Məhkəmə qərarları › İş №2(3-8)-722/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-722/2026

28.07.2026 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-722/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh cavabdeh1 iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3 və cavabdeh2 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” ** saylı binada yerləşən ** nömrəli mənzilə dair ## ###### 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 “15/54” nömrəli mənzildən çıxarılması və “15/54” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil Istismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin ## ###### 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün cavabdeh5 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi" ** saylı binada ** nömrəli, 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Departamentin Abşeron rayon Mənzil Kommunal Istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdeh5, cavabdeh4, cavabdeh3 və cavabdeh2 həmin mənzildə yaşamadığı məlum olmuşdur. Hazırda “15/54” mənzildə cavabdeh1 qeyri-qanuni məskunlaşıb kirayə yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən cavabdeh5 mənzildə yaşamadıqları, mənzildə müqavilədə adı keçməyən kənar şəxs cavabdeh1 yaşamasının qanunsuz olduğu bildirilməklə mənzildə yaşayışı bərpa etmədikləri halda onlarla bağlanılmış müqavilənin ləğvi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilsələr də nəticəsi olmamışdır. Komitənin Mənzil-istismar Departamenti ilə cavabdeh cavabdeh5 arasında Abşeron rayonu, Masazır qəsəbəsi (Zəngilan) şəhərciyi, ** saylı binada ** nömrəli 2 otaqlı mənzilin onlara verilməsi ilə bağlı ## ###### 2020-ci il tarixli il “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Hesab edirlər ki, cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3 və cavabdeh2 onlara verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi (Zəngilan şəhərciyi), ** saylı binada yerləşən ** nömrəli 2 otaqlı mənzildə yaşamadıqları və mənzilin başqa şəxsə qeyri-qanuni verildiyi müəyyən edildiyindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və onlar mənzildən çıxmalıdırlar. Həmçinin cavabdeh cavabdeh1 da Abşeron rayonu, Masazır qəsəbəsi (Zəngilan şəhərciyi), ** saylı binada yerləşən ** nömrəli 2 otaqlı mənzildə müqavilədən kənar qeyri-qanuni yolla yaşadığı üçün mənzildən çıxarılmalıdır.

3. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3 və cavabdeh2 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” ** saylı binada yerləşən ** nömrəli mənzilə dair ## ###### 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 “15/54” nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinə təhvil verilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci, 98-ci, 99-cu maddələri və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsinin şərtləri cavabdehlər tərəfindən pozulması ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh cavabdeh1 Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə razı deyil. Səbəb olaraq bildirir ki, o da Zəngilan rayonundan məcburi köçkündür. Həyat yoldaşı dünyasını dəyişib və buna görə də yaşayış yeri yoxdur. Iddiaçı tərəf onun qanunsuz yaşadığını əsas gətirsə də, bu belə deyil. Çünki evin müqavilə əsasında verildiyi digər şəxslər də məcburi köçkündürlər, əgər onların başqa yaşayış yeri varsa dövlət bu mənzili yaşayış yeri olmayan məcburi köçkün kimi ona təhkim etməlidir və onunla müqavilə bağlamalıdır. Qeyd etdiyi hallara əsasən Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Qanunun tələbinə əsasən dövlət tərəfindən ona məskunlaşmağa yer verilməlidir. Lakin iddiaçı tərəf onu yaşayış yeri ilə təmin etməkdən əsassız yerə onu küçəyə atmağa çalışır. Hesab edir ki, iddiaçı tərəfindən atılan bu addım tamamilə qanunsuzdur. Məhkəmə tərəfindən bu hala göz yumularaq onun evdən çıxarılmağı barədə əsassız qətnamə qəbul edilmişdir. Göründüyü kimi iddaçı tərəf Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onunla yeni müqavilə bağlamalı olduğu halda əsassız yerə onu və övladlarını çölə atır. Onunla müqavilə bağlanmalı və onun yaşayışına icazə verilməlidir. Lakin buna baxmayaraq iddiaçı təkidlə onun küçəyə atılmağını istəyir. Abşeron Rayon Məhkəməsi tərəfindən prosessual normaların da tələbləri pozulmuş, obyektiv araşdırma aparılmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi hakim iş üzrə araşdırması zəruri müddəaları araşdırmamış, qanunvericiliyin normalarını diqqətə almamışdır Abşeron Rayon Məhkəməsi işin hallarına,qanunvericiliyin tələblərinə, ümumiyyətlə mübahisə predmeti üzrə diqqətə layiq hallara qanuni və əsaslı münasibət bildirməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

11. Mənzil Məcəlləsi

91.1.5. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri aiddir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri (bu Qanunun 91.1.8-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələri istisna olmaqla) özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri və işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh cavabdeh1 tərəfindən mübahisələndirilərək, ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmununa əsasən sonuncu qətnaməni özünə aid hissədə mübahisələndirmişdir.

14. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı).

15. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə cavabdeh cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Baxılan iş üzrə Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin ## ###### 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün cavabdeh5 ailə üzvləri (həyat yoldaşı cavabdeh4, oğlu – cavabdeh2 və oğlu – cavabdeh3) “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində ** saylı binada ** nömrəli, 2 otaqlı mənzil ilə təmin edilməsi işin mübahisəsiz halıdır.

19. Iddianı təmin edən aşağı instansiya məhkəməsi Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin Masazır Mənzil Kommunal Istismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il, ## ###### 2025-ci il və ## #### 2025-ci il tarixli aktlara istinad edərək, ünvan 1 ünvanında kirayə müqaviləsi əsasında qeydiyyatda olan cavabdeh5 özünün və ailə üzvlərinin sözügedən mənzildə yaşayışlarını təmin etmələri, həmin mənzildə qanunsuz yaşayan kənar şəxslərin mənzildən çıxarılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh5 sözügedən mənzildə özünün və ailə üzvlərinin yaşayışını təmin etməyərək başqa şəxslərin mənzildə qanunsuz yaşamalarına şərait yaratmaqda davam etməməsi, bununla da Mənzil Məcəlləsinin 91-ci, 98-ci, 99-cu maddələri və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsinin şərtləri cavabdehlər tərəfindən pozulması ilə əsaslandırmışdır.

20. Birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdehlər cavabdeh5, cavabdeh3 və cavabdeh2 3 ildən çox mübahisə predmeti olan mənzildə yaşamadıqlarını bildirməsi, sözügedən mənzilin qeyri-qanuni olaraq kirayəyə verildiyi şəxs olan digər cavabdeh cavabdeh1 isə hazırda həmin mənzildə yaşadığını etiraf etməsi müəyyən edilmişdir.

21. Məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin yuxarıda qeyd olunan əsaslandırması ilə razılaşaraq hesab edir ki, cavabdehlər cavabdeh5, cavabdeh3 və cavabdeh2 ## ###### 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərini pozduğundan və cavabdeh cavabdeh1 həmin mənzildə heç bir hüquqi əsas olmadan istifadə etdiyindən, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuş və iddianı təmin etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir.

22. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi cavabdeh cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar