Məhkəmə qərarları › İş №2(010)-1412/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1412/2021

03.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1412/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı Ərizəçi (Kafkaz) Ağamalı oğlunun “daimi yaşama faktının və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının tanınması”na dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Ərizəçi (Kafkaz) Ağamalı oğlu “daimi yaşama faktının və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının tanınması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası ərazisində 1989-cu ildən hal-hazıra qədər daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi (Kafkaz) Ağamalı oğlunun “daimi yaşama faktının və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının tanınması”na dair ərizəsindən görünür ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu üçün nəzərdə tutulan tələblərə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən onun doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin (Gürcüstan Respublikasının) vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Ərizəçi (Kafkaz) Ağamalı oğlunun vəkili və nümayəndəsi Vəkil ərizədə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə vəkil sorğusu ilə müraciət edərək Ərizəçi Gürcüstan Respublikasının vətəndaşı olub-olmaması barədə məlumatın təqdim edilməsini xahiş etdiyini, lakin Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən hələ də sorğunun cavablandırılmadığını əsas gətirərək, Ərizəçi doğulduğu ölkənin, yəni Gürcüstan Respublikasının vətəndaşı olub-olmaması barədə səfirliyin cavabını məhkəməyə təqdim edə bilmədiyini və bu barədə AR MPM-nin 78-ci maddəsinin tələblərinə əsasən məhkəməyə vəsatətlə müraciət edirərək vəsatəti ərizəyə əlavə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. İş materiallarında olan Ərizəçi (Kafkaz) Ağamalı oğlunun vəkili və nümayəndəsi Vəkil tərəfindən Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə verilmiş sorğudan görünür ki, sorğunun lazımi qaydada həmin ölkənin dilinə tərcümə olunaraq təsdiq edilmiş surəti göndərilmədiyindən ərizə cavablandırılmamışdır. Bundan əlavə məlumat üçün bildirilir ki, şəxsin Azərbaycan Respublikasına gəlməsi səbəbləri göstərilmədiyindən və ərizəçi tərəfindən onun doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd ərizəyə əlavə edilmədiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5558/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən Ərizəçi (Kafkaz) Ağamalı oğlunun “daimi yaşama faktının və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının tanınması”na dair ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması qərara alınmış və həmin qərardadından Ərizəçi (Kafkaz) Ağamalı oğlu və vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin olunmayaraq, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2319/2021 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli qərardadına əsasən qərardad dəyişdirilmədən saxlanılaraq şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü və 347-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Ərizəçi (Kafkaz) Ağamalı oğlunun “daimi yaşama faktının və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının tanınması”na dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçi təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar