Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1335/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və qeyrilərinə qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının olmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə qeydə alınmış RX № ******* nömrəli çıxarışa əsasən ünvan 1-dən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarının olmamış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanından yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 Azərbaycan Respublikası Əmlak Məsəıələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə qeydə alınmış RX № ******* nömrəli çıxarışa əsasən onların paylı mülkiyyətindədir. Cavabdeh1 onların qardaşları, Cavabdeh2, Cavabdeh3 isə qardaşı qızlarıdır. Artıq xeyli vaxtdır ki, cavabdehlər onlara məxsus olan mənzildə qeydiyyatdadırlar. Lakin ünvanda yaşamırlar, ümumiyyətlə heç yaşamamışlar və qeydiyyatları formal xarakter daşıyır. Cavabdehlərin onlara məxsus evdə yaşamadıqlarına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar. Bu da mülkiyyətçi kimi onların bir sıra hüquqlarını məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Hazırda cavabdehlər xeyli vaxtır ki, öz şəxsi mənzilində övladları ilə birlikdə faktiki olaraq yaşayırlar. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, onlar ünvan 1 ünvanında qeydiyyatdadırlar. Həmin ünvanda yerləşən fərdi yaşayış evləri çıxarış əsasında qardaşı Bahadinin və bacılarının mülkiyyətindədir. Onlar 2000-ci ildən həmin mənzildən çıxmışlar və tikdirdikləri ünvan 2 ünvanında yaşayırlar. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, izahatları dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına 2/4 hissədə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, İddiaçı2 adına ¼ hissədə və İddiaçı3 adına ¼ hissədə qeydiyyata alınmışdır. ASAN 4 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2005-ci il tarixli Qanun ilə Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. (xx xxxxxx 2005-ci il tarixdən qüvvəyə minib) Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddənin mənasına görə, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideyni və uşaqlarının onun bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəlləsinin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, Mülki Məcəlləsinin 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il Qərarında deyilir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəlləsinin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəlləsinin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Hazırkı işdə iddiaçının özünün də bildirdiyinə görə, o əvvəlcə cavabdehlərlə birgə ata evində yaşayıb. Sonradan cavabdehlər həmin mənzildən çıxaraq başqa yerdə yaşamağa başlamış, həmin mənzil iddiaçıların mülkiyyətinə keçmiş və bu barədə onlara Çıxarış verilmişdir. Həmin vaxt cavabdehlərin mübahisəli mənzilə daimi yaşayış yeri üzrə qeydiyyata düşmələri başqa daimi yaşayış yerinin olmaması və bu mənzildə yaşamaq niyyətində olmaları qənaətinə gəlməyə əsas verir. Hər iki tərəfin də etiraf etdiyi kimi cavabdehlər 2000-ci ilə kimi həmin mənzildə yaşamışlar. Odur ki, yuxarıdakı normaların mənasına görə cavabdehlərin mübahisəli evdən istifadə hüquqları yaranmışdır. Qanunvericilik mülkiyyətçinin tələbi ilə istifadə hüququna xitam verilməsinin iki yolunu nəzərdə tutur: 1. Müvafiq kompensasiya verməklə; 2. Kompensasiya verilmədən. Hazırda xüsusi mülkiyyətdə olan mənzil istifadəçisinin bu hüququna kompensasiya verilməklə xitam verilməsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə tənzimlənir. Həmin normaya əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki qanunvericilik eyni zamanda şəxsin yaşayış sahəsinə köçürülməsi üçün zəruri ehtiyacın olmasını şərt kimi nəzərdə tutur. Bu o deməkdir ki, şəxsin yaşayış sahəsindən istifadə hüququ əvvəllər yaranmış olsa belə, sonra bu ehtiyac aradan qalxıbsa, istifadə hüququ da aradan qalxır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016cı il tarixli qərarında da Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırkı işdə iddiaçı cavabdehlərin başqa yaşayış sahəsinə köçdüyünü və hazırda həmin yaşayış sahəsində yaşadıqlarını bildirərək onların mübahisəli sahədən istifadə ehtiyacının aradan qalxdığını iddia edir. İddiaçının bu arqumenti iş materiallarındakı sübutlarla, o cümlədən cavabdehin etirafı ilə də öz təsdiqini tapır. Bu hal isə, cavabdehlərin hüququna kompensasiya vermədən xitam verilməsi tələbini əsaslı edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanından istifadə hüququna xitam verilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1335/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1335/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver