Məhkəmə qərarları › İş №2(010)-1102/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1102/2024

13.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1102/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ağəli oğlunun etibarnamə üzrə nümayəndəsi X14, Üçüncü şəxs X15 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Ağəli oğluna və üçüncü şəxs X19 qarşı “azyaşlı övladı ilə birlikdə fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi.

1. İddiaçı Cavabdeh Ağəli oğluna və üçüncü şəxs X19 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və xx.xx.2007-ci il təvəllüdlü X20 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 1 nömrəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, (İddiaçı) xx.xx.2006-cı ildə Cavabdeh Ağəli oğlu ilə ailə qurmaq məqsədi ilə birlikdə qaçmışdır, sonradan xx.xx.2007ci il tarixdə rəsmi qaydada nikaha girməklə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi,ev 1 ünvanında yaşamağa başlamışlar. Həmin nikahdan bir övladları dünyaya gəlmişdir. Nikahdan öncə də həmin evdə (Bakı şəhəri,Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 1) yaşamışlar. Cavabdeh ilə arasındaki münasibətlər pisləşdiyi üçün, o, (İddiaçı) övladı ilə birlikdə həmin mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Daha sonra onun (iddiaçının) Cavabdeh Ağəli oğlu ilə rəsmi qaydada nikahları pozulmuşdur. Hazırda onun həmin evdən (ünvan 2) başqa yaşayamağa yeri olmadığı üçün yenidən həmin evə köçmək istədiyini bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, (İddiaçı) xx.xx.2006-cı ildə Cavabdeh Ağəli oğlu ilə faktiki olaraq ailə qurmuşlar və sonradan xx.xx.2007-ci il tarixdə rəsmi qaydada nikaha girmişlər. İlk əvvəl dörd ay müddətində onun qayınatası onu gəlin kimi qəbul etmədiyindən kirayədə yaşamışlar və daha sonra ünvan 2 ünvanında yaşamağa başlamışlar. Bundan cəmi iki ay sonra onun qaynatası vəfat etmişdir. Həmin nikahdan onların bir övladları dünyaya gəlmişdir. Cavabdeh Ağəli oğlu ilə aralarında olan münasibətlər pisləşdiyi üçün, o, övladı ilə birlikdə həmin evdən çıxmaq məcburiyyətində qalmışdır. Onunla cavabdeh arasındakı münasibətlər pisləşdiyi üçün, o, övladı ilə birlikdə həmin evdən çıxaraq 2013-cü ildən 2014-cü ilədək Ağsu rayonunda valideynlərinin yanında yaşamışdır. Daha sonra o, Cavabdeh Ağəli oğlu ilə yenidən barışaraq yaşadığı ünvan ünvan 3 2023-cü ilədək həmin mənzildə yaşamışlar. 2023-cü ildə onların ailədaxili münasibətləri pisləşdiyi üçün həmin evdən çıxmışdır. Onların nikahları xx.xx.2023-cü ildə Suraxanı rayon məhkəməsinin qərarı ilə rəsmi qaydada pozulmuşdur. Hazırda yaşamağa başqa yaşayış yeri olmadığından çox əziyyət çəkir və övladı ilə birlikdə yenidən həmin evə köçmək istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Ağəli oğlunun etibarnamə üzrə nümayəndəsi X21 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı Cavabdeh Ağəli oğlu ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan bir övladları doğulmuşdur. Mübahisələndirilən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 1 nömrəli fərdi yaşayış evi xx.xx.1998-ci il tarixdən onun atasına məxsus olmuş, lakin iddiaçı onların ailə üzvləri sırasına daxil deyildir. Onun həmin mənzilə istifadə hüququnun yaranması üçün aralarında razılaşma olmalıdır. Lakin onun atası iddiaçını gəlin kimi qəbul etməmiş və onlar dörd ay kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Onun tərəfindən isə belə bir razılıq verilməmiş və buna görə də iddia tələbi əsassızdır. Hal-hazırda həmin mənzil onun qardaşı X19 məxsusdur və fərdi yaşayış evini yaşamaq üçün gəlinə vermək fikrində deyildir. Dəfələrlə tərəflərə barışıq təklif etməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

5. Üçüncü şəxs X15 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil eyni məzmunlu izahat verərək bildirmişdir ki, İddiaçı təxminən 2006-cı ilin oktyabr-noyabr aylarında Cavabdeh qoşulub qaçmışdır. Üçüncü şəxs bunu biləndə nə atası nədə ki, ailə üzvləri olaraq onları qəbul etməyərək evə buraxmamışlar. İddiaçı qohumları da onlara Müşfiq qəsəbəsində ev kirayə tutmuşlar və bir müddət iddiaçı ilə Cavabdeh Ağəli oğlu həmin evdə 2007-ci ilin mart ayına qədər yaşamışlar. Cavabdeh Ağəli oğlu işləmədiyinə görə evin kirayə haqqını verə bilməmiş və eyni zamanda iddiaçı hamilə olduğuna görə müvəqqəti olaraq onlara X15 mülkiyyətində olan evdə yaşamağa icazə vermişdir. İddiaçı ilə Cavabdeh Ağəli oğlu xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X20 adlı bir uşaqları doğulmuşdur. İddiaçı ilə qardaşı Cavabdeh Ağəli oğlu arasında münasibətlər yaxşı olmadığına görə iddiaçı 2010cu ildə evdən çıxıb atasının evinə yaşamağa getmiş və onlar da iddiaçını evə qaytarmaq niyyətində olmamışlar. İddiaçı bunu gördükdə 2014-cü ildə atası ilə paltarlarını götürmək adı ilə həmin ünvana gəlmiş və atası ilə rayona qayıtmayaraq hazırda üçüncü şəxsin mülkiyyətində olan evdə yaşamağa başlamışdir. X22 qardaşının ailəsi olduğuna görə ona müvəqqəti yaşamasına icazə vermişdir. 2023-cü ilin mart ayının 8-də iddiaçı yenidən mübahisə yaradaraq evdən çıxıb getmişdir. Sonradan Suraxanı rayon məhkəməsindən bildiriş gələndə bilmişlər ki, İddiaçı Cavabdeh Ağəli oğluna qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nikahın pozulmasına dair iddia ərizəsinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh Ağəli oğlu arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Mübahisəli mənzil Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1 saylı ev Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 01 aprel 1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən üçüncü şəxsin atası X4 mülkiyyətində olmuşdir. X2 xx.xx.2007-ci il tarixdə ürək damar çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Atası öldükdən sonra birinci növbəli vərəsə olaraq X22, Cavabdeh Ağəlı oğlu və X21 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1 saylı evə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 24 savlı dövlət notariat kontoruna müraciət etmişlər və onlara notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə verilmişdir. Qardaşları Cavabdeh Ağəlı oğlu və X21 ataları X5 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1 saylı evdən vərəsəlik yolu ilə onlara çatan paylarını X15 xeyrinə ona bağışlamışlar. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1 saylı ev vərəsəlik haqqında şəhadətnamə əsasında X15 mülkiyyətinə keçmişdir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2009-cu il tarixli çıxarış verilmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

6. xx.xx.2023-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya şurasında xx.xx.2023-cü il tarixdə 10:00 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4708/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Ağəli oğluna qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh Ağəli oğlu arasında Ağsu rayonu Kalva kəndi ƏFB üzrə nümayəndliyi xx.xx.2007-ci il tarixdə bağlanmış 27 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X20 anası - İddiaçı yanında saxlanılması və Cavabdeh Ağəli oğlundan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir.

8. Azərbaycan Respublikası Ağsu rayonu Kalva kəndi ƏFB üzrə nümayəndliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Ağəli oğlu ilə X17 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir.

9. Azərbaycan Respublikası Ağsu rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2007-ci ildə doğulmuşdur.

10. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində istifadədə olan 0.00579 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı,18.9 kv.m. yaşayış,130 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 10622 nömrəli vərəqində qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki invertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən 122773 saylı Qeydiyyat Vəsiqəsinə əsasən X12 Bakı şəhəri Bülbülə qəsəbəsi 1-ci mədən küçəsindəki 1№-li yaşayış evi X4 adına xüusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 32№-li Reyestr kitabında 4805-ci səhifədə 30№ 8911 saylı qeydəalmada xx.xx.1998-ci il taarixdə qeydiyyat aparılmışdır.

12. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2008-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 4 ünvanında yaşayan X22, X21 və Cavabdeh Ağəli oğlu xx.xx.2007-ci ildə vəfat etmiş X7 vərəsələri hesab olunmaları barədə Reyestrdə 2-V-137 № aktı ilə qeydiyyata alınmışdılar.

13. xx.xx.2008-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh Ağəli oğlu, X21 və həmin ünvanda qeydiyyatda olan X22 ünvan 5ru tərəfindən xx.xx.2008ci il tarixdə 2V-137 saylı reyestrlə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum- ataları X11 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə çatan paylarını qardaşları X19 bağışlanması barədə müqavilə imzalamışlar.

14. Bakı şəhəri Suraxanı rayonu VVADQ şöbəsi tərəfinfən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2007-ci il tarixdə ürək çatışmamalığından ölmüşdur. İşin faktiki halları.

15. İddiaçı ilə Cavabdeh Ağəli oğlu xx.xx.2006-cı il tarixdə faktiki nikah münasibətlərinə girmişlər və nikahları xx.xx.2007-ci ildə rəsmiləşdirilmişdir. Tərəflər faktiki nikah münasibətlərinə daxil olsalar da, mübahisəli ünvanda yaşamalarına cavabdehin atası olan mülkiyyətçi razılıq verməmiş və onlar dörd ay kirayə yaşadıqdan sonra həmin mənzilə köçmüşlər. Lakin həmin zaman evin mülkiyyətçisi cavabdehin atası X18 olsa da, onunla iddiaçı arasında hər hansı bir razılaşma bağlanmamışdır. Mülkiyyətçi X18 xx.xx.2007-ci ildə vəfat etmiş və xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh Ağəli oğlu və X21 ataları X3 onlara miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 1 nömrəli fərdi yaşayış evindən onlara çatası miras əmlakı X19 bağışlamışlar. Hazırda mübahisəli əmlak xx.xx.2009-cu il tarixdən X15 mülkiyyətindədir. İddiaçı həmin ünvanda müəyyən müddət yaşasa da, bir müddət valideynlərinin evində yaşamış və övladı isə rayonda yerləşən məktəbdə təhsil almışdır.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

20. Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2009-cu il tarixli Qərarı MM-in 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddədə həmin şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları. Bu maddədə həmçinin nəzərdə tutulmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək hüququna malikdir. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsi ilə bağlı yuxarıda adı çəkilən 27 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəasına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

22. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan bir övladları xx.xx.2007-ci il təvəllüdlü X20 doğulmuşdur.

23. Hazırkı mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 1 nömrəli fərdi yaşayış evi cavabdehin atası X6 adına tərəflərin nikaha daxil olmadan əvvəl, yəni xx.xx.1998-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

24. Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X25 xx.xx.2007-ci il tarixdə ölmüşdur. xx.xx.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 1 nömrəli fərdi yaşayış evinə X6 övladları Cavabdeh Ağəli oğlu, oğlu X22 və oğlu X21 miras əmlakdan bərabər hissələrdə irs almalı idilər.

25. xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh Ağəli oğlu və X21 ataları X3 onlara miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 1 nömrəli fərdi yaşayış evindən onlara çatası miras əmlakı X19 bağışlamışlar.

26. İddiaçı cavabdehin atası X8 xx.xx.1998-ci il tarixdən məxsus olan fərdi yaşayış evinə 2007-ci ildə köçmüş və bir müddət burada yaşamışdır. X1 vəfat etmiş və iddiaçının əri fərdi yaşayış evini miras əmlak kimi qəbul etməmiş və qardaşı X19 bağışlamışdır.

27. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı digər ailə üzvü (ərin, arvadın) kateqoriyasına aid olmaqla onun həmin evə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir və mülkiyyətçinin razılığı isə onunla notariat qaydasında yazılı qaydada bağlanan və təsdiqlənən razılaşmanı özündə ehtiva edir.

28. İşin faktiki hallarından isə müəyyən olunur ki, hazırda X22 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 1 nömrəli fərdi yaşayış evinin xx.xx.2009-cu il tarixdən mülkiyyətçisidir və iddiaçı həmin fərdi yaşayış evinə köçürülən zaman nə əvvəlki mülkiyyətçi, nə də sonrakı mülkiyyətçi ilə aralarında notarial qaydada təsdiqlənmiş razılaşma əldə etməmişdir.

29. Tərəflərin izahatından müəyyən olunur ki, iddiaçı mülkiyyətçinin qardaşının keçmiş arvadıdır, o hazırkı mübahisələndirilən fərdi yaşayış evində müəyyən müddət yaşasa da, həmin evə dair istifadə hüququ əldə etməmiş və buna təşəbbüs göstərməmişdir.

30. Tərəflər arasında nikah pozulduqdan sonra onun başqa bir şəxsin mülkiyyətində olan evə köçürülməsi tələbi mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına ziddir.

31. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı ilə hazırkı mülkiyyətçi arasında daşınmaz əmlakdan istifadəyə dair notarial qaydada təsdiqlənmiş razılaşma mövcud deyildir və hazırkı mülkiyyətçi iddiaçının həmin evə köçürülməsinə etiraz edir.

32. Beləliklə məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı mülkiyyətçi ilə iddiaçı arasında mənzildən istifadəyə dair notarial qaydada təsdiqlənmiş razılaşma təqdim olunmadığından iddia tələbi təmin oluna bilməz.

Məhkəmə xərcləri.

33. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 50 manat mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh Ağəli oğluna və üçüncü şəxs X19 qarşı “azyaşlı övladı ilə birlikdə fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası təmin olunmamalıdır.

35. İddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddiaçı Cavabdeh Ağəli oğluna və üçüncü şəxs X19 qarşı “azyaşlı övladı ilə birlikdə fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası təmin olunmasın. İddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar