Məhkəmə qərarları › İş №2(010)-1166/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1166/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1166/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1989-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.1968-ci ildə Gürcüstan SSR Dmanisi rayonunun Yırğançay kəndində doğulmuşdur. 1989-cu ildə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmiş və qeyd edilən vaxtdan indiyədək Azərbaycan Respublikasında yaşayır. xx.xx.1990-ci ildə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.1991-ci il təvəllüdlü X7 və xx.xx.1993-cü il təvəllüdlü X4 doğulmuşdur. Övladları vaxtında şəxsiyyət vəsiqəsini almasına baxmayaraq, o, vaxtında şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Onun şəxsiyyət vəsiqəsi olmadığından, ən əsası 1989-cu ildən indiyədək Azərbaycan Respublikasında daimi yaşamağını nəzərə alaraq Azərbaycan Respublikası vətəndaşlığını almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciətə etmişdir. Lakin müraciəti müsbət cavablandırılmamış və xx.xx.2020-cu il tarixli cavabla (arıyışla) imtina verilmişdir. Qeyd edilən fakt ona mənsub olduğu və indiyədək yaşadığı Azərbaycan Respublikasının vətəndaşlığını və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün lazımdır. Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş 05/00029575/2020-02 saylı xx.xx.2020-ci il tarixli arayışı ilə onun Gürcüstan vətəndaşı hesab edilmədiyi bildirilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 yazılı ərizə təqdim edərək, ərizənin təmin edilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən etiraz edilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, o, Ərizəçi 1989-cu ildən tanıyır. Belə ki, onlar qonşudurlar və qonşu olduqları üçün Məmməd və onun ailəsini də yaxından tanıdığını bildirərək, Ərizəçi 1989-cu ildən bu günədək Azərbaycan Respublikasında yaşama faktına şahidlik etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, o, Ərizəçi qonşusudur və mehriban qonşuluq münasibətləri var. Ərizəçi həqiqətən də 1989-cu ildən bu günədək Azərbaycan Respublikasında yaşayır və həmin zamandan bəri onlar qonşudurlar. Buna görə də Ərizəçi 1989-cu ildən bu günədək Azərbaycan Respublikasında yaşama faktına şahidlik etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Gürcüstan SSR Dmanisi rayonu tərəfindən xx.xx.1990-cı ildə verilmiş İV-ТИ seriyalı 265882 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında xx.xx.1990-cı ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1990-cı ilin aprel ayının 19-cu günündə 11 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2522 №-li arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında 1990-cı il tarixdən hal-hazıra kimi yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, vətəndaş Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli İ-4232 nömrəli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar bildirilir ki, xx.xx.2020-ci il tarixli 308359/m nömrəli müraciətə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılmış və Azərbaycan Respublikasının vətəndaşı olmadığı nəticəsinə gəlinmişdir. Bu barədə xx.xx.2020-ci il tarixli ******* nömrəli arayış təqdim olunmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1989-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamaq və heç bir dövlətin vətəndaşlığına mənsub olmamaq faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmək mümkündür. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “şəxsin Azərbaycan Respublikasına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” xx.xx.2020-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx xxxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi 308359/m nömrəli, xx xxxxxx 2020-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstanın Azərbaycadakı səfirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi “Gürcüstan vətəndaşlığı haqqında” orqan qanununun 30-cu maddəsinin “a” və “q” bəndlərinə müvafiq olaraq, bununla yanaşı agentliyə təqdim olunan və əldə olunan sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1968-ci ildə Gürcüstan SSR Dmanisi rayonunun Yırğançay kəndində doğulmuşdur. 1989-cu ildə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmiş və qeyd edilən vaxtdan indiyədək Azərbaycan Respublikasında yaşayır. xx.xx.1990-ci ildə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.1991-ci il təvəllüdlü X7 və xx.xx.1993-cü il təvəllüdlü X4 doğulmuşdur. Övladları vaxtında şəxsiyyət vəsiqəsini almasına baxmayaraq, o, vaxtında şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 və X6 Ərizəçi 1989-cu ildən daimi olaraq Azərbaycan Respublikasında yaşaması faktını təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Mülki iş materialları ilə sübut olunur ki, Ərizəçi heç bir dövlətin vətəndaşı deyil və 1989-cu ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, Ərizəçi 1989-cu il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1989-cu il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar