Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-120/2022 22.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Bank Avrasiya” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11.184,12 (on bir min yüz səksən dörd manat 12 qəpik) manat əsas, 564,24 (beş yüz altmış dörd manat 24 qəpik) manat faiz olmaqla, cəmi 11 748.36 (on bir min yeddi yüz qırx səkkiz manat 36 qəpik) manat borcun və 60 (altmış) manat məhkəmə xərclərinin tutulması, tutmanın Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 20.02.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********2105301-093056 olan çıxarışa əsasən məxsus olan və ünvan 2, mənzil 157 (Yeni qaydalarla: AZ1129, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,40 kv.m olan mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi, əmlak satıldıqdan sonra Cavabdeh tərəfindən mənzilin əşyaları ilə birlikdə boşaladılması. İddia tələbinin dəlilləri İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 13.03.2020-ci il tarixli, BİR/BF-122- 2020 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə illik 18% hesablanmaqla, 48 ay müddətinə qaytarılmaq şərti ilə, 12 500 (on iki min beş yüz) manat məbləğində kredit vəsaiti ayrılmışdır. 13.03.2020-ci il tarixli BİR/BF-122-2020 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 367,19 (üç yüz altmış yeddi manat on doqquz qəpik) manat təşkil edir. Verilmiş kreditin təminatı olaraq Bankla cavabdeh arasında 13.03.2020-ci il tarixində G/İ/BİR/BF- 122-2020 saylı İpoteka müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 20.02.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21-05301-093056 olan çıxarışa əsasən məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, 43 C, korpus 6, mənzil 157 (Yeni qaydalarla: AZ1129, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,40 kv.m olan mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra ipotekanın dövlət qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlak dövlət reyestrində 3370 nömrəli reyestr kitabının 315527 nömrəli vərəqində qeydiyyata alınmış və buna dair yüklülük çıxarışı “Bank”a təqdim edilmişdir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafıkində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredi müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 13.03.2020-ci il tarixli, BER/BF-122-2020 saylı Kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə 06.05.2021-ci il tarixdə 28.04.2021ci il tarixli 03/44 saylı xəbərdarlıq göndərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin həm xəbərdarlıq, həm də bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. Öhdəliklər lazımı qaydada icra olunmadığından Bank tərəfindən 06.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək ipoteka predmeti olan ünvan 2, mənzil 157 (Yeni qaydalarla: AZ1129, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,40 kv.m olan mənzilə “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 34-36- cı maddələrinə uyğun olaraq tutmanın yönəldilməsinə dair bildirin qeydiyyatının aparılmasına dair ərizə təqdim edilmiş və ərizə dövlət qeydiyyatına alınmışdır. 28.04.2021-ci il tarixinə hesablanmaqla cavabdehin “Bank” qarşısında ümumilikdə 11 748.36 (on bir min yeddi yüz qırx səkkiz manat 36 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 11.184,12 (on bir min yüz səksən dörd manat on iki qəpik) manat əsas borcu, 564,24 (beş yüz altmış dörd manat iyirmi dörd qəpik) manat isə cərimə borcunu ehtiva edir. Tərəflər arasında 13.03.2020-ci il tarixli G/İ/BİR/BF-122-2020 saylı İpoteka müqaviləsi imzalanan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 10.03.2020- ci il tarixli, 010A5/456 saylı “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan 2, mənzil 157 (Yeni qaydalarla: AZ1129, ünvan 1 ünvanında yerləşən mənzilin üzərində yüklülüyün olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 07.03.2020-ci il tarixli, 3344316№-li arayışa əsasən ünvan 2, mənzil 157 (Yeni qaydalarla: AZİ 129, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda heç bir şəxsin olmaması müəyyən edilmişdir. X2 13.03.2020-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən reyesterdə 8İ-975 № ilə qeydə alınmış ərizəsində bəlli olur ki, X5 ünvan 2, mənzil 157 (Yeni qaydalarla: AZ1129, ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka ilə İddiaçı ASC-də yüklü edilməsinə etiraz etmir və buna dair öhdəlik götürür. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 13.03.2020-ci il tarixli, BİR/BF-122-2020 saylı kredit müqaviləsindən müəyyən olunur ki, "Bank Avrasiya” ASC-dan illik 18% hesablanmaqla, 48 ay müddətinə qaytarılmaq şərti ilə, 12 500 (on iki min beş yüz) manat məbləğində borcunun qaytarılmasını Cavabdeh öz üzərinə götürmüşdür. 13.03.2020-ci il tarixində G/İ/BİR/BF-122-2020 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh özünə məxsus ünvan 2, mənzil 157-i (Yeni qaydalarla: AZ1129, ünvan 1 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 116.000 manat, predmetin bazar qiyməti 125.500 manat məbləğində müəyyənləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2, mənzil 157 (Yeni qaydalarla: AZ1129, ünvan 1 Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2, mənzil 157 (Yeni qaydalarla: AZ1129, ünvan 1 "Bank Avrasiya” ASC-nin adına daşınmaz əmlak dövlət reyestrində 3370 nömrəli reyestr kitabının 315527 nömrəli vərəqində qeydiyyata alınmışdır. X2 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, X4 məxsus olan ünvan 2 ünvanında yerləşən 157 saylı (Yeni Qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 307, M8, m3) mənzilin kredit təminatı kimi "xxxx" ASCyə ipoteka qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmaqdıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz mənzili tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirir. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08.05.2021-c il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 43C saylı evin 157 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 11.184,12 (on bir min yüz səksən dörd manat 12 qəpik) manat əsas, 564,24 (beş yüz altmış dörd manat 24 qəpik) manat faiz olmaqla, cəmi 11 748.36 (on bir min yeddi yüz qırx səkkiz manat 36 qəpik) manat məbləğində borcu vardr. "xxxx" MMC-nin 321/E saylı 14.10.2021-ci il tarixli rəyi ilə ünvan 2 ünvanında yerləşən 157 saylı mənzilin (Yeni qaydalarla: AZ1129, ünvan 1 bazar dəyəri 146.000 manat bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 131,500 manat müəyyən edilir. Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalının “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi”ndən müəyyən olunur ki, 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından iddiaçı ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə müəyyən edir ki, iddiaçı "Bank Avrasiya” ASC ilə Cavabdeh arasında 13.03.2020-ci il tarixli, BİR/BF-122-2020 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə illik 18% hesablanmaqla, 48 ay müddətinə qaytarılmaq şərti ilə, 12 500 (on iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da o, müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdehdən əsas borca görə 11.184,12 (on bir min yüz səksən dörd manat 12 qəpik) manat, faiz borcuna görə 564,24 (beş yüz altmış dörd manat 24 qəpik) manat olmaqla, cəmi 11 748.36 (on bir min yeddi yüz qırx səkkiz manat 36 qəpik) manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır. Məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun evin satışından əldə olunan vəsait hesabına iddiaçının xeyrinə ödənilməsi ilə bağlı qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin yalnız qətnamə ilə təmin olunan hissəsi iddiaçının xeyrinə ödənilə bilər, qalan məbləğ isə digər xərclər çıxıldıqdan sonra ipoteka qoyana qaytarılmalıdır. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi ilə bağlı iddiaçının tələbinə dair məhkəmə qeyd edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmçinin həmin Məcəllənin 319.6-cı maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məkhəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi keçirilmiş və ipoteka predmeti olan mənzilin likvid dəyəri 131,500 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 131,500 manat məbləğində müəyyən edilməlidir. İddianın “ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra Cavabdeh tərəfindən mənzilin əşyaları ilə birlikdə boşaldılması” hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar «İpoteka haqqında» Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, burada söhbət yalnız tutma üzərinə yönəldilmiş ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmalarından gedir. Ona görə də məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində cavabdeh, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin mənzili tərk etməlidir. Belə nəticəyə gələn məhkəmə hesab edir ki, əks yanaşma gələcəkdə ipoteka predmeti olan yaşayış evi açıq hərracdan satılacağı təqdirdə cavabdehlərin həmin evdən çıxarılması ilə bağlı yeni məhkəmə mübahisələrinin əmələ gəlməsinə şərait yarada bilər. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və mənzilə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 60 (iyirmi) manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, məhkəmənin təyin etdiyi ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərci 300 (bir yüz əlli) manat cavabdeh tərəfindən ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "Bank Avrasiya” ASC-nin xeyrinə əsas borca görə 11.184,12 (on bir min yüz səksən dörd manat on iki qəpik) manat, faiz borcuna görə 564,24 (beş yüz altmış dörd manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 11748.36 (on bir min yeddi yüz qırx səkkiz manat otuz altı qəpik) manat və ödənilmiş məhkəmə xərclərinə görə 60 (altmış) manat məbləğində pul vəsaiti tutulmalı, tutma Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 20.02.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********2105301-093056 olan çıxarışa əsasən məxsus olan və ünvan 2, mənzil 157 (Yeni qaydalarla: AZ1129, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,40 kv.m olan mənzilə yönəldilməli, həmin mənzil ilkin satış qiyməti 131.500 (bir yüz otuz bir min beş yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, mənzil satıldıqdan bir ay sonra cavabdeh, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər əşyaları ilə birlikdə mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "Bank Avrasiya” ASC-nin xeyrinə əsas borca görə 11.184,12 (on bir min yüz səksən dörd manat on iki qəpik) manat, faiz borcuna görə 564,24 (beş yüz altmış dörd manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 11748.36 (on bir min yeddi yüz qırx səkkiz manat otuz altı qəpik) manat və ödənilmiş məhkəmə xərclərinə görə 60 (altmış) manat məbləğində pul vəsaiti tutulsun. Tutma Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 20.02.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********2105301-093056 olan çıxarışa əsasən məxsus olan və ünvan 2, mənzil 157 (Yeni qaydalarla: AZ1129, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,40 kv.m olan mənzilə yönəldilsin, həmin mənzil ilkin satış qiyməti 131.500 (bir yüz otuz bir min beş yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilsin. Mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Mənzil satıldıqdan bir ay sonra cavabdeh, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər əşyaları ilə birlikdə mənzildən çıxarılsın və mənzil boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-120/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-120/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver