Məhkəmə qərarları › İş №2(010)-1444/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1444/2021

02.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1444/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X2 Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərək, onun və cavabdehlə birgə nikahından doğulmuş azyaşlı övladı X5 cavabdehlərə məxsus olan və Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 1-ci köndələn küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 2011-ci ildə ailə həyatı qurmuşlar. Birgə nikahlarından bir uşaqları, xx xxxxxx 2013-cü il təvəllüdlü X9 doğulmuşdur.Cavabdehlə bir müddət mehriban ailə kimi yaşamış, lakin sonradan münasibətləri pozulduğundan Culfa Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən uşağı onun yanında saxlanılmışdır. Cavabdehlə birgə nikah dövründə olduğu müddətdə, yəni 2013-cü ildə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozunun ərazisində 0.025 ha torpaq sahəsini 99 il müddətinə icarə hüquqları əsasında satın almışlar. Bu barədə mülkiyyətçi X10 ilə Cavabdeh2 arasında Abşeron rayon 2 saylı Notariat Kontorunda «torpaq sahəsinin icarə hüququnun satılmasına dair» xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsi də bağlanmışdır. Müqavilədən sonra DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən bölgü sxemi hazırlanmış, torpaq sahəsi ayrılaraq cavabdehə təhvil verilmişdir. 2014-cü ildə cavabdehlə birgə nikahda olduğu müddətdə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və elə 2014-cü ildən də həmin fərdi yaşayış evinə köçərək yaşamağa başlamışlar. Fərdi yaşayış evinin kommunal xidmətləri keçmiş qayınanası Cavabdeh1 Şamil qızının, yəni cavabdehin adına rəsmi qeydə alınmışdır. Bu barədə «xxxx» ASC-nin xx.xx.2021-ci il tarixli arayışı da iddia ərizəsinə əlavə olunmuşdur. Nikahı pozulandan sonra onu azyaşlı uşağı ilə birlikdə cavabdeh mübahisəli fərdi yaşayış evindən məcburi qaydada çıxarmış, evin qıfılını dəyişdirmiş və onu evə buraxmamışdır. Bu səbəbdən də kirayədə yaşayır, kirayədə yaşamaq və kirayə haqqını ödəməkdə çətinlik çəkir, cavabdeh isə heç bir köməklik göstərmir. Ona görə də cavabdehlə birgə nikah dövründə inşa etdiyi və bir müddət birlikdə yaşadığı, mübahisəli fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Ona görə də, iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirdi ki, tərəflər fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini birgə nikah dövründə almış və sonra orada ev tikdirməyə başlamışlar. İddiaçı ilə Cavabdeh2 arasında olan nikah pozulduqdan sonra iddiaçını uşağı Mustafa ilə birgə evdən çıxarmışlar. İddiaçı Bakı şəhəri 19 saylı notariat ofisində verdiyi ərizə Cavabdeh2 verdiyi vədlərlə bağlı olub. Cavabdeh verdiyi vədləri yerinə yetirmədiyi üçün iddiaçı da ərizəsindən imtina edib. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddiaçının həmin evə heç bir vəsait xərcləmədiyini, əksinə mübahisəli evin yerləşdiyi torpaq sahəsini anasının göndərdiyi pul ilə aldığını, sonra anasının köməyi ilə evi tikdirdiyini söylədi. Həmin fərdi yaşayış evinə 2015-2016-cı illərdə köçmüşlər və o zamanlar valideynləri də orada yaşayıb. Hal-hazırda özü də orada yaşayır. Evin onun pulu ilə tikilə bilməsi mümkünsüzdür, çünki aylıq 180 əmək haqqı alır. Ona görə də, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddiaçının onun keçmiş gəlini olduğunu, nə onun, nə də ki, iddiaçının həyat yoldaşı olan oğlunun mübahisəli evin tikilməsinə, torpağın alınmasına hər hansı bir vəsait xərcləmədiklərini bildirdi. İddiaçı sonuncu dəfə evdən çıxıb gedən zaman onu dayısı oğlu aparmış, bir neçə ay dayısınn evində qalmışdır. Mübahisəli fərdi yaşayış evi 2015-2016-cı illər ərzində onun heyvan saxlamaq üçün götürmüş olduğu kredit əsasında tikilib. Ona görə də, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı deyildir və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: -AZ-İİİ 046611 № li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh2, anası X1r. - 2(089)-137/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli Culfa Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh2 ilə X3 arasında Şərur rayon Qeydiyyat Şöbəsində xx xxxxxxx 2011-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabının 231 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. -AZ-İ 202843 № li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X3 arasında olan nikah Culfa rayon Qeydiyyat Şöbəsində xx.xx.2019-cu il tarixli 41 saylı qeydlə pozulmuşdur. - xx xxxxxx 2013-cü il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqısatqı müqaviləsindən görünür ki, 7E-22-18577 reyestr nömrəli etibarnaməyə əsasən X6 əvəzinə X15, yəni satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vaqmda Daşınmaz Əmlakın Dövlət revestr xidmətinin Abşeron ərazi idarəsinin ********** qeydiyyat №li xx.xx.2011-ci il tarixli **********94 reyestr №li Çıxarışına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin 4 saylı ərazi idarəsinin xx xxxxxx 2013-cü il tarixli 13105 №li arayışına əsasən X6 icarəsində olan Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 2.10 ha torpaq sahəsindən 0.025 ha torpaq sahəsinin icarə hüquqlarını X8 2500 AZN-nə satmışdır. - xxxx ASC-nin xx.xx.2021-ci il tarixli, 01/05-06/003 saylı məktubundan görünür ki, Cavabdeh1 xxxx ASC-nin Elektron Bazasında **********00166 abonent kodu ilə qeydiyyata alınmışdır. - İddiaçı tərəfindən notarial qaydada verilmiş xx.xx.2019-cu il tarixli, **********4584 saylı ərizədən görünür ki, onun Cavabdeh2 ilə birgə nikah dövründə əld etdiyi əmlaka dair heç bir iddiası, şikayəti və tələbi yoxdur. -xx.xx.2021-ci il tarixli **********823 saylı ərizə ilə İddiaçı xx.xx.2019-cu il tarixli 8i- 4584 reyesrtlə təsdiq olunmuş ərizəsinin ləğv etdirmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı Cavabdeh1 oğlu Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş və mübahisəli əmlakda cavabdeh Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə yaşamışlar. İddiaçı tərəfin dəlili ondan ibarətdir ki, mübahisəli yaşayış evini o, həyat yoldaşı ilə birgə təsərrüfat apararaq və işləyərək tikdirmişlər. Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, mübahisəli ev və onun altındakı torpaq sahəsi Cavabdeh1 və onun həyat yoldaşına məxsusdur və evi Cavabdeh1 öz vəsaiti hesabına tikdirmişdir. Nə iddiaçı, nə də onun həyat yoldaşı olan oğlanları Mehdi evin tikildiyi ərəfədə qazanca sahib olmamışlar və onlar evin tikilməsinə hər hansı bir vəsait xərcləyə də bilməzdilər. İddiaçı mübahisəli evə köçürülmə tələbi irəli sürmüşdür. Tərəflər arasında münasibətlər 2011-ci ildə nikaha girmələri ilə yaranmışdır. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli evə əmlak hüquqlarının mövcud olması tələb olunur. Bu hüquqlar mübahisəli evin birgə nikah dövründə və birgə vəsait hesabına tikilməsi ilə yarana bilər. Barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Çünki, mübahisəli evin hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə köçürülüb-köçürülməməsi məsələsinə aşağıdakı şəkildə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddia tələbinin əsaslandırılması ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində qeyd edilənlər işin halları, tərəflərin izahatları və işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, iddiaçı tələbində ona əsaslanır ki, mübahisəli ev onun Cavabdeh1 oğlu Cavabdeh2 ilə nikaha girdikdən sonra tikilmişdir və həmin evin tikintisində o vəsait xərcləmiş və 2014-cü ildən həmin evdə yaşamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının həmin evdə yaşaması işin mübahisəsiz halı olsa da, həmin evin tikintisində iddiaçının vəsait xərcləməsi və ya hər hansı bir əməyinin olmasını təsdiqləyəcək sübutlar iş materallarında yoxdur. Digər tərəfdən, müddət baxımından da, iddiaçının və həyat yoldaşının evin tikildiyi ərəfədə tikintiyə vəsait xərcləmələri ağlabatan deyildir. Çünki, həmin ərəfədə iddiaçının həyat yoldaşı Cavabdeh2 və ya iddiaçının özünün hər hansı qazanc əldə etmələri ilə bağlı sübutlar da yoxdur. İddiaçının uzun müddət həmin evdə yaşaması faktı isə iddiaçının həmin evdə yaşamaq hüququnun tanınması üçün yetərli deyildir. Evin tikintisinin birgə nikah dövrünə təsadüf etməsi faktı özü özlüyündə onun birgə nikah dövründə əldə edilmiş vəsait hesabına tikilməsi anlamına gəlmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iddiaçının cavabdehlərin keçmiş ailə üzvü kimi mübahisəli evdə yaşamaq hüququnun olub-olmaması məsələsinə də qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Artıq qeyd edildiyi kimi tərəflər arasında hüquq münasibətləri 2011-ci ildə yaranmışdır, ona görə də mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi baxımından həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, iddia tələbi yuxarıda qeyd edilən maddi hüquq normalarına və işin hallarına münasibətdə əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar