Məhkəmə qərarları › İş №2(010)-1347/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1347/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1347/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsi, Hakim Tural Nurulla oğlu Məmmədovun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, eyni zamanda digər cavabdehin qəyyumu Cavabdeh2 Heydar oğlunun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tannıması və mənzilə köçürülmə barədə iddia tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tannıması və mənzilə köçürülmə barədə iddia tələbi ilə məhkəməyə müraciət edib, onun ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülməsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bir müddət bacısı Cavabdeh1 məxsus olan mənzildə yaşamışdır. Hazırda o kirayədə yaşayır və maddi imkanı kirayə pulunu vaxtı vaxtında ödəməyə imkan vermir. Ona görə də, daimi qeydiyyatda olduğu və bacısına məxsus mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülməylə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bacısı 1-ci qrup əlildir və onun da köməyə ehtiyacı var. Mənzildə ikisindən başqa qeydiyyatda olan yoxdur. Cavabdeh olan bacısı subaydır. Hazırda bacısının xəstəliyindən istifadə edib onun tək yaşadığı və özünə mülkiyyət hüququ ilə məxsus olan mənzilin ailə üzvləri tərəfindən satılmasının qarşısının alınması üçün onun bacısının yanında qalması zəruridir. Atası və başqa qohumlarının gələcəkdə onun həmin mənzilə köçürülməsinə etirazlarının ola biləcəyini nəzərə alıb, mənzilə istifadə hüququnun tanınmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil evin mülkiyyətçisinin iddiaçının ailə üzvü olduğu, ona görə də, iddiaçının həmin evdə yaşamaq hüququnun oldğunu bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qəyyumu, eyni zamanda digər cavabdeh olan Cavabdeh2 nümayəndəsi və vəkili X2 iddia tələbinə etirazını bildirərək, iddiaçının yaxın qohum olsa da, maddi hüquq normalarına əsasən mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün əsasların olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşdə olan Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 2021ci il tarixli, 30 nömrəli sərəncamına əsasən Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş övladı Cavabdeh1 üzərində qəyyum təyin edilmişdir. Odur ki, məhkəmə Cavabdeh2 hazırkı iş üzrə həm də, Cavabdeh1 qəyyumu kimi qəbul edir. İş materiallarına əlavə edilmiş: -Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 135 a, 97 saylı mənzil Bakı şəhəri, 24 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2003-cü il tarixli, 4Ə/3-390 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən mənzil 2003-cü il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İddiaçı Cavabdeh1 qardaşıdır, digər Cavabdeh2 oğludur. İddiaçı bacısına məxsus mənzilə istifadə hüququnun olmasını onunla əsalandırır ki, o yaxın qohum olmaqla ailə üzvü kimi bacısına məxsus mənzilə istifadə hüququ əldə edə və orada yaşaya bilər, bu eyni zamanda digər qohumların həmin mənzillə bağlı bacısının mənafelərinə zidd olan hərəkətlərin qarşısını almaq üçün zəruridir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, iddiaçının qeyd edilən mənzilə maddi hüquq normaları əsasında istifadə hüququ yaranmır. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.... Göründüyü kimi, daşınmaz əmlakla bağlı məhdud əşya ( istifadə-sahiblik) hüququnun yaranması və ya mövcud olması üçün qanunvericilik bir sıra imperativ əsaslar qoymuşdur ki, bu əsaslar da qanuni və ya müqavilə ilə yaranan hallarla bağlıdır. Məhkəmə toplanmış sübutlara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, hazırkı işdə iddiaçının Cavabdeh1 məxsus mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyinə görə və bu xüsusda da iddiaçının həmin mənzilə köçürülməsinə hüquqi əsas olmadığına görə hazırkı iddia təmin edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarı). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarından) Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar