Məhkəmə qərarları › İş №2(010)-1318/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1318/2022

18.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1318/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X18 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti) qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən onun və ailəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın, 2 otaqlı, 23 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, İddiaçı, həyat yoldaşım X13, cavabdeh qardaşım Cavabdeh 30.10.2020-ci ildə rəhmətə gedən anam X1 qəsəbəsi, Ə.Əzimzadə küçəsi ev 23, mənzil 405 ünvanında daimi pasport qeydiyyatındayıq. X5 erməni qəsbkarlarına qarşı hərbi əməliyyatlar zamanı Füzuli rayonunda 14.02.1994-cü il tarixdə şəhid olmuşdur. Nizami rayon İH-nin Başçısının 21.02.2011-ci il tarixli, 15 nömrəli sərəncamına əsasən şəhid ailəsi kimi bizə Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,85 m2 olan 2 otaqlı 23 nömrəli mənzil verilmişdir. Qardaşım Cavabdeh, arvadı X7, oğlu X19 anamın və mənim razılığımız olmadan və iradəmizin əksinə zidd olaraq altı ildən çoxdur ki, mənzildə təmir işi aparacağı adı ilə mənzili zəbt etmiş, sonradan mənzilin qapısını bağlayaraq anamı və məni mənzilə buraxmamışdır. Mən də evli olduğun üçün (03.11.2019-cu il) və otağın birində yaşamağıma imkan vermədikləri üçün bir ildən artıq ayı 300 manata kirayədə yaşamış, ailə büdcəmizə böyük maddi ziyan dəymiş, cavabdehin hərəkəti nəticəsində bizim bir neçə illər ərzində yaşamaq hüququmuz qanunla təsbit edildiyi halda şüurlu surətdə cavabdeh və ailəsi tərəfindən pozulmuş, maddi ziyan bu gün də artmaqda davam etmiş, bu da mənim və ailəmin maddi, mənəvi və psixoloji gərginlik keçirməsinə səbəb olmuşdur, mənim və ailəmin dövlət tərəfindən qanunla tanınmış hüquqlarımızın pozulmasına bilərəkdən və şüurlu surətdə rəvac vermişdir. Cavabdeh qardaşım Cavabdeh öz ailəsi ilə heç bir qeydiyyatları olmadan həmin mənzildə yaşayır, anamın vəfatından sonra mənzilə görə heç bizimlə daimi əsaslarla sosial kirayə müqaviləsi bağlanmamışdır. Daimi əsaslarla sosial kirayə müqaviləsinin bağlanması üçün aidiyyəti üzrə Suraxanı rayonu İH-nin hüquq şöbəsinə müraciət etmişik. Bildirilmişdir ki, müqavilənin bağlanması üçün mən və qardaşım mütləq məhkəmə yolu ilə daimi pasport qeydiyyatından çıxarılmalı, sonra Suraxanı rayon pasport qeydiyyatı şöbəsinə müraciət edərək məlum mənzilə pasport qeydiyyatına düşməliyik, ondan sonra daimi əsaslarla sosial kirayə müqaviləsi bağlana və sərəncam yenilənə bilər, qardaşım bütün bunlardan xəbərdardır. Bütün bu mübahisəli halları nəzərə alaraq aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, bir toplu sənədlər əlavə etmişik ki, mən İddiaçı Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 23, mənzil 405-də daimi pasport qeydiyyatındayam, mənzil Suraxanı rayonu ərazisində yerləşir, lakin məhkəmə 11.12.2020-ci il tarixdə qərardad çıxarıb ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün Yasamal Rayon Məhkəməsinə müraciət etməlidir. Bundan sonra Nizami Rayon Məhkəməsinə müraciət edilmiş, işə baxılmış, sonradan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.09.2021-ci il tarixli qərardadı ilə işə Suraxanı Rayon Məhkəməsində baxılmalı olduğu bildirilmiş, iş yenidən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə sənədləri geri qaytarmışdır ki, üç dəfə məktub göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Halbuki, heç bir məktub, sms və xəbərdarlıq olmamışdır”. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun qardaşıdır. Onların ataları 1994-cü ildə X9 şəhid olmuşdur. Şəhid ailəsi olduqlarına görə 2011-ci ildə onlara mübahisəli mənzil verilmişdir. Həmin vaxtlar o, anası və qardaşı Cavabdeh ilə birlikdə Keşlə qəsəbəsində yaşamış, dövlət tərəfindən verilən Suraxanıda yerləşən mənzil isə boş olmuşdur. Bir müddət sonra cavabdeh müxtəlif bəhanələrlə mənzili təmir edəcəyini deyib açarları anasından almışdır. Onlar sonradan cavabdehin mənzili kirayəyə verdiyini qonşulardan eşitmişlər. Artıq yeddi ildir ki, o, ailəsi ilə birlikdə mənzilə yerləşmişdir və onu buraxmır. Hər dəfə bildirir ki, mənzil onundur və ona mənzildə yaşamağa icazə verməyəcək. Halbuki, cavabdehin qeyd etdiyindən fərqli olaraq, bu mənzilin cavabdehdə qalması ilə bağlı aralarında heç bir razılıq olmamışdır. Əksinə, o da öz ailəsi ilə birlikdə həmişə bu mənzildə yaşamaq istəmiş, lakin cavabdeh buna icazə verməmişdir. Bu mənzildən başqa, cavabdeh hələ analarının sağlığında şəhid ailəsi olduqları üçün dövlət tərəfindən verilən 11000 manat məbləğində pulu bütövlükdə götürüb borclarını ödəmişdir. Ümumiyyətlə, anaları sağ olan vaxt borc-xərc edib ancaq cavabdehin borclarını ödəməklə məşğul olmuşdur. Cavabdeh atalarına verilən torpağı da sataraq pulunu xərcləmişdir. Hazırda isə bu mənzilə yerləşmişdir və mənzildən onun da istifadə etməsinə imkan vermir. Halbuki, bu mənzildə onun və ailə üzvlərinin də yaşamaq hüququ var. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, hazırda yaşadığı mübahisəli mənzil şəhid ailəsi olduqlarına görə 2009-cu ildə onlara təhvil verilmişdir. Onlar analarının sağlığında öz aralarında şifahi razılığa gəlmişlər ki, analarından miras qalan mənzil iddiaçıda qalsın, iddiaçı da əvəzində mübahisəli mənzildən imtina etsin. Lakin hazırda iddiaçı bu razılığa əməl etmir və mübahisəli mənzilə köçürülmək istəyir. O isə bununla razı deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs qismində işə cəlb edimiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 18.11.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 132430 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 30.10.2020-ci ildə “böyüklərin respirator pozğunluq sindromu” ölüm səbəbi ilə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 28.02.2002-ci il tarixdə verilmiş AZ seriyalı, 129307 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14.02.1994-cü ildə, Füzuli rayonunda ölmüşdür. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 28.07.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 616450 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X28 (atası İddiaçı, anası X13) 28.06.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.07.2021-ci il tarixdə 4298 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 18.10.2012-ci il tarixli, 150 nömrəli arayışının surətindən görünür ki, 1959-cu il təvəllüdlü X11 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı hərbi əməliyyatlar zamanı Fizuli rayonunda 14.02.1994-cü ildə şəhid olmuşdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 21.02.2011-ci il tarixli, 15 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, bu sərəncama əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.85 m2, yaşayış sahəsi 41.29 m2 olan 2 otaqlı 23 saylı mənzil 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu Cavabdeh, 1988-ci il təvəllüdlü oğlu İddiaçı) 1960-cı il təvəllüdlü şəhid ailəsi X4 adına rəsmiləşdirilmişdir. 25 saylı Mənzil Kommunal İstismar Sahəsinin 11.02.2021-ci il tarixli, 64 nömrəli arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimov küçəsi, 23 saylı evin 405 saylı mənzilində qeydiyyatdadır. X2 ölümünə kimi, yəni 30.10.2020-ci ilə kimi göstərilən ünvanda qeydiyyatda olmuşdur. 103 saylı Mənzil Kommunal İstismar Sahəsinin 312 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı evin, 23 saylı mənzilində pasport qeydiyyatı olmadan, həmçinin həyat yoldaşı X7, oğlu X19 göstərilən ünvanda pasport qeydiyyatı olmadan yaşayırlar və E.Qasımov küçəsi, 14a saylı evin 23 saylı mənzili heç kimin adına qeydiyyata alınmayıb. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.11.2019-cu il tarixli, AZ-İİ seriyalı, 377061 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X14 arasında 23.11.2019-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 4741 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əfəndiyeva soyadı verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(007)-1505/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 2 otaqlı 23 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(103)-8911/2021 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(007)-1505/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “mənzilə köçürülmə tələbinə dair” mülki iş aidiyyəti üzrə baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İşin faktiki halları. İddiaçı Vaqif oğlu və Cavabdeh qardaşdır. Onların atası X12 14.02.1994-cü il tarixdə X10 şəhid olmuşdur. Bundan sonra, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 21.02.2011-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.85 m2, yaşayış sahəsi 41.29 m2 olan 2 otaqlı 23 saylı mənzil üç nəfər ailə tərkibi ilə birlikdə hazırkı iş üzrə tərəflərin X2nın adına rəsmiləşdirilmişdir. Həmin ailə tərkibi hazırkı iş üzrə tərəflər və anaları X3 ibarət olmuşdur. Lakin bu mənzildə Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşamışdır. X6 isə 30.10.2020-ci il tarixdə ölmüşdür. Hazırda İddiaçı Vaqif oğlu şəhid ailəsi olduqları üçün onlara verilən bu mənzildə onun və ailə üzvlərinin də yaşamaq hüququ olduğunu bildirərək ailəsi ilə birlikdə həmin mənzilə köçürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçı qardaşı ilə aralarında əldə etdikləri şifahi razılığa əsasən qardaşının bu mənzildən imtina etdiyini və mənzili ona verdiyini bildirmiş, bu səbəbdən məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43. Mənzil hüququ. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17. Mənzil fondu. 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 70. Müvəqqəti başqa yerə getmiş yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və onun ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin yaşayış yeri. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanuni: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.03.2006-cı il tarixli, 5 nömrəli Qərarı:

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “İatridis Yunanıstana qarşı” işi: Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Məhkəmənin mövqeyi.

İşin faktiki hallarından göründüyü kimi iddiaçının hazırda köçürülmək istədiyi ünvan 3 ünvanında yerləşən mənzil şəhid ailəsi kimi tərəflərin anasının adına rəsmiləşdirilmiş, bu zaman hazırkı iş üzrə iddiaçı və cavabdehin də adı ailə üzvü kimi qeyd edilmişdir. Yəni iddiaçı və cavabdehin hər ikisi bu mənzilə münasibətdə bərabər - sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü statusundadır. Onlardan birinin digərinə münasibətdə mənzil üzərində daha üstün hüququ yoxdur. Hər ikisi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin uşaqları olmaqla bu mənzildən istifadə etmək, mənzildə yaşamaq hüququna eyni dərəcədə malikdir və biri digərinin bu hüququnu məhdudlaşdıra bilməz. Bu baxımdan Cavabdeh İddiaçı həmin mənzilə köçürülməsinə razılıq verməməsi qanunsuzdur və cavabdehin mənzil toxunulmazlığı hüququ ilə izah edilə bilməz. Əksinə, mənzil üzərində özü ilə bərabər hüquqa malik olmasına baxmayaraq, İddiaçı həmin mənzildən istifadəsinə mane olunması iddiaçının mənzil toxunulmazlığı hüququnun pozuntusudur. Bununla belə məhkəmə iddiaçının mənzilə köçürülməsinə razılıq verməyən cavabdehin mövqeyinə də münasibət bildirməyi zəruri hesab edir. Hansı ki, Cavabdeh iddiaçının mübahisəli mənzilə köçürülməsinə razılıq verməməsini onunla əsaslandırmışdır ki, onlar arasında şifahi razılıq əldə olunmuşdur və bu razılığa əsasən Bakı şəhəri, Nizami rayonunda yerləşən və onlara məxsus başqa bir mənzil iddiaçının adına özəlləşdirilmiş, iddiaçı da bunun qarşılığında mübahisəli mənzildən imtina etmişdir. Məhkəmə cavabdehin diqqətinə çatdırır ki, şifahi şəkildə razılaşdırıldığını iddia etdiyi və iddiaçının qəti şəkildə qəbul etmədiyi bu “razılığ”ın hazırkı iş üçün heç bir sübut əhəmiyyəti yoxdur. Digər tərəfdən, əgər o, qardaşının onun da haqqı çatan başqa bir mənzili qeyri-qanuni şəkildə öz adına özəlləşdirdiyini hesab edirsə, həmin mənzillə bağlı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Cavabdehin başqa bir mənzil üzərində “məhrum olduğu” hüquqa görə iddiaçını mübahisəli mənzil üzərində olan hüququndan məhrum etməsi isə qəbul edilməzdir. Ən azından nəzərə alınmalıdır ki, cavabdehin istinad etdiyi “məhrumiyyət” hazırkı mərhələdə sübut edilmədiyindən yalnız iddia xarakteri daşısa da iddiaçının mübahisəli mənzil üzərində olan hüquqlarından məhrum edildiyi mübahisəsizdir və işin halları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçürülməsi təmin edilməklə onun cavabdeh tərəfindən pozulmuş hüquqları bərpa edilməlidir. Lakin bu hissədə məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçı özünün və ailəsinin bu mənzilə köçürülməsini xahiş etmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatdan və iş materiallarından da məlum olmuşdur ki, o, ailəsi dedikdə arvadı X13 və oğlu 28.06.2021-ci il təvəllüdlü X23 nəzərdə tutmuşdur. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, arvadı X13 yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxs olmaqla (iddiaçı tərəfindən bunun əksini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir) ayrıca prosessual statusu olan şəxsdir. Bu baxımdan X8 iddiaçı ilə birlikdə bu mənzilə köçürülməsi yalnız o halda mümkün olardı ki, o da iddia ərizəsində iddiaçı kimi qeyd edilsin və hazırkı iş üzrə əri ilə birlikdə iddiaçı statusunu alsın. Hazırkı vəziyyətdə isə İddiaçı arvadı adından onun da bu mənzilə köçürülməsini tələb etmək kimi bir hüququ yoxdur. Lakin 28.06.2021-ci il təvəllüdlü X24 münasibətdə nəzərə alınmalıdır ki, yaşı etibarilə bu azyaşlı uşağın yaşayış yeri onun valideynlərinin yaşayış yeri sayıldığından iddiaçının həmin uşağın da özü ilə birlikdə bu mənzilə köçürülməsini tələb etməyə hüququ olmuşdur. Bu səbəbdən iddia uşağın da iddiaçı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi hissəsində təmin edilməlidir.

Məhkəmə xərcləri.

İş materiallarından göründüyü kimi tərəflərin hər ikisi şəhid ailəsi olmaqla dövlət rüsumunun ödənilməsindən azad olduğundan tərəflərdən heç birindən rüsum tutulmamalıdır.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, İddiaçı 28.06.2021-ci il təvəllüdlü X28 ilə birlikdə ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 28.06.2021-ci il təvəllüdlü X28 ilə birlikdə ünvan 4 ünvanında yerləşən mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar