Məhkəmə qərarları › İş №2(010)-1252/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1252/2020

18.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1252/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə-rək, Cavabdeh və onun övladı xx xxxxxx 2014-cü il təvəllüdlü X2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 1 nömrəli evin 18 nömrəli mənzilində istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki,o, ünvan 1 mənzil 18 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Cavabdeh ilə onun oğlu X6 xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların nikahından iki övladı- xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 anadan olmuşdur. Cavabdeh oğlu onun oğlu ilə nikaha daxil olduqdan sonra onun mülkiyyətində olan mənzilə gəlin köçmüş və elə həmin tarixdəndə mülkiyyətində olan mənzilə şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmışdır. Cavabdeh ilə E.Mütəllimov hər gün evdə mübahisələr etdiyindən və aralarında olan münasibət dözülməz həddə çatdığından aralarındakı nikahı ləğv etdirmək qərarına gəlmişlər. Cavabdehlə oğlu X6 arasında olan nikahın pozulması haqqında iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Bu səbəbdən təxminən üç ay olar ki, göstərilən mübahisələr zəminində cavabdeh övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə mülkiyyətində olan mənzilindən çıxaraq valideyinlərinə məxsus evə köçərək orada yaşayaraq onun mənzildə sahiblik etmək, istifadə etmək və mənzilə sərəncam vermək hüququnu məhdudlaşdırır. Bununla belə cavabdehin özü və övladı xx.xx.2014-cü il təvəllüdlü X3 mənzildə qeydiyyatda olması onun kommunal xərclərini artırır, bu da onun mülkiyyət hüquqlarını pozur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ciil tarixdə Cavabdeh poçt vasitəsi ilə məhkəməyə ərizəsi daxil olmuşdur və cavabdeh həmin ərizəsində, iddia tələbini qəbul etdiyini, müəyyən səbəblərdən məhkəmə iclasına gələ bilmədiyini, bu səbəbdən mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1995-ci il tarixliqeydiyyat vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 1 nömrəli evin 18 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cuil tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, 1 nömrəli evin 18 nömrəli mənzilində X7, Cavabdeh, X8, X4, İddiaçı X3 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh Turab qızı arasında nikah xx.xx.2013-cü il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarından görünür ki, iddiaçının oğlu X7 ilə Cavabdeh arasında olan nikah Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 1 nömrəli evin 18 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Mənzildə qeydiyyatda olan cavabdeh mənzildə faktiki olaraq yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1- dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlə iddiaçının oğlu arasında münasibətlər 2013-cü ildən yaranmışdır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və işin mübahisəsiz hallarına əsaslanaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2013-cü ildən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, x xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasmda həmin yaşayış sahəsindən istifadə qaydalarmı tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfındən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. İş materialalrından tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə istinadən məhkəmə hesab edir ki, hazırda tərəflər arasında ailə münsibətlərinə rəsmi xitam verildiyindən cavabdeh həmin əmlakdan istifadə hüququnu itirmişdir. Cavabdehin evdən istifadə hüquqlarının olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh və onun övladı xx.xx.2014-cü il təvəllüdlü X2 İddiaçı mülkiyyətində olanBakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, 1 nömrəli evin 18 nömrəli mənzilindənistifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 1 nömrəli evin 18 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar