18.09.2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat verilmişdir. Cavabdeh MMC-nin 03.10.2017-ci il tarixli, İRİŞ-1480 saylı əmrin surətindən görünür ki, İddiaçı - marşrut xətlərinin idarəetmə şöbəsinin sürücüsü ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 03.10.2017-ci il tarixdən xitam verilmiş, 03.10.2016 - 01.03.2017-ci il tarixinədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 8.5 təqvim günü pul əvəzi ödənilməsi müəyyən edilmişdir. İşin faktiki halları. İşəgötürən Cavabdeh MMC və işçi İddiaçı arasında 03.10.2015-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-də avtobus sürücüsü kimi işə götürülmüş, aylıq əmək haqqı 722.90 manat məbləğində, müqavilənin müddəti isə bir il müəyyən edilmişdir. İddiaçı 04.11.2016-cı il tarixində idarə etdiyi avtobusla xidməti vəzifəsini icra edən zaman piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılmış, 14.01.2017-ci il tarixdə İddiaçı təqsirləndirilən şəxs qismində işə cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə ibtidai istintaq orqanının səlahiyyətli şəxsinin 12.12.2020-ci il tarixli qərarı ilə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsindən sonra İddiaçı bir daha avtobus sürməsinə icazə verilməmiş, 01.03.2017-ci il tarixli əmrlə o, rəsmi olaraq işdən kənarlaşdırılmış, 03.10.2017-ci il tarixli əmrlə isə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı həm işdən kənarlaşdırılmasının, həm də əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu iddia edərək, işə bərpa edilməsini, son haqq-hesab, özünə dəymiş maddi və mənəvi ziyana görə Cavabdeh MMC-dən ümumilikdə 53600 manat məbləğində pul tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. İş Məhkəmənin icraatına daxil olduqdan sonra məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərhinə zərurət olduğu müəyyən edildiyindən bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilmiş, həmin müraciət üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12.01.2022-ci il tarixli qərarı qəbul edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar.
2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
10. Əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Maddə 11. İşəgötürənin əsas hüquqları.
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək. Maddə 42. Əmək müqaviləsinin tərəfləri.
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 43. Əmək müqaviləsinin məzmunu.
1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: d) əmək müqaviləsinin müddəti. Maddə 45. Əmək müqaviləsinin müddəti.
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 62. İşçinin işdən kənar edilməsi.
1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə.
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası.
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 110. İşçilərin məzuniyyət hüququ.
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə 114. Əsas məzuniyyət və onun müddətləri
1. Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.
2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi.
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi.
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi
1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi.
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixlə Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
İddia tələbindən görünür ki, tələb beş hissədən ibarətdir: 1) işdən kənarlaşdırma əmrinin ləğv edilməsi; 2) işə bərpa; 3) son haqq-hesabın ödənilməsi; 4) maddi ziyan; 5) mənəvi ziyan.
1) işdən kənarlaşdırma əmrinin ləğv edilməsi.
Məhkəmə, ilk növbədə işdən kənarlaşdırma əmrinin ləğv edilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı işdən kənarlaşdırılması barədə müvafiq əmr 01.03.2017-ci il tarixdə qəbul edilsə də İddiaçı 04.11.2016-cı il tarixdə yol nəqliyyat hadisəsi baş verdikdən sonra faktiki olaraq işdən kənarlaşdırıldığı və bir daha avtobus sürməyə buraxılmadığı işin mübahisəsiz halıdır. Belə ki, iş üzrə cavabdeh tərəfindən iddiaya verilmiş yazılı etiraz da “iddiaçının ilk öncə Cəmiyyətin 04.11.2016-cı il tarixli Aktı ilə və sonra 01.03.2017-ci il tarixli, İRİŞ-386/A əmri ilə əmək qanunvericiliyinin tələbləri əsasında işdən kənarlaşdırıldığı” qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi baş vermiş hadisədən sonra iddiaçının işdən kənarlaşdırılmasını sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə əsaslandırmışdır. Belə ki, cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən təkrar bu cür hadisə törədilməsi riski nəzərə alınaraq bu cür qərar qəbul edilmişdir. Həmçinin, iddiaçı hadisə baş verənə qədər əmək fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilmiş, ona 07.04.2016-cı il tarixdə töhmət, 02.05.2016-cı il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Məhkəmə isə işin hallarını nəzərə alaraq, baş vermiş hadisədən sonra iddiaçının işdən kənarlaşdırılmasının qanuni olmadığı nəticəsinə gəlir. Belə ki, ilk növbədə işdən kənarlaşdırma barədə 01.03.2017-ci il tarixli əmr qanunla müəyyən edilmiş qaydada əsaslandırılmamış, ümumi şəkildə baş vermiş yol nəqliyyat hadisəsindən, hadisə ilə bağlı istintaq aparılmasından bəhs edilmiş, bu cür nəticəyə gəlməyi zəruri hesab edən amillər sadalanmadan birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinə istinad edilərək işçinin işdən kənarlaşdırılması nəticəsinə gəlinmişdir. Halbuki, sözügedən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin mətnində açıq şəkildə qeyd edildiyi kimi, qanunverici işəgötürənə işçini işdən kənarlaşdırma səlahiyyətini aşağıdakı məqsədlərə nail olmaq üçün vermişdir: - mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq; - baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq; - əmək intizamını təmin etmək. Bunun davamı olaraq, məhz hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12.01.2022-ci il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanaraq sənədləşdirilməli, işəgötürənin bu barədə qərarının zəruriliyi əsaslandırılmalı və əsaslandırma ümumi xarakter daşımamalıdır. Belə ki, bu tədbir işçi barəsində əmək haqqı ödənişinin dayandırılması, əmək funksiyalarının yerinə yetirilməsi imkanından məhrum etmə kimi əlverişsiz nəticələrə səbəb olduğundan, yalnız ictimai (müəssisə və cəmiyyət üçün zərərli və təhlükəli nəticələrin qarşısını almaq) və şəxsi (işçilərin həyat və sağlamlığını qorumaq) mənafelərin müdafiəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda tətbiq edilə bilər... Hazırkı işdə isə işəgötürən Cavabdeh MMC tərəfindən verilmiş işdən kənarlaşdırma barədə əmrdə nəinki hansısa toplanmış və sənədləşdirilmiş sübutlara istinad olunmuş, heç bu kənarlaşdırmanın hansı mənafeləri qorumaq üçün zəruri olduğuna ümumi şəkildə belə olsa istinad edilməmişdir. Eyni şəkildə, işçinin hadisə baş verdikdən dərhal sonra, bu barədə heç bir əmr qəbul edilmədən, hadisə barədə tərtib edilmiş akta istinadla (hansı ki, bu aktda da işçinin işdən kənarlaşdırılmasını zəruri hesab edən hansısa hala istinad edilməmişdir) işdən kənarlaşdırılması da qanunsuz olmuşdur. Bu cür nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında istinad olunan “sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi” və “işçinin hadisədən əvvəl yol verdiyi nöqsanlara görə iki dəfə intizam məsuliyyətinə cəlb edilməsi” halları bu işdən kənarlaşdırmanı zəruri hesab etməyə kifayət etmir. İlk növbədə ona görə ki, avtobus sürücüsü olmuş iddiaçının hansısa cinayətin törədilməsində ittiham olunması mütləq şəkildə o mənaya gəlmir ki, o, artıq bir sürücü kimi sərnişlər üçün təhlükə təşkil edir. Üstəlik, nəzərə alınmalıdır ki, onun təqsirləndirilən şəxs kimi cəlb olunduğu cinayət işi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma faktı ilə açılmışdır. Bu isə o deməkdir ki, fakta görə cinayət işinin başlandığı ilk gündən etibarən iddiaçı heç vaxt qəsdən cinayət törədilməsində təqsirləndirilən şəxs kimi tanınmamış, bu baxımdan cavabdehin iddiaçını “sərnişinlərin təhlükəsizliyi üçün risk” kimi qiymətləndirməyə heç bir real əsası olmamışdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Cavabdeh MMC-nin işəgötürəni olduğu başqa avtobus sürücüləri də var və onların hər biri sürücü kimi yol hərəkəti iştirakçısıdırlar. Bu isə o deməkdir ki, həmin sürücülərdən hər hansı birinin ehtiyatsızlıqdan hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsi ehtimalı hər an mövcuddur. Hansı ki, işəgötürən kimi Cavabdeh MMC bu ehtimalın qarşısını heç vaxt ala bilməz. Beləliklə, Cavabdeh MMC-nin ehtiyatsızlıqdan bu cür cinayət törədilməsinin qarşısını almaq üçün sürücünü işdən kənarlaşdırmasının sərnişinlərin təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur. Çünki ehtiyatsızlıqdan bu cinayəti törədən sürücünün təkrar ehtiyatsızlıqdan eyni cinayəti törətməsi ehtimalı başqa bir sürücünün bu cinayəti törətməsi ehtimalı ilə bərabərdir, həmin sürücü digər sürücülərlə eyni dərəcədə “təhlükəli”dir. Bu baxımdan Cavabdeh MMC-nin ehtiyatsızlıqdan törətməkdə təqsirli bilindiyi bu cinayətə görə İddiaçı digər sürücülərdən “daha çox təhlükəli” hesab etməyə heç bir real əsası olmamışdır. İddiaçıun yol nəqliyyat hadisəsindən əvvəl yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilməsinin isə ümumiyyətlə onun işdən kənarlaşdırılmasına heç bir aidiyyəti yoxdur. Belə ki, işçinin əmək vəzifələrini, əmək və icra intizamını pozması onun barəsində intizam tədbirinin tətbiq edilməsi, yaxud pozuntu kobud olarsa, onunla bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsas ola bilərdi. İşçinin işdən kənarlaşdırılması isə yuxarıda əsaslandırıldığı kimi tamamilə fərqli məqsədlərlə tətbiq edilir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, yol nəqliyyat hadisəsindən əvvəl İddiaçı barəsində hansısa intizam tənbehi tətbiq edilmiş olsa belə (hərçənd ki, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir) bu tənbehlərdən sonra işəgötürən Cavabdeh MMC işçi İddiaçı ilə olan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verməmiş, əksinə müqavilənin müddətinin bitməsindən sonra əmək münasibətlərini davam etdirərək əmək müqaviləsinin müddətini bir il də uzatmışdır. Odur ki, İddiaçı ilə olan əmək müqaviləsinin müddətinin uzadılmasına mane olmayan bu “intizam tənbehləri” işçinin işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Son olaraq, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş hazırkı işlə bağlı qərarına istinadla qeyd edilməlidir ki, işçinin işdən kənar edilməsi intizam tənbeh tədbiri və ya cəza xarakteri daşımır. Məqsədi işçinin əmək funksiyalarının yerinə yetirilməsinin davam etdirilməsi nəticəsində yarana biləcək əlverişsiz halların, mümkün ziyanın qarşısını almaqdır. Bütün bu qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMCdən sürücü kimi işdən kənarlaşdırılmasına dair 01.03.2017-ci il tarixli əmr qanunsuzdur və ləğv edilməlidir.
2) işə bərpa.
İşə bərpa tələbinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı iddia edir ki, Cavabdeh MMC tərəfindən əvvəlcə onun işdən kənarlaşdırılması, daha sonra əmək müqaviləsinə xitam verilməsi onun iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsinə görə olmuşdur. Hansı ki, bu hadisə ilə bağlı açılmış və təqsirləndirilən şəxs kimi cəlb edildiyi cinayət işinə sonradan bəraətverici əsaslarla xitam verilmişdir. Bu əsasla iddiaçı hesab edir ki, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmə isə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, işçi İddiaçı və işəgötürən Cavabdeh MMC arasında bağlanmış 03.10.2015-ci il tarixli əmək müqaviləsi bir il müddətinə bağlanmış müddətli müqavilədir. Bununla belə iddiaçının bu müqavilənin müddətinin bitməsindən sonra da – elə hadisə baş verdiyi tarixdə Cavabdeh MMC-də işləməsinin səbəbi müqavilənin müddətinin uzadılmasıdır. Belə ki, iddiaçının hesab etdiyindən fərqli olaraq, qanunla müddətli əmək müqaviləsinin müddətinin uzadılması üçün yenidən müqavilə bağlanması, yaxud hansısa xüsusi prosedurun tətbiq edilməsi müəyyən edilməmişdir. Əksinə, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunduğu qanunla müəyyən edilmişdir. Belə görünür ki, hazırkı iş üzrə tərəflər arasında müddətli əmək müqaviləsinin müddəti 03.10.2016-cı il tarixdə bitsə də tərəflər arasında əmək münasibətləri davam etdiyindən və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilə bir il müddətinə uzadılmışdır. Lakin uzadılmış müddətin sonunda işəgötürən Cavabdeh MMC işçi İddiaçı ilə əmək münasibətlərini davam etdirmək istəməyərək, müqaviləyə xitam verilməsini tələb etmiş, bununla bağlı müvafiq əmr qəbul etmiş, bununla da müqavilənin müddətinin növbəti bir il üçün uzadılmasının qarşısını almışdır. Hansı ki, bu, müddətli müqavilə üzrə işəgötürənin qanunla müəyyən edilmiş hüququ olmuşdur. Belə ki, işəgötürən müddətli əmək müqaviləsi üzrə əmək münasibətlərini müqavilənin müddəti bitdikdən sonra da davam etdiribetdirməməkdə işçi ilə bərabər hüquqa malikdir. Bu baxımdan əgər işəgötürən müqavilə müddəti bitdikdən sonra əmək münasibətlərinin davam etdirilməsində maraqlı deyilsə, əmək müqaviləsinə müddətin sonunda xitam verilə bilər. Bu hal işçinin hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin İddiaçı ilə olan əmək müqaviləsinə xitam verməsi qanuni olmuşdur. Odur ki, İddiaçı işə bərpasını zəruri edən heç bir hal olmadığından bu tələb təmin edilməməlidir.
3) son haqq-hesabın ödənilməsi.
Son haqq-hesabın ödənilməsi tələbinə münasibətdə məhkəmə, ilk növbədə qeyd edir ki, əmək qanunvericiliyə əsasən son haqq-hesab dedikdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərdə tutulur. İş materiallarından görünür ki, işçi İddiaçı ilə olan əmək müqaviləsinə 03.10.2017-ci il tarixli əmrlə xitam verilərkən işçiyə 03.10.2016 – 01.03.2017-ci il tarixinədək olan dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə 8.5 təqvim günü pul əvəzi ödənilməsi əmrdə göstərilmişdir. Yəni, iddiaçı işdən çıxarılarkən ona son iş ili üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilməsi zamanı kompensasiya məbləği iddiaçının işdən kənarlaşdırıldığı tarixə qədər – 01.03.2017 – hesablanmışdır. Hansı ki, iddiaçının işdən kənarlaşdırılması barədə 01.03.2017-ci il tarixli əmrin qanunsuz olmaqla ləğv edilməli olduğu artıq yuxarıda əsaslandırılmışdır. Belə olan halda iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya 03.10.2016 – 03.10.2017-ci il tarixinədək olan dövr üçün ödənilməlidir. Bunun üçün isə iddiaçının bu 12 ay ərzində olan orta əmək haqqı məbləği müəyyən edilməlidir. Bu hissədə məhkəmə qeyd edir ki, hər nə qədər tərəflər arasında bağlanmış əmək müqaviləsində işçiyə hər ay 722.9 manat məbləğində əmək haqqı ödənildiyi göstərilsə də iş materiallarından görünür ki, iddiaçıya 03.10.2016-cı il tarixdən 03.10.2017-ci il tarixədək hesablanan əmək haqqı hər ay fərqlilik təşkil etmişdir. 2017-ci ilin fevral ayından sentyabr ayına qədər isə heç bir əmək haqqı hesablanmamışdır. Belə olan halda məhkəmə istifadə edilməmş əmək məzuniyyətinə görə kompensasiya məbləğinin müəyyən edilməsi üçün orta aylıq əmək haqqının iddia tələbində də qeyd ediliyi kimi 700 manat olmaqla hesablanmasını işin hallarına uyğun hesab edir. Bundan başqa, nəzərə alınmalıdır ki, iş materiallarında əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçıya son-haqq hesabın ödənildiyini təsdiq edən heç bir sənəd mövcud deyil. Yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cədvəldə əmək haqqı hesablanmayan yeddi aydan sonra iddiaçının hesabına 99.73 manat məbləğində pul ödənildiyi, üstəlik bu ödənişdən gəlir vergisi tutulmadığı göstərilmişdir. Lakin bu ödənişin son haqq-hesab kimi qəbul edilməsi mümkün deyil, çünki əmək müqaviləsinə oktyabr ayında xitam verilmişdir. Həmçinin, bu ödənişin həqiqətən işçinin hesabına ödənildiyini təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyil. Bu baxımdan məhkəmə İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən Cavabdeh MMC tərəfindən ona son haqq-hesab, eləcə də istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilmədiyi nəticəsinə gəlir. Odur ki, son haqq-hesab kimi istifadə edilməmiş əmək məzuniyyətinə görə Cavabdeh MMC-dən 700 manat pul tutularaq İddiaçı ödənilməlidir. Son haqq-hesab kimi işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələrlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, 04.11.2016-cı il tarixdə baş vermiş və iddiaçının dərhal işdən kənarlaşdırılması ilə nəticələnən yol-nəqliyyat hadisəsindən sonra 2016-cı ilin noyabr ayında iddiaçının hesabına 104.57 manat, dekabr ayında 320.34 manat, 2017-ci ilin yanvar ayında 202.10 manat, sentyabr ayında 99.73 manat məbləğində əmək haqqı (və əmək haqqına bərabər ödəniş) hesablanmışdır. 2017-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust aylarında isə heç bir əmək haqqı hesablanmamışdır. Belə görünür ki, cavabdeh iddiaçını işdən kənarlaşdırdığına görə həmin dövrlər üçün əmək haqqı hesablanmamışdır. Eyni zamanda, hadisə baş verdikdən sonra bir neçə ay əvvəlki aylardan əhəmiyyətli dərəcədə aşağı - 100-300 manat məbləğində əmək haqqı hesablanması hadisə nəticəsində avtobusa dəymiş maddi ziyanın ödənilməsi ilə izah edilə bilər ki, məhkəmə iclasında iştirak edən cavabdeh də işçinin işəgötürənə maddi ziyan vurduğu təqdirdə əmək haqqından və son haqq-hesabından tutulmalar edildiyini bildirmişdir. Piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsindən sonra avtobusa da maddi ziyan dəymiş olması ağlabatan olsa da nəzərə alınmalıdır ki, bu ziyanın işçidən tutulması üçün ziyan işçinin təqsirli hərəkətləri nəticəsində vurulmuş olmalıdır. Əks təqdirdə, bu, avtobusa dəyən istənilən maddi ziyana görə işçinin məsuliyyət daşıması deməkdir ki, bu qəbuledilməzdir. Hazırkı işdən müəyyən edilir ki, avtobusa dəymiş (əgər həqiqətən dəyibsə) ziyana görə işçi İddiaçı təqsirli olması müəyyən edilməmişdir. Belə olan halda dəymiş ziyana görə onun əmək haqqından tutulmalar edilməsi qanunsuz olmuşdur. Digər aylarda heç bir əmək haqqı hesablanmaması da öz növbəsində qanunsuzdur. Çünki artıq yuxarıda əsaslandırıldığı kimi İddiaçı işdən kənarlaşdırılması qanunsuz olmuşdur. Belə olan halda ona hadisənin baş verdiyi 2016-cı ilin noyabr ayından əmək müqaviləsinə müddətin bitməsinə görə xitam verildiyi 2017-ci ilin oktyabr ayınadək ayda 700 manat (iddiaçının iddia tələbində orta aylıq əmək haqqı kimi 700 manat göstərməsi nəzərə alınaraq, iddia tələbindən kənara çıxmamaqla) əmək haqqı hesablanmalı idi. Bütün bu qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, 7673.26 manat (11x700-(104.57+320.34+202.10+99.73)+700) məbləğində son haqq-hesab ödənişi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
4) maddi ziyan.
İddia tələbindən görünür ki, iddiaçı qanunsuz olaraq işdən çıxarıldığını iddia edərək, ona dəymiş maddi ziyanın əvəzi olaraq dörd il müddətində işləmədiyi hər aya görə 700 manat olmaqla, cəmi 33600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Lakin məhkəmənin yuxarıda qeyd edilən mövqeyindən görünür ki, məhkəmə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsini yox, iddiaçının işdən kənarlaşdırılmasını qanunsuz hesab etmişdir. Bunun davamı olaraq, iddiaçıya işdən kənarlaşdırıldığına görə ödənilməyən (əskik ödənilən) əmək haqqının son haqq-hesab kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə artıq yuxarıda gəlinmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı özü də işdən kənarlaşdırılması nəticəsində ona dəymiş maddi ziyanla bağlı mövqeyini yalnız itirdiyi əmək haqqı ilə əsaslandırmışdır. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi ziyana görə pul tutulması hissəsində iddia əsassızdır.
5) mənəvi ziyan.
İddia tələbindən görünür ki, iddiaçı özünə dəymiş mənəvi ziyana görə cavabdehdən 20000 manat məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, qəsdən törətmədiyi yol nəqliyyat hadisəsinin baş verməsindən dərhal sonra heç bir araşdırma aparılmadan, sübutlar toplanılmadan, əsaslandırılmış qərar belə qəbul edilmədən iddiaçının işdən kənarlaşdırılması nəticəsində onun mənəvi sarsıntı keçirmiş olması qəbul edilməli, ona dəymiş mənəvi ziyan kompensasiya edilməlidir. Üstəlik, baş vermiş hadisə ilə bağlı ibtidai istintaqın yekununda cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi onun çəkdiyi mənəvi ziyanın ədalətli təminini daha da zəruri etmişdir. Bununla belə məhkəmə iddiaçı tərəfindən mənəvi ziyana görə tələb edilən məbləğlə razılaşmır. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən 500 manat məbləğində pul tutulması ağlabatandır və iddiaçının məruz qaldığı mənəvi zərərin ədalətli kompensasiyasını təmin edir. Son olaraq, məhkəmə onu da nəzərə alır ki, cinayət-prosessual qanunvericikdə müəyyən edilmiş bəraətverici əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxslərin müvafiq orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunmuş Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd ediliyi kimi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbarbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilməli olan ziyana həm də şəxsin məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər aid edilmişdir. Həmin Qanunun 6-cı maddəsində göstərilmişdir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı işdən kənarlaşdırılması barədə Cavabdeh MMC-nin 01.03.2017-ci il tarixli, İRİŞ-386/A nömrəli əmri ləğv edilməli, Cavabdeh MMC-dən 7673.26 manat (yeddi min altı yüz yetmiş üç manat iyirmi altı qəpik) məbləğində son haqq-hesaba görə ödəniş, 500 (beş yüz) manat məbləğində mənəvi ziyan olmaqla, cəmi 8173.26 manat (səkkiz min yüz yetmiş üç manat iyirmi altı qəpik) məbləğində pul tutularaq iddiaçıya İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı işdən kənarlaşdırılması barədə Cavabdeh 01.03.2017-ci il tarixli, İRİŞ-386/A nömrəli əmri ləğv edilsin. Cavabdehndən 7673.26 manat (yeddi min altı yüz yetmiş üç manat iyirmi altı qəpik) məbləğində son haqq-hesaba görə ödəniş, 500 (beş yüz) manat məbləğində mənəvi ziyan olmaqla, cəmi 8173.26 manat (səkkiz min yüz yetmiş üç manat iyirmi altı qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva