Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1262/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən doğum tarixinin 05.09.*957-ci il yazılmaqla Ermənistan Respublikası Sisyan rayon qeydiyyat orqanı tərəfindən edilmiş *3.02.*964-cü il tarixli, 03 saylı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, ona məxsus şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsində olan doğum tarixləri üst-üstə düşmür. Belə ki, o, 05.09.*957-ci ildə doğulmuş, doğum haqqında şəhadətnaməsində də doğum tarixi kimi məhz həmin tarix qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.*957-ci il kimi göstərilmişdir. O, bu uyğunsuzluğun aradan qaldırılması üçün Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də orada məlum olmuşdur ki, Şöbəyə məxsus qeydiyyat sistemində də doğum tarixi şəxsiyyət vəsiqəsindəki kimi xx.xx.*957-ci il olaraq göstərilmişdir. Halbuki, o, 05.09.*957-ci ildə doğulmuşdur və bu barədə ona məxsus doğum haqqında şəhadətnamədə də qeyd edilmişdir. Ona izah edilmişdir ki, yalnız sistemdə onun doğum tarixi 05.09.*957-ci il kimi qeyd edilərsə, onun şəxsiyyət vəsiqəsindəki doğum tarixinin düzəldilməsi mümkündür. Əks halda bu mümkün deyil. O da hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Yəni, onun bu ərizə ilə məhkəməyə müraciət etməsində məqsədi odur ki, doğum tarixinin qeydiyyat orqanının sistemində 05.09.*957-ci il kimi qeyd edilməsinə nail olsun və bundan sonra şəxsiyyət vəsiqəsini dəyişdirsin. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Bununla belə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin 05.09.*957-ci il tarixdə Ermənistan SSR, Sisiyan rayon, Dəstəkert qəsəbəsində doğulduğunu təsdiq edən doğum haqqında şəhadətnamə mövcuddur. Bununla belə ərizəçi 05.09.*957-ci il tarixdə Ermənistan SSR, Sisiyan rayon, Dəstəkert qəsəbəsində doğulduğunu təsdiq edən doğum akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi, ərizəçi faktiki olaraq, doğum faktının, yaxud doğumun qeyd edilmə faktının təsdiq edilməsini yox, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı). Hazırkı işdən isə bu hal müəyyən edilmir. Əksinə, ərizəçinin izahatında da təsdiq etdiyi kimi onun doğum haqqında şəhadətnaməsi var və bu şəhadətnamədə doğum tarixi 05.09.*957-ci il tarixi kimi qeyd edilmişdir. Buna baxmayaraq, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etməsini onunla əsaslandırmışdır ki, qeydiyyat orqanının sistemində olan doğum tarixi ilə doğum haqqında şəhadətnaməsində olan doğum tarixi üst-üstə düşmür. Yəni, ərizəçi hazırkı ərizə ilə ona görə məhkəməyə müraciət etmişdir ki, qeydiyyat orqanının sistemində olan doğum tarixi ilə doğum haqqında şəhadətnaməsində qeyd edilmiş doğum tarixinin eyniləşdirilməsinə nail olsun. Bununla da şəxsiyyət vəsiqəsində olan doğum tarixini dəyişdirə bilsin. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bu baxımdan ərizəçi əvvəlcə, qeydiyyat orqanının sistemində doğum haqqında şəhadətnaməsində göstərilən doğum tarixinin yazılması üçün müvafiq qeydiyyat orqanına müraciət etməli, əgər orqan bundan imtina edərsə, bu imtinanı inzibati qaydada mübahisələndirməlidir. Hazırkı ərizəyə isə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 26*. İcraata xitam verilmə əsasları. 26*.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 26*.0.*. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə... Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, ərizəçiyə qeydiyyat orqanının sistemində doğum haqqında şəhadətnaməsində göstərilən doğum tarixinin yazılması üçün müvafiq qeydiyyat orqanına müraciət etməli, əgər orqan bundan imtina edərsə, bu imtinanı inzibati qaydada mübahisələndirməlidir. Şərh olunanlara əsasən və MPM-in 26*-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi”nə dair iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1262/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1262/2022
19.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver