Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1169/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X7 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiаçı İddiaçı cavabdeh X2rşı (Bakı şəhəri 34 saylı Notariat Ofisi və Sabirabad rayon qeydiyyat şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) nikahın etibarsız hesab edilməsi və vərəsəlik hüququndan məhrum etmə tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı İddiaçı cavabdeh X2rşı nikahın etibarsız hesab edilməsi və vərəsəlik hüququndan məhrum etmə tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası mərhum Əhmədov Bahadur Nəbi oğlu ilə X8 arasında qeydə alınmış nikahın etibarsız hesab edilməsi və cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Əhmədov Bahadur Nəbi oğlu cavabdeh İrina Vasilyevna ilə həqiqətən nikahda olmamış, aralarında nikah münasibətləri mövcud olmamışdır. Belə ki, X3rın Rusiya Federasiyasında tanışları olduğundan Azərbaycan Respublikasına tez-tez müalicə almağa gəlirmiş və buna görə də Azərbaycan Respublikası ərazisində müvəqqəti qeydiyyat zərurəti yaranırmış. Bu səbəbdən də, həmin şəxs mərhum Əhmədov Bahadur Nəbi oğluna məxsus mənzilə müvəqqəti qeydiyyata alınmışdır. İddiaçının atası mərhum Əhmədov Bahadur Nəbi oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. İddiaçının atasından miras qalmış əmlakla bağlı X1 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 34 saylı Notariat Ofisinə müraciət etmişdir. Müraciətinin əsası kimi iddiaçının atası Əhmədov Bahadur Nəbi oğlu ilə nikahda olmasını göstərmişdir. İddiaçının atası mərhum Əhmədov Bahadur Nəbi oğlunun nikaha daxil olmaq niyyəti olmamış və Sabirabad rayonu ilə heç bir əlaqəsi olmamışdır. Ona görə də X8 ilə nikahda olmamışdır. Bu səbəbdən də, mövcud iddia tələbi irəli sürülür. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının atası və cavabdehin Bakı şəhərində yaşamalarına baxmayaraq, məhz Sabirabad rayonu ərazisində yerləşən qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmələri, həmin rayonda qonaq getdikləri ünvanda bir günün içərisində nikaha daxil olma barədə niyyətlərinin yaranması və bu niyyətin həyata keçirilməsi kifayət qədər şübhə doğurur. Bu şübhənin əsasında ailə münasibətlərinin rəsmiləşdirilməsinin kifayət qədər ciddi bir məsələ olması və prosedur qaydalarının müəyyən müddət tələb etməsidir. Nikahın bağlanması üçün ərizə verilməsi, qeydiyyat orqanında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı müvafiq hərəkətlərin həyata keçirilməsi, tərəflərin tibbi müayinədən keçmələrini təsdiq edən arayışın təqdim edilməsi üçün müayinə və qan analizlərinin verilməsi, bir sözlə nikahın bağlanması üçün zəruri olan bütün hərəkətlərin həyata keçirilməsi üçün kifayət qədər vaxt tələb olunur ki, bütün bu hərəkətlərin bir günün içərisində edilməsi məntiqi cəhətdən əsaslı deyildir. Həmçinin, iş üzrə obyektiv araşdırma aparılması məqsədi ilə tərəflərin yaxın qohumları da iş üzrə icraata cəlb olunmalı və həmin ərazidə onların hansı qohumlarının və ya tanışlarının yaşaması müəyyən edilməlidir. Hazırda baxılan mübahisə ilə bağlı həmçinin qeyd edilməlidir ki, iddiaçının atasının nikahın bağlanması zamanı Sabirabad rayonu ərazisində olması faktı da müəmmalıdır. Belə ki, iddiaçının atası həmin dövrlərdə iş materiallarına da əlavə edilmiş sənədlərdən görünür ki, müxtəlif xəstəliklərdən əziyyət çəkmiş və müalicə almışdır. Nikahın tərəflərin iradə ifadəsini əks etdirən və ailə qurmaq məqsədini güdən əqd olması nəzərə alınaraq qeyd edilməlidir ki, tərəflərin uzun müddət ərzində Bakı şəhəri ərazisində yaşadıqları dövr ərzində belə bir iradə ifadələrinin mövcud olmaması və istirahət üçün əlverişsiz olan Sabirabad rayonu ərazisində səfər zamanı bu nikahın rəsmiləşdirilməsi kifayət qədər şübhə doğurur. Həmçinin, iddiaçının atasının nikahın bağlanması zamanı Sabirabad rayonunda olmaması faktı müəyyən edilərsə, onun adından nikahın bağlanmasına yönələn istənilən hüquqi sənədin verilməsi sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət əməlinin törədilməsində ehtiva olunan əməl kimi qiymətləndirilməli və müvafiq cinayət əməlinin törədilməsində təqsiri olan şəxslər cəzalandırılmalıdır. İddiaçının atası və cavabdeh arasında bağlanmış nikahın tərəflərin əsl iradə ifadələrini əks etdirməməsi həmçinin iddiaçının atasının bağlanacaq nikah barədə övladlarına məlumat verməməsi və qanunvericiliyin tələblərinə zidd olaraq nikahın qeydiyyat ünvanından kənar ərazidə bağlanmasında öz əksini tapır. İddiaçının hazırkı iddia tələbini irəli sürməsi ilə bağlı subyektiv hüquqa malik olub-olmaması ilə bağlı hissədə nəzərə çatdırır ki, cavabdehin saxta nikah nəticəsində əldə etdiyi vərəsəlik hüququ iddiaçının həmin vərəsəlik hüquqları ilə bağlı mənafelərinə toxunduğu üçün iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, hüquqlarını müdafiə etdiyi şəxsin iddiaçının atası ilə nikaha Sabirabad rayon qeydiyyat şöbəsində girməsi faktını həmin ərazidə qohumları və ya tanışlarının yaşaması ilə məhkəmə prosesinin heç bir mərhələsində əsaslandırmamışdır. Belə ki, iddiaçının atası və cavabdeh Sabirabad rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birinə səfər etmiş və həmin rayonun qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən şəxs də təsdiq etmişdir ki, iddiaçının atası həyat yoldaşı kimi cavabdehi mütəmadi olaraq Azərbaycan Respublikasının gəzməli, görməli guşələrinə səfərə aparmış və onu həmin yerlərlə tanış etmişdir. Cavabdehin Azərbaycan Respublikasının vətəndaşı olmaması, həmçinin Azərbaycan Respublikasının rayonlarını və digər ərazilərini tanımaması, onun həmin bölgələrdə heç bir qohumunun və ya tanışının olmaması onu deməyə əsas verir ki, nikahın məhz Sabirabad rayon qeydiyyat şöbəsində bağlanması təklifi iddiaçının atası tərəfindən edilmişdir və bu nikahın saxta olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının atası və cavabdehin nikaha daxil olmaları barədə övladlarına məlumat verməməsi isə təbii haldır, çünki tərəflər kifayət qədər yetkin şəxslərdir və bu barədə kiməsə məlumat vermək öhdəlikləri yoxdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı, atası və cavabdeh uzun müddət birlikdə yaşamışlar. Bundan əvvəl iddiaçının atası və cavabdeh uzun müddət Rusiya Federasiyası ərazisində qonşuluqda yaşamış və aralarında münasibətlər yaranmışdır. İddiaçının atasının arvadının ölümündən sonra bu münasibətlər artıq gizli qalmamış və övladlarına da məlum olmuşdur. İddiaçının mərhum atası və cavabdeh arasında uzun illər mövcud olan faktiki nikah münasibətləri sadəcə olaraq 3 aydan bir ölkəni tərk etmə ilə bağlı məhdudiyyətə görə rəsmiləşdirilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, iş üzrə cavabdeh X8 ilə iki əvvəl qadın salonlarının birində tanış olmuş və münasibətləri yaranmışdır. İrina xanım çox səmimi və mehriban xanım olmuş, onu ailəli biri kimi tanımışdır. Yoldaşı həmişə İrina xanımı salonun xaricində gözləmiş və onu tək qoymamışdır. İrina xanım Azərbaycan dilində səlis danışa bilməsə də, bəzi ifadələri başa düşürdü və lazım gəldikdə o, İrina xanıma bəzi sözləri tərcümə də edirdi. Həftə sonları müəyyən görüşlər təşkil etmək istədikdə İrina xanımı da dəvət etmiş, lakin İrina xanım yoldaşının onu tək buraxmadığını bildirərək təklifi rədd etmişdir. İrina xanım həmişə həftə sonlarını yoldaşı ilə birlikdə keçirirdi. Onun yaşadığı mənzil İrina xanımın yoldaşı ilə birlikdə yaşadıqları mənzildən 5 dəqiqəlik məsafədə yerləşirdi və demək olar ki, onlar qonşuluqda yaşayırdılar. İrina xanımın yoldaşı ilə birlikdə yaşadığı mənzildə 2-3 dəfə olmuşdur. Həmin ərəfələrdə Bahadur xəstə idi, əməliyyata getməli idi. İrina xanımın yoldaşının dəfn mərasimində iştirak etməmiş, onun ölümünü sonradan qonşularından eşitmişdir. İrina xanım onunla söhbətlərindən biri zamanı yoldaşının onu Azərbaycanın gəzməli yerlərinə apardığını bildirmiş, həmin ərazilərdən yalnız Qax rayonunun adı xatirində qalmışdır. Əri İrina xanımı mərhum arvadının qəbri üstünə də aparmışdır. İrina xanım gəzdikləri digər ərazilərin adını çəksə də, hazırda həmin yerlərin adı onun yadında deyil. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, iddiaçı və cavabdehi, həmçinin iddiaçının mərhum atasını yaxından tanıyır. İddiaçı onun ən yaxın rəfiqəsinin oğlu, iddiaçının mərhum atası isə rəfiqəsinin həyat yoldaşıdır. Yaxın rəfiqəsi Zülayə 2022-ci il tarixdə dünyasını dəyişmişdir. Zülayə xanım dünyasını dəyişən zaman dəfn mərasimində iştirak edə bilməmiş, səhhəti Qax rayonuna səfər etməsinə maneə olmuşdur. Lakin, sonradan Bakı şəhərində yerləşən evlərinə baş sağlığı vermək üçün getmişdir. Bahadur və İrina arasında çox gözəl sevgi və ailə münasibətləri mövcud olmuşdur. Belə ki, sonuncular öz aralarında nikah münasibətlərini rəsmiləşdirdikdən sonra onların evinə qonaq gəlmiş, İrina qonaq gələn zaman Bahadurun ona aldığı üzüyü və nikah haqqında şəhadətnaməni göstərmişdir. İrina vətəndaşı olduğu Rusiya Federasiyası ərazisindən Azərbaycan Respublikasına gediş-gəlişdə çətinlik yaşadığı üçün nikahlarını rəsmiləşdirmişdir. Hərçənd, bu İrina və Bahadur arasında nikah münasibətlərinin olmamasına əsas vermir. İrinanın həm Bahadurun bacıları, həm də qardaşları ilə münasibəti çox gözəl olmuşdur. Çünki, İrina daim Bahadurun qayğısına qalmış, xəstəlikdən əziyyət çəkdiyi dövrlərdə ona qulluq etmişdir. Hətta, onun ən yaxın rəfiqəsi Zülayə vəfat etməzdən öncə Bahaduru evləndirmələrini vəsiyyət belə etmişdir. İrina və Bahadurun onun evinə qonaq gəldikləri vaxt, yəni nikahlarını bağladıqdan sonrakı müddətdə Bahadurun heç bir ciddi xəstəliyi olmamışdır. Habelə, Bahadur ölən günədək işləmiş və xəstəliyi onun işinə maneə olmamışdır. Bahadur vəfat etdikdən sonra İrina onun dəfn mərasimində iştirak etmiş və Bahadurun ölümü ilə bağlı (ölümündən yeddi gün ötməsi ilə bağlı) Bakı şəhərində yas mərasimi təşkil etmişdir. Lakin, Bahadurun ölümündən qırx gün keçdikdən sonra Bahadurun oğlu Rüfət və İrina arasında münasibətlər gərginləşmişdir. İş materiallarına əlavə olunan sənədlər Rusiya Federasiyası Sızran şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş İV-ER seriyalı, 479525 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı (atası Əhmədov Bahadur Nəbi oğlu, anası X9) xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyası, Kuybışev vilayəti, Sızran şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 1135 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, **********43-05101-093003 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.52 m2 olan 69 nömrəli mənzil Əhmədov Bahadur Nəbi oğlunun mülkiyyətindədir və həmin mənzil üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 560424 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Əhmədov Bahadur Nəbi oğlu və X8 arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 72 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Aleksandrova soyadı verilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş A230058479 nömrəli arayışın surətindən görünür ki, Əhmədov X16 Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş A230058453 nömrəli arayışın surətindən görünür ki, X8 Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 429965 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Əhmədov Bahadur Nəbi oğlu xx.xx.2024-cü il tarixdə Bakı şəhərində “Dəqiqləşdirilməmiş ürək çatışmazlığı” səbəbindən ölmüş, bu barədə xx.xx.2024-cü il tarixdə 289 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ağstafa rayon İcra Hakimiyyəti başçısının Xətai kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Əhmədov X11 rayonunun Xətai kənd qəbiristanlığında dəfn olunmuş, yas mərasimi Ağstafa rayonunun Xətai kəndində keçirilmiş, dəfn xərci mərhumun oğlu İddiaçı tərəfindən çəkilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “X18” X19 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosuna xx.xx.2024-cü il tarixdə ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, Əhmədov Bahadur Nəbi oğlu barədə xx.xx.2024-cü il tarixində X12 Cərahiyyə şöbəsində ikitərəfli qasıq yırtıqlarına görə “ikitərəfli Herniotomiya, Allopastika” əməliyyatları icra olunmuş, əməliyyatlar fəsadsız keçmiş və xəstə xx.xx.2024-cü il tarixində ambulator müşahidə altında evə yazılmışdır. Məhkəmənin sorğusuna Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, Əhmədov Bahadur Nəbi oğlu və X8 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmaq üçün ərizə ilə qeydiyyat şöbəsinə müraciət etmiş, onlardan nikaha daxil olmaq üçün zəruri sənədlər tələb edilmiş, həmin zaman B.N.Əhmədov Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini, İ.V.Aleksandrova Rusiya Federasiyasının pasport və vətəndaşı olduğu ölkədə nikahda olmamaq haqqında xx.xx.2023-cü il tarixli, A-00537 saylı arayışı, nikaha daxil olmaq üçün tibbi müayinə arayışlarını təqdim etmişlər. Təqdim edilmiş sənədlər üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri İnformasiya Sistemində yoxlanılma aparılarkən xx.xx.1962-ci il təvəllüdlü Əhmədov Bahadur Nəbi oğlunun xx.xx.1963-cü il təvəllüdlü X9 ilə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1986-cı ildə rəsmi nikaha daxil olduğu və nikahlarının 07 nömrə ilə qeyd edildiyi, X5 xx.xx.2020-ci ildə Rusiya Federasiyasının Ulyanovsk şəhərində vəfat etdiyi və Əhmədov Bahadur Nəbi oğlunun nikaha daxil olmasına mane olan halların mövcud olmadığı müəyyən edilmişdir. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 3.4-cü bəndinə əsasən, İ.V.Aleksandrovanın Rusiya Federasiyası vətəndaşının pasport və vətəndaşı olduğu ölkədə nikahda olmamaq haqqında xx.xx.2023-cü il tarixli, A-00537 saylı arayışı tərcümə edilərək notarial qaydada təsdiqi yoxlanılmış və yuxarıda qeyd edilən qaydanın 3.9-cu bəndinə əsasən, Əhmədov Bahadur Nəbi oğlu ilə X4 nikahları xx.xx.2023-cü ildə rəsmiləşdirilərək onlara AZ-İİ seriyalı, 560424 nömrəli nikah haqqında şəhadətnamə verilmiş və nikah haqqında akt qeydi tərəflərin imzaları ilə təsdiqlənmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər. 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ərarvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Maddə 12. Nikahın bağlanmasına mane olan hallar. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Maddə 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6. Mülki qanunvericiliyin prinsipləri. 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1137. Ləyaqətsiz vərəsə. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Məhkəmə tərəfindən vərəsəlik hüququndan məhrum edilmə. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1159. Qanun üzrə vərəsələr. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1164. Nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmə. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin nikahın etibarsız hesab edilməsi və cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci (nikahın etibarsız sayılması), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1139-cu (Məhkəmə tərəfindən vərəsəlik hüququndan məhrum edilmə) maddələrinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. İddia tələbinin birinci hissəsinə (nikahın etibarsız sayılması) məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Göründüyü kimi, qüvvədə olan ailə qanunvericiliyi ilə nikahın məhkəmə qaydasında etibarsız hesab edilməsinə əsas verən halların dairəsi dəqiq müəyyən edilmiş və bu hallardan kənara çıxmaqla nikahın etibarsız hesab edilməsinin mümkünlüyü istisna edilmişdir. İddiaçı bu əsaslardan yalnız birini – tərəflərin nikahın bağlanmasına yönələn və könüllü iradə ifadələrini əks etdirən ailə qurmaq niyyətinin mövcudluğunu mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Könüllü ittifaqın təzahürü olan nikah məhz tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əməl gəlməsinə səbəb olan əqddir. Həmin nikahdan irəli gələn ər-arvadın əmlak və şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin müəyyənləşdirilməsi nikah tərəflərinin mülki hüquq subyekti kimi iradə sərbəstliyi və müqavilə azadlığı prinsipinə əsaslanır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı əqddə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq qarşılıqlı hüquq və vəzifələr müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əməl gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Nikah məhz kişi ilə qadının ər-arvad statusu əldə etməsinə əsas verən (bundan irəli gələn əmlak və şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin yaranmasına), ailə hüquq və vəzifələrinin yaranmasına səbəb olan, kişi ilə qadının könüllü iradəsi əsasında ailə qurmaq niyyətini özündə ehtiva edən ikitərəfli əqd kimi çıxış edir ki, bu əqdin (nikahın) məhkəmə qaydasında etibarsız hesab edilməsi xüsusi hal olub, ailə qanunvericiliyində nəzərdə tutulmuş şərtlər təmin edildiyi halda bu barədə irəli sürülmüş iddia tələblərin qanuni və əsaslı olması nəticəsinə gəlmək olar. Ailə qanunvericiliyində nikahın etibarsızlığı ilə bağlı iddia tələbi irəli sürmək hüququna malik olan şəxslərə aşağıdakılar aid edilmişdir: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). İddia ərizəsinin hüquqi əsaslandırma hissəsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.6-cı maddəsinin dispozisiya şərtlərinə istinad edilməklə nikahın etibarsız hesab edilməsi xahiş edilmiş, lakin iddia ərizəsinin məzmununda nikahda olan şəxslərin həmin nikahın bağlanmasına yönələn hər hansı iradə ifadələrinin olmaması qeyd edilmiş, yəni mahiyyət etibarı ilə ailə qurmaq niyyətinin mövcudluğu mübahisələndirilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsi – nikahın saxtalığı). Hazırkı iş üzrə isə iddiaçının mərhum atası və cavabdeh arasında Sabirabad rayon qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 72 nömrə ilə qeyd edilmiş nikahın Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş tələblər pozulmaqla bağlanmasına dəlalət edən hallar aşkar edilmədiyi, həmçinin iddiaçı və onun nümayəndəsi (vəkili) tərəfindən bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddiaçının hazırkı tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməklə şərtlənən subyektiv hüququ mövcud deyil. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarlarına istinadən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun tərkib elementi kimi “öz hərəkətlərinə hüquqi ixtiyar” imkanı yaranmamış və buna əsasən müvafiq hüququn ikinci “başqa şəxslərdən tələb etmək hüququ” və üçüncü “müdafiə hüququ” elementlərinin yaranması imkanı istisna edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1-ci maddəsində nikahın etibarsız hesab edilməsindən ibarət iddia tələbini irəli sürmək hüququna malik olan şəxslərin dairəsi müəyyən edilmişdir ki, həmin dairənin bu və ya digər formada genişləndirilməsi, qanunla nəzərdə tutulmamış halların həmin siyahıya daxil edilməsi imperativ qaydada qadağan edilmişdir. Bu mövqe “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 11.2-ci bəndində bir daha təsdiq edilmişdir. Belə ki, həmin bəndə əsasən, nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Qanunvericiliklə nikahın etibarsızlığını tələb etmək hüququna malik olan şəxslərin müəyyən təsnifata tabe tutulması başqa şəxslərin ailə həyatına əsassız müdaxiləsinin qarşısının alınması və ailə sirrinin qorunması kimi vacib məqsədlərə xidmət edir. Bu müddəa Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin (hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququna malik olması) və “İnsan hüquqlarının Ümumi Bəyənnaməsi”nin 16-cı maddəsinin (yetkinlik yaşına çatmış kişilər və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququnun olması) tələblərinə tam uyğundur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının atası və cavabdeh arasında uzun müddət faktiki nikah münasibətlərinin mövcud olması və bir müddətdən sonra nikahlarını rəsmiləşdirmələri ailə qurmaq məqsədi olmadan (saxta) nikahın bağlanması kimi qiymətləndirilə bilməz. Məhkəmə baxış iclasında şahid qismində dindirilən şəxslər də həmin şəxslərin uzun müddət faktiki nikah münasibətlərində olmalarını məhkəməyə verdikləri izahatlarında qeyd etmişlər. Məhkəmə, qeyd olunanlardan əlavə iddiaçının nümayəndəsinin (vəkilinin) Əhmədov Bahadur Nəbi oğlu və X8 arasında mövcud nikahın Sabirabad rayon qeydiyyat şöbəsində bu barədə ərizə verildiyi gün bağlanılmasının mümkünsüzlüyü ilə bağlı izahatına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.9-cu bəndinə əsasən, üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallara aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s.) təsdiq edilməlidir. Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Həmçinin, nəzərə alınmalıdır ki, kişi ilə qadının könüllü iradəsi əsasında formalaşan nikahın tərəflərin qeydə alındıqları ünvanından kənar bağlanmasını qadağan edən hər hansı imperativ norma qanunvericiliklə təsbit edilməmişdir. İddiaçının nümayəndəsi (vəkili) nikah bağlanan zaman Əhmədov Bahadur Nəbi oğlunun sağlamlıq vəziyyətinin yaxşı olmamasını, müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini məhkəməyə verdiyi izahatında bildirsə də, onun nikaha girməsinə maneə olacaq hər hansı xəstəliyə sahib olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə sorğusu ilə əldə olunmuş nikaha daxil olmaq haqqında ərizə və ona əlavə edilmiş sənədlərlə isə müəyyən olunur ki, Əhmədov Bahadur Nəbi oğlu və X8 nikahları bağlanmazdan əvvəl tibbi müayinədən keçirilmiş və onlarda nikahın bağlanmasına maneə ola biləcək hər hansı xəstəlik aşkar edilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımı şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır... Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. İddia tələbinin ikinci hissəsinə (vərəsəlik hüququndan məhrum etmə) münasibətdə məhkəmə qeyd edir ki, Əhmədov Bahadur Nəbi oğlu ilə X8 arasında bağlanmış nikah məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən vərəsəlik hüququndan məhrum etmə tələbi də rədd edilməlidir. Belə ki, bağlanmış nikah etibarlı olmaqla cavabdehə mərhum Əhmədov Bahadur Nəbi oğlunun vərəsəsi olmaq hüququnu vermişdir. Vərəsəlikdən məhrum etməyə səbəb olan hallar isə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı qaldırılmış iddia tələbinin əsasını təşkil edən hüquqi halları sübut edə bilməmiş, həmin halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işdə mövcud olan sübutları bir-birləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında iddia tələbinin rədd edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddiaçının adından iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiаçı İddiaçı cavabdeh X2rşı (Bakı şəhəri 34 saylı Notariat Ofisi və Sabirabad rayon qeydiyyat şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) nikahın etibarsız hesab edilməsi və vərəsəlik hüququndan məhrum etməyə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1169/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1169/2025
13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver