Məhkəmə qərarları › İş №2(010)-116/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-116/2023

06.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-116/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı “X7 Kompani S.A.” Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X7 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 39 T 415575.00 m B 4473102.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi. İddia tələbinin dəlliləri “X7 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X7 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X7 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X7 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X7 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququmuz mövcuddur. Son illər istifadəmizdə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması bizim qanunla qorunan hüquqlarımızı pozur və mənafelərimizə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsək də, cavabdehlər bizim haqlı tələblərimizə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X7 Kompani S.A.” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 39 T 415575.00 m V 4473102.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi “X7 Kompani S.A.” Şirkətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, sökülməsini tələb etdikləri təxmini 36 m2 ölçüdə daş konstruksiyalı yeni tikilidir. Həmin tikiliyə bitişik köhnə tikilinin sökülməsini şirkət tələb etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları “X7 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X7 Kompani S.A” şirkəti fəaliyyət göstərir. “X7 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə 2 nömrəli əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 39 T 415575.00 m B 4473102.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. “X7 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları R.Nüsrətli, OQ və NBX-nin növbə rəhbəri B.Əsgərov və OQ və NBX-nin nəzarətçi Y.Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə 415575.00, 443102.00 koordinat üzrə Nümayəndəliyinin İİ saylı neft qaz çıxarma sexin ərazisində olan Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ünvanında Cavabdeh tərəfindən 0.02 h ölçüdə olan sahədə təxmini 36m2 ölçüdə daş konstruksiyalı otaq artırılması işləri aşkar edilmişdir. M.Qədirli tərəfindən tikiliyə və ya torpaq sahəsinə aid heç bir sənəd təqdim edilməmişdir. Nəticədə tikintinin dayandırılması barədə xəbərdarlıq edilmişdir, buna baxmayaraq Cavabdeh tikinti işlərini başa çatdırmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 39 T 415575.m V 4473102.00 m C koordinatla olan sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Sözügedən ərazi neft kəmərinin mühafizə zolağında yerləşir. Həmin sahənin qeydiyyatı barədə vahid eleketron kadastr bazasında məlumat yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Elektron kadastr məlumat bazasına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 39 T 415575.00 m V 4473102.00 m C koordinatlar üzrə yerləşən tikili “Qaraçuxur İNM” şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri ilə tam üst-üstə düşür. Cavabdeh məskunlaşdığı tikili 39 T 415575.00 m V 4473102.00 m C koordinatlar üzrə yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2177 saylı rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin “Yerquruluşunun təşkili” şöbəsinin mütəxəssisi Elgün Nəsirovun mütəxəssis rəyində qeyd edilir ki, elektron kadastr məlumatlar bazasına əsasən, Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi 39,415575.00 m B ******* m C koordinatlar üzrə yerləşən tikili “Qaraçuxur İNM” şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri ilə tam üst-üstə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri və X6 şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerqurluşunun təşkili şöbəsinin mütəxəssisi Elgün Nəsirovun mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh məskunlaşdıbı tikili 39 T 415575.00 m B 4473102.00 m C koordinatlar üzrə yerləşir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 33. Mənzil toxunulmazlığı hüququ. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ.

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, Cavabdeh inşa etdiyi təxmini sahəsi 36 m2 olan daş konstruksiyalı tikili iddiaçı “X7 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsindədir. Cavabdeh nə bu torpaq sahəsi, nə də onun üzərində inşa etdiyi tikili üzərində heç bir mülkiyyət hüququ yoxdur. Cavabdeh məhkəmə gəlməmiş və işin bu hallarını mübahisələndirməmişdir. Eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyində Cavabdeh tərəfindən məhz iddiaçı Şirkətin istifadəsində olan torpaq sahəsində özbaşına tikinti aparıldığı müəyyən edilmişdir. Bu vəziyyətdə yuxarıda (§ 16-17) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə əsasən torpaq sahəsinin qanuni istifadəçisi olan iddiaçı Şirkətin cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində tikilmiş özbaşına tikilinin sökülməsini tələb etmək hüququ var. Bununla belə qeyd edilməlidir ki, cavabdeh tərəfindən mübahisəli ərazidə tikilmiş tikili məhz cavabdehin yaşadığı fərdi yaşayış evinə bitişik tikilidir. Belə olan halda məhkəmə bu tikilinin sökülməsinin cavabdehin evinə hörmət hüququna müdaxilə təşkil edib-etməməsi, əgər edərsə, belə müdaxilənin qanuniliyi, güddüyü məqsəd və bu məqsədə mütənasibliyi, demokratik cəmiyyətdə zəruriliyi kimi məsələlərə münasibət bildirməlidir. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd etdiyi kimi 8-ci maddənin mənası baxımından “mənzil” anlayışı təkcə hüquqa uyğun əldə edilmiş, yaxud tikilmiş əmlakla məhdudlaşmır. Bu, milli qanunvericilikdəki təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı əmlakların 8-ci maddə ilə təminat altına alınan “ev” anlayışını təşkil edib-etməməsi faktiki şəraitdən, yəni xüsusi bir yerlə yetərli və davamlı bağın mövcudluğundan asılı olacaqdır (X3rşı, no. 66610/10, § 30, 14 mart 2017). Belə olan halda aydındır ki, cavabdehin yaşadığı fərdi yaşayış evinə bitişik sahədə inşa etdiyi, təxmini sahəsi 36 m2 olan otağın sökülməsi cavabdehin Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınmış evinə hörmət hüququna müdaxilə (özü də ən kəskin forması olan evdən məhrum edilmə şəklində) təşkil edəcəkdir. Bununla belə məhkəmə hesab edir ki, bu müdaxilə qanuni müdaxilədir. Belə ki, Cavabdeh tərəfindən yaşadığı fərdi yaşayış evinə bitişik sahədə inşa edilmiş otaq dövlətin mülkiyyətində, iddiaçının isə qanuni istifadəsində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan və milli hüquqa görə bu cür tikililər heç bir mülkiyyət hüququ formalaşdırmadığından bu gün cavabdehin həmin tikili üzərində mülkiyyət hüququ yoxdur və bu səbəbdən tikilinin sökülməsinin cavabdehin mülkiyyət hüququnu pozduğu deyilə bilməz. Məhkəmə onu da qeyd edir ki, tikintinin cavabdehin vəsaiti hesabına baş tutması, yaxud müəyyən bir müddət tikintiə dövlət orqanları tərəfindən heç bir reaksiya verilməməsi kimi hallar bu nəticəni dəyişmir və cavabdehə tikili üzərində mülkiyyət hüququ vermir. Ona görə ki, cavabdeh bu tikilini tikərkən, təmir edərkən bilirdi (bilməli idi) ki, o, özünə məxsus olmayan əmlaka xərc çəkir və bu xərc hesabına heç bir mülkiyyət hüququ əldə etmir. Cavabdehin inşa etdiyi tikiliyə müdaxilənin güddüyü məqsədlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Şirkət tikilinin sökülməsinə dair tələbini iki əsasla əsaslandırmışdır. Bunlardan biri odur ki, tikili neft-qaz hasilatı əməliyyatlarının aparıldığı ərazidə yerləşdiyindən ərazidə yeni neft quyularının qazılması, köhnələrinin isə istisma qaytarılması mümkün olmur, bununla da iddiaçı Şirkət məhz neft-qaz hasilatı əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş torpaq sahəsindən səmərəli istifadə edə bilmir. İkincisi isə odur ki, neft-qaz hasilat sənayesi obyektləri əhali və ətraf mühit üçün potensial təhlükə mənbələri olduğundan xüsusən neft quyularına yaxın məsafədə fərdi yaşayış evi tikilməsi ilk növbədə həmin evdə yaşayanlar, daha sonra isə ətrafdakılar üçün təhlükəlidir. Bununla da iddiaçı Şirkət cavabdehin evinə hörmət hüququna müdaxiləni əhalinin sağlamlığını qorumaq və torpaq sahəsinin istifadəçisi kimi öz hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə tələb etmiş hesab edilir. Hansı ki, bu iki məqsəd də “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin ikinci bəndində (§14) insanın evinə hörmət hüququna müdaxilə etmək üçün legitim əsas təşkil edən istisna hallar kimi qəbul edilmişdir. Bu məqsədlərlə cavabdehin evinə müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi ilə bağlı məhkəmə, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna əsasən şəxsin evini itirməsi evə hörmət hüququna ən kəskin müdaxilə olduğuna görə bu risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa daxil olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsi ilə müəyyən edilmiş prinsiplər fonunda müstəqil məhkəmə tərəfindən görülən tədbirlərin mütənasibliyinin araşdırılmasına nail olmalıdır. Məhkəmə təkrar qeyd edir ki, cavabdehin evinə hörmət hüququna olunan (olunması tələb edilən) bu müdaxilə qanunidir. Bunun səbəbləri yuxarıda əsaslandırılmışdır. Müdaxilənin məqsədi, bu məqsədin insanın evinə hörmət hüququna təminat verən “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi baxımından müdaxiləyə əsas verən məqsədlərdən hesab olunması da artıq məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin cavabdehin evinə müdaxilənin güdülən məqsədə mütənasibliyi, buna bağlı olaraq “demokratik cəmiyyətdə zəruriliyi” kimi məsələlər müəyyən edilməmiş qalır. Məhkəmə qeyd edir ki, görülən tədbirlərin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən edərkən Məhkəmə həmin tədbirlərə haqq qazandırmaq üçün gətirilən əsasların münasib və yetərli olub-olmadığını və həmin tədbirlərin qarşıya qoyulmuş qanuni məqsədlərə mütənasib olub-olmadığını işin bütün hallarının fonunda nəzərdən keçirməlidir (Avropa İnsan Hüquqları Məhkəməsi, Z Finlandiyaya qarşı iş, § 94). Məhkəmə hesab edir ki, müdaxilənin mütənasibliyinin araşdırılması hər iki tərəfin mübahisəli əraziyə nə məqsədlə ehtiyacının olması ilə ayrılmaz bağlıdır. Yuxarıda (§ 26) qeyd edilənlərdən görünür ki, iddiaçı Şirkətin tikilinin sökülməsini tələb etməkdə məqsədlərindən biri həmin tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatı əməliyyatları aparmaqdır. Yəni iddiaçının həmin sahəyə məhz bu əməliyyatların həyata keçirilməsi üçün ehtiyacı var. Cavabdehin isə apardığı tikinti işləri özünün uzun müddət yaşadığı evə bitişik sahədə təxmini ölçüsü 36 m2 olan otaq artırılması ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin, sökülməsi tələb edilən təxmini ölçüsü 36 m2 olan otağa ailə üzvləri ilə birlikdə yaşayışını təmin edəcək yeganə yaşayış yeri kimi ehtiyacı yoxdur. Elə həmin tikiliyə bitişik cavabdehin uzun müddət yaşadığı fərdi yaşayış evi var və belə görünür ki, iddiaçı Şirkətin həmin evlə bağlı heç bir iddiası yoxdur. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin özünün yaşadığı evə bitişik sahədə inşa etdiyi təxmini ölçüsü 36 m2 olan tikiliyə edilməsi tələb edilən müdaxilənin məqsədi ilə bu tikili söküləcəyi halda cavabdehin üzləşəcəyi məhrumiyyət mütənasibdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, müvafiq özbaşına tikili sökülməli və bu tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı Şirkətə qaytarılmalıdır. Məhkəmə son olaraq onu da qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi məhz Azərbaycanla bağlı son dövrlərdə baxılmış xx.xx.2021-ci il tarixli “Əhmədova Azərbaycana qarşı” iş üzrə qərarında bu kateqoriya işlər üzrə mütənasiblik məsələsi araşdırılmadan, birbirinə zidd maraqlar ölçülmədən qərar qəbul edilməsini yerli məhkəmələrin yol verdiyi kobud nöqsan kimi qiymətləndirmiş, yekunda bu cür araşdırma aparılmadan evdən çıxarma qərarının məcburi icra edilməsinin Konvensiyanın 8-ci maddəsinin pozuntusu olması nəticəsinə gəlmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. Bu baxımdan məhkəmə yuxarıda qeyd edilmiş araşdırmanın aparılmasını zəruri hesab etmiş və bu araşdırma nəticəsində iddiaçının istifadəsində olan torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməsi ilə cavabdehin yeganə yaşayış yerindən məhrum olmayacağı, bununla da hədsiz məhrumiyyətlə üzləşməyəcəyi nəticəsinə gəlmiş, yalnız bu nəticəyə gəldikdən sonra iddianı əsaslı hesab etmişdir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-mühəndis texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 39 T 415575.00 m B 4473102.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən, təxmini ölçüsü 36 m2 olan tikili özbaşına tikili hesab edilərək sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X7 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə qaytarılmalı, Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının, 50 manat məbləğində ekspertiza xərci isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 39 T 415575.00 m B 4473102.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən, təxmini ölçüsü 36 m2 olan tikili özbaşına tikili hesab edilərək sökülsün, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X7 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının AZ02AİİB******************** №-li hesabına köçürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar