Məhkəmə qərarları › İş №2(010)-1274/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1274/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1274/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiaları üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ünvan 5 fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1972-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında ailə qurmuşdur. Ailə qurduqdan sonra Bakı şəhərinə gəlmiş və mərhum həyat yoldaşı ilə nikahda olduqları müddətdə Bakı şəhərinə gəlmiş və mərhum həyat yoldaşı ilə nikahda olduğu müddətdə ünvan 1 ünvanında fərdi yaşayış evi tikmişdir. Həyat yoldaşı rəhmətə getdikdən sonra qızı ilə bərabər həmin mənzildə yaşamışdırlar. İddiaçı həmin mənzildə qeydiyyatdadır. Qızı ilə aralarında yaranan söz söhbətin nəticəsi olaraq cavabdeh onun mənzildən istifadə imkanlarını məhdudlaşdırmışdır. Mənzilə köçürülmə ilə bağlı Bakı 11 saylı Mediyasiya Təşkilatına müraciət olunmuş və qarşılıqlı razılıq əldə olunmamış və cavabdeh iştiak etməkdən imtina etmişdir. Bundan başqa mənzildə quraşdırılan sayğaclar iddiaçının adınadır. O, sığınacaq olaraq hər gün bir qohumunun mənzilində qalmaq məcburiyyətində qalmışdır. Mənzilə yaxınlaşa bilmir və belə ki, şərlənəcəyindən qorxur. Ən əsası mənzilin açarı iddiaçıda olmadığı üçün mənzilə girə bilmir. Ona məxsus olan əşyalar, geyim ləvazimatları da həmin mənzildədir. Buna baxmayaraq ev eşyası ola-ola, hazırda səfil vəziyyətində bir gün küçədə və bir gün qohumlarının evində qalmasına dözə bilmir və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mənzilin su, qaz, işıq sayğacı da onun adınadır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, kifayət qədər əsas olduğunu düşünürlər. Evə yerli baxış da keçirilmişdir. Xanım həmin evdə qeydiyyatdadır, kommunallar xanımın adınadır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Mediasiya Şurası Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X1 iştirak edilməməsi barədə” MŞB/11/2023-00981 nömrəli arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş X1 İddiaçı iştirak etmiş, Cavabdeh isə X1 iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh və İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadırlar. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 248411 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 587 nömrə ilə qeyd edilmişdir. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh (atası X2, anası İddiaçı) xx xxxxxx 1995-ci ildə Naxçıvan şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 326 nömrə ilə qeyd edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan məlumatlara əsasən, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 4a yerləşən fərdi yaşayış evinə 26 aprel 2024-cü il tarixdə yerli baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, həmin ünvanda tərəflərin razılığı ilə qohumu olan şəxs yaşayır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz... Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir... Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar.... 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır... Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;... Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. ....8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarından çıxarış: “…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir...” Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və həmin fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir. Lakin, Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, iddiaçı həmin ünvanda qeydiyyatdadır. Bu da belə nəticəyə gəlməyə imkan verir ki, iddiaçı həmin fərdi yaşayış evindən istifadə edirdi. Eyni zamanda, məhkəmə vurğulayır ki, Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qızıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və öz etirazlarını bildirməmişdir. İddiaçı və cavabdeh mübahisəli mənzildə müəyyən müddət yaşasalar da, sonradan onlar arasında mübahisə yarandığından, iddiaçı həmin mənzildən istifadə edə bilmir. Həmçinin məhkəmə tərəfindən ünvan 4a yerləşən fərdi yaşayış evinə 26 aprel 2024-cü il tarixdə keçirilmiş yerli baxışa əsasən müəyyən edilmişdir ki, cavabdeh fərdi yaşayış evindən istifadə etmir və həmin ünvanda tərəflərin qohumu yaşayır. Məhkəmə qeyd edir ki, mübahisəli ev özbaşına tikili olsa da, həmin əmlakdan istifadə ilə bağlı hüquqlar məhdudlaşdırıla bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə xərcləri İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə - 100 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar