Məhkəmə qərarları › İş №2(010)-135/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-135/2022

15.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-135/2022 15.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı “X5 Kompani S.A.” şirkətinin nümayəndəsi Qasımov Fərman Cavanşir oğlunun Cavabdeh iştirakı ilə İddiaçı “X5 Kompani S.A.” şirkətinin Cavabdehə qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “X5 Kompani S.A.” şirkəti Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi 39 T 416621.00 m B 4471559.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun nümayəndəliyin AZ02AİİB******************** nömrəli hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə “Suraxanı blokunun” mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikasının adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. 20.09.2005ci il tarixli Azərbaycan Respublikası Qanunu na əsasən qeyd olunana saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. İddiaçı şirkət Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilən etibarnamə əsasında fəaliyyət göstərir.Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan və qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X5 Kompani S.A“ Şirkətinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən “X5 Kompani S.A“ Şirkətinə Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2 saylı Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində olan sahə başa düşülür. Şirkətin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ iddiaçı Şirkətə məxsusdur. Son illər Şirkətin istifadəsində olan torpaq sahələri müxtəlif fiziki şəxslər tərəfindən ayrı-ayrı dövrlərdə zəbt edilmiş, özbaşına olaraq yaşayış evləri tikilmişdir. Həmin fiziki şəxslərə bu qanunsuz hərəkətlərin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi və şirkətin istifadəsində olan torpaq sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Belə ki, şirkətin qanuni istifadəsində olan əraziyə baxış keçirərkən, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi 39 T 416621.00 m B 4471559.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işləri aparılması aşkar edilmişdir. Araşdırma zamanı, cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Mədən ərazilərində gedən hər hansı bir qeyri-qanuni özbaşına tikintilər neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir və eləcə də, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Qeyd olunan fərdi yaşayış evini 2012-ci ildə Suraxanı rayon İcra Hakimiyyəti başçısının razılığı əsasında tikdiyini bildirdi. Məhkəmə, iddiaçı tərəfi və cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan: - 12.07.2020-ci il tarixli, 121 nömrəli aktdan görünür ki, 12.07.2020-ci il tarixdə 2 saylı neft və qazçıxarma sexin ərazisi olan Dədə Qorqud qəsəbəsi ünvanında Cavabdeh tərəfindən aparılan dam örtüyünün qanunsuz tikintisi aşkar edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 02 mart 2022-ci il tarixli 10/6932 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin mütəxəssis rəyində qeyd edilir ki, 39 T 416621.00 m B 4471559.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi iddiaçı “X5 Kompani S.A.” Şirkətinin istifadəsinə ayrılmış ərazinin hüdudları daxilində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədlərinin surətlərindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində balıqçılıq və heyvandarlıqla məşğul olmaq məqsədilə yardımçı təsərrüfatın lahiyələşdirilməsi üçün “Entuziast” firmasının daimi istifadəsinə ayrılmış 331000 kv.m ərazinin plan və ölçüləri tərtib edilmişdir. Torpaq sahəsinin plan və ölçülərinin tərtib edilməsinə əsas kimi Bakı şəhər XDS İK-nin 27.01.1989-cu il tarixli qərarına istinad edilmişdir. İş materiallarında olan icarə müqaviləsindən görünür ki, “Entuziast” firması tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolunda yerləşən 33.1 hektar torpaq sahəsindən 1.5 sot torpaq sahəsi kənd təsərrüfatı və istehsalat sahəsi ilə məşğul olmaq üçün Cavabdeh daimi icarəyə verilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin dövlət tərəfindən onlara ayrılan torpaq sahəsində qanunsuz tikili inşa etdiyini, həmin sahəsinin neft torpaqları olduğunu bildirir. Cavabdeh tərəf isə etirazında həmin torpaq sahəsinin onun tərəfindən daimi istifadəyə götürülməsi ilə bağlı sənədə istinad edərək, iddiaçı şirkətin həmin əraziyə gəlməsindən daha əvvəl onun mübahisəli torpaq sahəsini istifadə etməsinə əsaslanır. AR MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sadalanan normaların tələblərindən göründüyü kimi, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan əqd əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdehin mübahisəli ərazidə yaşamasının hüquqi əsasını yuxarıda qeyd edilmiş icarə müqaviləsi təşkil edir. Məhkəmə cavabdehlə həmin müqaviləni bağlamış üçüncü şəxsin (“Entuziast” firmasının) müqaviləni bağlarkən mübahisəli əraziyə subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verərkən qeyd edir ki, işə əlavə edilən plan-ölçü sənədlərində torpaq sahəsinin plan və cizgilərinin tərtib edilməsinə əsas kimi Bakı şəhər XDS İK-nin 27.01.1989-cu il tarixli, 13/715 saylı qərarına istinad edilmişdir. Aydın olur ki, mübahisəli ərazinin də daxil olduğu torpaq sahəsi həmin dövrdə mövcud olmuş müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında üçüncü şəxsə ayrılmışdır. Beləliklə, yuxarıda qeyd edilmiş icarə müqaviləsi bağlanarkən üçüncü şəxsin mübahisəli əraziyə əşya hüququ olmuş və o həmin hüququnu cavabdehə ötürmüşdür. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Çünki, iddiaçı tərəf bunun əksini sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı "X6 Kompanı̇ S.A." Şı̇ rkətı̇ ninin Cavabdeh qarşı Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, 39 T 416621.00 m B 4471559.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin "X6 Kompanı̇ S.A." Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasindakı nümayəndəlı̇ yı̇ nin istifadəsinə qaytarılması, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının qiyməti olan 50 manat məbləğində pul iddiaçı "X6 Kompanı̇ S.A." şı̇ rkətı̇ ndən tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar