Məhkəmə qərarları › İş №2(010)-129/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-129/2021

24.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-129/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi X3 və Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən paylı mülkiyyət hüququ ilə ona və Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən evin bazar qiymətinə uyğun olaraq dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi və ya bu mümkün olmadıqda isə fərdi yaşayış evinin açıq hərracda satılaraq, əldə edilmiş pul məbləğinin cavabdeh və onun arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə ərizə verib iddia tələbini dəqiqləşdirərək məhkəmədən paylı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 39 ünvanında yerləşən evin naturada bölünməsi və əgər naturada bölünmə mümkün olmadıqda ona çatacaq payın açıq hərracdan satılaraq əldə edilmiş gəlirin cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia ərizəsini və sonradan məhkəməyə təqdim etdiyi iddianın dəqiqləşdirilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ev xüsusi və paylı mülkiyyət hüququ ilə 1/2 payda ona, 1/2 payda Cavabdeh məxsusdur. Lakin bu gün cavabdeh mülkiyyətlərində olan evə dair hüquqlarının həyata keçirilməsinə qərəzli maneə yaradır. Belə ki, hal-hazırda o, həmin evdə cavabdehlə birlikdə yaşaya bilmir. Ona görə ki, həmin evdə cavabdehdən başqa onun ailə üzvləri də yaşayır. Ona görə də o, nə həmin evdə cavabdehlə və ailə üzvləri ilə birlikdə yaşaya bilir, nə də ki, özünə düşən payın əsl dəyərinə uyğun pul məbləğini cavabdehdən ala bilir. Bu isə onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Belə ki, mübahisəli ev mərhum atasına məxsus olmuş, qanuni əsaslarla evə payı tanınmışdır. Onun cavabdehlə və onun ailəsi ilə yaşaması mümkün deyil. Başqa yaşayış üçün yeri yoxdur. O, dəfələrlə cavabdehə ya onun cavabdehə pul ödəməsi, ya da cavabdehin ona pul ödəməsi yolu ilə mübahisəni həll etməyi təklif etsə də cavabdeh onu qane edən məbləği deyil, ona düşən paya bugünkü bazar qiymətindən olduqca az məbləğ təklif edir. O, bu məbləğlə razılaşmamış və cavabdehə bundan da artıq məbləğ təklif etmişdir. Lakin cavabdeh bu şərtlə razılaşmamışdır. Bu isə onun (iddiaçının) vəziyyətini daha da çətinləşdirir. Məsələnin belə açıq qalması onun yox, tamamilə cavabdehin mənafeyinə xidmət edir. Buna görə də o, cavabdehlə paylı mülkiyyətində olan evin satılmasını və bundan əldə edilən pula özü üçün başqa yerdə ev və ya mənzil almaq istəyir. Hal-hazırda o, həmin fərdi yaşayış evinin məhkəmə tərəfindən indiki bazar qiyməti ilə qiymətləndirilməsini, ona çatacaq pul məbləğinin cavabdeh tərəfindən ona ödənilməsini, o da mümkün olmadığı halda açıq hərracda satılmasını və ona düşən paydan özünə şəxsi mənzil almağa nail olmaq istəyir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, hazırda cavabdehlə paylı mülkiyyətində olan ev onun atasına məxsus olmuşdur. Cavabdeh digər ailə üzvləri ilə birlikdə bu evdə yaşadığından o, bu evə köçmək fikrində deyil. Onsuz da özünün başqa yaşayış yeri var. O, sadəcə olaraq, evin real bazar dəyərinin müəyyən edilməsini və həmin dəyərin payına uyğun hissəsinin ona ödənilməsini istəyir. Cavabdeh hələ məhkəmədən əvvəl ona kompensasiya təklif etsə də bu məbləğ çox aşağı olduğundan o, bununla razılaşmamışdır. Eləcə də o, cavabdehə kompensasiya təklif etmiş, lakin cavabdeh payının ayrılmasına razı olmamışdır. Belə ki, o, cavabdehə payı müqabilində 45 min manat təklif etmişdir. Həmin ev üç otaqlı, mansardlı, 5 sot torpağı olan böyük evdir. Bu evin 1/2 hissəsində olan payına görə ona azı 60-70 min manat kompensasiya ödənilməlidir. Odur ki, məhkəmədən evin real bazar qiymətinin müəyyənləşdirilməsini və payına uyğun kompensasiya ödənilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə iclasın iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul edərək bildirdi ki, hazırda iddiaçı və cavabdehin paylı mülkiyyətində olan ev dayısına – iddiaçının atasına məxsus olmuşdur. Ölən günədək dayısına bacısı – cavabdeh baxmış, onun bütün qayğılarını o çəkmiş, iddiaçı atası ilə maraqlanmamış, qayğısına qalmamışdır. Bu səbəbdən atası evini öz qızı olan iddiaçıya yox, ona baxan, daim qayğısına qalan cavabdehə vəsiyyət etmişdir. İddiaçı sonradan notariusa müraciət edərək əmlakdan məcburi pay tələb etmiş, ev üzərində payı da bundan sonra müəyyən edilmişdir. İddiaçının özünün mülkiyyətində ayrı evi var və öz evində yaşayır. Lakin hər bir halda əgər gəlib məhz pay tələb etdiyi evdə yaşamaq istəyirsə nə o, nə də bacısı iddiaçının bu evə köçməsinə etiraz etmir. Yox əgər, iddiaçı köçmək yox, payına görə kompensasiya almaq istəyirsə cavabdeh buna da etiraz etmir. Belə ki, evin real bazar qiymətinə uyğun 45000 manat məbləğində kompensasiya ödəməyə hazırdırlar. Həmçinin, əgər ev hərraca çıxarılıb satılarsa, onsuz da evi cavabdeh alacaqdır. Bu səbəbdən evin hərraca çıxarılmasına da etiraz etmir. Odur ki, payın ayrılması üsulu ilə bağlı məsələnin həllini məhkəmənənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul edərək bildirdi ki, iddiaçının atasının bu evi öz qızına yox, cavabdehə vəsiyyət etməsinə və iddiaçının sonradan məcburi pay hüququ əsasında ev üzərində pay əldə etməsinə və iddiaçının özünün mülkiyyətində ayrı evi olmasına baxmayaraq, Cavabdeh İddiaçı payçısı olduğu evə köçüb onunla birlikdə yaşamasına etiraz etmir. Eləcə də cavabdeh evin bazar qiymətinə uyğun olaraq iddiaçının payına mütənasib kompensasiya ödəməyə də razıdır. Həmçinin, cavabdehin evin açıq hərracda satılmasına da heç bir etirazı yoxdur. Odur ki, payın ayrılması üsulu ilə bağlı məsələnin həllini məhkəmənənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 13 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 202.9 m2 sahəsi olan fərdi yaşayış evi Cavabdeh (1/2 hissədə) və X4 (1/2 hissədə) paylı mülkiyyətindədir. Hər ikisinin ev üzərində mülkiyyət hüquqları 12.02.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 15.11.2019-cu il tarixdə verilmiş AZ-İ 338447 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarait qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 və X5 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15.11.2019-cu il tarixdə 430 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Mirzəyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli, 10/327 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 39 ünvanında yerləşən fərdi yaşayış evinin (yaşayış otaqlarının, sanitar qovşağının, mətbəxin, mansard mərtəbəsinin) yerləşmə vəziyyəti nəzərə alındıqda tədqiq olunan evin İddiaçı məxsus 1/2 hissə payın naturada təcrid mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01.02.2021-ci il tarixli “fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 13 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hesabatın verildiyi tarixə olan bazar dəyəri 90000 (doxsan min) manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 05.07.2021-ci il tarixli, 300/E nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 39 ünvanında yerləşən yaşayış evinin bazar dəyəri 91000 (doxsan bir min) manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 13 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Onların hər birinin ev üzərindəki payı 1/2-dir. Həmin evdə uzun müddətdir ki, Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı isə başqa yaşayış yeri var və onun bu evə köçmək fikri yoxdur. İddiaçı məhkəmədən evin bazar qiymətinin müəyyən edilməsini və bu qiymətə uyğun payına mütənasib kompensasiyanın ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə iddiaçının bu evdə yaşamasına, eləcə də evin bazar qiymətinə uyğun olaraq iddiaçının payına mütənasib kompensasiya ödəməyə, yaxud evin açıq hərracdan satılaraq payların ayrılmasına cavabdehin heç bir etiraz olmadığını bildirmişdir. Göründüyü kimi, tələb paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması ilə bağlıdır. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Hazırkı iş üzrə tərəflərin paylı mülkiyyətində olan evin naturada bölünməsinin mümkünlüyü məsələsinin həll edilməsi məqsədilə məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin edilmiş və evin İddiaçı məxsus 1/2 payının digər paydan təcrid olunmuş şəkildə bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə müvafiq ekspert rəyində tədqiqat prosesinin geniş təsvir edilməsini, yaşayış otaqları və yardımçı tikilərlə bağlı tikinti-texniki normalarının rəyə əlavə edilməsini nəzərə alaraq rəylə razılaşır və evin naturada bölünməsinin mümkün olmadığı nəticəsinə gəlir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılmasının birinci formasının (naturada ayrılma) mümkün olmadığını müəyyən etdikdən sonra məhkəmə ikinci formanın (pul kompensasiyasının ödənilməsi) mümkünlüyünü yoxlayır. Bununla bağlı, ilk növbədə, qeyd edilməlidir ki, məhkəmə iclaslarında iştirak etmiş iddiaçının evin bazar qiymətinə uyğun olaraq payına mütənasib pul kompensasiyasının cavabdeh tərəfindən ona ödənilməsinə heç bir etirazı olmamışdır. Eləcə də cavabdeh tərəf də evin bazar qiymətinə uyğun iddiaçının payına mütənasib kompensasiya ödəməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi, iddiaçı payına uyğun kompensasiya almağa, cavabdeh də bu kompensasiyanı verməyə razıdır. Bunun müəyyən edilməsi həlledicidir. Çünki, paylı mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və paylı mülkiyyətçinin razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Eləcə də digər mülkiyyətçi kompensasiya ödəmək istəmədikdə məhkəmə məcburi kompensasiya ödənilməsini müəyyən edə bilməz. Əksinə, digər mülkiyyətçinin kompensasiya vermək imkanı olmaması və ya onun kompensasiya vermək istəməməsi əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxılması üçün əsas yaradır. Beləliklə, hazırkı iş üzrə tərəflər iddiaçının paylı mülkiyyətdə olan əmlak üzərindəki payının paya mütənasib kompensasiya verilməsi yolu ilə ayrılması ilə bağlı ortaq mövqedədir. Tərəflər arasındakı yeganə mübahisə kompensasiyanın məbləği ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçıya 45000 manat kompensasiya ödəməyə razı olduğunu bildirsə də iddiaçı evin bazar qiymətinin daha yüksək – 120-140000 manat məbləğində olduğunu, payına görə 60-70000 manat məbləğində kompensasiya tələb etdiyini bildirmişdir. Məhkəmə tərəfindən evin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qiymətləndirmə təyin edilmiş, mütəxəssisin rəyi alınmış, evin bazar qiymətinin 90000 manat olduğu müəyyən edilmişdir. İddiaçı həmin rəylə razı olmadığından və rəydə qiymətin aşağı göstərildiyini hesab etdiyindən məhkəmə tərəfindən başqa bir qiymətləndiricidən mütəxəssis rəyi alınmış, evin bazar qiyməti ilk rəydəkinə kifayət qədər yaxın – 91000 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda məhkəmə ikinci qiymətləndirmənin daha son dövrə uyğun qiymətləri əks etdirdiyini nəzərə alaraq, evin bazar qiymətinin 91000 manat məbləğində qiymətləndirilməsi nəticəsinə gəlir və hesab edir ki, həmin ev üzərində İddiaçı payı 45500 (qırx beş min beş yüz) manat məbləğində kompensasiya verilməklə ayrılmalıdır. İddiaçının kompensasiya məbləğinin daha yüksək məbləğdə müəyyən edilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində evin bazar qiymətinə uyğun olaraq dəyərinin ödənilməsini istəmiş, məhkəmə də həmin tələbə uyğun olaraq evin bazar qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyi almış, iddiaçının həmin rəylə razılaşmamasını nəzərə alaraq təkrar başqa bir mütəxəssisin rəyi alınmış, həmin rəydə də ilk rəyə yaxın qiymət müəyyən edilmişdir. Belə olan halda məhkəmə iddiaçının bazar qiymətinin daha yüksək məbləğdə olması ilə bağlı qeyd etdiklərini əsassız hesab edir. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, evin qiymətləndirilməsi ilə bağlı hər iki mütəxəssis rəyinə müvafiq evin xaricdən və daxildən çəkilmiş fotoşəkilləri əlavə edilmişdir. Həmin fotoşəkillərdən görünən yarı təmirsiz, köhnə tikili olan evin iddiaçının hesab etdiyi kimi 120-140000 manata qiymətləndirilməsi inandırıcı deyil. Həmçinin, iddiaçı onu da nəzərə almalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında qeyd edilir ki, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Son olaraq, məhkəmə iddiaçının cavabdehə 45000 manat kompensasiya verməsi və cavabdehin bu kompensasiya müqabilində evdən payının ayrılması ilə bağlı təklifinə münasibətdə yenə Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarına istinad edərək bildirir ki, ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Bu baxımdan cavabdeh öz payının kompensasiya verilməklə ayrılmasını tələb etmədiyi müddətcə (necə ki, iddiaçı tələb etmişdir) iddiaçının bu cür təkliflə cavabdehə müraciət etməsinin heç bir əhəmiyyəti yoxdur. Bütün bunlara baxmayaraq, məhkəmə 45500 manat məbləğində kompensasiya müqabilində paylı mülkiyyətdə olan evdən iddiaçının payının ayrılması nəticəsinə gəlməklə faktiki olaraq iddianı təmin etmiş sayılır. Çünki, iddiaçı iddia tələbində payının naturada ayrılmasını, yaxud bazar qiymətinə uyğun kompensasiya verilməklə ayrılmasını, ya da hərracdan satılaraq ayrılmasını xahiş etmişdir. Aydındır ki, məhkəmə bu payın ayrılma üsullarından yalnız birini seçə bilərdi. Belə olan halda məhkəmə payın bazar qiymətinə uyğun kompensasiya verilməklə ayrılması nəticəsinə gəlməklə iddianı təmin etmiş hesab edilməlidir. Yekunda, məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eləcə də iş üzrə bir dəfə məhkəmə mühəndis-texniki ekspertizası, iki dəfə isə mütəxəssis qiymətləndirməsi təyin edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində qiymətləndirilmiş, mütəxəssis rəylərindən birində xərclə bağlı heç bir məlumata yer verilməmiş, digər - ikinci rəy üçün isə 300 manat xidmət haqqı müəyyən edilmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutulmalıdır. Lakin məhkəmə hesab edir ki, ikinci mütəxəssis rəyi üçün müəyyən edilmiş 300 manat xidmət haqqı cavabdehdən yox, iddiaçıdan tutulmalıdır. Belə ki, müvafiq qiymətləndirmə məhz iddiaçının ilk qiymətləndirmənin rəyi ilə razı olmaması, təkrar qiymətləndirmənin keçirilməsini xahiş etməsinə görə təyin edilmiş, həmin rəylə ilk rəyə çox yaxın bazar qiyməti müəyyən edilmiş, beləliklə, iddiaçının hesab etdiyindən fərqli olaraq ilk qiymətləndirmənin nəticəsinin real bazar qiymətinə uyğun olduğu aşkar edilmişdir. Belə olan halda ikinci qiymətləndirmənin məhz iddiaçının vəsatəti əsasında təyin edildiyi nəzərə alınaraq müvafiq xərc iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı 45500 (qırx beş min beş yüz) manat məbləğində kompensasiya ödənilməli, bu kompensasiya müqabilində İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 13 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərindəki payı ayrılmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı 45500 (qırx beş min beş yüz) manat məbləğində kompensasiya ödənilsin və bu kompensasiya müqabilində İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 13 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərindəki payı ayrılsın. İddiaçı kompensasiyanı aldığı andan ümumi əmlakdakı paya hüququnu itirmiş hesab edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ("xxxx" ASC, Hesab № AZ84AİİB********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar