Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1112/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən cavabdeh Aslan (Hüseynova) Gülanə Hidayət qızının ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. X3 Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan xx.xx.2019-cu il tarixdə X9 və xx.xx.2020-ci il tarixdə X8 doğulmuşdur. Oğlu nikahın pozulması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və hazırda mülki iş məhkəmənin icraatındadır. Cavabdeh Aslan X4 Federasiyasının vətəndaşıdır və müvəqqəti olaraq ünvan 2 ünvanında qeydiyyatdadır. Amma əsassız və qanunsuz olaraq ona məxsus mənzildə yaşayır. Cavabdehə dəfələrlə mənzildən çıxmasını bildirsə də o, qərəzli olaraq mənzildən çıxmır. Bu da kobud şəkildə onun hüquqlarını pozur. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun gəlinidir. Lakin artıq onlar arasındakı ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən evdə birlikdə yaşamaqları artıq mümkün deyil. Çünki yola getmirlər, gəlini evdə dava-dalaş salır. Ona görə də cavabdehin ona məxsus evdən çıxarılmasını istəyir. Hesab edir ki, cavabdeh həyat yoldaşı və uşaqları ilə birlikdə kirayədə yaşasa daha yaxşı olar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, qayınanası onun xalası olmasına baxmayaraq onunla yola getmir. Onun məqsədi onu evdən çıxarmaq, bununla da ailəsini dağıtmaqdır. Belə ki, bundan əvvəl bir dəfə də qayınanası onu evdən qovmuş, o, əri ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur. Lakin doğma xalası olan qayınanası orada da ona imkan verməmiş, ərini geri - ata evinə qaytarmışdır. Bundan sonra o, ailəsini dağıtmamaq üçün yenidən mübahisəli evə qayıtmışdır. Ona edilən zülmlərə baxmayaraq evdən çıxmaq istəmir. Çünki bilir ki, evdən çıxsa, ailəsi dağılacaq. Bundan başqa iki körpə uşağı ilə kirayələrdə yaşamaq ona çətinlik törədəcək. Aldığı 500 manat əmək haqqı ilə iki uşaqla, üstəlik kirayədə yaşamaq qeyri-mümkündür. Ağır şərtlər daxilində yaşamağa məcbur olsa da, evdən çıxmaq istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 260 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı 2005-ci ildə tikilmiş, 300 m2 torpaq sahəsində yerləşən, sahəsi 84.20 m2 olan 4 yaşayış otağından, sahəsi 40.70 m2 olan köməkçi otaqlardan və həyətyanı təsərrüfat tikililərindən ibarət olan Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi 39/15 saylı yaşayış evinin mülkiyyətçisi müəyyən edilməsi, Tİ və MHQ idarəsinə həmin evin texniki pasportunun tərtib edilməsi və ilkin hüquqi qeydiyyata alınmasına icazə verilməsinə sərəncam verilmişdir.
6. Rusiya Federasiyası Altay diyarı Biysk şəhər Administrasiyasının VVAQ Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin (təkrar) notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, X7 və X2 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1719 nömrə ilə akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Aslan soyadı verilmişdir.
İşin faktiki halları.
7. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən tikilmiş, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə ev iddiaçının mülkiyyətinə verilmişdir. Lakin ev iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamışdır.
8. Cavabdeh iddiaçının oğlu ilə ailə qurduğu 2013-cü ildə həmin ünvana iddiaçının gəlini kimi köçmüşdür. İddiaçı hazırda da bu nikahdan doğulmuş uşaqları ilə birlikdə həmin ünvanda yaşayır.
9. Hazırda iddiaçı cavabdehin ona məxsus evdən çıxarılmasını xahiş edir. Cavabdeh isə yaşamağa başqa yeri olmadığını bildirərək iddianı qəbul etmir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Qərarı.
Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
17. İşin faktiki hallarından göründüyü kimi Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ müəyyən edilmişdir. Lakin iddiaçının həmin ev üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır.
18. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur.
19. Bu isə o deməkdir ki, iddiaçı müvafiq sərəncam əsasında həmin ev üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq hüququna, beləliklə, həmin ev üzərində mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözlənti”yə malikdir.
20. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)
21. Belə olan halda məhkəmə hesab edir ki, ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması iddiaçını hazırkı iddianı qaldırmağa subyektiv hüquqdan məhrum etmir.
22. Subyektiv hüquqla bağlı məsələni həll etdikdən sonra məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh 2013-cü ildə mübahisəli evə iddiaçının gəlini kimi köçmüş və həmin vaxtdan hazırkı tarixədək orada yaşamışdır. Hazırda cavabdeh ev üzərində hansısa hüquq iddia etməsə də, evdən çıxmağa razı deyil, çünki uşaqları ilə birlikdə yaşamağa başqa yeri olmadığını bildirir.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh mübahisəli evə 2013-cü ildə köçdüyündən mübahisəyə xx.xx.2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
24. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
25. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının gəlini olmaqla mülkiyyətçinin yuxarıda qeyd edilmiş maddənin birinci cümləsində sadalanan ailə üzvlərinindən heç biri hesab edilmir.
26. Cavabdehin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində ifadə edilən “digər qohumlar” kateqoriyasına daxil olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin maddədə nəzərdə tutulmuş “digər qohumlar”ın dairəsi ilə bağlı şərh vermiş və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etdiyini müəyyən etmişdir.
27. İşin hallarından görünür ki, Cavabdeh İddiaçı gəlini olmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən ondan özünün saxlanılmasını tələb etmək hüququna malik şəxs hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulduğu mənada iddiaçının ilə üzvü kimi evdən istifadə hüququ yaranmamışdır.
28. Hər bir halda məhkəmə qeyd edir ki, cavabdehin evdən istifadə hüququ iddiaçı ilə aralarındakı ailə münasibətlərindən yox, mülki münasibətlərdən də (məsələn, tərəflər arasında müqavilə bağlanması) yarana bilərdi. Lakin işin hallarından görünür ki, tərəflər arasında cavabdehə evdən istifadə hüququ verən hər hansı mülki hüquqi münasibət olmamışdır.
29. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin evə nə ailə, nə də mülki münasibətlərdən irəli gələn heç bir istifadə hüququ yaranmamışdır. Belə olan halda cavabdehin evdən çıxarılmasına dair iddia tələbi əsaslı, cavabdehin buna etirazının dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin iddia tələbinə etirazının əsasını təşkil edən hal yaşayış sahəsinə ehtiyacının olması ilə bağlıdır ki, işin yuxarıda qeyd edilmiş hallarının fonunda bu hal iddianın rədd edilməsi üçün əsas təşkil edə bilməz. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
30. İş materiallarından görünür ki, iddiaçı məcburi köçkün olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda iddia təmin edildiyindən ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən çıxarılmalı, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiа təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən evdən çıxarılsın. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva