Məhkəmə qərarları › İş №2(010)-11/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-11/2025

04.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-11/2025 04.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı “X4 Kompani S.A” Şirkətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Rafiq qızının, Cavabdeh iştirakı ilə, İddiaçı “X4 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddia tələbi. 1.İddiaçı “X4 Kompani S.A” Şirkəti Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2 saylı neft və qazçıxrma sexinin ərazisində, 39 T 415056.00 m B4472011.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №li hesabına köçürülməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X4 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcədə gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X4 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X4 Kompani S A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X4 Kompani S.A. şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər istifadədə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfındən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması şirkətin qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdehlər buna əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X4 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2 saylı neft və qazçıxarma sexinin ərazisində, 39 T 415056.00 m B 4472011.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin qeyd edilənlərlə bağlı halhazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşilir. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tərəflərin izahatı.

3. İddiaçı “X4 Kompani S.A” Şirkətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Rafiq qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2 saylı neft və qazçıxarma sexinin ərazisində, yerləşən torpaq sahəsində olan fərdi yaşayış evi, yeni tikili deyildir. Belə ki, zəlzələ baş verən zaman otaqların divarlarında çatlar yarandığından divarlar sökülərək yenidən bərpa işləri aparılmışdır. Bununla əlaqədar olaraq, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən sözügedən fərdi yaşayış evinə baxış keçirilmişdir. 1976-cı ildən həmin ərazidə yaşayır və həmin tikili 1987-ci ildən mövcud olubdur. O, yeni fərdi yaşayış evi tikməmiş, mövcud olan evin divarlarında zəlzələ nəticəsində çatlar yarandığından divarlarda bərpa işləri aparmış və buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

İş materialları.

5. “X4 Kompani S.A” Şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir.

6. xx.xx.2022-ci il tarixli 352 nömrəli aktdan müəyyən olunur ki, 2 saylı neft-qaz çıxarma sexinin ərazisi olan Qaraçuxur qəsəbəsi ünvanında Cavabdeh tərəfindən tikinti işləri aparılması aşkar olunmuş və nəticədə dayandırılmışdır.

7. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, 398 nömrəli arayışdan müəyyən olunur ki, Kazımov X1 yerləşən nömrəsiz fərdi evdə 1988-ci ildən qeydiyyatsız yaşayır.

8. Arayışdan müəyyən olunur ki, təqdim olunmuş koordinat əsasən torpaq sahəsi “Suraxanı OYL OK SA” əməliyyat şirkətinin ərazisi daxilindədir. Təqdim olunmuş koordinat əsasında vətəndaşın istifadəsində olan torpaq sahəsindən 194 metr aralı məsafədə “X4 S.A-YA aid 318 saylı fəaliyyətdə olan neft quyusu, 260 metr aralı məsafədə 921 saylı fəaliyyətdə olan neft quyusu, 147 metr aralı məsafədə 920 saylı fəaliyyətsiz, 177 metr aralı məsafədə 72 saylı fəaliyyətsiz, 171 metr aralı məsafədə 735 saylı ləğv gözləyən, 117 metr aralı məsafədə 919 saylı ləğv olunmuş, 117 metr aralı məsafədə 195 saylı ləğv olunmuş neft quyuları mövcuddur. Bu ərazi karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək işlənməsi üçün kommersiya marağı kəsb edir. ( X 415056.00, Y 4472011.00)

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Mütəxəssis rəyinin verilməsini ilə bağlı məktubun surətindən müəyyən olunur ki, qərardadda qeyd olunmuş suallarla əlaqədar olaraq, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.(Suraxanı Oyl) Göstərilən torpaq sahəsi faktiki olaraq 0.08 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə veriliş ərazidə yerləşir.( Suraxanı Oyl). Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət Mülkiyyəti torpağıdır. Sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Sahədən 80-100 metr məsafələrdə ləğv edilmiş neft quyusu məlumatları mövcuddur.

İşin faktiki halları.

10.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, təqdim olunmuş mütəxxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. (Suraxanı Oyl) Göstərilən torpaq sahəsi faktiki olaraq 0.08 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət Mülkiyyəti torpağıdır. Sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Sahədən 80-100 metr məsafələrdə ləğv edilmiş neft quyusu məlumatları mövcuddur. Cavabdeh tərəfindən müvafiq icra hakimiyyəti orqanından lazımi icazələr alınmadan həmin torpaq sahəsi daxilində qanunsuz tikinti işləri aparılmış və bu barədə müvafiq akt tərtib olunaraq fotoşəkillər təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin onun mülkiyyətinə, istifadə və sahibliyinə verilməsi barədə hər hansı sübut təqdim olunmamışdır.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, təqdim olunmuş mütəxxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. (Suraxanı Oyl) Göstərilən torpaq sahəsi faktiki olaraq 0.08 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət Mülkiyyəti torpağıdır. Sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Sahədən 80-100 metr məsafələrdə ləğv edilmiş neft quyusu məlumatları mövcuddur. Cavabdeh tərəfindən müvafiq icra hakimiyyəti orqanından lazımi icazələr alınmadan həmin torpaq sahəsi daxilində qanunsuz tikinti işləri aparılmış və bu barədə müvafiq akt tərtib olunaraq fotoşəkillər təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin onun mülkiyyətinə, istifadə və sahibliyinə verilməsi barədə hər hansı sübut təqdim olunmamışdır.

18. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına fərdi yaşayış evi inşa edilmiş və mədən ərazisində tikilən həmin qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz etmiş və yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsinə mane olmuşdur.

19. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin predmetini iddiaçıya ayrılmış torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi təşkil etdiyindən həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi olub-olmamasının müəyyən edilməsi məqsədilə mütəxxəssis rəyi alınmışdır.

20. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

21. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü həm iddiaçı, həm də cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə müəyyən sənədləri təqdim etmiş, həmçinin mütəxxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. (Suraxanı Oyl) Göstərilən torpaq sahəsi faktiki olaraq 0.08 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Cavabdeh tərəf isə həmin torpaq sahəsinin ona ayrılması barədə hər hansı bir sübut təqdim etməmişdir.

22. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

23. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır və “X4 Kompani S.A” Şirkətinin istifadəsindədir.

24. Bundan əlavə tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarında təsbit etdiyi hüquqi mövqeyə görə, məhkəmələr özbaşına tikilinin sökülməsi ilə bağlı işlərə baxarkən tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması ilə bağlı qətnamə qəbul edərkən cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin yaşayışını təmin edən yaşayış sahəsi olmasını nəzərə almalı və müəyyən etməlidirlər ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməlıdır.

Məhkəmə xərcləri.

25. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “X4 Kompani S.A” Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2 saylı neft və qazçıxarma sexinin ərazisində, 39 T 415056.00 m B 4472011.00 m C koordinatlar çərçivəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili Cavabdeh hesabına sökülsün və zəbt edilmiş torpaq sahəsi iddiaçı “X4 Kompani S.A” Şirkətinin istifadəsinə qaytarılmalıdır. Hazırkı qətnamənin (yuxarıda qeyd edilən hissəsi - tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması ilə bağlı hissəsi üzrə) icra üsulu müəyyən edilsin. Hazırkı qətnamə həmin özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman icra edilməli və Cavabdeh 100 manat dövlət rüsumu alınıb “X4 Kompani S.A” Şirkətinin hesabına köçürülməlidir. 27.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. “X4 Kompani S.A” Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2 saylı neft və qazçıxarma sexinin ərazisində, 39 T 415056.00 m B 4472011.00 m C koordinatlar çərçivəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili Cavabdeh hesabına sökülsün və zəbt edilmiş torpaq sahəsi iddiaçı “X4 Kompani S.A” Şirkətinin istifadəsinə qaytarılsın. Hazırki qətnamənin (yuxarıda qeyd edilən hissəsi - tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması ilə bağlı hissəsi üzrə) icra üsulu müəyyən edilsin. Hazırkı qətnamə həmin özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman icra edilsin. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu alınıb iddiaçı “X4 Kompani S.A” Şirkətinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar