Məhkəmə qərarları › İş №2(010)-1194/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1194/2022

13.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1194/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə və köçürülmə tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və üç övladının - 05.01.2011-ci il təvəllüdlü X2, 22.01.2014-cü il təvəllüdlü X3 və 26.12.2015-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən 59 saylı mənzilə dair istifadə hüquqularının tanınmaqla həmin mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18.05.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş və nikahdan 3 uşaqları dünyaya gəlmişdir. Həmin nikahları Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Nikaha daxil olduqdan bir müddət sonra cavabeh bundan öncəki mülkiyyətində olmuş mənzili sataraq ünvan 1 ünvanında yerləşən 59 saylı mənzili almışdır. Cavabdeh sözü gedən mənzili aldıqdan sonra onlar mübahisə predmeti olan əmlaka köçmüş, əşyalarını da həmin ünvanda yerləşdirmişdir. O və övladları hal-hazırda həmin ünvanda qeydiyyatdadırlar. O, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilə gəlin gəlmiş həmin mənzildə, 2017-ci ilədək hazırki mübahisə predmeti olan, ünvan 1 ünvanında yerləşən 59 saylı mənzildə köçənədək yaşamışdır. Mübahisə premeti olan mənzildə birgə nikah dövründə yaşadıqları müddətdə cavabdehlə birgə təsərrüfat aparmış və sözü gedən mübahisəli mənzildən cavabdeh onu və 3 azyaşlı övladını dəfələrlə qovmağa çalışmış, mübahisəli əmlak üzərində istifadə hüquqlarının məhdudlaşdırılmasına yönələn hüquqazidd addımlar atmışdır. Halbuki, həmin əmlak birgə nikah dövründə təmir edilmiş, mənzilin tikilməsi üçün təmir xərclərinin bir hissəsi də birgə təsərrüfatları hesabına ödənilmişdir. Övladları hal-hazırda azyaşlıdırlar. Onlar indi daha çox isti bir ailəyə, ocağa ehtiyacları vardır. Onların ataları tərəfindən bu cür təzyiqlərə məruz qalması, hüquqlarının kobud surətdə pozulması psixologiyalarına və şüurlarına çox mənfi təsir göstərir. Bundan başqa, övladları həmin ərazidə məktəbə gedir və sosial mühitdə formalaşmışlar. Qeyd olunanlara müvafiq olaraq mübahisənin ailə mübahisəsi sektoruna aid olduğu üçün məhkəmədən kənar həll edilməsi məqsədilə tərəfimdən Mediasiya Şurasına müraciət olunmuşdur. Cavabdehə mübahisənin mediasiya qaydasında həll edilməsini təklif etsə də, cavabdeh tərəfindən təklifi cavablandırılmamışdır. Həmçinin, ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı onun hazırda mübahisəli mənzildə yaşadığını, qeyd olunan mübahisəli mənzilin təmir xərclərinin nikah dövründə birgə təsərrüfat hesabına aparıldığını və hazırda cavabdehin onu və üç övladını həmin mənzildən çıxarmaq üçün onlara təzyiq göstərdiyini bildirdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək qeyd olunan mübahisəli mənzildə birgə nikahdan doğulmuş övladlarının qalmasına razı olduğunu bildirsə də, iddiaçının həmin mənzilə dair istifadə hüququnun müəyyən edilməsinə razı olmadığını bildirdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Musaqim oğlu iddia tələbinin əsassız olduğunu qeyd edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3156/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin bölünərək 2/3 hissədə payın onun və uşaqlarının adına rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9746/2021 saylı, 12.10.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, 04.01.2018-ci il tarixli AZ DƏDRXnin çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 59 saylı mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 59 saylı mənzil Cavabdeh məxsusdur. Tərəflərin izahatından və iş materiallarından görünür ki, tərəflər 2005-ci ildə nikaha daxil olmuş, 2018-ci il tarixdən etibarən tərəflər övladları ilə birlikdə həmin mənzildə yaşayırlar və onlar arasında olan nikah 2021-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı öz 3 azyaşlı övladı ilə birlikdə həmin mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsini cavabdeh isə iddiaçı ilə aralarında olan nikah pozulduğundan onun həmin mənzilə dair istifadə hüququnun tanınmamasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2005-ci il tarixdə meydana gəldiyindən qeyd olunan mübahisəli məsələyə AR MM-nin 228-ci maddəsinin müddəalari tətbiq edilməldir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228-ci maddəsinin tələbindən görünür ki, yaşayış sahəsinin mülkiyyətçinin ailə üzvü həmin yaşayış sahəsinə istifadə hüququna malikdir. Belə olan halda məhkəmə Mülki Məcəllənin qeyd olunan normasının müddəalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı Vəlı̇ yeva Şəbnəm Əlövsət qızının övladları - 05.01.2011-ci il təvəllüdlü X2, 22.01.2014-cü il təvəllüdlü X3 və 26.12.2015-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 3 ünvanında yerləşən 59 saylı mənzilə dair istifadə hüququ müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının öz üç azyaşlı övladı ilə birlikdə qeyd olunan mübahisəli mənzilə köçürülməsi hissəsinə münasibətdə qeyd edir ki, hal-hazırda iddiaçı öz övladları ilə birlikdə həmin mənzildə yaşadığından iddia tələbinin bu hissədə təmin olunmasına zərurət qalmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Vəlı̇ yeva Şəbnəm Əlövsət qızının övladları - 05.01.2011-ci il təvəllüdlü X2, 22.01.2014-cü il təvəllüdlü X3 və 26.12.2015-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 3 ünvanında yerləşən 59 saylı mənzilə dair istifadə hüququ müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar