Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1462/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səmhdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" Qapalı Səmhdar Cəmiyyəti Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" MTK (hazırda QSC) ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 01.02.2019-cu il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 4M saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya qaytarılması barədə qətnaməs çıxarılması xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK (hazırda QSC) ilə Cavabdeh arasında 01.02.2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən, sahəsi 90.56 m2 olan 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04.02.2019-cu il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 85116 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndində əsasən Cavabdeh aldığı kredit vəsaitini 51 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 4-ü tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 25560 manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. "xxxx" MTK (hazırda QSC) ilə "xxxx" ASC arasında birgə fəaliyyət haqqında saziş vardır və həmin öhdəliyə uyğun olaraq QSC-nin daşınmaz əmlakları və əmanəti həmin bankın girovundadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. "xxxx" ASC ilə "xxxx" MTK (hazırda QSC) arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği QSCnin "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yönəldirilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 85116 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və QSC qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı QSC-dən aldığı mənzili geri qaytarır, QSC isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında QSC-yə ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 və 8.11 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, 8.11 eləcədə kredit müqaviləsinin 7.3,13.2,13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılamadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "xxxx" MTK (hazırda QSC) və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan ünvan 2 ünvanında yerləşən, sahəsi 90.56 m2 olan, 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. "xxxx" MTK (hazırda QSC) zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən, sahəsi 90.56 m2 olan, 3 otaqlı mənzili öz sahibliyinə keçirərək "xxxx" ASC qarşısında borcu bağlamaq hüququna malikdir. "xxxx" MTK (hazırda QSC) Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin, "xxxx" ASC tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verməkdən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh ünvan 2 ünvanında yerləşən, sahəsi 90.56 m2 olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış 04.02.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda QSC maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı "xxxx" QSC və Cavabdeh arasında payçı müqavilə bağlanmış, bu müqaviləyə əsasən cavabdeh mənzilə görə ödəniş cədvəlinə uyğun aylıq ödənişlər etməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra cavabdeh təxminən bir neçə ay 7- 8000 manat məbləğində ödənişlər etmiş, lakin bir müddət sonra ödənişləri dayandırmışdır. Ondan öhdəliklərini icra etməsi tələb edildikdə isə buna maddi imkanı olmadığını bildirmişdir. Hazırda cavabdehin istifadəsində olan bu mənzil "xxxx" ASC-dən götürülmüş kredit hesabına cavabdehə verildiyindən və iddiaçı "xxxx" QSC zamin kimi bank qarşısında öz əmlakı ilə məsuliyyət daşıdığından cavabdehin öz öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya maddi ziyan vurur. Bu səbəbdən cavabdehə müqavilənin ləğv edilməsi təklif edilmişdir. Lakin cavabdeh borcunu ödəyə bilmədiyini qəbul etsə də müqavilənin ləğvindən yayınmışdır. İddiaçı da bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. "xxxx" MTK və Cavabdeh arasında bağlanmış 01.02.2019-cu il tarixli, ********* nömrəli payçı müqaviləsinə əsasən MTK pay qismində çıxış edən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi 9 saylı binanın qarşısında inşa olunan 1-ci bina, H bloku, 4-cü mərtəbə, 4 M nömrəli, 3 otaqlı mənzili tikib və Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu müqaviləyə əsasən pay qismində çıxış edən həmin mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin MTK-ya ödənilməsini və həmçinin, "xxxx" yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 04.02.2019-cu il tarixli, 002 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MTK və "xxxx" ASC arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində ASC bu müqaviləyə əsasən Cavabdeh 51 ay müddətində (04.05.2023-cu il tarixədək) 85116 manat məbləğində, kreditdən istifadəyə görə illik 10 faiz ödəmək şərtilə kredit verməyi, Cavabdeh isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC və X4 arasında bağlanmış 04.02.2019-cu il tarixli, 002/Z nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin X1 Çiçək Beytərəf qızı ilə Kreditor arasında bağlanmış 04.02.2019-cu il tarixli, 002 nömrəli kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. "xxxx" ASC və "xxxx" MTK arasında bağlanmış 04.02.2019-cu il tarixli, 002 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin "xxxx" MTK Cavabdeh ilə Kreditor arasında bağlanmış 04.02.2019-cu il tarixli, 002 nömrəli kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Ödəniş cədvəlindən görünür ki, ümumi 85116 manat məbləğində kreditin 51 ay ərzində, illik 10%-lə, aylıq 2.055.5 manat (sonuncu ay 2.054.14 manat) olmaqla ödənilməsi "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh arasında razılaşdırılmışdır. İşin faktiki halları. İddiaçı MTK və Cavabdeh arasında 01.02.2019-cu il tarixdə payçı müqaviləsi bağlanılmış, müqaviləyə əsasən MTK müqavilədə göstərilən mənzili tikib Payçının (Cavabdeh) mülkiyyətinə verməyi, Payçı isə müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin müqaviləyə əsasən ümumi qiyməti 110483 manat olmuş, Payçı 25367 manat ilkin ödəniş etmiş, qalan 85116 manat pulu "xxxx" ASC ilə aralarında bağlanan kredit müqaviləsinə əsasən Bankdan aldığı kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bankla Borcalan (Cavabdeh) arasında bağlanmış 04.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 51 ay müddətinə, illik 10%-lə 85116 manat kredit verilmiş, eyni tarixli zaminlik müqaviləsinə əsasən MTK həmin müqavilə üzrə öhdəliklərin icrasının təmini üçün zamin durmuşdur. Tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən aylıq 2055.5 manat (sonuncu ay 2054.14 manat) məbləğində kredit ödənişi edilməsi müəyyən edilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyini iddia edən İddiaçı QSC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi. İddia tələbinin ilk hissəsi tərəflər arasında bağlanmış 01.02.2019-cu il tarixli payçı müqavilənin ləğvi ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 01.02.2019-cu il tarixli payçı müqavilənin 4.2.7-ci və 8.1-ci bəndlərinə əsasən müqavilə üzrə öhdəliklərin lazımınca icra edilmədiyi halda “MTK”-nın müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır. Eyni zamanda, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda tərəflərdən birinin tələbi ilə müqavilə ləğv edilə bilər. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən müqavilə üzrə aylıq ödənişlərin lazımınca edilməməsi əhəmiyyətli pozuntudur. Belə ki, bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı zamindir və iddiaçı bu müqavilə üzrə öhdəliklərin icrasına görə cavabdehlə birgə məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı "xxxx" QSC-nin cavabdeh Zərbalıyeva Beytərəf Çiçək qızı ilə bağlanmış müqavilənin ləğv edilməsini tələb etməsi həm tərəflər arasında bağlanmış müqaviləyə, həm də mülki qanunvericiliyə uyğundur. Odur ki, tələb bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış 01.02.2019-cu il tarixli müqavilə ləğv edilməlidir. İddia tələbinin növbəti hissəsi isə cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya qaytarılması tələbidir. Tərəflər arasında bağlanmış 01.02.2019-cu il tarixli payçı müqaviləsinin 4.2.7-ci bəndində qeyd edilir ki: “”Payçı” tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir”. Müqavilənin 8.1-ci bəndində qeyd edilir ki: “Cədvəl üzrə ödənişlərin 2 (iki) ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malik olur və ya “Payçı”nın yazılı müraciəti əsasında bütün lazımi sənədləri vermək şərti ilə müqavilə vaxtından tez pozula bilər. Bu halda “MTK” həmin mənzili satışa çıxararaq digər şəxsə satdıqdan sonra mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, mənzildə yaşayış olduğu halda mənzilin əvvəlki (təhvildəki) halına gətirilmə xərci və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır”. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən “payçı” tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilmədiyi halda mənzilin "xxxx" QSC-yə qaytarılması müəyyən edilmişdir. Eyni zamanda, bu bənd Azərbaycan Respublikasının Mülki Məcəlləsinə də uyğundur. Belə ki, yuxarıda istinad edilmiş Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Digər tərəfdən, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilməsə də nəzərə alınmalıdır ki, onun ödənilməmiş 25560 manat məbləğində borcu qalmışdır. Bu isə o deməkdir ki, öhdəliyin böyük hissəsi cavabdeh tərəfindən icra edilmiş, hazırda iddiaçıya qaytarılması müəyyən edilən mənzil üçün cavabdeh kifayət qədər pul ödəmişdir. Belə olan halda həmin mənzilin iddiaçıya qaytarılması həm də ona görə vacibdir ki, iddiaçı bu mənzili satışa çıxararaq başqa şəxsə satsın və müqavilədə müəyyənləşdirilmiş bəzi xərcləri çıxdıqdan sonra qalan məbləği cavabdehə qaytarsın. Belə ki, bu şərt tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndində qeyd edilmişdir. Odur ki, mənzilin iddiaçıya qaytarılması həm də cavabdehin mənafeyinə xidmət etmiş olur. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi (hazırda "xxxx" Qapalı Səmdar Cəmiyyəti) və Cavabdeh arasında bağlanmış 01.02.2019-cu il tarixli, ********* saylı müqavilə ləğv edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 1, 4 M saylı mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səmdar Cəmiyyətinə təhvil verilməli, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səmdar Cəmiyyətinə ödənilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi (hazırda "xxxx" Qapalı Səmdar Cəmiyyəti) və Cavabdeh arasında bağlanmış 01.02.2019-cu il tarixli, ********* saylı müqavilə ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 1, 4 M saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səmdar Cəmiyyətinə təhvil verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1462/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1462/2022
25.04.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver