Məhkəmə qərarları › İş №2(010)-110/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-110/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-110/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25235,31 manat və ödənilmiş 200 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

2. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, bir müddət qeyri-rəsmi işləmiş və həmin dövrdə sadəcə maaş almışdır. xx.xx.2020-ci ildə rəsmi işə qəbul olduqdan sonra isə ona maddi məsuliyyətləri, nə qədər mal götürməyi və s. izah olunmuşdur. Məsələn, ona 2000 manat məbləğində mal verilirdisə, yekun olaraq çıxarılan məbləğin hamısını ödəmirdi. Həmin məbləğdən maşının xərclərini, mağaza xərclərini, faizləri çıxdıqdan sonra qalan məbləği ödəyirdi. Ödənişlər qeyri-standart idi, hər ödəniş fərqli məbləğlərdə olurdu. Lakin həmin dövrə qədər o, 800 manat maaş alırdı, artıq verilən mallara görə pul məbləğinin ödənilib-ödənilməməsi ilə maraqlanmırdı, çünki məsuliyyətli deyildi. O, ay sonunda maaşını və benzin pulunu alırdı, lakin mağazanın pulu ödəyib-ödəmədiyi, nə qədər ödəməyi barədə məsuliyyəti o daşımırdı. Mağazanın borcu olduqda isə şirkət pulu aldıqdan sonra həmin mağazaya mal verməməyini bildirirdi. Lakin sonradan qeyri-rəsmi işlədiyi dövrdə həmin malların onun adına çıxdığını öyrənmişdir. Halbuki, onun rəsmi işləyib məsuliyyət daşıdığı dövrdə şirkətə borcu olmamış, ödənişlərini etmişdir. Şirkətin göstərdiyi məbləğ düzgün deyil, əksinə şirkətin ona borcu var. Lakin o, halallıq olaraq həmin məbləği belə istəmir. Əvvəlki dövrdə, yəni qeyri-rəsmi işlədiyi dövrdə tam məsuliyyət onda olmadığı üçün bəzi mağazaların ödənişlərinin qəbzi yoxdur. Belə ki, böyük meqastore, bazar store, rahat mağazalar şəbəkəsindən pul istədikdə, qeyri-rəsmi işlədiyi üçün heç kəs ona pul vermirdi. O, sadəcə olaraq sürücü-ekspeditor kimi malı aparıb mağazalara verir və fakturaya imza atdırırdı. Özlərinin fakturalarını verərək hansı məhsulları götürdüklərini orada qeyd edirdilər. O, fakturaları şirkətdə auditə verir, həmin faktura əsasında isə pul alırdılar. Həmin dövrün əskiklərinin ona yazılması düzgün deyil. Rəsmi işlədiyi dövrdə isə alış ilə kassaya ödənilmiş məbləğ uyğunlaşır, buna görə ekspertizaya belə ehtiyac yoxdur. Əgər onun borcu varsa, işə başlamalı deyildi, belə ki, qeyri-rəsmi işlədiyi dövrdə həmin məbləği ödəməli, sonra 0 dövriyyə ilə əmək müqaviləsi əsasında işə başlamalı idi. Həmin vaxt borc məbləği bilinmirdi, işə başladıqdan 2-3 ay sonra üzləşmə aktları tərtib olunmuş və həmin vaxt artıq borc olduğunu öyrənmişdir. Şirkət özü də bilirdi ki, əvvəldən qalan borcdur, bu səbəbdən o, işlədiyi dövrdə yeni yaranmış borcu ödədikdən sonra yenidən mal verilirdi. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh 2019-cu il tarixdən şirkətdə qeyri-rəsmi formada işləməsinə baxmayaraq, 2020-ci ildə rəsmi olaraq işləməyə başlayıb. Cavabdeh süd məhsullarının satışı bölməsində işləyib və işlədiyi dövrdə də kifayət qədər dövriyyəsi olub. Onun işlədiyi dövr ərzində 25235,31 manat borcu qalıb. Onun ümumi 295158,02 manat dövriyyəsi olub. Cavabdehin öz imzası olan ərizələr, satış qaimələri və kassa-mədaxil orderləri var ki, orada cavabdehin işləməsi, dövriyyə cədvəlində də nə qədər satış etməsi, nə qədər ödəniş etməsi və qalıq qalması öz əksini tapıb. Şirkətin daxili qaydalarına görə şəxs bir müddət qeyri-rəsmi işləyərək özünü doğrulda bildikdən sonra onu rəsmi işçi olaraq qəbul edirlər. Cavabdeh də bu qaydada işləyib. Onlar qeyri-rəsmi işləməsinə baxmayaraq onların adına kod açılır və borc yığılmağa başlayır. Qeyri-rəsmi işlədiyi dövrdən adına kod açıldığı üçün sistemdə həmin vaxtdan borclar hesablanmağa başlayır. xx.xx.2019-cu ildən cavabdehin dövriyyəsi başlayıb, qaimələrdən görünür ki, alqı-satqı həmin vaxtdan olub və cavabdeh şirkətdən mal götürüb. xx.xx.2020-ci il tarixdən cavabdehlə rəsmi müqavilə bağlanılıb, lakin dövriyyə qeyri-rəsmi işə daxil olduğundan hesablanmağa başlanılıb. xx.xx.2020-ci ildə rəsmi işə daxil olduqda artıq cavabdehin kodunda 28616,57 manat borcu var idi. Rəsmi işə keçdikdən sonra həmin kod istifadə olunduğu üçün məbləğ də olduğu kimi qalıb. Cavabdeh işə başladıqda 260 manatla başladı, daha sonra məbləğ artaraq 28 min manat oldu. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İş materialları.

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, tərəflər arasında əmək münasibətləri yaranmış, müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

6. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixindən məşğulluq təsnifatı üzrə: Agent, ekspeditor; Əmək müqaviləsi üzrə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir.

7. xx.xx.2020-ci il tarixli "xxxx" MMC sürücü-ekspeditorun vəzifə təlimatının 2-ci bəndinə görə sürücü-ekspeditorun vəzifələri aşağıdakılardan ibarətdir: 2.1. Sürücüekspeditor Şirkəti etik, sivil formada satış nöqtələrində təmsil etməli, isti münasibət yaratmalıdır. 2.2. Şirkətin təyin etdiyi uniformalarda olmalı, geyim təmizliyi və gigiyenik qaydalara əməl etməli, şirkətə məxsus yük avtomobilin xaricdən və daxildən təmiz saxlamalıdır. 2.3. Tapşırılan rutlar üzrə məhsulların satışını təmin edir, rutdan kənar zərurət yarandığı halda bölgə menecerinə xəbər etməlidir. 2.4. Satış nöqtələrini vaxtında mal ilə təmin edir, vitrinlərdə “face” sayım nəzarətdə saxlayır, məhsulların marketlərdə tələb olunan standartlarda ilkin düzülüşünü təmin edilməsini təşkil edir. 2.5.Təyin edilmiş satış planının icrasına görə öhdəlik alır və cavabdehlik daşıyır. 2.6. Rəhbərliyin sürücü-ekspeditorları prosedura uyğun olaraq sənəd dövriyyəsini təmin etməlidirlər. (Anbardan götürdüyü məhsula görə çıxış və ödəniş sənədlərinə imza etməlidir.) 2.7. İşlədiyi ərazilərdəki bütün satış nöqtələrinin ağırlığından xəbərdar olmalı, əməkdaşlıq etməyənlər barədə bölgə müdirinə məlumat verməlidir. Sürücü-ekspeditorlar satış qaimələrini max. 2 gün ərzində operatorlara təhvil verməlidir. 2.10. Satışla, ödənişlə, digər məsələlərlə bağlı yaranan problemləri dərhal bölgə müdirlərinə bildirməlidir. 2.11 Sürücü-ekspeditor müstəqil qiymət siyasəti apara bilməz. Müştərilərdən gələn təkliflər bölgə müdirinə bildirilməlidir. 2.12. Rəhbərlyin satışa dəstək üçün təyin etdiyi büdcəni təyinatı üzrə xərcləməlidir. 2.13. Rüblük debitor borcların üzləşdirilməsi aparmalı və təsdiq etməlidir. 2.14. Satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə hesabatları hazırlayıb mütəmadi bölgə müdirinə təqdim etməlidir. 2.15.Təhkim olunan avtomobilə görə cavabdehlik daşımaq. 2.16.Avtomobilin saz vəziyyətdə saxlanılması. 2.17. Gözlənilən nasazlıqları qabaqcadan aşkar etmək və bu haqda məlumat vermək. 2.18. Yanacaqdan səmərəli istifadə etmək, artıq sərfiyyata yol verməmək. 2.19. Artıq avtomobil yürüşünə yol verməmək. 2.20. Yol nəqliyyat təhlükəsizlik qaydalarına tam riayət etmək. 2.21. Mütəmadi olaraq avtomobildə profilaktiki və təmizlik işləri aparmaq.

8. xx.xx.2020-ci il tarixli “tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC qarşısında sürücü-ekspeditor vəzifəsi üzrə “Şirkət”ə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır. O, əmək müqaviləsinə əsasən icrası nəzərdə tutulmuş işlərə görə, ona (vəzifə öhdəliklərinin icrası üçün) verilmiş maddi dəyəri olan bütün növ əşyaları-mal-material, alət, avadanlıq, ləvazimatlar, qurğular, mexanizmlər və s. - qorunub saxlanması, əmək müqavilə ilə üzərinə götürdüyü vəzifə öhdəliklərini vaxtında və tələb olunan şəkildə yerinə yetirməyi, o cümlədən aşağıdakı şərtləri icra edəcəyini tam məsuliyyəti ilə öz üzərinə götürür: ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda “Şirkət”ə heç bir səbəb üzündən ziyan vurmamalıdır. Şirkət rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalıdır. Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir. “İşçi”nin təqsirinə görə ona həvalə edilmiş vəzifələr yerinə yetirilməzsə, “Şirkət’’ə vurulmuş zərərin miqdarı və onun əvəzinin ödənilməsi qüvvədə olan qanunvericiliyə əsasən həyata keçirilir. “İşçi”nin günahı üzündən “Şirkət”ə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun tam məbləğdə ödənilməsi “İşçi” tərəfindən həyata keçirilir.

9. xx.xx.2022-ci il tarixli 149 №-li maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə "xxxx" MMC-nə ödənilməli olan yekun borcu 25235,31 manat təşkil edir. 25235,31 manat borc məbləği, Cavabdeh Əhliyyat oğlunun Cəmiyyətə geri qaytarılan, silinən və ödənilən məbləğlər çıxıldıqdan sonra yekun dövriyyədə göstərilən məbləğə əsasən hesablanmışdır.

10. xx.xx.2019-xx.xx.2022-ci il tarixlərində Cavabdeh- Müştərilərlə hesablaşma cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixinə qalıq 28616,57 manat, xx.xx.2022-ci il tarixinə isə 25235,31 manat təşkil etmişdir.

11. xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixə Ceyhun Hacıyev adlı şəxsin qalıq borcu 18219,46 manat təşkil etmiş və akt Cavabdeh tərəfindən imzalanmışdır.

12. xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh qalıq borcu 23744,25 manat təşkil etmiş və akt Cavabdeh tərəfindən imzalanmışdır.

13. xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh qalıq borcu 23277,30 manat təşkil etmiş və akt Cavabdeh tərəfindən imzalanmışdır.

14. xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh qalıq borcu 18775 manat təşkil etmiş və akt Cavabdeh tərəfindən imzalanmışdır.

15. xx.xx.2022-ci il tarixli 09 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh 10 gün müddətində maddi ziyanın Cəmiyyətə ödənilməsi, əks təqdirdə müvafiq tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 4/1500-5/1275 №-li ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 11 fevral 2020-ci il tarixli, 18 fevral 2021-ci il tarixli, 30 iyun 2020ci il tarixli, xx.xx.2020-ci il tarixli Qarşlıqlı üzləşmə aktlarında olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 71-ci vərəqində "xxxx" MMC ilə Cavabdeh adlarından olan 30 iyun 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktında “Satış Nümayəndəsi: Cabbar Seymurov” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 69-cu vərəqində "xxxx" MMC ilə Cavabdeh adlarından olan 11 fevral 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktında “Cavabdeh” qrafasındakı imzanın, 70-ci vərəqində olan 18 fevral 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktında “Ekspeditor: Cavabdeh İmza:” qrafasındakı imzanın və 72-ci vərəqində olan 30 sentyabr 2020-ci il tarixinə olan üzləşmənin nəticəsinə dair 30 oktyabr 2020-ci il tarixli aktda “Cabbarov X1 şəxsin imzası” qrafasındakı imzanın - Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin “3” bəndində göstərilən səbəblərə görə (Tədqiq olunan imzaları Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı həmdə fərqləndirici əlamətlərin olması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmadı.

İşin faktiki halları.

18. Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək iddiaçı "xxxx" MMC-də sürücü-ekspeditor vəzifəsində qeyri-rəsmi, xx.xx.2020-ci il tarixindən xx.xx.2022ci il tarixədək isə rəsmi olaraq işləməsi və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə 25235,31 manat qalıq borcun olması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikası Əmək Məcəlləsi.

Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

2. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası

2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı.

İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

22. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı.

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Məhkəmənin mövqeyi

23. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

24. Belə ki, işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi üçün ilk növbədə tərəflər arasında əmək müqaviləsi mövcud olmalı və həmin müqaviləyə əsasən işəgötürənlə işçi arasında əmək münasibətləri yaranmalı və bunun əsasında həmin münasibətlərin əsas şərtləri, tərəflərin hüquq və vəzifələri müəyyən olunmalıdır.

25. Hazırki işdə tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan və işin hallarından məlum oldu ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək (xx.xx.2020ci il istisna olmaqla) "xxxx" MMC-də sürücü-ekspeditor vəzifəsində qeyri-rəsmi olaraq, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixədək isə rəsmi olaraq işləmişdir. İş materiallarında olan hesablaşma cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixi də daxil olmaqla 28616,57 manat qalıq borc mövcud olmuşdur.

26. İddiaya əsasən, Cavabdeh rəsmi olaraq əmək müqaviləsi bağlayan gün əvvəlki fəaliyyəti ilə bağlı 28616,57 manat qalıq borc mövcud olmuşdur. Lakin, məhkəmə hesab edir ki, həmin vaxta kimi yaranan borcla bağlı qeyri-rəsmi olaraq, yəni əmək müqaviləsi bağlanmadan işləmiş cavabdeh məsuliyyət daşıya bilməz. Belə ki, Əmək Məcəlləsinin 191.2-ci maddəsinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda, yəni şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Hazırki iş üzrə cavabdeh borcun mövcud olduğu dövrdə şirkətin rəsmi işçisi olmadığından və eyni zamanda əmək müqaviləsi ilə öz üzərinə heç bir öhdəlik götürmədiyindən işə qəbul olunmasına kimi mövcud olmuş borca görə cavabdehlik daşıya bilməz. Əksinə olaraq, qanunvericilikdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə işəgötörənin inzibati məsuliyyət daşıması nəzərdə tutulmuşdur.

27. Bundan əlavə, məhkəmə iclasında izahat verən iddiaçı şirkətin nümayəndəsi bildirmişdir ki, cavabdeh xx.xx.2020-ci ildə rəsmi işə daxil olduqda artıq cavabdehin kodunda 28616,57 manat borcu var idi və rəsmi işə keçdikdən sonra həmin kod istifadə olunduğu üçün məbləğ də olduğu kimi qalmışdır.

28. Göründüyü kimi cavabdeh rəsmi olaraq əmək fəaliyyətinin icrasına başlayan zaman onun hesabında borc mövcud olmuşdur və həmin borc onun rəsmi işlədiyi dövrdə yaranmamışdır. Belə ki, iş materiallarında olan hesablaşma cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi qalıq 25235,31 manat təşkil etmişdir. Qeyd olunan cədvələ nəzər saldıqda müəyyən olunur ki, cavabdehin rəsmi olaraq işə başladığı zamana kimi mövcud olan borc məbləği 28616,57 manat təşkil etdiyi halda, onun rəsmi işlədiyi dövrdə həmin qalıq 3381,26 manat azalaraq 25235,31 manat olmuşdur. Yəni cavabdehin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək işlədiyi dövrdə borcu yaranmamış, əksinə 3381,26 manat artıq dövriyyə yaranmışdır.

29. Məhkəmə hazırki mübahisə ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsinə zərurət olmadığı qənaətinə gələrək qeyd edir ki, məhkəmə tərəfindən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edə bilər. Hazırki vəziyyətdə iş materiallarında olan hesablaşma cədvəlindən hansı tarixə nə qədər borcun olması açıq-aşkar sadə riyazi hesablama yolu ilə müəyyən olunduğuna və borc məbləği ilə bağlı mübahisə olmadığına görə məhkəmə ekspertizanın keçirilməsinə lüzum olmadığı nəticəsinə gəlmişdir.

30. Bununla yanaşı, məhkəmə iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə bağlı qeyd edir ki, iddia olunan borcun yaranması əsası və onun ödənilməsi ilə bağlı cavabdehin hər hansı öhdəliyi olmadığından, iş materiallarındakı qarşılıqlı üzləşmə aktlarındakı imzaların müəyyənləşdirilə bilməməsinin, yəni cavabdehə məxsus olub-olmamasının heç bir əhəmiyyəti qalmamış və bu səbəbdən təkrar ekspertiza keçirilməmişdir.

Məhkəmə xərcləri.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir.

34. Cavabdeh tərəfin vəsatətinə əsasən keçirildiyi üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə.

35. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar