Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1333/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən özünün xx.xx.1978-ci ildən 1992-ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində yerləşən “Çənlibel” adına kolxozda fəhlə vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildə Laçın rayonunun Oğuldərə kəndindən məcburi köçkün düşərək Bakı şəhərinə gəlmiş, burada məskunlaşmışdır. Həmin vaxtdan burada yaşayır. O, məcburi köçkün düşənədək - xx.xx.1978-ci ildən 1992ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində “Çənlibel” adına kolxozda fəhlə işləmişdir. Lakin həmin illərdə işləməsini təsdiq edən əmək kitabçası orada qalmışdır. Halhazırda o, pensiyaya çıxmaq istəyir. Bütün sənədlərini ƏƏSMN yanında DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim etmişdir. Lakin orada imtina edilərək bildirilmişdir ki, onun pensiyaya çıxması üçün azı 25 il sığorta stajı tələb olunur, bununla əlaqədar olaraq ona məsləhət bilinmişdir ki, sosial sığorta stajının təsdiq edilməsi üçün məhkəməyə müraciət etsin. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək bildirdi ki, o, 1978-ci ildən 1992-ci ilin may ayına, yəni Laçın rayonu işğal edilənədək rayonda “Çənlibel” adına kolxozda fəhlə işləmiş, ot biçib-yığmış, mal-heyvan otarmışdır. Kolxozun əvvəlki adı “Hüsü Hacıyev” adına kolxoz olmuşdur. Hazırda isə ləğv edilmişdir. Rayondan işğal nəticəsində çıxdığından əmək kitabçasınıı götürməyə imkanı olmamışdır. Bu səbəbdən də hazırda pensiyaya çıxa bilmək üçün həmin dövrdə olan iş stajının təsdiq edilməsinə ehtiyacı var. Onunla eyni dövrdə kolxozda işləmiş şəxslər pensiyaya çıxa bilsə də o bu problemə görə pensiyaya çıxa bilmir. Həmin kolxozda işləmiş və tanıdığı, hazırda əlaqəsi olan şəxslər də şahid kimi bu halı təsdiq edə bilərlər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X7 ərizəni qəbul etmədiklərini bildirərək məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxsin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Laçın rayonu İcra Hakimiyyəti başçısının Oğuldərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 1992-ci ildə Laçın rayonunun Oğuldərə kəndindən məcburi köçkün düşmüş, hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AA seriyalı, 367384 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkündür. Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubda qeyd edilmişdir ki: “Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (18 il 5 ay 26 gün) təşkil edir. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800 manat hesablandığı halda fərdi hesabınızın sığorta hissəsindən qeydə alınan pensiya kapitalı cəmi 33533.27 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. X6 məxsus, AZE ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1989-cu ildə H.Hacıyev adına sovxozda işə qəbul edilmiş, 1990-cı ildə onun yerində Oğuldərə kəndi “Çənlibel” kolxozu yaradılmış, X2 əmək fəaliyyətini davam etdirmişdir. X5 məxsus, AZE ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1981-ci ildə H.Hacıyev adına sovxozda işə qəbul edilmiş, 1990-cı ildə onun yerində Oğuldərə kəndi “Çənlibel” kolxozu yaradılmış, X1 əmək fəaliyyətini davam etdirmişdir. Məhkəmə iclasında şahid kimi izahat vermiş X8 izahatında bildirmişdir ki, Ərizəçi əmisi oğludur. Laçında onunla birlikdə “Çənlibel” adına kolxozda işləmişdir. O, işə başlayan vaxt kolxoz Hüsü Hacıyev adına olmuş, sonradan dəyişərək “Çənlibel” kolxozu olmuşdur. Arif orada xx.xx.1978-ci ildən işləmişdir. Özü isə ondan bir neçə il sonra kolxozda işləməyə başlamışdır. Həmin vaxtdan 1992-ci ilə - işğala qədər kolxozda birlikdə işləmişlər. Arif kolxozda fəhlə olmuş, maldarlıq, ot biçimi-yığımı kimi işlər görmüşdür. O, rayondan çıxan vaxt əmək kitabçasını götürüb çıxa bilmişdir. Arifin isə kitabçası rayonda qalmışdır. Məhkəmə iclasında şahid kimi izahat vermiş X10 izahatında bildirmişdir ki, o, Laçınlıdır. Ərizəçi onun qaynıdır. O, Ariflə birlikdə “Çənlibel” kolxozunda işləmişdir. Özü 1989-cu ildən kolxozda işləsə də Arif ondan çox qabaq, 1978-ci ildən bu kolxozda işləmişdir. Elə kolxozda işlədiyi dövrdə ailə qurmuşdur. Kolxoz əvvəl Hüsü Hacıyev adına kolxoz olmuş, sonradan adı dəyişmişdir. Arif kolxozda fəhlə olmuş, mal-heyvan otarmış, ot biçimi ilə məşğul olmuşdur. Rayon işğal olunan ərəfədə o, əmək kitabçasını götürə bilmişdir. Sonradan gəlib Bakıda xadimə işləmişdir. Arifin əmək kitabçası isə Laçında qalmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi Laçın rayonundan məcburi köçkündür. O, xx.xx.1978-ci ildən Laçın rayonu işğal edilənədək Laçın rayonu Oğuldərə kəndində yerləşən “Çənlibel” (əvvəlki adı Hüsü Hacıyev adına) kolxozda fəhlə işləmişdir. Lakin 1992-ci ilin may ayında Laçın rayonu işğal olunmuş, ərizəçinin əmək kitabçasını götürməsi mümkün olmamışdır. Bu səbəbdən o, pensiya təminatı hüququndan məhrum olmuşdur. Beləliklə, onun Laçın rayonu Oğuldərə kəndində “Çənlibel” kolxozunda əmək fəaliyyətini təsdiq edə biləcək başqa heç bir sübut yoxdur. Odur ki, hazırkı vəziyyətdə bu fakt yalnız məhkəmə qətnaməsi ilə təsdiq edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, Ərizəçi tamamilə üzrlü hesab edilə biləcək bir səbəbdən əmək kitabçasından məhrum olmuşdur. Belə ki, Laçın rayonu xx.xx.1992-ci il tarixdə işğal edilmişdir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Ərizəçi Laçın rayonundan işğaldan əvvəl könüllü olaraq yox, məhz işğal nəticəsində məcburi köçkün kimi çıxmağa məcbur qalması da mübahisəsizdir. Belə ki, bu faktı təsdiq edən məcburi köçkün vəsiqəsi iş materiallarında mövcuddur. Deməli, Ərizəçi əmək fəaliyyətini təsdiq edən sənəddən - əmək kitabçasından üzrlü səbəbdən məhrum olmuşdur. Belə bir vəziyyətdə Ərizəçi əmək kitabçasını olmadığından və əvvəllər işlədiyi kolxoz hazırda fəaliyyət göstərmədiyindən onun “Çənlibel” kolxozundakı əmək fəaliyyətini yalnız onunla birlikdə həmin kolxozda işləmiş və əmək kitabçasında bu barədə qeyd edilmiş şəxslərin şahid kimi izahatları təsdiq edə bilər. Nəzərə alınmalıdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə iclasında izahat verən hər iki şahid “Çənlibel” kolxozunda işləmiş və onlar Ərizəçi bu kolxozda fəhlə kimi iş fəaliyyəti, hansı işlər görməsi, onların kolxozda işlədiyi dövrdə fasiləsiz olaraq ərizəçinin də bu kolxozda işləməsi barədə bir-biri ilə üst-üstə düşən izahatlar vermiş, ərizədə qeyd edilənləri təsdiq etmişlər. Digər tərəfdən Laçın rayonu Oğuldərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da ərizədə qeyd edilənlər göstərilmişdir. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, Ərizəçi “Çənlibel” kolxozunda qeyd edilən dövrdə fəhlə işləməsi bütün əldə edilməsi mümkün sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1978-ci ildən 1992-ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində “Çənlibel” adına kolxozda fəhlə işləməsi faktı iş materialları və həmin kolxozda işlədiyi müəyyən edilən şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1978-ci ildən 1992-ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində “Çənlibel” adına kolxozda fəhlə işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1333/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1333/2021
26.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver