Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1138/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 əmlakları və azyaşlı övladları ilə birlikdə onun xüsusi mülkiyyəti olan ünvan 1-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 16 saylı evin 23 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir, DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh1 Cavabdeh2 ilə nikah qeydiyyatından keçməklə ailə qurmuş və ailə qurduqdan sonra yaşamağa yerləri olmadığı üçün iddiaçı onları müvəqqəti yaşamaq məqsədilə evinə buraxmışdır. Daha sonra Rəvanə ipotekaya ev götürmək üçün işləmək istədiyini bildirmişdir. İddiaçı özü razılaşmışdır, lakin cavabdehlər bir neçə il keçməsinə baxmayaraq onun evini boşaltmaq istəmirlər. Rəvanə Nigarın anasını döyür, təhqir edir və nəticədə onun anası evdən çıxıb qonşunun evində yaşayır. Ev isə tamamilə Rəvanənin idarəsində qalıb. Cavabdehlər çox vaxt Lənkəranda olurlar və orada işləmələri səbəbindən qeydiyyata düşməyə icazə vermişdir. Yalnız cavabdehlər rayonda olan vaxt iddiaçının anası evə gedə bilir. Onlar ayrılıqda həmin evdə tək yaşamaq, anasının isə küçədə qalmasını istəyirlər. İddiaçı həmin evin satılaraq oradan əldə edilən pulun bir hissəsi ilə cavabdehə ev alınmasını təklif etsə də, qardaşı razılaşmır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 35 ildir ki, həmin mənzildədir, orada doğulub böyümüşdür. Həmin ev atasının mirası olub, sonra anasının adına keçirilib. Bacısı isə daha sonra onu aldadaraq evi öz adına keçirib. 2017-ci ildə o, Rəvanə ilə ailə qurmuş, lakin ailəsi gəlin ilə yola gedə bilmədiyindən ayrılıqda yaşamaq məcburiyyətində qalmışlar. Onun vergiyə borcu olduğu üçün mənzil bacısının adına keçirilib. Mübahisəli mənzil onu atasının evidir, beş otaqlı mənzildir və buna görə də oradan çıxmaq fikri yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, onlara ev alınıb verilsə həmin evdən çıxarlar. Onların evinə el adəti ilə elçi gələn zaman onlar Elçinin 5 otaqlı evinin və maşınının olduğunu bildirdilər. Hər bir valideyn kimi onun atası da qızının yaxşı yerdə olmasını istəyər. O həmişə qaynanasına qarşı yaxşı olmuş, hətta hamilə vəziyyətində belə qayınanasına baxmışdır. O tibb bacısı olduğu üçün qaynanasını dəfələrlə müalicə etmiş, onun təzyiqi qalxanda onunla maraqlanmışdır. Elçinin adında vergidə hesab açılmışdı. Bu səbəbdən onlara bildirdilər ki, onun adında əmlak olarsa tutmalar ola bilər. Bu səbəbdən mənzili Nigarın adına qeydiyyata keçirdilər. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti MKTB-nin 86 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 04.12.2020-ci il tarixdə verilmiş 363 №li arayışdan görünür ki, İddiaçı Bakıxanov qəsəbəsi, 86 saylı MKİS-nin ərazisində yerləşən M.Əmirov küçəsi, 38 saylı evin 8 №-li mənzilində pasport qeydiyyatındadır. 165 №-li MTK tərəfindən 02.12.2020-ci il tarixdə verilmiş 87 №-li arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yaşayır. 165 №-li MTK tərəfindən 02.12.2020-ci il tarixdə verilmiş 88 №-li arayışdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yaşayır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş X1 ilə İddiaçı arasında bağlanmış 28.06.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X1 ona məxsus ünvan 1 ünvanını İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 17.10.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 589 nömrəli reyestr kitabının 54133 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanun ilə Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. (14 dekabr 2005-ci il tarixdən qüvvəyə minib) Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il Qərarında deyilir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Hazırkı işdə mübahisəli ev üzərində mülkiyyət hüququ cavabdehlərdən Cavabdeh1 atasına, onun ölümündən vərəsəlik qaydasında anasına, sonra isə bağışlama yolu ilə bacısına keçmişdir. Cavabdeh1 mübahisəli ev onun ata və anasına aid olduğu dövrdə də həmin evdə yaşadığından, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbinə görə onun həmin evdən istifadə hüququ yaranmışdır. Mübahisəli ev üzərindəki mülkiyyət hüqunun dəyişməsi onun istifadə hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3.-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Belə olan halda, Cavabdeh1 kompensasiya ödəmədən onun istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması ilə bağlı iddia təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Digər cavabdeh Elnarə Sadıqovaya gəldikdə isə, onun nə əvvəlki mülkiyyətçilərlə, nə də hazırkı iddiaçı ilə mübahisəli mənzildən istifadə ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşması olmadığı üçün, Mülki Məcəllənin 228.2-ci maddəsinin məzmununa görə onun istifadə hüququ yaranmamışdır. Belə olan halda, iddia ona münasibətdə əsaslıdır. Mülki Məcəllənin 157.2.-ci maddəsi mülkiyyətçiyə özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ verir. Məhkəmə cavabdehlərin uşaqlarına münasibətdə iddianı əsaslı saymır. Belə ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Bu baxımdan, uşaqların atası Cavabdeh1 mübahisəli mənzildə yaşaması uşaqların da həmin evdə yaşamasına imkan verir. Cavabdehlərə məxsus əmlakın mübahisəli mənzildən çıxarılması tələbinə gəldikdə isə, iddiaçı həmin əşyaların cavabdehlərdən yalnız Cavabdeh2 məxsus olmasını sübut edə bilmədiyindən, onlar cavabdehlərin birgə mülkiyyətində olan əmlak kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Evdən yaşayış yeri kimi istifadə onun bütün faydalı xüsusiyyətlərindən, o cümlədən onun yaşayış üçün faydalı elementlərindən istifadəni nəzərdə tutur. Məhkəmə Cavabdeh1 mübahisəli evdən istifadə hüququ olması qənaətinə gəldiyindən, ona məxsus əşyaların da mübahisəli evdə saxlanmalı olmasını zəruri sayır. Bu baxımdan, iddia bu hissədə də əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 1-dən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1138/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1138/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver