Məhkəmə qərarları › İş №2(010)-1288/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1288/2022

14.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1288/2022 14.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) qarşı “əmək kitabçasında dəyişiklik edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “əmək kitabçasında dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmədən onun əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə qeydin dəyişdirilərək, əmək kitabçasında öz ərizəsi ilə işdən çıxarılması barədə qeydin yazılması öhdəliyin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 09.04.2016-cı ildə fiziki şəxs Cavabdeh sahiblik etdiyi “Sərham” supermarketdə işə başlamış, həmin supermarketdə işlədiyi dövrdə heç bir qanun pozuntusu törətməmiş, barəsində heç bir intizam tədbiri görülməmişdir. 2017-ci ilin yay ayında həmin supermarketin sahibləri arasında mübahisə düşmüş, marketin sahibləri öz bizneslərini ayırmış, həmin market “Möcüzə” və “Sərham” marketə bölünmüşdür. O, həmin dövrdə “Möcüzə” marketdə qalmaq istəmiş, artıq “Sərham” marketin sahibi olan fiziki şəxs Cavabdeh ilə işləmək istəməmiş, bu səbəbdən ərizə yazaraq işdən azad edilməsini tələb etmişdir. Onlar onu işdən azad etməyəcəklərini bildirmiş, lakin o, israr etdikdən sonra onu işdən azad etmişlər. Bir müddət sonra onlar ona onun əmək kitabçasını vermiş, həmin kitabçada onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi göstərilmişdir. Onlar ona əmək kitabçasını verən zaman əmək kitabçada onun işdən azad edilməsi barədə qeydin yazılıb sonra pozulması onun diqqətini cəlb etsə də bunun texniki səhv olmasını fikirləşmişdir. O, ilk əvvəllər Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin nə olmasını bilməmiş, onun özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə, yaxud əmək vəzifələrini kobud şəkildə pozmaqla işdən çıxarılmağını ağlına belə gətirməmişdir. Çünki ona işi ilə əlaqədar rəhbərlik tərəfindən heç vaxt irad bildirilməmişdir. Əfsuslar olsun ki, Cavabdeh öz ambisiyalarını həyata keçirmək üçün bu çirkin əmələ əl atmış, onun keçmiş ortağı ilə işləmək istədiyini görüb ondan acıq çıxmaq üçün onu kobud pozuntu törətmək adı ilə işdən azad edib, onun əmək kitabçasını ləkələmişdir. Bunu isə o, uzun müddət sonra bilmiş, bunu bilməyinə səbəb təsadüfən sistemdən elektron əmək müqaviləsi bildirişinin çıxarılması olmuşdur. Belə ki, o, elektron əmək müqaviləsindən çıxarış əldə etdikdə orada onun əmək müqaviləsinə “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” səbəbi ilə xitam verilməsini bilmişdir. Beləliklə də o, uzun müddətdən sonra bilmişdir ki, “Sərham” marketin rəhbərliyi onu qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmiş, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmri də ona təqdim etməmişlər. O, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş, həmin idarədə onun müraciəti araşdırılmış, lakin cavabdeh tərəfindən Əmək Müfəttişliyinə də heç bir cavab verilməmiş, ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ona ünvanlanmış 01.12.2021-ci il tarixli məktubda məhkəməyə müraciət etmək hüququnu ona bildirmişdir. Göründüyü kimi cavabdeh əmək qanunvericiliyini pozaraq onu işdən çıxaran zaman qanunvericiliyin tələbini pozmuş, onu öz arzusuna görə deyil, guya qanun pozuntusu törətdiyinə görə işdən azad etdiyini qeyd etmiş, hətta ona işdən çıxarılmağı barədə məlumat verməmiş, bu barədə ona müvafiq əmri verməmişdir. Məhz bu səbəbdən o, qeyd edilən əmrin surətini məhkəməyə təqdim edə bilməmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, 2016-cı ildə “Sərham” marketdə satıcı işləməyə başlamış, lakin cəmi iki ay həmin marketdə işləmişdir. Təxminən 2017-ci ilin yay aylarında marketin sahibkarları arasında mübahisə olmuş və market iki hissəyə - “Sərham” market və “Möcüzə” marketə bölünmüşdür. Bundan sonra o, “Möcüzə” marketdə işləməyə başlamışdır. Əmək kitabçasını isə iki gün sonra “Sərham” marketin kadrlar şöbəsinin müdirindən təhvil almışdır. Lakin bu zaman o, kitabçada edilən qeydə baxmamış, kitabçanı birbaşa “Möcüzə” marketin kadrlar şöbəsinə təhvil vermişdir. Təxminən bundan altı ay əvvəl “Bravo” marketdə kassir işinə düzəlmək üçün sənədlərini verən vaxt orada sistemə baxılmış və müəyyən edilmişdir ki, o, “Sərham” marketdən işdən çıxan zaman əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi qeyd edilmişdir. Halbuki, o, öz ərizəsi əsasında işdən çıxmışdır. Hazırda əmək kitabçasında yol verilmiş bu səhvin aradan qaldırılmasını cavabdehdən tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirdi ki, İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddianı qəbul edir və iddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İddiaçı məxsus əmək kitabçasından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 09.04.2016-cı il tarixli, 380 nömrəli əmrlə fərdi sahibkar Cavabdeh məxsus ticarət müəssisəsinə müştəri xidməti vəzifəsinə təyin edilmiş, 16.07.2016-cı il tarixli, 436A nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 01.12.2021-ci il tarixli, **********8 nömrəli məktubda qeyd edilmişdir ki: “Sizin fərdi sahibkar Cavabdeh tərəfindən əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətlərinizə X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizin tam və ətraflı araşdırılması üçün tərəfimizdən fərdi sahibkar Cavabdeh **********0 nömrəli, 04.11.2021-ci il tarixli məktub rəsmi qaydada təhvil verilmiş, lakin sahibkar tərəfindən bu günə qədər heç bir cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildiririk ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətinizə yenidən baxılaraq Sizə cavab veriləcəkdir. Qeyd olunanlarla razılaşmadığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır”. İşin faktiki halları. İddiaçı 09.04.2016-cı il tarixli əmrlə fərdi sahibkar Cavabdeh məxsus ticarət müəssisəsində müştəri xidmətlərinə qəbul edilmiş, bu barədə əmək kitabçasında müvafiq qeyd edilmişdir. Bundan bir neçə ay sonra, 16.07.2016-cı il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı həmin işdən azad edilməsi barədə əmək kitabçasında qeyd edilmişdir. Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı əmək kitabçasında onunla fərdi sahibkar Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə onun öz ərizəsi əsasında xitam verildiyini, buna baxmayaraq, əmək kitabçasında yanlış qeyd edildiyini bildirərək, həmin qeydin cavabdeh tərəfindən dəyişdirilməsi və əmək kitabçasına həmin işdən öz ərizəsi əsasında çıxması barədə müvafiq qeydin edilməsini tələb etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etmiş, cavabdeh məhkəməyə iddianın etirafı barədə ərizə verərək iddianı qəbul etdiyini, iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən məhkəməyə iddianın etiraf edilməsi barədə yazılı ərizə təqdim edilmiş, cavabdeh iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi təsdiq edilməlidir. Belə ki, bu etiraf qanuna zidd deyil, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Bundan başqa, cavabdehə iddianı etiraf etməsininin məhkəmə tərəfindən təsdiq ediləcəyi halda bunun iddianın təmin edilməsi ilə nəticələnəcəyi izah edilmiş, cavabdehin buna heç bir etirazı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Bu isə iddianın etiraf olunan hissədə, yəni tam təmin edilməsi üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus əmək kitabçasında 16.07.2016-cı il tarixdə edilmiş “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən, 436A nömrəli əmrlə işdən azad edilməsi” barədə qeyd Cavabdeh tərəfindən dəyişdirilərək, İddiaçı öz təşəbbüsü ilə işdən azad edilməsi qeyd edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus əmək kitabçasında 16.07.2016-cı il tarixdə edilmiş “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən, 436A nömrəli əmrlə işdən azad edilməsi” barədə qeyd Cavabdeh tərəfindən dəyişdirilərək İddiaçı öz təşəbbüsü ilə işdən azad edildiyi qeyd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar