Məhkəmə qərarları › İş №2(010)-1378/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1378/2024

29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1378/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs AR Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi ”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, onun - Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, 1993-cü il tarixindən hazırki dövrədək Bakı şəhərində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi 10 avqust 1957-ci ildə keçmiş Gürcüstan SSR-nin Dmanisi rayonunda Saca kəndində anadan olmuşdur. O, X5 ilə 30 noyabr 1979-cu il tarixində ailə qurmuşdur. Bu ailədən iki oğlan və bir qız uşağı dünyaya gəlmişdir. Hal-hazırda həyat yoldaşı və üç uşağı Azərbaycan Respublikasının vətəndaşıdırlar. O, 1993-cü ildə Rusiyadan Bakıya gəlmişdir. Keçmiş Sovet dövləti dağıldıqdan sonra maddi vəziyyəti aşağı olduğuna görə və keçmiş sovetlər dövründə ona verilmiş pasportu itirdiyinə görə tələb olunan sənədləri vaxtında yığıb, lazım olan orqanlara verə bilmədiyi üçün 1993-cü ildən bu zamana qədər daimi Bakı şəhərində yaşamışdır. 1993-cü il tarixindən bu zamana qədər heç bir dövlətin vətəndaşlığı olmadığına görə Gürcüstan Respublikasında vəfat etmiş valideynlərinin qəbrini də ziyarət edə bilməmişdir. O, Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinə vətəndaşlığı haqqında müraciət etmiş və xx.xx.2022-ci il tarixində səfirlikdən aldığı məktuba əsasən, o, Gürcüstanın vətəndaşı deyildir. Bundan başqa 20 oktyabr 2022-ci il tarixli Rusiya Federasiyasının ARdə Səfirliyindən aldığı arayışa əsasən RF-nın vətəndaşı deyildir.

Proses iştirakçılarının izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, ərizənin təmin edilməsinə etirazları yoxdur.

İş materialları.

5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 10 avqust 1957ci il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda Saca kəndində anadan olmuşdur.

6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli qanununa əsasən Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmiş və barəsində xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayış təqdim edilmişdir. İzah edilmişdir ki, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, 1993-cü il tarixindən hazırki dövrədək AR ərazisində daimi yaşaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra o, AR vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər.

7. Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi “Gürcüstan Vətəndaşlıq haqqında” Gürcüstan Orqan qanununun 30-cu maddəsinin “a” və “q” altbəndinə müvafiq olaraq, Gürcüstan Ədliyyə Nazirliyinin X2 Agentliyinə təqdim olunan və əldə edilən sənədlərə əsasən o, Gürcüstan vətəndaşı hesab olunmur.

8. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1957-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda Saca kəndində anadan olmuş İsayev X7 Federasiyasının vətəndaşlığını qəbul etməmişdir və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanununa uyğun olaraq Rusiya Federasiyasının vətəndaşı deyildir.

9. AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

10. Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə 98 saylı MKİS-ə qaynaqçı vəzifəsinə qəbul edilmiş və xx.xx.2008-ci il tarixədək həmin qurumda işləmişdir.

11. X6 məhkəməyə ərizə ilə müraciət edərək, Ərizəçi tanıdığını, 1993-cü ildən Bakı şəhərində qeydiyyatsız yaşadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmişdir.

12. X8 məhkəməyə ərizə ilə müraciət edərək, Ərizəçi tanıdığını, 1993-cü ildən Bakı şəhərində yaşadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, səhhəti və işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmişdir.

13. X1 məhkəməyə ərizə ilə müraciət edərək, Ərizəçi tanıdığını, 1993-cü ildən Bakı şəhərində yaşadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmişdir.

İşin faktiki halları.

14. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmadığını bildirir və 1993-cü il tarixindən hazırki dövrədək Bakı şəhərində daimi yaşadığını qeyd edir və həmin faktların məhkəmə qaydasında təsdiq edilməsini xahiş edir. Maraqlı şəxsin nümayəndəsi ərizəyə etirazının olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq.

15. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması. 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

12. Məhkəmələr Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Məhkəmənin mövqeyi.

18. İşin hallarından göründüyü kimi, Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsində müəyyən edilmiş “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Hansı ki, bu faktlar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq müəyyən edilir.

19. Həmin maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir (§ 19).

20. Göründüyü kimi, həmin maddədə sözügedən faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün üç əsas şərt müəyyən edilmişdir: 1) keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması; 2) heç bir dövlətin vətəndaşlığına mənsub olmaması; 3) şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmaması.

21. Birinci şərtlə bağlı məhkəmə qeyd edir ki, hazırki iş materiallarına əlavə olunan şahid ərizələrindən göründüyü kimi, X6, X8 və X1 Ərizəçi tanıdıqlarını və 1993-cü il tarixdən Bakı şəhərində qeydiyyatsız yaşadığını bildirmişdirlər. Eyni zamanda əmək kitabçasının surətindən göründüyü kimi, Ərizəçi xx.xx.2002-ci il tarixdə 98 saylı MKİS-ə qaynaqçı vəzifəsinə qəbul edilmiş və xx.xx.2008-ci il tarixədək həmin qurumda işləmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunun müvafiq maddəsində nəzərdə tutulan birinci şərt mövcuddur.

22. Heç bir dövlətin vətəndaşlığına mənsub olmamaq şərtinə gəldikdə məhkəmə qeyd edir ki, valideynlərinin hər ikisi milliyyətcə azərbaycanlı olan Ərizəçi vətəndaşı ola biləcəyi potensial üç dövlət var: 1. doğulduğu yer olması baxımından Gürcüstan Respublikası; 2. bir müddət yaşadığı yer olması baxımından Rusiya Federasiyası; 3. 1993-cü il tarixdən etibarən daimi yaşaması və milli mənsubiyyət baxımından Azərbaycan Respublikası. Məhkəmə, ərizəçinin dördüncü bir dövlətin vətəndaşı olması ehtimalını ona görə istisna edir ki, iş materiallarından onun Azərbaycan Respublikasına gəlməsindən sonra heç vaxt Azərbaycan Respublikasının dövlət sərhədini tərk etmədiyi görünür. Bu vəziyyətdə onun başqa bir dövlətin vətəndaşı ola bilməsi ehtimalı real deyil.

23. Məhkəmə həm də o halı nəzərə alır ki, qanunda şəxsin “heç bir dövlətin” vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi qeyd edilsə də, bu zaman heç də dünyanın bütün müstəqil dövlətləri nəzərdə tutulmur. Bunun əksi yanaşma, bu cür ərizələrə baxılması üçün dünyadakı bütün müstəqil dövlətlərin (hansı ki, sayları 190-dan çoxdur) səlahiyyətli orqanlarından həmin şəxsin müvafiq dövlətin vətəndaşı olub-olmaması barədə məlumatın əldə edilməsinin zəruri olması deməkdir ki, bu, nə məhkəmə, nə də şəxs üçün praktiki olaraq mümkün deyil.

24. Məhkəmə hesab edir ki, qanunun həqiqi mənası baxımından “heç bir dövlət” dedikdə söhbət şəxsin valideynlərinin, eləcə də özünün milli mənsubiyyəti, həmin dövlətin ərazisində hansısa müddətə daimi yaşaması, yaxud ölkə ərazisində hansısa əmlakı olması, bir sözlə, şəxsi həmin dövlətlə əlaqələndirməyə imkan verəcək hər hansı “bağ”ı olan dövlətdən gedir.

25. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizəyə digər sənədlərlə yanaşı, şəxsin məhz doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir.

26. Bu baxımdan məhkəmə hazırkı iş üzrə Ərizəçi yalnız Rusiya Federasiyası, Gürcüstan və Azərbaycan Respublikaları ilə yuxarıda qeyd edilən mənada bir “bağ”ı olduğunu nəzərə alaraq hesab edir ki, ərizəçi yalnız bu üç dövlətdən birinin (yaxud bir neçəsinin) vətəndaşı ola bilərdi. Lakin iş materialları ilə müəyyən edilir ki, o, bu dövlətlərdən heç birinin vətəndaşı deyil. Məhkəmənin artıq yuxarıda əsaslandırılmış mövqeyinə görə isə ərizəçinin potensial vətəndaşı ola biləcəyi bu üç dövlətdən heç birinin vətəndaşlığına mənsub olmamasının müəyyən edilməsi onun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsində nəzərdə tutulmuş heç bir dövlətin vətəndaşlığına mənsub olmamasının müəyyən edilməsi üçün kifayətdir.

27. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsində müəyyən edilmiş sonuncu şərt – şəxsin şəxsiyyətini təsdiq edən etibarlı sənədlərin olmamasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki Ərizəçi digər bir dövlətin vətəndaşı olmadığı artıq yuxarıda müəyyən edildiyindən şəxsiyyətini təsdiq edən heç bir etibarlı sənədinin olmaması gözləniləndir. Elə ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi də budur. Belə ki, o, bu ərizənin təmin olunmasına nail olmaqla Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi əldə etmək niyyətindədir.

28. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsində göstərilmiş bütün tələblərə cavab verir. Belə olan halda ərizənin təmin edilməməsi üçün heç bir əsas yoxdur. O da nəzərə alınmalıdır ki, ərizəçinin Rusiya Federasiyası və Gürcüstan Respublikasının vətəndaşı olmamasının müəyyən edildiyi hazırkı halda ərizənin təmin edilməsinə iş üzrə maraqlı şəxs olan müvafiq icra hakimiyyəti orqanı da heç bir etiraz etməmişdir. Odur ki, Ərizəçi Azərbaycan Respublikasında 1993-cü il tarixdən hal-hazıra qədər daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.

29. Son olaraq, məhkəmə onu da qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən təsdiqlənib ki, müəyyən hallarda vətəndaşlıq hüququ şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür (Cenoveze Maltaya qarşı). Müəyyən vətəndaşlığı əldə etmək hüququ özü-özlüyündə Konvensiya ilə təmin edilməsə də, Məhkəmə müəyyən edib ki, vətəndaşlıq verməkdən əsassız olaraq imtina etmə müəyyən hallarda fərdin şəxsi həyatına təsir göstərməklə 8-ci maddənin tətbiqi məsələsini meydana çıxara bilər (Karasyov Finlandiyaya qarşı (qərardad)).

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü il tarixdən hazırki dövrədək Bakı şəhərində daimi yaşaması faktı müəyyən edilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü il tarixdən hazırki dövrədək Bakı şəhərində daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar