Məhkəmə qərarları › İş №2(010)-118/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-118/2023

19.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-118/2023 19.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. “X1 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X1 Kompani S.A” şirkəti fəaliyyət göstərir.

2. “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə 2 nömrəli əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 39 T 415530.00 m B 4477072.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir.

3. “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları Həsənov T., Cəfərov E. və Zeynalzadə T. tərəfindən tərtib edilmiş 03 noyabr 2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin nəzarətçiləri tərəfındən X1 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 39 T 415530.00 m B 4477072.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən Cavabdeh tərəfindən qeyriqanuni olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Cavabdeh xəbərdarlığa məhəl qoymadan tikinti işlərini başa çatdıracağını bildirmişdir.

4. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş cavab məktubundan görünür ki, müraciətdə qeyd olunan tək koordinatlı sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Suraxanı Oyl).

İşin faktiki halları

5. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 39 T 415530.00 m B 4477072.00 m C koordinatlar üzrə yerləşən tikilinin aid olduğu torpaq sahəsi “X1 Kompani S.A” Şirkətinin balansındadır.

İddia tələbi

6. İddiaçı “X1 Kompani S.A.” Şirkəti Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 39 T 415530.00 m B 4477072.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

9. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının videogörüntüsündən görünür ki, Cavabdeh iddia iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun xalasına məxsus olmuş və xalası öz həyətyanı sahəsini pay kimi ona vermişdir. Nə onların, nə də ki, ətrafdakı digər evlərin sənədləri yoxdur.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə

1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi

13. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

14. Belə ki, hazırda iddiaçı tərəf cavabdehin torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsaslandırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh tərəfindən həmin ərazidə qanunsuz tikinti işləri aparılmışdır.

15. Mübahisənin mahiyyəti cavabdehə məxsus tikilinin sökülməsindən ibarətdir.

16. Göründüyü kimi mübahisəli evin yerləşdiyi torpaq sahəsi “X1 Kompani S.A” Şirkətinin balansındadır və cavabdeh həmin torpaq sahəsində tikili tikmişdir. Qeyd olunan fakt xx.xx.2022-ci il tarixli məhkəmə prosesində cavabdeh tərəfindən etiraf edilmişdir. Belə ki, cavabdeh həmin torpaq sahəsinin ona xalası tərəfindən pay kimi verilməsini və evin heç bir sənədi olmadığını etiraf etmişdir.

Məhkəmə xərcləri.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddia təmin edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapığından, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 39 T 415530.00 m B 4477072.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən tikili özbaşına tikinti hesab edilərək, Cavabdehnın hesabına sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılmalıdır.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 39 T 415530.00 m B 4477072.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən tikili özbaşına tikinti hesab edilsin və Cavabdehnın hesabına sökülsün. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin AZ02AİİB******************** №-li hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar