Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1267/2024 09.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən xx.xx.1968-ci ildə doğulmağının qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə keçmiş Ermənistan SSR Eçmiədzin (Masis) rayon Hrazdan qəsəbəsində dünyaya gəlmişdir. Ermənistan SSR Hrazdan qəsəbə sovetliyi tərəfindən İ-ZJ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamə xx.xx.1968-ci il tarixdə verilmiş və aktların qeydiyyat kitabında xx.xx.1968-ci il tarixdə 156 nömrə ilə qeydiyyat aparılmışdır. O, atası X5 və anası X3 milliyətcə azərbaycanlıdırlar. Onlar ilk dəfə Azərbaycana 1988-ci il tarixdə gəlmişlər və o vaxtdan etibarən Azərbaycanda yaşayırlar. Onun qardaşı X4 və bacısı da Azərbaycanda yaşayırlar. Bu günədək doğum haqqında şəhadətnaməsi olmadığına görə ona şəxsiyyət vəsiqəsi verilməsindən imtina edilmişdir. Odur ki, ilk növbədə məhkəmə qaydasında doğum faktının tanınması və şəhadətnamənin alınması zərurəti yaranmışdır. Məhz bu səbəbdən hazırkı ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli Dövlət Miqrasiya Xidmətinin ******* qərarına əsasən, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Daha sonra o, doğum haqqında şəhadətnamənin bərpa edilməsi ilə bağlı 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-01/23 saylı məktubu ilə müraciətin təmin edilməməsi və məhkəməyə müraciət etməli olmağı bildirilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1968-ci il tarixdə Ermənistanda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməni alsa da, sonradan onu itirmişdir. Hazırda evlidir, lakin sənədləri olmadığı üçün nikahı rəsmi qaydada qeydə alınmamışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirdir ki, ərizəçi onun həm qaynı, həm də əmisi oğludur. Onun doğum haqqında şəhadətnaməsi olsa da, sonradan onu itirmişdir. Belə ki, ərizəçi 1968-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş və Azərbaycana qayıtdıqdan sonra burada bütün sənədlərini itirmişdir. Ərizəçi ailə həyatı qursa da, onun nikahı rəsmi olaraq qeydə alınmamışdır. Doğum haqqında şəhadətnaməsi olmadığına görə eyni zamanda şəxsiyyət vəsiqəsi də ala bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirdi ki, ərizəçi onun qardaşıdır. Onun qardaşı xx.xx.1968-ci il tarixdə Ermənistanda doğulmuşdur. Onlar 1988ci ildə Bakıya gəlmişlər, lakin həmin tarixdə qardaşı əsgərliyə çağırılmış və N il hərbi hissədə işləmişdir. Bundan sonra ərizəçi Bakı şəhərinə qayıtmış və burada sənədlərini itirmişdir. Sənədləri axtarışa versələr də tapmaq mümkün olmamışdır. Onlar bununla bağlı “Asan xidmət” mərkəzlərinə müraciət etsələr də, onlara doğum haqqında şəhadətnamənin yenidən alınmalı olması bildirilmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Ermənistan SSR Hrazdan qəsəbə sovetliyi tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş İ-ZJ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi (atası X5, anası X3) xx.xx.1968-ci il tarixdə Ermənistan SSR, Eçmiədzin rayonu, Hrazdan qəsəbəsində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarixdə 156 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Baş Polis İdarəsinin Tapıntılar Bürosu tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 3372 nömrəli arayışlardan müəyyən olunur ki, Ərizəçi adına “pasport” və “hərbi bilet” Bakı şəhəri Baş Polis İdarəsinin Tapıntılar Bürosuna daxil olmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* nömrəli Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərardan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikası Qaçqınlar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 032 nömrəli arayışdan müəyyən olunur ki, Ermənistan Respublikasının Masis rayonundan gəlmiş və hazırda ünvan 1 ünvanında yaşayan Ərizəçi həqiqətən qaçqındır, məcburi köçkündür, evi və əmlakı məhv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 3-16-5/8-15- 01/23 nömrəli məktubdan müəyyən olunur ki, onun doğum haqqında şəhadətnamənin bərpa edilməsi ilə bağlı müraciətinə baxılmış, müraciət zamanı şəxsiyyət vəsiqəsi təqdim edilmədiyi üçün müraciətinin təmin olunmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməsini doğum haqqında şəhadətnaməsinin itməsi və həmin sənədi başqa qaydada əldə edə bilməməsi və bərpasının da mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası, Eçmiədzin (Masis) rayonu, Hrazdan qəsəbəsində doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, ərizəçinin atası X5, atasının milliyyəti azərbaycanlı, anası X3, anasının milliyyəti azərbaycanlı olmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına dair kifayət qədər sübut vardır. Belə ki, qeyd edilən bu xüsusatlar məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ərizəyə əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunmuş məlumatlarla ərizəçinin tələbində qeyd edilən müvafiq məlumatların uyğunluq təşkil etdiyini nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçiyə doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sonralar ərizəçi həmin şəhadətnaməni itirmiş, başqa qaydada sənədi əldə edə bilməmiş və sənədin başqa qaydada bərpası mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası, Eçmiədzin (Masis) rayonu, Hrazdan qəsəbəsində doğumunu qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırki ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsndən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərtilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəm müdafiəsinin səmərəsizliyi digər konstitusion hüquqların effektivliyinə də mənfi təsir göstərə bilər. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd 1.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçinin doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan respublikası, Eçmiədzin (Masis) rayonu, Hrazdan qəsəbəsində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Məmmədov”, adı “Bəxtiyar”, ata adı “Məmməd”, doğum tarixi “xx.xx.1968-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Eçmiədzin rayonu, Hrazdan qəsəbəsi”, ata qrafasında “X5, milliyyəti azərbaycanlı”, ana qrafasında “X3, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası, Eçmiədzin (Masis) rayonu, Hrazdan qəsəbəsində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Məmmədov”, adı “Bəxtiyar”, ata adı “Məmməd”, doğum tarixi “xx.xx.1968-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Eçmiədzin rayonu, Hrazdan qəsəbəsi”, ata qrafasında “X5, milliyyəti azərbaycanlı”, ana qrafasında “X3, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva