Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1368/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək onun, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanına köçürülmələri və Cavabdeh bu evdən istifadəyə maneəçiliyin yaradılmasının qadağan edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 (cavabdehin keçmiş arvadı), İddiaçı2 (cavabdehin oğlu), İddiaçı3 (cavabdehin qızı) ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. İddiaçı1 Cavabdeh ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından 3 (üç) övladı - xx.xx.1997-ci tarixdə İddiaçı2, xx.xx.2002-ci tarixdə İddiaçı3, xx.xx.2012-ci tarixdə X2 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1166/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2002-ci təvəllüdlü İddiaçı3 və xx.xx.2012-ci təvəllüdlü X1 analarının yanında qalmaları müəyyən edilmiş uşaqlar yetkilnlik yaşına çatanadək sabit pul məbləğində hər uşağa 160 manat, cəmi 2 uşağa görə 320 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. İddiaçı1 Cavabdeh ilə 1997-2019-cu il tarixədək ünvan 1 ünvanında pasport qeydiyyatında olduğu yaşayış sahəsində yaşamış və ümumi təsərrüfatı birgə idarə etmişlər. İddiaçı1 ilə cavabdehin bu evdə 3 övladı anadan olmuş, orta məktəbə və baxçaya getmişlər. Cavabdehin mütamadi olaraq alkoqollu içkilər qəbul etməsi, bunun nəticəsində də evdə tez-tez söz-söhbətlər yaranması nikahın pozulmasına və ailənin dağılmasına səbəb olmuşdur. Cavabdehlə nikahı pozulduqdan sonra, cavabdeh iddiaçıların bu evdən istifadəsinə maneçiliklər yaratmış və yaşamağa imkan verməmişdir. Qeydiyyatda olduqları mübahisələndirilən evdən başqa ayrı yaşayış yerləri yoxdur, ona görə də həmin evə məhkəmə qaydasında köçürülməkləri, cavabdehə bu yaşayış sahəsindən istifadələrinə maneçiliyin yaradılmasının qadağan edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, İddiaçı1 ilə Cavabdeh 1997-ci ildə rəsmi nikaha daxil olmuşlar, 2019-cu ildə nikahları pozulmuş, cavabdeh içkili şəkildə iddiaçıları 2020-ci ildə evdən çıxarmışdır. İddiaçıların başqa yerdə yaşayış yerləri yoxdur. Evin yerləşdiyi torpaq shəsinin sənədi yoxdur. Torpaq sahəsində 2 ev var və evlərdən biri iddiaçının həyat yoldaşı ilə ailə qurduqdan sonra öz vəsaitləri hesabına tikilmişdir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.1997-ci il tarixdə 286 saylı akt qeydi ilə rəsmiləşdirilən nikah pozulmuş, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı1 himayəsində saxlanılmışdır. - AZ İ № 371549 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış nikah xx xxxxxx 2019-cu il tarixdə ləğv edilmişdir. - AZ İİİ № 571074 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı1dır. - AZ İ № 251309 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı3 xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı1dır. - AZ İİ № 980096 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı1dır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, ünvan 1 ünvanında İddiaçı1, İddiaçı2 və İddiaçı3 qeydiyyatdadırlar. - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********06 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş Daşınmaz Əmlakın Texniki Ekspert qiymətləndirmə rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 80 № li evin xx.xx.2011-ci ildə qiymətləndirilməsi aparılmışdır. Azəriqaz istehsalat Birliyinə məxsus sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2011-ci ildə Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi ev 80, mənzil 1–in qazlaşdırılması ilə bağlı müraciət etmişdir. Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı1 Cavabdeh ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikaha girmişlər. Birgə nikahlarından 3 övladları xx.xx.1997-ci tarixdə İddiaçı2, xx.xx.2002-ci tarixdə İddiaçı3, xx.xx.2012-ci tarixdə X2 anadan olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdehlə nikaha girdiyi tarixdən nikahları pozulan tarixədək mübahisəli evdə uşaqları ilə birgə yaşamışdır. Ona görə də, onun da həmin evdə uşaqları ilə birlikdə yaşamaq hüququ vardır. Mübahisə olunan fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə inşa edilmişdir. Mübahisəli evin hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçılar mübahisəli evə köçürülmə tələbi irəli sürmüşdür. Tərəflər arasında münasibətlər 1997-ci ildə nikaha girmələri ilə yaranmışdır. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçıların mübahisəli evə əmlak hüquqlarının mövcud olması tələb olunur. Bu hüquqlar mübahisəli evin birgə nikah dövründə və birgə vəsait hesabına tikilməsi ilə yarana bilər. Barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Çünki, mübahisəli evin hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli mənzilə köçürülüb-köçürülməməsi məsələsinə aşağıdakı şəkildə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəl yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsnin 53-cü maddəsinın 3-cü hissəsində göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfatı aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər: digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşdən göründüyü kimi, İddiaçı1 ilə Cavabdeh arasında nikah bağlandıqdan sonra onlar mübahisəli evdə yaşamağa başlamış və onların birgə nikahından doğulan, hazırkı işdə birgə iddiaçılar olan İddiaçı2, İddiaçı3 və yetkinlik yaşına çatmamış E.Cavabdeha da həmin evdə yaşamışlar. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıların mənzil hüquqları müdafiə edilməli və onlar yetkinlik yaşına çatmamış E.Cavabdeha ilə birlikdə həmin evə köçürülməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2 mübahisəli evə köçürülmələri qanuni və əsaslıdır. İddia tələbi xx.xx.2002-ci il təvəllüdlü İddiaçı3 münasibətdə də əsaslıdır. Məhkəmə iddianı İddiaçı3 münasibətdə əsaslı hesab edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməyi düzgün hesab edir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, İddiaçı3 da mübahisəli evdə yaşamaq hüququ vardır və ona görə iddia tələbi ona münasibətdə də əsaslıdır. İddia tələbinin Cavabdeh bu evdən istifadəyə maneəçiliyin yaradılmasının qadağan edilməsini hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb həmin hissədə əsassızdır və təmin edilməməlidir. Çünki, tələbin bu hissəsi qeyri-müəyyəndir və cavabdeh tərəfindən hansı maneələrin yaradılması halları göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 80 ünvanında yerləşən 1 nömrəli mənzilə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1368/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1368/2021
05.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver