Məhkəmə qərarları › İş №2(010)-115/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-115/2023

21.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-115/2023 21.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı “X3 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədan küçəsi 39 T 417422.85 m B 4475958.32 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi. İddia tələbinin dəlliləri “X3 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X3 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X3 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququmuz mövcuddur. Son illər iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsək də, cavabdehlər iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X3 Kompani S.A. ” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən ünvan 1 39 T 417422.85 m V 4475958.32 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli qərarına əsasən quyular, separatorlar, qızdırıcı avadanlıqlar, neft rezervuarları və nasos avadanlıqları üçün mühafizə zonası minimum 300 metr müəyyən edilmişdir. Beləliklə, cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “X3 Kompani S.A.” Şirkətinin nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2014-cü ildə həmin mübahisəli tikilini almışdır. Həmin tikilini alan zaman tikili bir otaqdan ibarət olmuşdur. Özü ailəlidir və dörd uşağı vardır. Ailəsi ilə birlikdə bir otaqlı evdə yaşamaqda narahatçılıq yarandığından məcbur olub evdə əlavə tikililər etmişdir. Evin su, işıq və qazın sənədi onun adınadır. O, həmin evi alan zaman evin heç bir sənədi olmayıb. Sot yarım torpaq sahəsidir. İç-içə iki otaqdır. İddiaçının iddiası əsassızdır. İş materialları “X3 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişə əsasən Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X3 Kompani S.A” Şirkəti fəaliyyət göstərir. “X3 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları OQ və NBX-nin növbə rəhbəri M.Hacıyevin və Suraxanı OYL OQ və NBX-nin nəzarətçisi R.Orucovun və Suraxanı rayon İHB-nın nümayəndəsi F.Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin neftqaz çıxarma sexinin ərazisində olan ünvan 1 ünvanında Cavabdeh tərəfindən bərpa işləri tərəflərindən aşkar edilmişdir. Zəbt olunmuş ərazi və tikinti barədə əlavə məlumat olaraq bildirilmişdir ki, heç bir sənəd yoxdur. Nəticədə tərəflərindən dayandırılmışdır. “X3 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları OQ və NBX-nin növbə rəhbəri H.Hacıyevin və Suraxanı OYL OQ və NBX-nin nəzarətçisi P.Orucovun və Suraxanı OYL OQ və NBX-nin nəzarətçisi T.Zeynalzadə tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin neft-qaz çıxarma sexinin ərazisində olan ünvan 1 ünvanında Cavabdeh tərəfindən 0.02 ha ölçüdə olan sahədə təxminən 75m2 ölçüdə daş konstruksiyalı fərdi yaşayış evinin tikintisi aşkar edilmişdir. Zəbt olunmuş ərazi və tikinti barədə əlavə məlumat olaraq bildirilmişdir ki, Cavabdeh tərəfindən tikintiyə və torpaq sahəsinə aid heç bir sənəd təqdim edilməmişdir. Nəticədə vətəndaşa tikintinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq Cavabdeh tikinti işlərini başa çatdırmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təqdim edilmiş koordinata əsasən torpaq sahəsi Azərbaycan Respublikası DNŞ-nin (Suraxanı Oyl) ərazisidir. Həmin sahənin qeydiyyatı barədə vahid elektron kadastr bazasında məlumat yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Elektron kadastr məlumat bazasına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 39 T 417422.85 m B 4475958.32 m C koordinatlar üzrə yerləşən tikili “X4 Kompani S.A” şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri ilə tam üst-üstə düşür. İddiaçının nümayəndəsinin iddiasına əsasən Cavabdeh məskunlaşdığı tikili 39 T 417422.85 m B 4475958.32 m C koordinatlar üzrə yerləşir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1540 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: elektron kadastr məlumat bazasına əsasən Bakı qəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədan küçəsi 39 T 417422.85 m B 4475958.2 m C koordinatlar üzrə yerləşən tikili “X4 Kompani S.A” şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri ilə tam üst-üstə düşür. İddiaçının nümayəndəsinin iddiasına əsasən Cavabdeh məskunlaşdığı tikili 39 T 417422.85 m B ********* m C koordinatlar üzrə yerləşir. İşin faktiki halları Bakı qəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədan küçəsi 39 T 417422.85 m B 4475958.32 m C koordinatlar üzərində yerləşən torpaq sahəsi həmin sahədə neft-qaz əməliyyatlarının aparılması üçün “X3 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş, bu barədə müvafiq dövlət orqanı ilə şirkət rəhbərliyi arasında saziş bağlanmışdır. Cavabdeh isə həmin ərazidə özbaşına tikili (fərdi yaşayış evi) tikmişdir. İşin bu hallarını hər iki tərəf mübahisələndirmədən qəbul edir. Hazırda iddiaçı “X3 Kompani S.A” Şirkətinin nümayəndəliyi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı qəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədan küçəsi 39 T 417422.85 m B 4475958.32 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsini, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasını, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsini tələb edir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh isə iddianı qəbul etməmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 33. Mənzil toxunulmazlığı hüququ. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ.

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi Cavabdeh fərdi yaşayış evi tikdiyi torpaq sahəsi iddiaçı “X3 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsindədir. Cavabdeh nə bu torpaq sahəsi, nə də onun üzərində yerləşən fərdi yaşayış evi üzərində heç bir mülkiyyət hüququ yoxdur. İşin bu hallarını məhkəmə iclasında iştirak etmiş tərəflər də mübahisələndirməmişdir. Eyni zamanda, iş materiallarına daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən iddiaçıya ünvanlanmış məktub əlavə edilmişdir ki, həmin sənəddə də Cavabdeh tərəfindən sözügedən ünvanda özbaşına tikinti aparıldığı göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “X3 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsində özbaşına tikili tikmişdir. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddələrinin mənasına görə torpaq sahəsinin qanuni istifadəçisi olan iddiaçı Şirkətin cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində tikilmiş özbaşına tikilinin sökülməsini tələb etmək hüququ var. Bununla belə məhkəmə qeyd edir ki, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, cavabdeh tərəfindən mübahisəli ərazidə tikilmiş tikili məhz fərdi yaşayış evidir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş özbaşına tikintinin aşkarlanmasına dair aktdan da görünür ki, ərazidə məhz fərdi yaşayış evi tikintisi aşkarlanmışdır. Belə olan halda məhkəmə bu tikilinin sökülməsinin cavabdehin evinə hörmət hüququna müdaxilə təşkil edib-etməməsi, əgər edərsə bu müdaxilənin qanuniliyi, güddüyü məqsəd və bu məqsədə mütənasibliyi, demokratik cəmiyyətdə zəruriliyi kimi məsələlərə münasibət bildirməlidir. Ümumən məhkəmə qəbul edir ki, Cavabdeh tərəfindən tikilmiş bu ev dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan və milli hüquqa görə bu cür tikililər heç bir mülkiyyət hüququ formalaşdırmadığından bu gün cavabdehin ev üzərində mülkiyyət hüququ yoxdur və bu səbəbdən tikilinin sökülməsinin cavabdehin mülkiyyət hüququnu pozduğu deyilə bilməz. Məhkəmə onu da qeyd edir ki, evin tikintisinin cavabdehin vəsaiti hesabına baş tutması, evə dövlət tərəfindən kommunal xidmətlərin göstərilməsi, yaxud müəyyən bir müddət evin tikintisinə dövlət orqanları tərəfindən heç bir reaksiya verilməməsi kimi hallar bu nəticəni dəyişmir və cavabdehə ev üzərində mülkiyyət hüququ vermir. Ona görə ki, cavabdeh bu evi tikərkən, təmir edərkən bilirdi (bilməli idi) ki, o, özünə məxsus olmayan əmlaka xərc çəkir. Lakin mübahisəli tikili cavabdehin yaşayışını təmin edən fərdi yaşayış evi olduğundan və cavabdeh bu evdə uzun müddətdir yaşadığından həmin ev cavabdehin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından “evi” hesab olunur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh həmin ünvanda 2014-cü ildən bəri yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də qəbul etmişdir ki, cavabdeh həmin ünvanda əvvəllər də yaşamış, lakin sonradan əlavə tikinti işləri apararaq evi böyütmüşdür. Bundan əlavə, iddiaçı tərəf iddia etməmişdir ki, cavabdehin bu özbaşına tikilidən başqa bir mənzili (evi) var və o, mübahisəli tikilidən öz yaşayışını təmin etmək üçün istifadə etmir. İş üzrə məhkəmə araşdırması gedişində də belə bir hal aşkar edilməmiş, cavabdehin özbaşına tikdiyi bu evə yaşayışını təmin etmək baxımından ehtiyacı olmadığı müəyyən edilməmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh həmin tikili ilə yaşayışını təmin edən ev kimi yetərli və davamlı bir bağı var və ölçüsündən asılı olmayaraq həmin ev Konvensiyanın 8-ci maddəsinin mənası baxımından cavabdehin evi olmuşdur. Bunun məntiqi davamı olaraq qəbul edilməlidir ki, bu evin sökülməsi cavabdehin Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan evinə hörmət hüququna müdaxilə (özü də ən kəskin forması olan evdən məhrum edilmə şəklində) təşkil edəcəkdir. Qeyd edilməlidir ki, iddiaçı “X3 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Suraxanı rayonu ərazisində neft hasilatı ilə məşğul olduğundan və cavabdehin evinin yerləşdiyi ərazi də iddiaçının istismarına verilmiş sahəyə daxil olduğundan iddiaçının cavabdehin evini sökdürməkdə məqsədi həmin ərazidə neft əməliyyatları həyata keçirilməsi zərurəti ilə izah oluna bilər. Hansı ki, iddia ərizəsi də əsasən bu halla əsaslandırılmış, ərizədə göstərilmişdir ki, Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun olaraq proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehin evinə hörmət hüququna müdaxilə etməkdə məqsədi neft əməliyyatlarının həyata keçirilməsi ehtiyacı ilə bağlı olmuşdur. İddiaçı tərəfindən bu əməliyyatların ölkənin iqtisadi rifahı maraqları naminə, dövlət və ya ictimai ehtiyac üçün təcili olaraq lazım olduğu iddia edilməmiş, belə bir təcili ehtiyacla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu vəziyyətdə məhkəmə cavabdehin evinə müdaxilənin daha çox iddiaçı “X3 Kompani S.A” Şirkətinin torpaq sahəsindən istifadə hüququ ilə bağlı maraqlarının qorunması məqsədini güddüyü nəticəsinə gəlir. Bütün bu qeyd edilənlərin fonunda məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının nə dərəcədə zəruri və təcili olduğu məlum olmayan neft əməliyyatları həyata keçirmək marağı cavabdehin yaşayışını təmin edəcək yeganə evdən məhrum olmasına mütənasib deyil. Bu səbəbdən iddia təmin edilə bilməz. Məhkəmə bu cür nəticəyə gələrkən nəzərə alır ki, Avropa İnsan Hüquqları Məhkəməsi məhz Azərbaycanla bağlı son dövrlərdə baxılmış xx.xx.2021-ci il tarixli “Əhmədova Azərbaycana qarşı” iş üzrə qərarında bu kateqoriya işlər üzrə mütənasiblik məsələsi araşdırılmadan, bir-birinə zidd maraqlar ölçülmədən qərar qəbul edilməsini yerli məhkəmələrin yol verdiyi kobud nöqsan kimi qiymətləndirmiş, yekunda bu cür araşdırma aparılmadan evdən çıxarma qərarının məcburi icra edilməsinin Konvensiyanın 8-ci maddəsinin pozuntusu olması nəticəsinə gəlmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. Məhkəmə son olaraq onu da qeyd edir ki, hüquqların məhdudlaşdırılmasının mütənasibliyi məsələsi həm də Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuşdur. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı “X3 Kompani S.A” Şirkətinin cavabdehin evinin sökülməsindəki marağının cavabdehin evinə hörmət hüququndan məhrum olmasına mütənasib olmaması iddianın təmin edilməməsi üçün əsasdır. Odur ki, iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddialarla məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı “X3 Kompani S.A.” şirkətindən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, iddiaçı “X3 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı “X3 Kompani S.A.” şirkətindən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddiaçı “X3 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı “X3 Kompani S.A.” şirkətindən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar